Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Şatdaun sona çatdı...

Şatdaun sona çatdı...

14.11.2025 [09:31]

ABŞ iqtisadiyyatı normal dövrünə qayıdır

ABŞ tarixində ən uzun müddətli bağlanma başa çatdı. ABŞ Prezidenti Donald Tramp gün sayına görə rekord hesab edilən bağlanmaya son qoyan müvəqqəti maliyyələşdirmə qanun layihəsini imzalayıb. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası da federal hökumətin 30 yanvar 2026-cı ilə qədər maliyyələşdirilməsini nəzərdə tutan və daha əvvəl Senat tərəfindən qəbul edilən qanun layihəsini dəstəkləyib. 222 qanunverici qanun layihəsinin lehinə, 209-u isə əleyhinə səs verib. Səsvermədən dərhal sonra ABŞ prezidenti Donald Tramp sənədi imzalayıb. Beləliklə də, ABŞ tarixində ən uzun şatdaun başa çatıb. Qanun layihəsi yanvar ayının sonuna qədər hökumət əməliyyatları üçün maliyyələşdirmə ayırmaqla yanaşı, bütün 2026-cı maliyyə ili üçün Kənd Təsərrüfatı Nazirliyi, veteranlar üçün və ABŞ hərbi sənaye proqramlarının həyata keçirilməsi üçün vəsait ayırır. Razılaşmaya əsasən, Vaşinqton administrasiyası dövlət işçilərinin işdən çıxarılması ilə bağlı bəzi qərarlarını da ləğv edir və dekabrın ortalarına qədər tibbi sığorta ilə bağlı tədbirlər üzrə səsvermənin keçirilməsini təmin edəcək.

7 deputatın səyi ilə...

Qeyd edək ki, rekord bağlanma dövrü Respublikaçılar və Demokratlar arasında həftələrlə davam edən siyasi qarşıdurmanın kuliminativ nəticəsi kimi yadda qaldı. Demokratlar büdcə qanun layihəsini təsdiqləməkdən imtina edirdilər - səbəb kimi isə 2025-ci ilin sonunda başa çatan Əlverişli Qayğı Qanunu (qeyri-rəsmi olaraq Obamakare kimi tanınır) çərçivəsində subsidiyaların uzadılmaması göstərilirdi. Qeyd edək ki, bundan əvvəlki 7 ildə ABŞ hökuməti tammiqyaslı bağlanmadan yayına bilmişdi - konqres üzvləri əsas büdcə sənədi üzrə danışıqları davam etdirərkən müvəqqəti büdcə qətnamələri qəbul etdikləri üçün hökumətin bağlanması yalnız qismən dayandırılırdı. Lakin bu dəfə belə bir qətnamənin qəbul edilməsi üçün bütün cəhdlər səs azlığı səbəbindən Senatda uğursuzluğa uğradı - Respublikaçılar prosedur maneələrini aradan qaldırmaq üçün lazım olan 60 səsdən yalnız 53-nü toplaya bilmişdilər.

Son anda qanun layihəsinin qəbul edilməsi bir qrup Demokrat konqresmenin fikrini dəyişməsi ilə reallaşıb - Demokrat Partiyasının radikal qanadının sərt tənqidlərinə baxmayaraq, həmin deputatlar böhranın daha da uzanmasının yaxşı nəticəyə gətirib çıxarmayacağını bəyan ediblər. Nəticədə, qanun layihəsi Senatın 60 senatoru tərəfindən dəstəklənib.

Respublikaçıların zəmanətsiz vədi...

Müvəqqəti maliyyələşdirməyə əlavə olaraq, sənəddə hərbi tikinti, qanunvericilik ehtiyacları və Kənd Təsərrüfatı Nazirliyi üçün üç illik ayırma paketi öz əksini tapıb. Qanun, həmçinin məzuniyyətə göndərilən dövlət işçilərinin işə bərpa olunmasını və verilməmiş əmək haqqının ödənilməsini təmin edir. Lakin siyasi böhrana səbəb olan əsas məsələ hələ də həllini tapmayıb - respublikaçı senatorlar Obamakare subsidiyalarının uzadılması ilə bağlı ayrıca səsvermə vəd ediblər, lakin bu qanunun qəbuluna zəmanət verməyiblər. Növbəti iki ay yarım ərzində Konqres üzvləri tam federal büdcənin qəbul edilməsi üçün danışıqlar aparacaqlar.

700 min federal işçi geri qayıdır...

Bağlanmanın başa çatması hökumətə onun nəticələrini aradan qaldırmağa başlamağa imkan yaradacaq. Şatdaun nəticəsində təxminən 700.000 federal işçi məzuniyyətə göndərilib, onlardan bəziləri işdən çıxarılma barədə bildiriş alıblar. Milli Qvardiya qoşunları, polis məmurları, hava nəqliyyatı dispetçerləri və nəqliyyat işçiləri maaşsız işləməyə məcbur olublar. Böhran uzandıqca bir çox hava nəqliyyatı dispetçerləri işə getməyi dayandırıb və ya işdən çıxıb ki, bu da ölkə daxilində minlərlə uçuşun ləğvinə səbəb olub. Maliyyələşdirmənin olmaması təxminən 42 milyon amerikalıya xidmət göstərən SNAP (Əlavə Qidalanma Yardımı Proqramı) proqramını da pozub.

Vurğulayaq ki, müvəqqəti büdcə qanun layihəsinin imzalanmasından sonra dövlət qurumları normal fəaliyyətə qayıdacaq və dövlət işçilərinə geri qaytarılan əmək haqqı ödəniləcək. Tramp həmçinin bağlanma zamanı vəzifədə qalan hava nəqliyyatı dispetçerlərinə 10.000 dollar bonus ödənilməsini tövsiyə edib. Bundan əlavə, ikitərəfli razılaşma işdən çıxarma bildirişləri alan federal işçilərin işlərini saxlayacağını təmin edir.

Respublikaçılarda 106, demokratlarda 98...

ABŞ-da müasir büdcə qaydalarının qəbul edildiyi 1976-cı ildən bəri maliyyələşmədə 20 dəfə analoji gecikmələr baş verib. 1980-ci ilə qədər belə fasilələr hökumətin fəaliyyətinə mane olmurdu. Baş prokuror Benjamin Sivilettinin (1980-1981) prosesi tənzimləyən qərarlarından sonra vəziyyət dəyişdi - o, federal qurumların təsdiq edilmiş büdcə olmadan fəaliyyət göstərmək hüququnun olmadığını təsdiqlədi. 1990-cı ildən bu yana hətta bir neçə saatdan çox davam edən hər hansı maliyyə gecikməsi rəsmi olaraq bağlanma hesab olunur.

Qeyd edək ki, ilk bağlanma 1976-cı ildə Cerald Fordun prezidentliyi dövrünə təsadüf edib. Daha sonra Cimmi Karterin, Ronald Reyqanın, ata Corc Buşun, Bill Klintonun, Barak Obamanın və Donald Trampın dövrlərində analoji hadisə baş verib. Son bağlanmanı nəzərə almasaq, ən uzun bağlanma Donald Trampın birinci prezidentliyi dövründə baş verib: 34 gün (22 dekabr 2018-ci il - 25 yanvar 2019-cu il). Bu bağlanma zamanı 380 000 dövlət işçisi məzuniyyətə buraxılıb, 420 000 nəfər ödənişsiz işləyib və daha 4,1 milyon insanın gəlirləri müqavilələrin dondurulması səbəbindən təsirlənib. Ədliyyə Departamenti 60,000-dən çox immiqrasiya dinləməsini ləğv edib. Bununla belə, bəzi qurumlar fəaliyyətini davam etdirir - çünki büdcə qanun layihələrinin beşdə biri böhrandan əvvəl artıq təsdiqlənir.

Bundan başqa, ən uzun qapanma Bill Klinton (1995-1996) dövründə 21 gün davam edib. bu bağlanma iki mərhələdən ibarət olub. Başqa bir qapanma isə 2013-cü ildə Barak Obamanın dövründə olub - 16 gün davam edib. Respublikaçı prezidentlərin dövründə bağlanma ümumən 106 gün çəkib. Demokratlarda bu göstərici 98 gündür. Ən çox qapanma yaşayan Respbulikası prezident isə Donald Trampdır - onun dövlət başçısı olduğu dövrdə 79 gün qapanma olub. Demokrat Cimmi Karterin prezidentliyi dövründə isə  proses ümumən 56 gün çəkib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30