Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni strateji hədəflərimiz

Yeni strateji hədəflərimiz

29.12.2022 [10:25]

Prezident İlham Əliyevin kifayət qədər təşəbbüskar və yenilikçi lider olduğunu hər kəs qəbul edir. Azərbaycanın dövlət başçısı hər bir məsələyə XXI əsrin tələbləri çərçivəsində kreativ yanaşır və yüksək strateji zəka ilə qarşıya vəzifələr qoyur.

Dövlət başçısı əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşdə də strateji əhəmiyyətli məsələlərə toxunub. Faktiki olaraq, ölkə rəhbəri bundan sonra Qərbi Azərbaycan məsələsində yeni yol xəritəsinin cizgilərini ifadə edib. Bunlar Azərbaycan dövləti və toplumu üçün olduqca aktual məsələlərdir. Həmin səbəbdən Prezidentin görüşdə ifadə etdiyi fikirlərin üzərində geniş dayanmağa ehtiyac görürük.

Tarixi həqiqətlər: dövlət və xalq qarşısında tarixi məsuliyyətin zəruriliyi

Dövlət başçısı nitqində Qərbi Azərbaycan İcmasına məhz həmin binanın verilməsinin rəmzi mənasını açıb. Prezident bu binada artıq ikinci dəfə olduğunu ifadə edib. İlk olaraq 12 il bundan öncə onun açılışında iştirak edib. Hətta həmin bina İlham Əliyevin göstərişi ilə inşa edilib. Bina o vaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Konkret olaraq, “Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik”.

Bu, Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrilməsindən sonra baş verib. Ölkə rəhbəri vurğulayıb ki, bu cür dəyişiklik sadəcə ad yeniləşməsi deyildir, onun xüsusi səbəbləri vardır. Azərbaycan Prezidenti həmin səbəbləri aşağıdakı kimi izah edib: “...mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Ölkə rəhbəri, faktiki olaraq, indiki mərhələdə Qərbi Azərbaycan İcması qarşısında strateji xarakterli vəzifə qoyub. Və burada Qarabağa Qayıdışla Qərbi Azərbaycana Qayıdış arasında siyasi, tarixi, məntiqi və konseptual xarakterli bağlantı yaradıb. İlham Əliyev bununla Azərbaycanın müstəqil dövlət və azadlıqsevər toplum olaraq ardıcıl surətdə düşünülmüş, konkret nəticəyə hesablanmış siyasət yeritdiyini ifadə edib. Qarabağa Qayıdış, siyasi terminlə desək, Qərbi Azərbaycana Qayıdışa transformasiya edilir. Ümumi səviyyədə bu, azərbaycanlıların öz tarixi torpaqlarına Böyük Qayıdışının vahid bir ideya formasını alması deməkdir. Belə bir ciddi yeniliyin müəllifi Azərbaycan Prezidentidir! Və belə çıxır ki, İlham Əliyevin vurğuladığımız siyasi-ideoloji transformasiyanı etməsinin tarixi, geosiyasi, siyasi, ideoloji və mənəvi-əxlaqi əsasları mövcuddur. Dövlət başçısı bu bağlılıqda konkret fikirlər ifadə edib.

Tezisinin əsasları haqqında bəhs edərkən vurğulayıb: “Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Buradan dövlət başçısının Qərbi Azərbaycanla bağlı strategiyasının mühüm bir özəlliyi haqqında nəticə çıxara bilərik. İlham Əliyev üç məqamı önə çəkir:

- Azərbaycan xalqı tarixi yaddaşına sadiqdir;

- Gənclərimiz Vətənsevərdir;

- Bu iki faktor sintez halında Azərbaycana tarixi ədaləti bərpa etməyə stimul verməkdədir.

Birinci tezisin (tarixi yaddaş) təməlində böyük bir tarixi həqiqət dayanır. Prezident bu aspektdə vurğulayır ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.

Ancaq təəssüf ki, Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da ermənilər Azərbaycan tarixi nümunələri ilə vəhşi kimi davranıblar - onları dağıdıb, yerlə-yeksan ediblər ki, bununla “azərbaycanlıların tarixi irsini yer üzündən silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər”. “Çünki tarix var, sənədlər var, xəritələr var”.

İkinci tezisin məzmunu birinci tezisdən məntiqi olaraq alınır. Yəni azərbaycanlılar öz tarixlərindən güc alaraq Vətəni sevirlər. Onun azadlığı uğrunda daim mübarizə aparırlar. Bu proses indi də davam edir. Məhz bu kontekstdə birinci və ikinci tezisin sintezi üçüncü tezisi məzmunlaşdırır: azərbaycanlılar həmişə tarixi ədaləti bərpa etmək uğrunda mübarizə aparırlar! Bu isə müqəddəs bir işdir. İlahi ədalətə bağlı olan fəaliyyətdir. Azərbaycanlıların tarixi ədalətin bərpası uğrunda mübarizəsi, bütövlükdə, region və dünya üçün bir humanizm, sülhpərvərlik, dinc yanaşı yaşama çalışmasıdır. Azərbaycan toplumunun və deməli, dövlətinin də gücü bundan ibarətdir.

Strateji vəzifələr: Prezidentin sistemli, düşünülmüş və praqmatik yanaşması

Bütün bunların əsasında Prezident İlham Əliyevin aşağıdakı fikirləri Qərbi Azərbaycan İcması və ümumən Azərbaycan dövləti və toplumu qarşısında strateji vəzifələri ifadə edir. Ölkə rəhbəri bu bağlılıqda vurğulayıb: “İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Belə alınır ki, Azərbaycan rəhbərliyi Qərbi Azərbaycan siyasətində yeni ideoloji, təbliğati və təşviqat fəaliyyəti mərhələsinə başlayır. Bu mərhələdə başlıca vəzifə dünya ictimaiyyətinə Qərbi Azərbaycan haqqında həqiqəti çatdırmaqdan ibarət olmalıdır. Bu isə, sözün həqiqi mənasında, tarixi bir addımdır.

Bunun üçün Azərbaycan Prezidentinin yenilməz siyasi iradəsi, müdrik liderliyi və mükəmməl strateji idarəetmə və proqnozlaşdırma bacarığının olması, toplumun öz dövlət başçısını tam dəstəkləməsi faktının mövcudluğu ilə yanaşı, Azərbaycan xalqının tarixi təcrübəsi də mövcuddur.

Həmin kontekstdə dövlət başçısı ifadə edib: “Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.

Deməli, biz dövlətçilik aspektində üç məqamı unutmamalıyıq. Birincisi, Azərbaycan xalqı daim öz tarixi haqları uğrunda mübarizə aparıb. İkincisi, bu prosesdə bir sıra hallarda səhvlərə yol verilib ki, bu da müstəqil dövlətçiliyimizi itirməklə nəticələnib. Üçüncüsü, həmin səbəbdən biz tarixin dərslərindən nəticə çıxarmalıyıq. Daha konkret desək, tariximizi təhrif etməməli, həmişə həqiqəti bilməli, ondan nəticələr çıxarmalı və fəaliyyətimizdə nəzərə almalıyıq. Yalnız bu cür obyektivlik və səmimilik əsasında biz müasir dövrün tələblərinə cavab verən toplum yarada bilərik!

Bu, Prezident İlham Əliyevin tarixi əhəmiyyətli siyasi, ideoloji və mənəvi yeniliyi və həmin aspektdə Qələbəsidir. Məsələ daha dərinlərdə və uzunmüddətli perspektivdə Azərbaycanın müstəqil dövlət kimi həyata keçirməli olduğu kursla bağlıdır. Prezident İlham Əliyev Azərbaycanın öz tarixi haqlarını beynəlxalq hüquq və tarixi ədalət çərçivəsində israrla tələb etməkdə qərarlı olduğunu bəyan edir. Və bu prosesdə Qərbi Azərbaycan faktorunun aparıcı rol oynayacağını dünyaya çatdırır. Bu, reallığa tam uyğun, milli maraqlara cavab verən zəruri məqamdır. Çünki Azərbaycanı ikiyə parçaladıqdan sonra məhz Qərbi Azərbaycanı ondan ayırmaqla zərbə vurdular. Bunun bərpası həm də sonrakı mərhələlər üçün Bütöv Azərbaycanı qurmağa baza yaradacaq.

Azərbaycanlıların təşkilatlanması: uğura aparan səmərəli yol

Siyasi-ideoloji baxımdan digər məqam Prezident İlham Əliyevin, faktiki olaraq, dünya miqyasında azərbaycanlıların Vətən naminə təşkilatlanmasına yeni təkan verməsi ilə əlaqəlidir. Bu da olduqca vacib faktordur. Məsələnin həm geosiyasi-siyasi, həm də mənəvi-ideoloji aspekti vardır.

Azərbaycanlıların təşkilatlanma vasitəsilə öz haqlarını tələb etməsinin geosiyasi və siyasi əhəmiyyəti ondan ibarətdir ki, bu üsulla istənilən beynəlxalq təşkilatda Qərbi Azərbaycan məsələsini əsaslı surətdə qaldırmaq mümkün olacaq. Bu zaman, məsələn, problemin Qərbi Azərbaycan İcması tərəfindən müzakirəyə çıxarılması müasir Qərb geosiyasi təlimlərində siyasi fəaliyyət aspektində ciddi nəzərə alınan ictimai təşkilatların dövlət və dövlətlərarası münasibətlərin idarə edilməsində iştirak payını daha da artırmaq prinsipinə tam uyğundur. Bu səbəbdən Qərbi Azərbaycan İcmasının təşkilat kimi fəaliyyəti birbaşa Azərbaycan cəmiyyətinin mövqeyi kimi qəbul edilməli olacaq. Bu isə Qərbi Azərbaycan məsələsinin ancaq Azərbaycan hakimiyyəti üçün deyil, bütövlükdə, Azərbaycan cəmiyyəti üçün aktual olduğu kimi qəbul ediləcək.

İlham Əliyevin strateji gedişinin mənəvi-ideoloji aspekti Prezidentin irəli sürdüyü bir tezisin məzmununda dolğun və yığcam şəkildə ifadə edilib. Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılarla görüşü zamanı dövlət başçısı deyib: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. Bu, Liderin yenilməz siyasi iradəsini konkret hədəf istiqamətində əyaniləşdirməsidir. Onu bütün toplum və dövlət əhəmiyyətli istiqamətdə sistemli qaydada fəaliyyət proqramına çevirməsidir.

İlham Əliyev müasir Azərbaycan dövlətçiliyi tarixində ilk siyasi-milli liderdir ki, müstəqilliyin başlıca məqamını təşkil edəcək prinsipi bəyan edir: Azərbaycan dövlət və cəmiyyət olaraq ən güclülərin qarşısında belə geri çəkilməyəcək! Çünki tariximizin faciələri buna əsas verir! Məhz buna görə İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətini İrəvanı ermənilərə verməklə hansısa geosiyasi məsələni həll edəcəyini düşünməklə yanlış davranmaqda ittiham edir. Faktlar göstərdi ki, İrəvandan sonra erməni havadarları, konkret Rusiya imperiyasına Zəngəzuru və digər torpaqları hissə-hissə (bu, sovet dönəmində də davam etdi) ermənilərə peşkəş etməyə siyasi və geosiyasi cürət verdi.

Bütün bunları nəzərdə tutaraq Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına və onu yaradanların fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, Rusiyanın öncə imperiya, sonra isə sovet kimi ədalətsizliklərindən açıq bəhs edir. Faciələrimizin hər iki aspektini bir yerdə vurğulayır. Deməli, İlham Əliyev bununla, bir tərəfdən, tariximizi təhrif etməklə özümüzü aldatmamağa, özümüz üçün yeni psixoloji natamamlıq kompleksləri yaratmamağa səsləyir, digər tərəfdən isə, ən güclü rəqibə qarşı ayıq-sayıq olmağımıza, ancaq milli dövlətçilik maraqlarından çıxış edərək fəaliyyət göstərməyə çağırır! Liderlik baxımından dahiyanə və tarixi gedişdir!

Azərbaycanın dövlət başçısı yüksək səviyyədə yeni prinsiplər irəli sürməsinin kökündə hansı faktorların dayandığını, gücünü haradan aldığını da aydın ifadə edib. Vurğulanan görüşdə İlham Əliyev deyib: “...görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik”.

Dövlət başçısı fikirlərinə davam edərək hazırda mövcud olan reallığın da qoyulan məsələnin perspektivini əyani göstərdiyini ifadə edib. Bu bağlılıqda Prezident deyib: “...hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq, bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada, faktiki olaraq, normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb”.

Bütün bunların fonunda ölkə rəhbəri hazırda bir sıra böyük dövlətlərin haqsız olaraq Ermənistanı dəstəklədiyini vurğulayıb. Bu gün onlar xüsusi canfəşanlıqla təcavüzkara arxa durmağa cəhdlər göstərirlər. Xüsusilə Laçın-Xankəndi yolu ilə bağlı BMT-də bir sıra qərəzli dövlətlər antiazərbaycan isterikasına qapılıblar. Lakin bu da Azərbaycanın ədalətli mövqeyinə təsir edə bilməz.

Həmin aspektdə Prezident İlham Əliyev bizim üçün hansı məsələnin əhəmiyyətli olduğunu da konkret bəyan edib. Dövlət başçısı vurğulayıb: “Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər.

Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq”.

Qarşıya qoyulan strateji vəzifə tamamilə aydın və konkret ifadə edilib! Kimin nə deməsindən asılı olmayaraq, Qərbi Azərbaycan İcması müəyyən edilmiş vəzifələrə uyğun olaraq fəallıq göstərməlidir. Bu prosesdə hər kəsin üzərinə məsuliyyət düşür. O cümlədən mütəxəssislər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləyib hazırlamalı, kütləvi informasiya vasitələri isə geniş təbliğat-təşviqat fəaliyyətinə keçməlidir! Belə də olacaq və Azərbaycan növbəti qələbələrini İlham Əliyevin rəhbərliyi ilə əldə edəcək!

Kamal Adıgözəlov

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28