Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 104 gündə 507 qətl...

104 gündə 507 qətl...

29.12.2022 [10:59]

İran hakimiyyəti 18553 etirazçını həbsdə saxlayır

Onların əlləri və ayaqlarının kəsilməsi fətvası verilib

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar sentyabrın 17-dən başlayaraq davam etməkdədir. Ötən 104 gün ərzində keçirilən etiraz aksiyalarında 507 fəal həlak olub. Bu barədə HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb. Təşkilat nümayəndələrinin sözlərinə görə, onlardan 69-u azyaşlı olub. Bundan əlavə, 66 təhlükəsizlik işçisi öldürülüb. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda İranda 161 şəhərdə 18553 etirazçı həbsxanadadır. Onlardan 4108 nəfərin kimliyi və saxlandığı yerlər hələlik məlum deyil. Həbs olunanlar arasında 665 nəfərə yaxını tələbələrdir. Nümayişlərə 144 universitetin tələbələri qoşulub. Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 66 nümayəndəsi öldürülüb. Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. Təşkilat 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

İnsan oğurluğu adi hal alıb

Bu arada, İranda həbs edilən etirazçıların işgəncələrə, zorakılığa məruz qalması ilə bağlı məlumatlar geniş şəkildə öz əksini tapmaqdadır. Eyni zamanda, artıq insanların oğurlanması, aktiv şəxslərin həbs edilməsi adi hal almaqdadır. Məsələn, İranın molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəniəsədi həbs edib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İdmançı və alpinizm üzrə təlimatçı olan Məlihə Bəniəsəd dekabrın 18-də Təbrizdə öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Hələlik azərbaycanlı idmançı qadının həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilmir.

Etiraz aksiyaları isə aktiv şəkildə davam edir. Babül, Kirman, Kirmanşah, Bəndər Abbas, Tehran, İsfahan, Məşhəd, Kərəc, Qəhdərican, Qəzvin və Şuş şəhərində və bir sıra başqa ərazilərdəki aksiyalar daha kəskin xarakter almağa başlayıb. Etirazlarda “Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!”, və digər şüarlar səsləndirilib. Tehranın Nəvab şossesində azadlıq uğrunda inqilabın 100-cü günü münasibətilə etirazçı xalq bayraq asıb.

Etirazçılar sərt şüarlara üstünlük verir

Ən diqqətçəkən məqam isə aksiyaların yeni mərhələsində sərt şüarlara üstünlük verilməsidir. Belə ki, Həfthoz məhəlləsində molla rejiminə qarşı etiraz aksiyasında “Qəddar “Xameneyi, səni torpağa basdırarıq!”, “Diktatora ölüm olsun!”, “Bu son xəbərdarlıqdır, edam etsən, qiyamət qopacaq!” kimi şüarlar əks olunub. Tehranda isə etirazçılar divarlara İslam Respublikasının rəhbərinə qarşı şüarlar yazmaqda davam ediblər: “Xameneyiyə ölüm olsun! Bütün rejimə ölüm olsun!”.

Qərbi Azərbaycan əyalətində də aksiyalar keçirilib. Bəykəndi şəhərində “Xameneyiyə ölüm olsun” şüarının sədaları altında genişmiqyaslı etiraz nümayişi keçirilib. Qəzvin şəhərində etirazçı gənclərdən biri hökumət mollasının əmmaməsini başından vurub salıb. İranın Babül (Mazandaran), Kirman (Kirman) və Şuş (Xuzistan) şəhərlərində etirazçılar “Bəsic” qüvvələrinin bazalarına Molotov kokteylləri ilə hücum ediblər. Babül şəhərində (Mazandaran) etirazçılar bütün şəhər sakinlərini etirazlara qoşulmağa çağıran şüarlarla nümayiş keçirib.

Bəndər Abbas şəhərində hökumət qüvvələri molla rejiminə qarşı aksiya keçirənlərə atəş açıb. İsfahan şəhərində etirazçılar “Bəsic” qüvvələrinin bazasına, SEPAH-ın Qüds qüvvələrinin öldürülmüş komandanı Qasım Süleymaninin bannerinə od vurub. Eyni zamanda, İsfahanın Qəhdərican şəhərindəki Bəsic bazasına molotov kokteyli ataraq yandırıblar. Həmçinin Rəfsəncanda etirazçılar şəhərin meydanlarından birində Xomeyni və Xameneyinin plakatlarını yandırıblar. Kirmanşah şəhərində etirazçı gəncin yol nişanına “Xameneyiyə ölüm!” şüarı yazdığını əks etdirən video görüntülər yayımlanıb. Zahedan şəhərində hökumət əleyhinə etiraz aksiyasında iştirakçılardan birinin hökumət məmurlarına xitab edən plakatında yazılıb: “Oğru, qarətçi, iğtişaşçı və təcavüzçü sənsən, amma edam olunan mən!” Kərəcin Qolşəhr bölgəsində xalqın molla rejiminə qarşı etirazları davam edib. Etirazçılar “Xameneyiyə ölüm olsun!” şüarı səsləndiriblər.

Beynəlxalq aləm etiraz edir - İranı tərk edən ailələr yolda saxlanılır

“Azad İran” “Telegram” kanalı sosial şəbəkələrdə futbol üzrə İran milli yığmasının sabiq kapitanı Əli Daeinin həyat yoldaşı və qızının həbs olunduqları barədə xəbər yayıb. Məlumata görə, sabiq futbolçunun xanımı və qızının ölkədən çıxmasına qadağa qoyulub və onların Dubaya səfərinin qarşısı alınıb. Əli Daei özü bu addımı kəskin pisləyib. “Sanki terrorçu yaxalayıblar. Xanımım və qızım bir neçə günlük Dubaya yollanarkən təyyarə Kiş şəhəri üzərindən uçduğu zaman məcburi geri qaytarılıb və ailəm təyyarədən endirilib”, - deyə o vurğulayıb. Qeyd edək ki, futbolçunun xanımı ölkədəki etirazları dəstəklədiyinə görə onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. Srağagün isə həmin telegram kanalı molla rejiminin yeni cəza metodları təyin etməsi ilə bağlı məlumat yayıb. Məlumata görə, bundan sonra etirazçıların əlləri və ayaqlarının kəsilməsi haqqında mollalar tərəfindən fətva verilib.

Baş verənlərlə bağlı isə beynəlxalq etirazlar davam etməkdədir. ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Melli tvitter hesabında bildirib ki, sentyabrdan bəri İran yüzlərlə dinc nümayişçini on ilə qədər həbs cəzasına məhkum edib: “İndiyədək iki nəfər edam edilib və bir çox insanın həyatı təhlükə altındadır. Dinc nümayişlərə görə minlərlə insanın həbs edildiyi bildirilir”. O, tvitinin sonunda “İnsan haqları üçün ayağa qalx” həştəqindən istifadə edib.

SADİQ

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31