Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tarixi Zəfərin banisi!

Tarixi Zəfərin banisi!

26.05.2023 [10:46]

Yeganə BAYRAMOVA

Yaddaşlarda əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı gələcəyinə həsr etmiş böyük insan, Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk növbədə onun Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə olan hüdudsuz sevgisidir. Həmçinin onların qorunması və tərəqqisi uğrunda bütün dönəmlərdə apardığı taleyüklü mücadilələr, cəsarətli addımlar, Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrdir. Azərbaycanın müasir tarixinin bütöv bir dövrü məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Milli liderliklə siyasi liderlik kimi unikal xüsusiyyətləri özündə birləşdirən bu dahi insan müasir Azərbaycan dövlətinin banisi, qurucusu kimi tarixə düşüb. Hər bir Azərbaycanlının güvən və fəxr yeri olan, hər dəfə adını eşidəndə sevinc və qürur hissi keçirtdiyimiz Heydər Əliyev ölkənin ictimai, siyasi və iqtisadi həyatının bütün sahələrində böyük işlərə öz imzasını atıb.

Gördüyü böyük işlərlə tarix yazan və yaradan ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin iqtisadi-siyasi tərəqqisinə və ümumiyyətlə, hərtərəfli inkişafına nail olub, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın nüfuzunu beynəlxalq səviyyəyə qaldırıb.

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda həyatın axarını dəyişdi. Çoxəsrlik dövlətçilik tariximizdə onun öz yeri, dəst-xətti var. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Tarixə xalqımızın Ümummilli Lideri kimi daxil olmuş bu əvəzolunmaz insan ölkəmiz üçün çox vacib olan bir sərvət - azərbaycançılıq ideologiyasını yaratdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına böyük diqqət verirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi.

Heydər Əliyev müstəqil dövlətimizi demokratik inkişaf yoluna doğru istiqamətləndirdi. Qısa bir zaman ərzində dövlət quruculuğu sahəsində böyük irəliləyişlər əldə olundu.

Demokratiyanın inkişaf etməsi ilə insan hüquq və azadlıqlarının qorunması, milli şüurun yüksəldilməsi sahəsində mühüm dəyişikliklər baş verdi. Ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. O, Azərbaycanı müstəqil, demokratik, hüquqi, dünyəvi vətəndaş cəmiyyətinə əsaslanan qüdrətli bir dövlətə çevirmək üçün gecə-gündüz yorulmadan gərgin fəaliyyətə başladı. Ulu Öndərimiz milli-mənəvi dəyərlərimizin, irsimizin qorunub saxlanmasını, daha da inkişaf etdirilməsini vacib məsələ kimi irəli sürdü və bu təməl üzərində yeni, müasir Azərbaycan yaratdı. O, mənəvi zənginliyi xalqın ən böyük sərvəti hesab edir, xalqımızın intellektual səviyyəsinin yüksəldilməsinə xüsusi əhəmiyyət verirdi.

Heydər Əliyev dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi.

Təsadüfi deyil ki, dünya liderləri və nüfuzlu rəsmi şəxslər Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb. Dünya liderlərinin, tanınmış dövlət adamları və siyasi xadimlərinin, məşhur yazıçıların dediklərinə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır. Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının Ulu Öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır. Məhz ona görə dünya liderləri Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırır, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirdilər.

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin məzmunda, daha geniş panoramda və daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!

Heydər Əliyev hər zaman azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi. Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə banisi olduğu azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin təməl prinsipinə çevirdi. Ömrü boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirdi.

Məlumdur ki, bütün xalqların qarşısında duran ən ümdə vəzifə müstəqil dövlətə nail olmaqdır. Lakin azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətli və mürəkkəbdir. Bunun üçün hər bir dövlətin özünün suverenliyi və ərazi bütövlüyünü qoruması onun güclü ordu quruculuğundan asılıdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində ölkəmizdə Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Ulu öndər deyirdi: “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”.

Ümumxalq məhəbbəti qazanmış, bitib-tükənməyən enerjisi ilə xalqını inkişaf yolu ilə irəliyə aparan Ulu Öndərin adı dünya siyasətçiləri, türk dünyası öndərlərinin ön sırasında çəkilir. 1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmiş, dövlətin əsasları qoyulmuşdu. Məhz buna görə həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, ölkəmiz Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı qanlı cinayətlər törədilsin. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Əbəs yerə deyilmir ki, hər bir azərbaycanlının taleyində ulu öndər Heydər Əliyev dühasının bir zərrəsi var. XXI əsrin çağırışlarına hazır olan Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti zənginləşdirilir, vətəndaş həmrəyliyi formalaşır, cəmiyyət vahid amal uğrunda birləşir.

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib Orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli Lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu Öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub. Məhz Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.

Əsasını Ulu Öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.

Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etdilər ki, ölkəmizdə milli tərəqqinin 30 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən üstün tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiyaların qayəsi Azərbaycanın müasir dünyada yerini və gələcəyini müəyyənləşdirməkdən ibarətdir. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Sevinirik ki, Ulu Öndərimizin siyasi kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Bu gün dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onun müəyyənləşdirdiyi, ölkənin gələcəyinə, inkişafına hesablanmış siyasəti biz gənclərin yoluna həmişə işıq saçacaq...

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevi anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hörmətlə və minnətdarlıqla anırıq. Əbədiyaşar lider xalqı üçün etdiyi bütün fədəkarlıqları ilə hər zaman qəlbi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla yaşayacaq!

Yazı “Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru” istiqaməti üzrə Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında elan etdiyi fərdi yazı müsabiqəsinə təqdim edilir

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30