Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Tarixi nailiyyət - Qəzzada atəşkəs elan olundu

Tarixi nailiyyət - Qəzzada atəşkəs elan olundu

10.10.2025 [09:14]

Qlobal dünyanın qaynar qazan adlandırdığı Yaxın və Orta Şərqdə silahların susma ehtimalı yaranıb. Artıq münaqişə tərəfləri “hesablaşmalarını” müharibə poliqonunda deyil, masa arxasında aparmaq niyyətindədir. Belə ki, bir müddətdir müzakirə olunan Trampın Qəzza planı reallaşmağa başlayıb. HƏMAS-ın bu plana müsbət cavab verməsi ilə bağlı yayılan xəbərlər bu fikirləri təsdiqləyir. Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərində Türkiyə, Qətər, Misir və ABŞ nümayəndələrinin iştirakı ilə İsrail və HƏMAS arasında iki gün davam edən danışıqlar nəticəsində hər iki münaqişə tərəfi Prezident Donald Trampın sülh planının birinci mərhələsinin reallaşması barədə razılığa gəliblər. Bu sülh planına əsasən, ilkin mərhələdə bölgədə atəşkəs təmin olunacaq, İsrailin hərbi qüvvələri müəyyən olunan xəttə çəkiləcək və qarşılıqlı şəkildə əsirlərin mübadiləsi həyata keçiriləcək. Razılaşma əldə edildikdən sonra Donald Tramp bu münasibətlə İsraili və Fələstini təbrik edib - o, sosial şəbəkə hesabında qeyd edib ki, Qəzzada atəşkəsin bərqərar olunması bütün region üçün faydalı olacaq. “Bu, güclü, davamlı və əbədi sülhə doğru ilk addımdır. Bütün tərəflərə ədalətli yanaşılacaq! Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün qonşu ölkələr və Amerika Birləşmiş Ştatları üçün böyük bir gündür və biz bu tarixi və misilsiz hadisənin baş verməsi üçün bizə kömək edən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik,” - deyə Ağ Evin rəhbəri vurğulayıb. İsrailin Baş naziri Benyamin Netanyahu da öz növbəsində HƏMAS-la əldə olunan razılaşmanı öz ölkəsi üçün əhəmiyyətli hesab edib. O, bildirib ki, razılaşmanı təsdiqləmək üçün hökumətin iclasını çağıracaq. Bununla yanaşı, Netanyahu İsrail Silahlı Qüvvələrinə bu iki ildə fədəkarlıqlarına görə təşəkkür edib;  “Cəsarətləri və fədakarlıqları sayəsində bizi bu günə çatdıran qəhrəman İsrail əsgərlərinə və bütün təhlükəsizlik qüvvələrinə təşəkkür edirəm. Eyni zamanda girovlarımızın azad edilməsi kimi bu müqəddəs missiyaya sadiqlik göstərdikləri üçün Prezident Tramp və onun komandasına səmimi təşəkkürlərimi bildirirəm. Allahın köməyi ilə birlikdə bütün məqsədlərimizi həyata keçirməyə və qonşularımızla sülhü genişləndirməyə davam edəcəyik”. Qeyd edək ki, İsrail ilə HƏMAS arasında ilkin razılaşmanın əldə edilməsi dünya dövlətləri tərəfindən də təqdirəlayiq qarşılanıb.

Sülh planında əsas məqamlar

Donald Trampın Qəzzadakı münaqişənin həllinə yönələn 21 maddəlik sülh planında mühüm siyasi məqamlar əks olunub. Belə ki, İsrail Qəzzanı ilhaq etməmək və 72 saat ərzində girovların azad edilməsi müqabilində Qəzzada hərbi əməliyyatları dayandırmaq və qoşunlarını zolaqdan çıxarmaq barədə öhdəlik götürür. Bununla paralel olaraq, Qəzza demilitarizasiya olunur və HƏMAS da öz növbəsində öhdəlik götürür ki, o və ona bağlı silahlı qruplaşmalar Qəzzanın idarə edilməsində iştirak etməyəcəklər. Silahı yerə qoymağa və dinc yanaşı yaşamağa razı olan HƏMAS üzvləri üçün də amnistiya olacaq. Növbəti mərhələdə isə Qəzzada beynəlxalq qurumun nəzarətində olan müvəqqəti hökumət yaradılacaq. Eyni zamanda Qəzza zolağında xüsusi iqtisadi zonanın yaradılması nəzərdə tutulur. Bütün bunların fonunda Qəzzada infrastrukturun bərpası, bölgəyə beynəlxalq humanitar yardımın göndərilməsi istiqamətində tədbirlər görüləcək və Qəzza sakinləri yaşadıqları ərazini tərk etməyə məcbur edilməyəcəklər. Bir çox məsələlər öz həllini tapdıqdan sonra ABŞ Qəzzada davamlı atəşkəsi təmin etmək üçün ərəb ölkələrinin hərbçilərindən ibarət müvəqqəti sabitlik qüvvələri yaratmaq istiqamətində işlər aparacaq.

Atəşkəs davamlı olacaq, yoxsa...

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzzada bu dəfə atəşkəs təmin olunacaq. “İsrail ilə HƏMAS arasında razılaşmanın əldə olunması gözlənilən hadisə idi. Hər iki tərəf Trampın sülh planının birinci mərhələsini icra etmək, yəni atəşi və hərbi əməliyyatları dayandırmaq və girovları qarşılıqlı şəkildə azad etmək barədə razılığa gəlib. Atəşkəsə nail olmadan bu prosesi həyata keçirmək qeyri-mümkündür. Nə İsrail Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcək, nə də HƏMAS İsrail ordusunun mövqelərini atəşə tutacaq. Münaqişə tərəflərinin atəşkəsi pozmağa cəhd etməsi inandırıcı görünmür - hər iki tərəf istəsə də, istəməsə də Trampın sülh planına razı olublar. Qəzzada müharibəni dayandırmaq üçün Vaşinqton İsrailə, ərəb ölkələri isə HƏMAS-a çox ciddi təzyiqlər edib. Bu səbəbdən hər ikisi Trampın planını qəbul edib. Bu planın reallaşması istiqamətində ümidlər böyükdür. Hesab edirəm ki, Trampın 20 bənddən ibarət sülh planı baş tutacaq. Düzdür, tərəflərdən biri bu planın müddəalarını pozmağa cəhd göstərə bilər, amma onların reallıqla barışmaqdan başqa çıxış yolu yoxdur. ABŞ Prezidenti öz planını axıra qədər həyata keçirməkdə israrlı olacaq,” - deyə .Ə.İbrahimov vurğulayıb. 

Trampın növbəti böyük uğuru

“Tramp Qəzzada atəşkəsin bərqərar olunmasında çox əhəmiyyətli rol oynayıb. İsrail ilə HƏMAS arasında ilkin razılaşmanın əldə olunması Trampın sülh diplomatiyasının nəticəsidir. O, Ağ Evə qayıtdıqdan bəri bu istiqamətdə xeyli səy göstərib. Münaqişə tərəflərini danışıqlara cəlb etmək üçün Yaxın Şərqə dəfələrlə öz nümayəndələrini göndərib. Burada ən maraqlı faktor budur ki, Tramp yumşaq dildən istifadə etməklə yanaşı, təzyiq alətindən də istifadə edirdi - hər iki tərəfə ciddi xəbərdarlıq da edib. Təbii ki, Tramp təkbaşına addım atmırdı - o, Qəzzada müharibəni dayandırmaq və atəşkəsi təmin etmək üçün region ölkələri, xüsusilə Türkiyə, Misir və Qətər ilə əməkdaşlıq içərisində olub.  Amma bütövlükdə, bu, Trampın nailiyyətidir. Trampın beynəlxalq sülh diplomatiyası növbəti böyük uğura imza atdı,” - deyə Ə.İbrahimov qeyd edib.

Yunis ABDULLAYEV

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Siyasət

MEDİA

MEDİA

Londonda iqlim dialoqu...

09 Oktyabr 09:56  

Analitik

5 saatlıq görüş...

09 Oktyabr 09:42

Analitik

Sosial

Məktubunuz var...

09 Oktyabr 08:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31