Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regional gücdən qlobal tərəfdaşlığa: Azərbaycan-Qazaxıstan əlaqələrinin dinamikası

Regional gücdən qlobal tərəfdaşlığa: Azərbaycan-Qazaxıstan əlaqələrinin dinamikası

23.10.2025 [11:46]

Bakı və Astananı birləşdirən strateji xətt Türk birliyinin simvoluna çevrilir

Azərbaycanın xarici siyasət kursunun ən mühüm prioritetlərindən sayılan əməkdaşlıq, əlaqələrin daha da dərinləşdirilməsi kimi amillər son dövrlərdə geniş bir coğrafiyada əsaslı mühit formalaşdırıb. Aparılan siyasətin nəticəsidir ki, bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz vahid iqtisadi-siyasi geostrateji rgion kimi xarakterizə olunur. Bu mənada, rəsmi Bakının 2020-ci ildən sonra yaratdığı yeni siyasi situasiya Mərkəzi Asiya regionu üçün də mühüm yeniliklər yaradıb. Qlobal çağırışlar fonunda Bakı regional əməkdaşlığın yeni modelini təqdim edib - bu model qarşılıqlı etimada, iqtisadi sinerjiyə, ortaq tarixi və mənəvi dəyərlərə əsaslanır. Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, real olaraq həm də Mərkəzi Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bakı bu gün Mərkəzi Asiya üçün dünyaya açılan qapı statusunu daşıyır.

Dostluq və qarşılıqlı dəstək...

Bu kontekstdə Qazaxıstanla əlaqələr xüsusi strateji əhəmiyyətə malikdir. Hər iki ölkə türkdilli dövlətlərin inteqrasiyasına öncüllük edir, siyasi, iqtisadi və humanitar sahələrdə dərin inteqrasiya xətti formalaşdırır. Prezident İlham Əliyevin Qazaxıstana son rəsmi səfəri də məhz bu yeni mərhələnin simvoluna çevrildi. Səfər zamanı nümayiş etdirilən yüksək səviyyəli etimad və səmimiyyət, eləcə də qarşılıqlı hörmət iki ölkə münasibətlərinin dərinliyini bir daha göstərdi. Bu səfər təkcə iki ölkə liderlərinin görüşü deyil, həm də türk dünyasının gələcək birliyinin real siyasi təzahürü kimi dəyərləndirilə bilər. Təsadüfi deyildi ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuta bəyanatında Azərbaycan Prezidentinin dövlət səfərini ölkələr arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirib: “Qazaxıstanda qardaş Azərbaycanın nailiyyətlərinə ürəkdən sevinirlər. Sizin dövlət səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20-ci ildönümündə keçirilməsi rəmzi xarakter daşıyır. Bu illər ərzində dövlətlərimiz ikitərəfli əməkdaşlıqda böyük uğurlar əldə ediblər. Xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə intensiv siyasi dialoq və hökumətlərin işi sayəsində çoxplanlı Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir, yeni məzmunla zənginləşir. Bugünkü danışıqların nəticələri bunun əyani sübutudur”.

Türk dövlətləri ailəsində strateji tərəfdaşlıq modeli

Azərbaycan və Qazaxıstan əlaqələri sadəcə iki dövlət arasında diplomatik münasibət, siyasi dialoq deyil - bu münasibətlər türk dünyasında birliyin, müasir inteqrasiya modelinin əsas dayaqlarından biridir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında (TDT) qarşılıqlı anlayış və koordinasiya ruhunda çıxış edir, təşkilatın beynəlxalq nüfuzunun artmasına töhfə verir. Vurğulandığı kimi, Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərdən sonra regionda yaranan yeni geosiyasi mühit türkdilli dövlətlər üçün də strateji fürsət pəncərəsi açdı - ən əsası isə türkdilli ölkələr müstəvisində vacib sayılan inteqrasiyanı daha da gücləndirdi. Hbəlli olduğu kimi, bum əqam Azərbaycanın xarici siyasət kursunda prioritetlərdən biri kimi müəyyən edilib - Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir. Məhz bu yanaşmanın nəticəsidir ki, Qazaxıstanla münasibətlər bu gün artıq “dostluq və qardaşlıqdan” “müttəfiqlik” səviyyəsinə doğru inkişaf edir. Bakı və Astananın bu istiqamətdə birgə fəaliyyəti türk dünyasının ümumi siyasi münasibətlər sistemini gücləndirir, ona əlavə rəngarənglik qatır. İki ölkə arasında yaranan qarşılıqlı etimad modeli bu gün türk coğrafiyasında inteqrasiyanın lokomotivi rolunu oynayır. Qazaxıstan Prezidenti mətbuata bəyanatında bildirib ki, biz beynəlxalq siyasət üzrə bütün aktual məsələlərdə mövqelərin eyniliyini bəyan edirik: “Çoxtərəfli strukturlar çərçivəsində işlərin əlaqələndirilməsinin vacibliyi vurğulandı. Regional və qlobal səviyyələrdə sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə qarşılıqlı səylər ifadə olundu”.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir: “Ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir”.

Prezident İlham Əliyevə göstərilən xüsusi ehtiram...

Səfərin ən diqqətçəkən məqamlarından biri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin nümayiş etdirdiyi şəxsi ehtiram idi. O, Azərbaycan Prezidentini şəxsən hava limanında qarşıladı və səfərin sonunda özü yola saldı. Bu, protokol qaydalarından kənar, səmimi bir münasibətin, dostluq və hörmətin simvolu idi. Tokayev mətbuat konfransı zamanı iki dəfə İlham Əliyevi “görkəmli lider” adlandırdı. Bu ifadə təsadüfi deyildi - Qazaxıstan lideri bununla həm Azərbaycanın son illərdəki uğurlarına, həm də İlham Əliyevin regional siyasətdə formalaşdırdığı yeni konseptual yanaşmaya yüksək qiymət verdi. Qazaxıstan Prezidenti Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında bildirib ki, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsi, ilk növbədə, Prezident İlham Əliyevin şəxsi töhfəsi sayəsindədir: “Mən Sizin bu məsələyə daimi dəstək və diqqətinizi dərindən, yüksək qiymətləndirirəm. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır”.

Mətbuata bəyanatında isə Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini görkəmli dövlət xadimi adlandırıb: “İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb”.

Beləliklə, səfər zamanı keçirilən təkbətək və geniştərkibli görüşlərdə də bu qarşılıqlı hörmət açıq şəkildə hiss olunub - Tokayev Azərbaycanın Qazaxıstan üçün mühüm tərəfdaş olduğunu vurğuladı, eyni zamanda, iki ölkənin ortaq dəyərlərə söykənən siyasətinin regionda sabitlik və inkişaf üçün mühüm amil olduğunu qeyd etdi. Prezident İlham Əliyev isə çıxışında bildirdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri həm tarixə, həm də gələcəyə hesablanmış bir modeldir. Bu, sırf dövlətlərarası diplomatik münasibət deyil, xalqların qardaşlığına əsaslanan dərin bir strateji bağdır.

Qardaşlıqdan strateji müttəfiqliyə - gələcəyə baxış

Prezident İlham Əliyevin Qazaxıstana səfəri bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri artıq formal diplomatik əlaqələr çərçivəsini çoxdan aşaraq yeni məzmun qazanıb. Bu münasibətlər ortaq tarix, dil, mədəniyyət və siyasi dəyərlər üzərində qurulub. Tərəflər təkcə iqtisadi maraqları deyil, həm də türk dünyasının gələcək modelini müəyyənləşdirən strateji vizyonu bölüşürlər. İstər Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə təşəbbüslər, istər sə də ikitərəli münasibətlərdə ortada olan hazırki müsbət mənzərə mədəni-humanitar mübadilələr və gənclər siyasəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Beləliklə, səfərin siyasi mesajı aydındır - Azərbaycan və Qazaxıstan birlikdə və türk dvlətlərinin də yaxından iştirakı ilə həm təhlükəsizliyin, həm əməkdaşlığın, həm də qardaşlığın gələcək geosiyasi arxitekturanı formalaşdırır. Bu, həm regional sabitlik, həm də qlobal enerji təhlükəsizliyi baxımından mühüm strateji amildir. Prezident Tokayevin “görkəmli lider” kimi dəyərləndirdiyi Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan bu gün türk dünyasında həm nüfuz, həm də təşəbbüskarlıq mərkəzinə çevrilib. Qazaxıstanla bu səviyyədə münasibətlərin inkişafı regionun gələcək siyasi xəritəsində yeni, möhkəm bir strateji xəttin əsasını qoyur. Qazaxıstanın dövlət başçısı Ali Dövlətlərarası Şuranın ikinci iclasında bildirib ki, münasibətlərimizə gəldikdə, onların tam şəkildə həyata keçirilməsi üçün böyük potensial var - sarsılmaz etimad, ortaq dəyərlər, xalqlarımızın yaxınlaşmağa səmimi səyləri mövcuddur. Ona görə də əminəm ki, ölkələrimizi böyük gələcək gözləyir.

Sabitliyin, inkişafın və birliyin əsas dayaqlarından biri kimi...

Nəticə etibarı ilə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından olduğu qədər, həm də regional gələcəyin inkişaf istiqamətlərinin müəyyənləşməsi nöqteyi-nəzərindən mühüm tarixi əhəmiyyət daşıyır. Bu səfər, eyni zamanda, Azərbaycanın regional və qlobal siyasətdə artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilməlidir.

Qazaxıstanla strateji əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də mənəvi müstəvidə yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bakı və Astananın birgə addımları Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyinin təminatı və türk dövlətləri arasında əlaqələrin dərinləşməsi istiqamətində real nəticələr verir. Səfər zamanı nümayiş etdirilən yüksək səmimiyyət və etimad türk birliyinin gələcəyi üçün mühüm rəmzi mənaya malikdir. Bu münasibətlər artıq sadəcə dövlətlərarası əlaqələr deyil, eyni kökdən gələn xalqların ortaq taleyinə söykənən strateji müttəfiqlik modelidir. Azərbaycan və Qazaxıstanın bu səviyyədə əməkdaşlığı regionda sabitliyin, inkişafın və birliyin əsas dayaqlarından birinə çevrilməkdədir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31