Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 1918: 15 sentyabra doğru…

1918: 15 sentyabra doğru…

10.09.2022 [10:48]

Əvvəli ötən sayımızda…

1918-ci il... Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi...

Tarixi mənbələrimizdə həmin hadisələrlə bağlı geniş informasiyalar var. Və o hadisələri yaşamış Nağı bəy Şeyxzamanlının  xatirələri isə ən etibarlı mənbələrdən biri olaraq qalır.

Nağı bəy Şeyxzamanlı gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olub.

1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əks-inqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilir (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərir.

1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilir. Həmin əsərlərini Keykurun imzası ilə yazır. Bu xatirələr əsasında 2016-cı ildə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında “Nağı bəy Şeyxzamanlı. Xatirələr” adlı kitab çap olunub.

“Yeni Azərbaycan” N.Şeyxzamanlının 1918-ci il hadisələri ilə bağlı xatirələrini ixtisarla təqdim edir:

QAFQAZA DÖNÜŞ

Axşam saat 5-də limandan Rəşid Paşa paroxoduna minərək Göstəncəyə gedirik. Paroxodda “Təşkilatı Məxsusə” tərəfindən Qafqaza göndərilən şəxslərlə görüşürəm. Bunlar sabiq sədr əzəm Kamil Paşanın oğlu Fuad bəy, Bəkir Sami bəyin oğlu Şövkət bəy, təyyarəçi Camal və başqaları idi. Nəhayət Göstənciyə çatdıq. Ancaq burada bizə məlum oldu ki, Tuna çayında sərsəri bir mina görünmüşdür. Bu səbəbdən də çay ilə üzmək təhlükəlidir. Paroxodumuz Tuna çayına girə bilmədiyindən Göstəncidə gözləyəcək və sonra korpusda qatarla Göstənciyə gələrək paroxoda minəcəkdir. ?lman komandanlığından özümə bir tərcüməçi götürdüm. Mən Rumıniya mərkəzinin görkəmli yerlərini gəzir və hərbi yeməkxanada da nahar edirdim. Türk zabiti mənə “Sizinlə bir alman zabiti görüşmək istəyir, əgər razı olarsınızsa, bərabər gedərik” dedi. Mən alman zabiti ilə görüşdüm. Alman zabiti Qafqaz haqqında məlumat almaq istəyirdi.

Mən də Rusiyanın siyasi və hərbi idarələrinin vəziyyətinin sıfıra endiyini, hərbi qüvvələrinin tamamilə Qafqazdan qovulduğunu təfsilatı ilə anlatdım. Qafqazdakı türklərin müsəlman olduğunu və bir türkiyəli kimi düşündüklərini də anlatdıqdan sonra “Biz Qafqaz türkləri siz almanları da sevirik. Müharibə əsnasında beş alman kəndinin sakinlərinin mallarını müsadirə etmək və özlərini də Sibirə göndərmək istədilər. İmkan vermədik və onları himayə etdik. Ruslar daima bizlə hesablaşmaq məcburiyyətində qalmış və bizdən çəkinmişdilər” dedim.

Hilmi Paşanın komandanlığındakı Rumıniya cəbhəsi korpusu Rəşid Paşa paroxoduna mindirildi və Göstəncidən yola düşdük. Qara dənizdə Trabzon istiqamətində gedirdik. Vaxtaşırı radioqramma ilə cəbhələrdəki vəziyyət haqqında məlumatlar alırdıq. Paroxodla getdiyimizin ikinci günü radioqramla Türk ordusunun Bammu işğal etdiyi bildirildi. Bundan sonra biz də Batuma gəldik. Paroxod limana yaxınlaşır. Paroxodu qarşılamağa gələnlərin yarıdan çoxu yaxından tanıdıqlarım idi. Gəncədən, Bakıdan, Qarabağdan, Şəkidən və Azərbaycanın başqa vilayətlərindən, qəzalarından gələn yüzlərlə azəri türkü var idi. Mən onları görüb tanıyıram. Onlar məni görə bilmirlər. Onların hamısı mənim Türkiyədə olduğumu bilirdilər. Ancaq mənim Rumıniyadan gələn ordunun içində olduğumu ağıllarına gətirmirdilər. Paroxod körpüyə tamamilə yan alır və artıq körpüdəkilər də paroxodun göyərtəsində olanları tanımağa başlayırlar. Məni göyərtədə görənlər təəccüblənirlər. Hamı sevinc içində idi. Körpüdə çox gözəl bir mənzərə yaranmışdı. Paroxod da Türk paroxodu idi, üzərində dalğalanan sevimli bayraq da. Paroxodun göyərtəsindən Batumu və xalqı mehmetçiklər sevinclə seyr edirdilər. Paroxodun göyərtəsindən körpüyə enirəm. Tanışlarım məni əhatə edir və öpüşüb görüşdük. Məndən soruşurlar: “Paroxod Rumıniyadan gəlir, sən harada mindin?” mən onlara

“Əziz qardaşlarım, paroxodu İstanbuldan boş götürüb Rumıniya cəbhəsində vəzifəsini şərəflə yerinə yetirmiş Türk ordusunu Qafqaza gətirirəm” deyirəm. Sevincdən hamımızın gözləri yaşlıdır. Məni mehmanxanaya apardılar. Burada bütün həmşəhərlilərimlə görüşürəm. Mən onlardan “nə üçün belə çox adamla gəlmisiniz” deyə soruşdum. Onlar mənə “yox canım, gəlmək o qədər də çətin deyil. Sən Türk əsgərlərini buraya qədər gətirdin. Biz də buradan ölkəmizə qədər müşayiət edəcəyik. Sənin gəlməyin çox yaxşı oldu, yəni bizə rəhbərlik edərsən. Seymin üzvləri istiqlal istəyirlər. Biz isə Azərbaycanın Türkiyəyə ilhaqını istəyirik” deyirlər. Mən bu sözlərə çox təəccübləndim. Onlara əsl həqiqətin nə olduğunu anlatmaq imkansız olduğunu hiss edib bir şey söyləmədim. Onlar coşmuşdular. Uca səslə: “Bizi hirsləndirməsinlər. Biz onları Batum küçələrində məhv edə bilərik” deyirdilər. Mən çox kədərləndiyimdən səsimi çıxarmırdım. Hətta bu sözləri söyləyənlər arasında uzun illər bərabər fəaliyyət göstərdiyim yoldaşlar da var idi. Bu şəxslər həmişə məni sevər və hörmət edərdilər. Onlar milli işlərimizdə göstərdiyim istiqaməti münaqişəsiz qəbul edərdilər. Fəaliyyətimizin hədəf?nin istiqlal olduğun bilməmiş deyildilər. Əgər mən də istiqlalçıyam desəm, əleyhinə gedəcəklərinə əmin idim.

İlhaqçılar ilə mübahisə etmək mənə çox çətin idi. Ruslarla mübarizəmizdə bu qədər güc sərf etməmişdim. Bu məsələni həll edə bildikdən sonra dərin nəfəs aldım.

Tarixçi Əhməd Refik bəyin “Qafqaz yolları” adlı əsərini oxudum. Xatirə dəftərimdə adıçəkilən bir hadisə haqqında ətraflı yazılmış olduğunu gördüm və bunu xatirəmə daxil etməyi münasib gördüm.

“Bir yarımay ərzində Batumun həyatında xeyli dəyişikliklər olmuşdur. Küçələrində əhali artmış və mehmanxanaları Osmanlı məmurları və Qafqazın Türk-Müsəlman yaşayan bölgələrindən gəlmiş qonaqlarla dolu idi. Küçələrdə, bulvarda, parklarda, teatrlarda Qafqazın ən uzaq nöqtələrindən gələn və osmanlılarla birləşmək istəyənlərə təsadüf edilirdi. Bulvarın “İhtisap” kazinosunda əllərini masaya dayayaraq sərt və atəşli sözlərlə bir-birinə müraciət edən, bəzən də məlul və mətüəəssir düşünən bir zümrə var. Bunlar osmanlılarla müzakirədə iştirak etmək üçün Batuma gələn gəncəli, bakılı, tbilisili və qarabağlı müsəlmanlardır. Hamısının siması da qayğılı və işgüzar bir görkəmdədir. Məqsədləri Qafqazın istiqlah deyil, osmanlılarla birləşməsi, yəni ilhaqıdır. Fikrən azad, dinc və sərbəst yaşayan bu xalq şiəlik və sünnilik kimi adi məzhəb fərqlərinə əhəmiyyət vermir. Şapka geyməklə dini hislərin məhv olmayacağına inanan bu zümrə millət məhəbbətini hər növ aqənin, hər növ qüvvənin gücündə görür. Batum Qafqaz sülh müzakirələrinin mərkəzinə dönmüşdür. Gah Gəncədən şeyxülislam gəlir, gah əhali içindən seçilmiş vəkillər Tbilisiyə göndərilir. Müzakirələr, nitqlər, teleqraflar bir-birini əvəz edir.

Qafqaz rus üsuli O idarəsindən xilas olmaq əzmini bütün fəaliyyəti ilə göstərir. Bunların nəzərində ruslar ana vətəni istila edən işğalçılardır. İndi isə bu zümrəyə daxil olanların nəzərləri türklərə, yəni İstanbula dikilmişdir” (“Qafqaz yolları” səh. 72-75).

Batuma gəldikdən sonra ilk gündən görüşə bilmədiyim şəxslərlə də görüşdüm. Hamısı eyni fikirdə idilər. Bunların arasında vəkil, həkim, şeyxülislam, tacir, sənətkar, ziyalı müəllimlər və məmurlar da var idi. Onlar məni fikirlərimi söyləmək üçün sıxışdırırdılar. Onlara “içərinizdən on nəfər seçin, onlarla söhbət edəcəyəm” dedim. Razı oldular. Sakit bir yer müəyyənləşdirib orada görüşməyi qərara aldıq. Onlardan ayrıldıqdan sonra Məmməd Əmin Rəsulzadə və nəsib bəy Yusifbəylinin yanına gedərək onlarla görüşdüm. Onlara bir neçə saat ərzində olub-keçənləri danışdım. Nəsib bəy mənə “bilirsənmi, burada nələr olur?” dedi. Mən də, “Nəsib bəy, hamısını bilirəm. Sabah onların başa düşənləri ilə görüşəcəyəm. Ümidvaram ki, onlara həqiqəti başa sala biləcəyəm” dedim və onlardan ayrıldım. Oradan birbaşa Türkiyə Sülh heyəti rəisi Xəlil bəyin yanına getdim. Bir xeyli söhbət etdik və söhbət əsnasında vəziyyəti ona da anlatdım. O isə mənə “bunu yalnız siz söyləyə bilərsiniz” dedi. Mən də cavabında “ilhaqçılara heç bir söz söyləmək istəmədim, çünki söyləsəm də qəbul etməyəcəklər. Sabah onların öz aralarından seçəcəkləri baş bilənləri ilə görüşəcəyəm. Əgər onları razılığa gətirə bilsəm sizin razılığınızla onların yeddi-səkkiz nəfərin sizin yanınıza gətirəcəyəm. Onlar sizi dinlərlər. Bizim istiqlalımızı bizimlə görüşdən “İttihat və Tərəqqi” partiyasının mərkəzi qərargahında xəyalınızda qurub müdafiə etmişsiniz. Qurmaq istədiyimiz istiqlal qurulmadan qara cahillər tərəfindən hədələnir” dedim. Xəlil bəy mənə “Sizi anlayıram, əgər məni dinlərlərsə, sabah görüşün. O biri gün saat onda mənim yanıma gəlin. Ümid edirəm ki, nəyəsə müvəffəq olacağıq. Nağı bəy, Seymin üzvləri ilə görüşdük və anlaşdıq. Onlardan son dərəcə razı qaldıq” dedi və ayrıldıq. Mən axşam Nəsib bəyin yanına getdim. Bərabər yemək yedik və xeyli söhbət etdik. Mənə kədərli-kədərli: “Anarxiya zamanı xalqdan çəkmədiyim sıxıntını burada çəkirəm” dedi. Ona “siz çox fikir verməyin. Xəlil bəylə görüşdüm və o biri gün bir neçə nəfərlə onu görüşdürəcəyəm. Ümidvaram ki, istədiyimizə nail olacağıq” deyə təsəlli verdim. Ertəsi gün toplantıya getdim. Onlarla xeyli söhbət edib olub-keçənləri xatırlatdım. Ənvər Paşanın və Tələt Paşanın qərarlarını söylədim. Bir az yumşaldılar. Ancaq söylədiklərimin həqiqət olmalarına şübhə ilə yanaşdıqlarını hiss edirdim. Onlara “İstəsəniz sizi sabah Xəlil bəylə görüşdürərəm. Xəlil bəyin də bu fikirdə olduğunu özünüz görərsiniz” dedim.

Ertəsi gün saat 10-da on nəfərlə Xəlil bəyin yanına gedirik. Xəlil bəy bizi qəbul edir. Mən onları Xəlil bəyə bir-bir təqdim edirəm. Tanışlıqdan sonra onların hər biri minlərlə imza atılmış kağızları Xəlil bəyə göstərdilər və hamısı birdən “Möhtərəm bəyimiz xalqımız istiqlal istəmir, biz də istəmirik. Osmanlı dövlətinin bir parçası olmaq istəyirik” dedilər. Xəlil bəy gözəl söhbəti ilə bunları razı sala bildi. Onlara son söz olaraq “Biz süngümüz ilə Qafqaza girdik. Siz bizə ilhaq olmaq istəməsəydiniz də biz sizi süngü, ordu ilə ilhaq edərdik. Ancaq buna imkan yoxdur. Bizim birləşməmizi nə düşmən, nə də dost dövlətlər qəbul edər. Biz sizə yardım edirik və edəcəyik. İstiqlaliyyət qurub müstəqil yaşamanız üçün lazımi qədər əsgərimizi göndərəcəyik. Öz vətənimiz kimi sizin vətəninizi də qoruyacağıq. Evlərinizə dönün və qurulacaq istiqlaliyyəti dəstəkləyin” dedi.

Axşam Məmməd Əmin və Nəsib bəylərlə görüşüb Xəlil bəylə ilhaqçıların arasında olan söhbətin nəticəsini bildirdim. Onlar vəziyyətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar. Sonra mən Nəsib bəyə “Gəncədə Nuru Paşanı qarşılamaq lazımdır. Sabah axşam yola düşəcəyəm” dedim.

İlhaqçılar yeməklərini böyük bir yeməkxanada Türk hökuməti hesabına yeyirdilər. Bir gün mən də onlarla nahar edərkən onlar mənə “canım, Türk ordusunun oraya getməsinə biz narazı deyilik. Bizə söylədilər ki, türklər gəlmək istəyirlər, ancaq Seymin üzvləri mane olurlar” dedilər. Mən də onlara cavabında “Qardaşlarım, burada qalmağa heç bir ehtiyac yoxdur. Mən axşam yola düşürəm. Bu günlərdə Ənvər Paşanın qardaşı Nuru Paşa Gəncəyə gələcək. Onu orada qarşılamaq lazımdır” dedim.

Axşam yola düşəcək qatara mindiyim zaman bütün ilhaqçıları da Gəncəyə gedən gördüm. Gəncəyə çatdıq. Dördaylıq ayrılıqdan sonra anama qovuşdum. Anam ağlayaraq mənə “sənin bu səfərin çox uzun çəkdi. Sən  mənim sonbeşiyimsən. Bir daha səni gözümdən uzağa buraxmayacağam” dedi. Yazıq anam haradan o bilsin ki, zalım rus təkrar canlanacaq, rəngini dəyişdirib qızıla boyanacaq və zülmünü bir neçə qat artıraraq ölkəmizi işğal edəcək.

Ruslar böyük oğlunu güllələyib şəhid edəcək və sevdiyi sonbeşiyini də müqəddəs vətənindən didərgin salacaqdı.

Gəncədə mənə xəbər verdilər ki, Nuru Paşa Qarabağa çatmış, bir gün sonra da Gəncədə olacaq. Mən dərhal ertəsi gün Yevlax stansiyasına hərəkət etdim. Yevlaxda bir saat gözlədik. Gəncədən gedən heyət Nuru Paşanı Qarabağda qarşılamışdı. İzdihamlı bir süvari dəstəsi arasında Nuru Paşa Yevlax stansiyasına gəlib çatdı. Görüşməmiz zamanı Nuru Paşa “Görüşdüklərimdən hey səni soruşdum” dedi. Xalqımız Nuru Paşanı çox təmtəraqla qarşıladı. Nurı Paşa ilə İstanbulda Heydərpaşa vağzalında ayrılmışdıq. Ondan sonra başıma gələnləri ona anlatdım. Nuru Paşa özü ilə bərabər gətirdiyi zabitləri, çavuşları və hərbi ştab rəisi polkovnik Nazim bəyi Bakı cəbhəsinə göndərdi.

Batumdan göndərilən və Nuru Paşanın əmrinə veriləcək hərbi qüvvə ilə əvvəldən almanlarla anlaşmış olan gürcü milləti tərəfindən dəmiryolu ilə keçib Gəncəyə getməklərinə icazə verilirdi. Bu vəziyyət qarşısın­da Cəmil Cahid bəyin koman­danlığında olan alay Qarsdan quru yolla Ermənistana, sonra Dilican üzərindən Qazax şəhərini keçərək Ağstafa vağzalına gəlib çatdılar və oradan da qatarla Gəncəyə gəldilər. Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılan?a mərasimi aşağıdakı kimi olmuşdur: Gəncə xalqı şəhər meydanına toplaşmışdı. Dövlət idarələri və məktəbləri həmin gün işləmirdi. Ona görə də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. Müharibə illərində Türkiyənin ruslar tərəfindən işğal edilmiş Şərq vilayətlərindən Xeyriyyə Cəmiyyəti  tərəfindən  toplanaraq Azərbaycanın bir çox şəhərlərindəki uşaq evlərində saxlanan sahibsiz uşaqlardan dörd yaşından yuxarı olanlar da meydanda dəstə halında düzülmüşdülər. Meydanın ətrafını əhatə etmiş əhali sevincdən gözləri yaşarmış halda əsgərlərə baxırdılar. Uşaq evlərindən gəlmiş uşaqlar əsgərlərə yanaşaraq onlara sarılırlar və haralı olduqlarını bildirirlər. Əsgərlər uşaqların hər birisi ilə mehribanlıqla görüşür və əzizləyirlər. Bu zaman maraqlı bir hadisə olur. Əsgərlərlə görüşən uşaqlardan biri atasını tanıyır və ata-oğul sevincdən bir-birinə sarılaraq ağlayırdılar. Ətrafdakı minlərlə adam bu yaranmış vəziyyətə dözə bilməyib ağlayırdı. Onlar dərddən, qəmdən yox sevincdən ağlayırdılar.

Gəncə şəhərinin ermənilərlə məskun olan məhəllələri Cəmil Cavid bəyin alayı tərəfindən mühasirə edilərək itaətə məcbur olunurlar. Aylarla mühasirədə qalaraq ərzaqdan korluq çəkən ermənilər könüllü şəkildə mühasirədən çıxaraq Türk ordusunun gəldiyinə inanırlar. Bir erməni heyəti də Nuru Paşaya təşəşkür etməyə gəlir. Artıq şəhərdə asayiş təmin olunur. Türk və erməni xalqı arasındakı düşmənçilik aradan qalxır. Nuru Paşanın komandanlığı altında Osmanlı Türkləri ilə Azəri Türkləri yan-yana Azərbaycan Cümhuriyyətinin mərkəzi olan Bakını xilas etməyə qoşulurlar. Bu zaman Bakını rus, erməni və ingilis qüvvələri müdafiə etməkdə idilər. Onlar iki türk qardaşın birləşmiş mehmetçiklərinə qarşı dayana bilərdilərmi? 1918-ci il sentyabrın 15-də son hücum nəticəsində rusları, erməniləri və ingilisləri Xəzər dənizinə tökdülər. Azərbaycan hökuməti müvəqqəti mərkəzi olan Gəncədən Bakıya köçdü. Azərbaycan xalqı və hökuməti əl-ələ verərək səylə hər sahədə durmadan çalışırdı. Nuru Paşanın təşəbbüsü ilə ilk iş olaraq bir hərbi məktəb açılır və Azərbaycan ordusuna zabitlər hazırlamağa başlayırlar. Nuru Paşaya xahiş etməklə Batumdakı Vahib Paşanın sərəncamında olan Hüsaməddin bəyin də Gəncəyə göndərilməsini təmin edə bildim.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30