Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pirquludan planetlərə səyahət...

Pirquludan planetlərə səyahət...

12.01.2023 [11:02]

Görmək arzusu ilə qədim Azərbaycan yurdu Şamaxıya yollandıq. Böyüklərimizdən eşidərdik ki, taleyin min bir oyununa tuş gələn Şamaxı hər dəfə savaşlardan məğrur və qalib çıxmağı bacarardı, gəl gör ki, bir zəlzələ ilə bacara bilmədi. Şəhər yerlə yeksan edildi, amma yenidən küllərindən doğulmağı da bildi.

Tarixin dərinliklərinə boylanan zaman görürük ki, bu şəhərin mühitində kimlər yetişib, kimlər... X.Şirvani, F.Şirvani, İ.Nəsimi, S.Ə.Şirvani, M.Hadi, Z.Əhmədbəyov, A.Səhhət, Ə.Cəfərzadə, A.Qasımov və s. onları sadalamaqla bitməz. Şamaxının şəninə şairlər, yazarlar, aşıqlar, söz deyiblər, mahnılar qoşublar. Hər biri bu gün də dillər əzbəridir. Fikrət Sadığın sözlərinə bəstələnmiş bu mahnını zümzümə edərək şəhərin sehrinə qapılmışdıq:

Mehr salmışam axı,

Heyran olmuşam axı...

Yolboyunca “Qarabağ Azərbaycandır” plakatları, şəhid bulaqları və şəkilləri insana  qürurla dalğalanan Azərbaycan və Türkiyə bayraqları insanın diqqətini çəkirdi. Qış fəsli olmasına baxmayaraq, hava olduqca mülayim keçirdi. 20 gün öncə yağan qarı da dağlardan aydın görmək olurdu. Mübaliğəsiz deyə bilərdik ki, qış günəşi insanın içini isidirdi. 

Pirqulu nə deməkdir?

Üz tutduğumuz Pirqulu qəsəbəsinin mənası və mənşəyi hər zaman diqqət çəkib. Görəsən, buraya nə üçün Pirqulu deyirlər? Öyrəndiyimizə görə, dağın zirvəsində Qulu adında bir nəfər dəfn olunubmuş. Sonra həmin məzar pirə çevrilib. Ona görə də həmin dağa Pirqulu dağı, qəsəbəyə isə Pirqulu qəsəbəsi deyiblər.

Ən nəhayət, gəldik çatdıq mərkəzdən 22 km aralıda, Pirqulu dağının şimal yamacında, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Şamaxı Astrofizika Rəsədxanasına. Bu rəsədxana elmi – tədqiqat işləri ilə bərabər, həm də turizm obyektidir. Həm ölkə vətəndaşları, həm xarici qonaqlar böyük maraqla buraya gəlirlər. Deyilənə görə, yay aylarında saatlarla növbələr olur. Xüusilə də, məktəblilər böyük maraq göstərirlər. Qış aylarında isə ziyarətçi sayında kəskin azalma müşahidə olunur.

Tarixə nəzər salaq... Dünya şöhrətli astronom Nəsirəddin Tusinin adını daşıyan bu elmi mərkəz 1959-cu ildə yaradılıb. Rəsədxana qurularkən aydın gecələrin sayca çox olması əsas şərtlərdən biridir. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılıb. Aparılan 4 illik araşdırmadan sonra astrofizika rəsədxanası üçün ən ideal hava şəraitinin Pirquluda olduğu ortaya çıxıb.

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rəsədxananın fəaliyyəti tamamilə yenilənib. Prezidentin ehtiyat Fondundan ayrılmış 8 milyon vəsait hesabına burada əsaslı təmir və yenidənqurma işləri aparılıb, rəsədxana müasir avadanlıqlarla təchiz olunub.

Kainatın seyrinə çağırıram elləri

Bütün ulduzlar, planetlər və günəş ərazidəki gecə-gündüz çalışan 6 rəsədxanada müşahidə edilir.  Bəli, həm də gecə... Kainatın sirlərinə yaxından bələd olmağa çalışsaq da, ulduzları, planetləri görmək üçün heç də uğurlu saatı seçməmişdik. Sən demə, teleskopla müşahidə etməyin də öz vaxtı varmış. Gələn turistlər qarışıq hamımız məyus olduq. Keçənə güzəşt deyib, üz tutduq astronomik muzeyə. Muzeyə giriş böyüklər üçün 3, kiçiklər üçün 2 manat, məktəbəqədər uşaqlar üçün isə pulsuzdur. Saat 11:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Rəsədxananın baş texnoloqu Müşfiq Hüseynovun bələdçiliyi ilə muzeyə daxil olduq. Daxil olan kimi bizi ilk Nəsirəddin Tusinin portreti qarşıladı. Azərbaycanda astrofizika elmi məhz onun adı ilə bağlıdır. Q.Qaliley 16-cı əsrdə teleskopu ixtira edibsə, hələ Nəsirəddin Tusi 13-cü əsrdə Marağa rəsədxanasını yaratmışdı. 

Azərbaycanın torpağı da, daşı da qızıldır

Diqqətə çatdırıldı ki, muzeyin ən qiymətli eksponatı 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşən, tərkibi 92 faiz dəmirdən olan 127 kiloqramlıq meteoritdir: “Göydən ulduz enərkən el arasında buna “kiminsə ulduzu söndü” və yaxud “arzu tutsan, yerinə yetəcək” də deyirlər. Əslində yerə düşən ulduz deyil. Səma cisimlərində asteroidlərdə partlayışlar baş verir. Bu gördüyünüz daşlar asteroidlərdən qopan qəlpələrdir. Yerdə atmosfer olduğu üçün qəlpələr hava ilə sürtünür və yanır. Sonda gördüyünüz bu formaları alır. Dəmir meteoritlərin tərkibi dəmir, nikel və kobaltdan ibarətdir. Yerdə nikel də, dəmir də, kobalt da var, amma üçünün birləşməsi yoxdur. Bu meteorit isə üçünün birləşməsindən ibarətdir. Diqqətlə baxsanız görərsiniz ki, həqiqətən bu dəmir Yer məhsulu deyil, sözün əsl mənasında, göydən düşmədir. Həcmi kiçik olsa da, çəkisi ağırdı. Bu daşı motorlu mişarla belə kəsmək mümkün deyil. Kəsmək üçün xüsusi almazlardan istifadə olunur. Dastanlarda oxuduğumuz Koroğlunun misri qılıncı məhz bu daşdan düzəldilib. Rəsədxanada bunun kimi bir neçə daş mövcuddur. Əksəriyyəti sadə vətəndaşlar tərəfindən tapılaraq rəsədxanaya təhvil verilib. Bəzən meteoritlər Azərbaycanın elə bir ərazisinə düşür ki, insan onun hara düşdüyünü belə görə bilmir. Sürətlə düşdüyü üçün torpağın altında qalır və tarixin “tozlu qatlarına” çevrilir.

Dünyanın mindən artıq rəsədxanası arasında...

Heç şübhəsiz, teleskopun kəşf edilməsi ilə kainat haqqında anlayışımızda inqilab baş verdi. Kainata aid milyonlarla sirri kəşf etməyimizə səbəb oldu. Qürurla deyə bilərik ki, elm ocağı bu gün dünyanın mindən artıq rəsədxanası arasında teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra digər parametrlərinə görə önəmli yerlərdən birini tutur. Keçmiş SSRİ məkanında ən böyük teleskop buradadır. Avadanlıqlar isə Almaniyadan gətirilib. Hazırda 6 teleskop var və hər birinin idarəetməsi avtomatlaşdırılıb. Bələdçi deyir ki, artıq teleskopu kompüter vasitəsilə uzaqdan idarə etmək mümkündür. Burada ilk teleskopumuzu da görə bilərsiniz. Eksponat kimi saxlanılan bu teleskop (1953-cü il) rəsədxanadan da əvvəl yaradılıb. Alimlərimiz ilk müşahidəni bu teleskopla aparıblarmış.

Planetləri hansı saatlarda izləyə bilərik?

Baş texnoloq deyir ki, ulduzları seyr etmək üçün hava nəm və buludlu olmamalıdır. Bu zaman teleskopun güzgüsü sıradan çıxa bilər. Burada 365 günün 200 günü buludsuz keçir. Hər bir planetin isə öz görünmə zamanı var. Belə ki, Saturn planetini saat 18:00-dan sonra, Yupiter planetini 22:00-a qədər, Ayı isə 22:00-dan gecə 03:00 -a kimi görə bilərsiniz. Bu günlərdə insanların diqqətini daha çox Mars planeti çəkirmiş. Hər kəs Marsda həyatın mövcud olub-olmaması ilə bağlı mütəxəssisləri sorğu suala tuturmuş. Bəli, bu gün Marsa gedə bilməsək də, onu teleskopla izləmək imkanımız var. Bizdən fərqli olaraq küləksiz havada və saat 23:00-dan rəsədxanaya getsəniz, Marsı səhər saatlarına qədər izləyə bilərsiniz. Bunun üçün sadəcə 6 AZN ödəməlisiniz.

Planetlərin rəngi nədir?

Əslində, planetlərin rəngi olmur. Bunu eşidən bir neçə ziyarətçi kimi biz də təəccübləndik. Bəs dərsliklərdə şəkillərdə gördüklərimiz nə imiş? Müşfiq müəllim deyir ki, hamısı işıq yansımasıdır. Hətta Ayın belə rəngi sarı deyil. Günəşdən düşən işığı bizə güzgü kimi əks etdirdiyi üçün onu sarı rəngdə görürük. Teleskopla baxanda Ayın sarı deyil, boz rəngdə olduğuna əmin ola bilərik.

Alimlərin yaşaması üçün ətrafda şəhərcik salınıb

Öyrəndik ki, rəsədxanada çalışan elmi heyətin və onların ailələrinin yaşaması üçün hər cür şərait yaradılıb. Əməkdaşlar üçün 72 mənzildən ibarət beşmərtəbəli iki yaşayış binası inşa olunub. Alimlərin yaşadığı şəhərçik Yusif Məmmədəliyev adına qəsəbə sayılır. Şamaxıya üz tutanların ən çox gəldikləri yer məhz Pirqulu qəsəbəsidir. Buna görə də yaxınlarda bir çox istirahət mərkəzləri yaradılıb.

26.98 nömrəli asteroid Azərbaycanın adını daşıyır

Muzeyin divarlarında ulu öndər Heydər Əliyevin, İlham Əliyevin şəkilləri, eləcə də sertifikatlar asılıb. Bu sertifikatlar kəşflərinə görə bizim dahi alimlərimizə verilib. Əməkdaşların aldıqları elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilib. Təsadüfü deyil ki, Mars və Ay planetlərinə məxsus bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının, habelə Azərbaycanın, Nizami Gəncəvinin, Hüseyn Cavidin, Müslüm Maqomayevin adını daşıyır. Məsələn, 26.98 nömrəli asteroidə Azərbaycanın adı verilib. Ölkəmizin adını nəinki dünyada, göyün yeddinci qatında da yaşadırıq.

Qeyd olunub ki, Yerdə olduğu kimi, Ayda da yüksək dağlar var. Yerdəki bir çox uca dağların adları onlara verilib.  Məsələn, Ayda Qafqaz sıra dağları mövcuddur.

P.S İnanırıq ki, tezliklə yolumuz bir daha rəsədxanadan düşəcək. Planetləri, Ayı, Günəşi, eləcə də ulduzları daha yaxından seyr etmək imkanımız yaranacaq.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28