Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qəzet köşkü, yoxsa min bir xırdavat dükanı?

Qəzet köşkü, yoxsa min bir xırdavat dükanı?

17.08.2022 [10:43]

Yeganə BAYRAMOVA

Bakıda “Kiosk Press” adlanan müasirtipli köşklərin quraşdırılmasından 11 ilə yaxın vaxt keçir. Bu köşklərin Bakının mərkəzində və ətraf ərazilərdə qoyulması xəbəri həm qəzet redaksiyalarını, həm qəzet yayımı ilə məşğul olan təşkilatları, həm də oxucuları çox sevindirdi. İstehsalçı rahatlıqla məhsulunu satacağını, oxucular isə konkret ünvandan istədikləri qəzeti alacaqlarını düşünərək bu yeniliyi alqışladılar. Ancaq aylar, illər ötdükcə bu köşklər də öz funksiyasını dəyişməyə başladı - çap məhsulları yaddan çıxdı, digər xırdavat məhsullarının satışına üstünlük verildi.

Etiraf edək ki, son illər Azərbaycanda çap mediasının üzləşdiyi çətinliklərdən ən böyüyü qəzetlərin yayım və satış məsələsidir. Küçə satışının yığışdırılması, qəzet köşklərinin sayının azaldılması, mövcud köşklərdə isə qəzetlərin satışının yaxşı təşkil olunmaması dəfələrlə vurğulanıb. Buna baxmayaraq, problemlər hələ də qalmaqdadır. Əminliklə demək olar ki, Bakıda qəzet satışının ən mütəşəkkil həyata keçirildiyi “Kiosk Press”lərin adındakı “press” sözü simvolik xarakter daşıyır və mənasını tamamilə itirib. Çünki artıq köşklərdə tütün məmulatları və başqa gündəlik tələbat mallarının satıldığı yerə çevrilib. Köşklərə yaxınlaşıb hansısa qəzeti almaq istəyərkən isə satıcı qəzetin satılıb bitdiyini söyləyir. Maraqlıdır ki, əksər köşklərdə olan qəzetlər yeni buraxılış deyil, hətta bir neçə həftə öncəki qəzetlərdir. Məsələn qəzetin bugünkü buraxılışının tez bir zamanda satıldığı inandırıcı deyil. Görünən odur ki, satıcılar bu işə qeyri-ciddi yanaşır, qəzetin yeni buraxılışını tapıb alıcıya verməkdə “tənbəllik” edirlər.

Dünya ölkələrində qəzet satışı

Türkiyədə qəzet satışının həyata keçirilməsini xüsusi vurğulamaq yerinə düşər. Məlumdur ki, qardaş ölkədə qəzet oxuyan əhalinin sayı kifayət qədər çoxdur. Hətta Türkiyədəki ən kiçik mağazalarda belə müxtəlif qəzetlərin yer aldğını görmək olar. Bu baxımdan qardaş ölkədə qəzetə maraq, oxuma mədəniyyəti olduqca yüksəkdir. Eynilə bir sıra Avropa ölkələrində də oxşar mənzərə hökm sürür. Nədənsə ölkəmizdə kifayət qədər marketlər, iri ticarət mərkəzləri olsa da, orada qəzetlərin satış üçün yer aldığını görmək olmur. Qəzet satışının həyata keçirildiyi “Kiosk Press”lərdə isə vəziyyət ürəkaçan deyil.

Mövzu barədə “Yeni Azərbaycan”a danışan media üzrə ekspert, professor Qulu Məhərrəmlinin sözlərinə görə, təxminən 5 ildir ki, ölkədə qəzet satışının normal qaydada həyata keçirilməsi yoxdur. Professor qeyd edib ki, indi paytaxtdakı köşklərə “qəzet köşkü” demək düzgün olmazdı, “press” yazılsa da onlar adi ticarət köşküdür: “Təəssüf ki, qəzetlər həmin obyektin satıldığı əsas məhsullar siyahısına aid deyil. Qəzetlərin təbliği üçün ciddi proqramın yaradılmasına ehtiyac var. Düşünürəm ki, Medianın İnkişafı Agentliyinin bu işdə fəal rolu olmalıdır. Əvvəla, bütün böyük supermarketlərə “Press Kiosk”lardakı kimi qəzetlər qoyulmalıdır. Bu, çox vacibdir. Çünki əhali marketlərdə qoyulan stendlərdən qəzetləri ala bilər, hansısa material onların diqqətini çəkə bilər. Bəzi hallarda marketlərdə jurnal satışının həyata keçirildiyini görürəm və bu, xoşuma gəlib, eyni zamanda, qəzetləri də marketlərdə, ticarət mərkəzlərində stendə qoymaq olar. Söhbət bütün qəzetlərdən getmir, heç olmasa, gündəlik çıxan 10 qəzeti satışa qoymaq yaxşı olardı”.

Q.Məhərrəmli qeyd edib ki, qəzetlərin əldə satışına diqqət yetirmək lazımdır: “Dünyanın əksər ölkələrində bu təcrübə var. Məsələn, metro çıxışlarında qəzet satışını həyata keçirmək olar. Düzdür, metro çıxışlarında adətən köşklər olur, amma əldən satış da kifayət qədər effektli ola bilər. Çünki köşklər çox vaxt satış işini normal yerinə yetirə bilmir.

Digər məsələ qəzetlərin təbliği ilə bağlıdır. Düşünürəm ki, televiziyalarımızın səhər proqramları qəzet xülasəsi rublikalarını yenidən bərpa etməlidirlər. Qəzetdə gedən materialların məzmunu ilə bağlı informativ məlumatlar verilməlidir. Bunlar çox önəmlidir. Təsssüf ki, ölkəmizdə qəzet satışı “ölü” vəziyyətdədir. Rayonlara qəzet getmir, bunları da nəzərə almaq lazımdır. Böyük şəhərlərdə, məsələn, Gəncə, Quba, Lənkəran, Şirvan şəhərində qəzetlərin gündəlik satışı təmin olunmalıdır. Bir çox insan bölgələrimizə turist olaraq gedir və kiminsə könlünə qəzet almaq düşsə də, ala biləcək bir qəzet tapmır. Düzdür, internet saytlarında da məlumat var, oradan da oxumaq olur, lakin qəzetin özü bir ənənədir. Ona görə də əldən satışı bərpa etmək, qəzetlərin rayonlara göndərilməsini təmin etmək lazımdır. Çünki qəzetlərdə çoxlu sayda qələm əhlinin zəhməti, yazdığı analitik materiallar, tənqidlər var. Niyə onlar diqqətdən kənar qalsın? Bəzən satışın normal olmamağı ucbatından qəzetlər öz populyarlığını itirir. Ona görə məsələ çox aktualdır və qəzetlərin satış mexanizmini inkişaf etdirmək vacib amillərdən biri olmalıdır”.

Bakı Mətbuat yayımının rəhbəri Cavid Rzayev bildirib ki, köşklərdəki satıcıların əksəriyyətinin qəzet məvhumundan anlayışı yoxdur: “Biz onları öyrədənə qədər 1-2 ay zaman keçir və bu zaman keçdikdən sonra həmin satıcı çıxıb gedir və yerinə başqası gəlir. Beləliklə, prosesə yenidən başlamalı oluruq. Ona görə də bu durum qəzet satışına öz təsirini göstərir. Yəni qəzetlər soruşulduqda satıcıların qəzetin bitdiyini deməsi, yaxud da onu tapıb oxucuya verməkdə ərinməsi onların tez-tez dəyişməsi ilə bağlıdır”.

Paylaş:
Baxılıb: 282 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Xəbər lenti

Azərbaycanda ilk dəfə

23 Sentyabr 12:20

MEDİA

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30