Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Regionda yeni müharibə riski: proseslər nə vəd edir? – TƏHLİL

Regionda yeni müharibə riski: proseslər nə vəd edir? – TƏHLİL

10.01.2023 [16:11]

Avrasiyada mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir vaxtda nəzərlər yenidən Cənubi Qafqaza yönəlib. Yeni reallıqlar fonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, regional təhlükəsizlik mühitinin formalaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması kimi məsələlər müzakirə predmetinə çevrilib. Bu kontekstdə diqqət mərkəzində olan əsas məqam isə Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda bölgədə gərginliyin artması, yeni risklərin meydana çıxmasıdır. Məsələn, Qərbdəki bir sıra beyin mərkəzləri 2023-cü ildə Azərbaycan və Ermənistan arasında yeni müharibə anonsu verirlər.

Əlbəttə, Qərb analitikləri tərəfindən yeni müharibə riski barədə proqnozları İkinci Qarabağ müharibəsindən ötən müddət ərzində Ermənistanın və onun havadarlarının qeyri-konstruktiv davranışları fonunda dəyərləndirmək lazımdır. Çünki postmüharibə dövrü də göstərdi ki, öhdəliklərini yerinə yetirməyən Ermənistanın siyasi sabotajları sülh prosesini hədəf alıb, bu ölkə Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil. Bu səbəbdən, sülh müqaviləsinin imzalanması yönündə ötən il ərzində üçtərəfli formatda keçirilən görüşlər belə son nəticənin əldə olunması ilə yekunlaşmadı. Həm də ona görə ki, Cənubi Qafqaza müdaxilə edərək öz məhdud maraqlarını təmin etməyə çalışan bəzi qüvvələr Ermənistanın hərbi-siyasi təxribatlarına rəvac və stimul verdi.  

Heç şübhəsiz, Ermənistan revanşist iddialardan əl çəkərək üçtərəfli bəyanatın icrası istiqamətində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Bu gün Ermənistanda istər hakimiyyətdə təmsil olunan siyasi dairələrin, istərsə də özünü “klassik müxalifət” adlandıran fiqurların revanş haqqında fikirlər səsləndirmələri manipulyasiya cəhdindən başqa bir şey deyil. Çünki özləri də yaxşı bilirlər ki, Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən tənəzzülə uğrayan Ermənistan 44 günlük müharibədə çox ciddi məğlubiyyətə uğrayaraq demoqrafik və iqtisadi itkilərə məruz qalıb. Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir savaşa başlamaq imkanını istisna edir.

Digər tərəfdən, Ermənistan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Bu ölkə 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi üstünlüyə malik deyil. Həmçinin Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmur. O, forpost adlandırılır və bəzi güc mərkəzlərinin diktəsi ilə hərəkət edən zəif geosiyasi fiqurdur. İndi yeganə ümidi Qərbdəki bəzi dairələr olan Ermənistan destruktiv siyasətindən əl çəkməsə, hətta sığındığı Fransadan belə birmənalı dəstək ala bilməyəcək. Son olaraq Parisin bütün cəhdlərinə rəğmən, BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə təzyiq xarakterli qətnamənin qəbul edilməməsi Fransa-Ermənistan cütlüyünün fiaskosu, rəsmi Bakının mövqeyinin isə haqlı və həlledici olduğunun növbəti sübutu idi.

Bu reallıqlar siyasi "tupik"ə dirənən İrəvanın qarşısına yeganə çıxış yolunu qoyur: üçtərəfli bəyanat əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək. Əks halda, istənilən ssenari Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq.


Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31