Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / XX əsr - İrəvanda Azərbaycan ictimai-siyasi mühiti

XX əsr - İrəvanda Azərbaycan ictimai-siyasi mühiti

24.01.2023 [10:18]

I yazı

İrəvan şəhəri Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə malik olan mərkəzlərindən biridir. Burada xalqımızın tarixinin müxtəlif dövrlərini özündə əks etdirən abidələr, qədim qala divarları, şərq memarlıq üslubunda tikilmiş binalar, məscidlər, mədəniyyət mərkəzləri, etnik özümlülüyü, dini etiqadı ehtiva edən qəbirlər, toponimlər, hidronimlər, oronimlər, tarixi yazılar azərbaycanlıların lap qədim dövrlərdən bu yerlərin aparıcı etnosu oldugunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq, həmin ərazilərin əsl sahibləri və sakinləri azərbaycanlılar olsa da, tarixin müxtəlif dövrlərində zor gücünə öz əzəli torpaqlarında yaşamaq hüququndan məhrum edilmişlər. Belə ki, 1828-ci ildən başlayaraq havadarlarının himayəsi və xüsusi qayğısı sayəsində ermənilərin müxtəlif dövrlərdə İran, Almaniya,Yunanıstan, Suriya, Fransa və başqa ölkələrdən Cənubi Qafqaza, xüsusilə indi  “Ermənistan” adlanan ərazilərə kütləvi şəkildə köçürülməsi bölgədə yeni münaqişələrin yaranmasına, azərbaycanlıların soyqırımına, deportasiyasına, terrora məruz qalmalarına zəmin yaratmış, xalqımız üçün daim təhlükə mənbəyinə çevrilmişdir. Bu baxımdan, XIX və XX əsrlərdə xalqımızın xəbis qonşumuz ermənilər tərəfindən üz-üzə qoyuldugu problemlər bu gün də həllini tapmamışdır. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri əsasında Azərbaycan torpaqlarının iki ölkə arasında bölünməsi zəncirvari reaksiyaya səbəb oldu.

Qərbi Azərbaycan “Ermənistanlaşdı”, Dərbənd Rusiyaya, Borçalı Gürcüstana “təhvil” verildi. Bütün bu “tarixi hadisələr”Azərbaycan xalqının misli görünməmiş amansız və aramsız repressiyaları ilə müşayiət olundu.1890-cı ildə yenə də himayədarları tərəfindən “Daşnaksütyun” terrorçu təşkilatının təsis edilməsi, ermənilərin siyasi, iqtisadi, hərbi cəhətdən hərtərəfli şəkildə dəstəklənməsi, 1905-1907, 1918-1920-ci illərin soyqırımları, Azərbaycanın tarixi torpaqları hesabına “Ermənistan” adlı dövlətin yaradılması, 1948-1953-cü illər deportasiyası, nəhayət, 1988-ci ildə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməsi və yaşadıgımız dövrün gerçəklikləri - bütün bunlar hamısı tarixin danılmaz və inkaredilməz həqiqətləridir. Belə ki,1918-ci ilin may ayında Ermənistanda qatı mürtəce mövqedən çıxış edən daşnakların hakimiyyətə gəlməsi nəticəsində azərbaycanlılara qarşı amansız və kütləvi terror, soyqırımı siyasəti ən qəddar metodlarla həyata keçirilməyə başlanıldı.

1918-1920-ci illərdə İrəvan şəhəri tarixinin ən gərgin və acınacaqlı dövrlərindən birini yaşamışdır. Erməni daşnaklarının hökmranlığı dövründə törədilən kütləvi qırğın aksiyaları zamanı İrəvan şəhərinin azərbaycanlılar yaşayan məhəllələri alt-üst edilərək xarabalığa çevrilmiş və 14.000 nəfərdən çox azərbaycanlı qətlə yetirilmişdir. Erməni quldurları təkcə İrəvan şəhərində deyil, azərbaycanlılar yaşayan bütün bölğələrdə - Üçmüədzin, Zən?ibasar, Vedibasar, Qafan, Basarkeçər, Dərələyəz, Meğri, Amasiya, Sisian, Qəmərli, Allahverdi və s. bölgələrdə son dərəcə vəhşi üsullarla misli görünməmiş tarixi cinayətlər törətmişdilər.

1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən 300-dən artıq azərbaycanlı kəndi yerlə yeksan edilmiş, on minlərlə dinc sakin kütləvi şəkildə qırılmış, yüz minlərlə azərbaycanlı isə öz əzəli torpaqlarından məcburi surətdə qovularaq didərgin salınmışdır. Soydaşlarımız ölümün cəngindən xilas olmaq üçün Türkiyəyə, İrana, Azərbaycana və digər ölkələrə üz tutaraq sığınacaq tapmağa məcbur olmuşlar. Bununla da İrəvanda soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı tənəzzülə uğramış, onun görkəmli nümayəndələri soyqırımına və deportasiyaya məruz qalmışlar. Sonralar Azərbaycanda elm və mədəniyyətin inkişafında böyük rol oynamış Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Abbas Razi Məmmədzadə, Əhməd Rəcəbli, Əhməd Cəmil, Cəfər Xəndan, Mirzə Hüseyn Ağa, Ağa Məhəmməd Hüseyn İrəvanlı, Heydər Hüseynov, Maqsud Məmmədov, Səid Rüstəmov, Bəhmən Axundov, Mirzə Cabbar Məmmədzadə, Cabbar Əsgərzadə, Həsən Seyidov, Cabbar Məcnunbəyov, Əli Məhzun və başqa görkəmli şəxsiyyətlərin ailələri də bu dövrdə öz doğma ocaqlarını tərk etməyə məcbur olmuşlar.

Cənubi Qafqazda, o cümlədən “Ermənistanda” sovet hakimyyətinin bərqərar olması siyasi-ictimai durumu dəyişdirdi, sosial münasibətlər sisteminə nisbi dinclik və sakitlik gətirdi. Bu, heç də millətlərarası münasibətlərin xarakterinin dəyişməsindən, birdən-birə, gözlənilmədən ermənilərin düşmənçilik mövqelərindən çəkilib, sözdə bəyan olunduğu kimi, azərbaycanlıları dərin məhəbbətlə sevdiklərindən xəbər vermirdi. Sadəcə olaraq, millətlərarası münasibətlərdə mövcud olan ziddiyyətlər “dostluq” və “qardaşlıq” pərdəsi arxasında gizlədildi: ermənilərin xalqımıza düşmən münasibəti daha xəbis, daha gizli səciyyə kəsb etdi.

Əgər rəsmi mənbələrə əsaslansaq,1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdur. Amma Ermənistanda “sovet hakimiyyəti” öz spesifik xüsusiyyətlərinə malik idi. Bu, hər şeydən əvvəl, erməni kommunistlərinin və dövlət xadimlərinin sözdə bir, əməldə əks prinsiplərdən çıxış etməsində özünü büruzə verirdi. Başqa respublikalardan fərqli olaraq, Ermənistanda sosial mühitin, partiya həyatının, milli siyasətin iki - birincisi, görünən, ikincisi, görünməyən tərəfləri var idi. Görünən tərəf “proletar beynəlmiləlçiliyi” “bolşevizm ideyalarının həyata keçirilməsi”, görünməyən tərəf isə rəsmi Ermənistan rəhbərliyinin gizli surətdə həyata keçirdiyi şovinist və antitürk siyasəti idi.

Ermənistanda sovet hakimiyyətinin qurulmasının və Ermənistan kommunist partiyasının yaradılmasının 40 illiyi münasibətilə 1960-cı ildə çap olunmuş tezisdə deyilirdi: “Ermənistan zəhmətkeşləri qazandıqları bütün müvəffəqiyyətlər, azad, fərəhli və xoşbəxt həyatı üçün ölməz Leninə, onun yaratdığı Kommunist partiyasına, böyük rus xalqının, sosialist vətənimizdə yaşayan digər qardaş xalqların əvəzsiz yardımına borcludur”.

Hətta kommunist beynəlmiləlçiliyi pərdəsinə bürünmüş ən qatı daşnak olan Anastas İvanoviç Mikoyan yazırdı: “Daşnaklar zamanı Ermənistan yetimlər ölkəsi, göz yaşları ölkəsi, dilənçilik və vəhşi özbaşınalıq ölkəsi idi. “Daşnaksütyun” burjua millətçi partiyası özünün bütün siyasəti ilə imperializmin mənafeyinə xidmət edirdi. Daşnakların müsibətli siyasəti nəticəsində ölkə ağır fəlakət qarşısında qalmışdı”.

İosif Stalin isə 1920-ci ilin noyabrında “Pravda” qəzetinin müxbirinə verdiyi müsahibədə deyirdi: “Daşnak Ermənistan, heç şübhəsiz, Antantanın fitnəkarlığının qurbanı kimi yıxıldı... Ermənistanın Rusiya ilə birləşməkdən başqa yolu qalmadı”. Bu fikirlərdən aydın olur ki, ermənilər heç vaxt azad düşüncəli xalq kimi yaşamamış, müstəqil dövlətə malik olmamış, zaman-zaman müxtəlif dövlətlərin əlində siyasi alət rolunu oynamışlar. Həmin dövlətlər Qafqazda öz siyasi-strateji maraqlarını həyata keçirmək üçün erməniləri hər zaman dəstəkləmiş və onların “Böyük Ermənistan” xülyası ilə yaşamasına rəvac vermişdilər. Yaşadığımız dövrün reallıqları da bunu təsdiq edir. Tarixi prosesi izləyərkən bir daha aydın olur ki, ermənilərin müxtəlif dövrlərdə apardıqları işğalçılıq, qəsbkarlıq və genosid siyasəti son anda iflasa uğramış, erməni xalqının ağır faciələrinə səbəb olmuş, onun həyatının bütün sahələrində dərin böhrana meydan açmışdır. Məğlubiyyətin acı nəticələri ilə üzləşən ermənilər qurd libaslarını çox asanlıqla dəyişib mələk cildinə girərək özlərini dünyanın ən humanist, məzlum, yazıq bir toplumu olduqlarını, bütün xalqlarla bərabərlik, dostluq və qardaşlıq şəraitində yaşamaq arzularını bəyan etmişlər. Ermənilərin bütün xalqlarla dostluğunu və qardaşlığını elan edən çoxsaylı mənbələrdən birinə nəzər yetirək: “Erməni xalqı, onun avanqardı olan Ermənistan Kommunist Partiyası SSRİ-nin bütün xalqları ilə öz dostluq və qardaşlığını çox yüksək qiymətləndirir və onu göz bəbəyi kimi qoruyurlar”.

Ermənilərin güya bütün xalqlarla dostluq və qardaşlıq münasibətində olduğunu bəyan edən saxta və yalan ifadələr üzərində qurulmuş yüzlərlə bu cür mənbəyə rast gəlmək olar. Ermənistanın rəsmi dairələrinin yalan və riyakar təbliğatı nəticəsində formalaşmış, görünüşü 70 illik Sovet hakimiyyəti dövründə zahirən ermənilər haqqında beynəlmiləlçi xalq təsəvvürü yaradırdı. Amma ermənilərin əsas fəaliyyəti gizlində olmuşdur. Əslində, daşnaklar Aleksandr, Arşak Camalyan, Qaragin Njde, Andranik Ozanyan, Srvandzyan Hamazasp, Drastamat Kanayan (Dro) və bolşeviklər Stepan Şaumuan, Levon Mirzoyan, Aleksandr Myasnikyan, Y.Əlixanyan Bonner, Sarkis Kasyan, Ağasi Xancyan, Anastas Amatuni arasında heç bir fərq olmamışdır.

Birincilər Daşnaksütyun partiyasının, ikincilər isə Kommunist Partiyasının biletlərini gəzdirirdilər. Bunların hər ikisi ideoloji baxımdan eyni mənbədən - erməni şovinizmindən qidalanırdılar.

Cəlal Allahverdiyev,

filoloğiya üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31