Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sülh Azərbaycanın təşəbbüsüdür

Sülh Azərbaycanın təşəbbüsüdür

07.06.2023 [11:10]

Hazırda Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması xüsusi diqqət mərkəzindədir. Azərbaycan bu istiqamətdə fəal siyasət həyata keçirir. Bununla bağlı xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir: “Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq müddətdə fasilə yaranmışdı. Nəhayət, beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutub, iki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparılıb. Daha sonra liderlər səviyyəsində danışıqlar olub. Növbəti görüşün yaxın zamanlarda Vaşinqtonda keçirilməsi nəzərdə tutulub”. Nazirin qeyd edib ki, sülh müqaviləsi ilə bağlı  işlərin başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub.

Proqnozlaşdırmaq çətindir...

C.Bayramov diqqətə çatdırıb ki, beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə edilməsi qaçılmazdır. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq çətindir. Danışıqlar prosesində Brüssel formatı mövcud olduğunu xatırladan nazir deyib ki, bu format çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə liderləri arasında çoxsaylı görüşlər keçirilir. Moldovada “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində baş tutan danışıqlar barədə də məlumat verən nazir bildirib: “Görüşdə gündəlikdə olan məsələlər üzrə fikir mübadiləsi aparıldı. Görüşün nəticəsi olaraq iyul ayında üçtərəfli formatda növbəti görüşün və təmasların davam etdirilməsi barədə razılıq əldə edildi”.

Hərbçilərimizin əsirlikdə saxlanılması...

O, həmçinin Ermənistanın iki hərbçimizi əsirlikdə  saxlamasını etimad quruculuğuna növbəti zərbə kimi dəyərləndirib. Nazir hərbçilərin Ermənistan-Azərbaycan sərhədini çətin hava şəraiti səbəbindən yolu azaraq keçdiklərini diqqətə çatdıraraq, məsələnin həm ikitərəfli, həm də digər görüşlərdə müzakirə edildiyini qeyd edib: “Ermənistan tərəfindən həmin hərbçilər saxlanılaraq onlara cinayət işi açılıb. Hansı ki, biri ilə bağlı artıq hökm oxunub, 11 il yarımlıq məhbusluğu barədə qərar qəbul olunub. İlk növbədə onu qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda, beynəlxalq vasitəçilər, həmçinin digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin bu məsələyə diqqətini cəlb etdik. Bu hadisənin bundan əvvəlki razılaşmaların pozuntusu kimi qəbul edilməsini və Ermənistana bu istiqamətdə təsir edilməsinin vacibliyini gündəmə gətirdik. Çünki iki ölkə arasında belə bir razılaşma var idi ki, sərhəd xəttini səhvən keçən hərbçilərin geri qaytarılması vacibdir və bu, tərəflər arasında bir etimad quruculuğu tədbiri kimi dəyərləndirilə bilər. Və məhz bu razılaşmanın nəticəsi olaraq, Azərbaycan tərəfi ümumilikdə 10-dan artıq erməni hərbçisini və mülki şəxsini geri qaytarıb. Lakin Ermənistan tərəfindən atılan addım etimad quruculuğuna növbəti bir zərbədir. Hesab edirik ki, bu, çox yanlış inkişafdır, çox təhlükəli inkişafdır. Və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Səfirliyimizə terror hücumunu təşkil edənlər cəzalandırılmalıdırlar

C.Bayramov Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun araşdırılması ilə bağlı vəziyyətə də toxunub. “Bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsinin araşdırılması ilə bağlı Azərbaycanın gözləntiləri var və biz bunu İran tərəfinə açıq şəkildə çatdırmışıq”, - deyən nazir əlavə edib ki, cinayətin istintaqının tezliklə başa çatdırılması və günahkarların, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirik. İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə danışmaq tezdir. “Hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub. Ancaq bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb ediləcək, sərt şəkildə cəzalandırılacaq. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”, - deyə C.Bayramov diqqətə çatdırıb.

Fərid Səfərli ilə əlaqə var

O xatırladıb ki, hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İranda diplomatik təmsilçiliyi çox məhduddur. Nazir deyib ki, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın İrana səyahətlərdən çəkinməsinə çağırış edilib. Bütün bunlara baxmayaraq, azərbaycanlı tələbə Fərid Səfərlinin İranda saxlanılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim baş konsulluğumuz fəaliyyətə keçib. “Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Bir neçə həftə sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin şəxs saxlanılıb, o, ittiham olunur və ona qarşı cinayət işi açılıb. İrandakı baş konsulluğumuzun əməkdaşları ilə tələbə arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkili istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlanılır, məsələ nəzarətimizdədir”, - deyə nazir qeyd edib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31