Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Artıq sülhə nail olunub...

Artıq sülhə nail olunub...

17.02.2026 [10:39]

Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

XXI əsrin ilk dörddə birini arxada qoyduğumuz mürəkkəb və dinamik bir mərhələdə Azərbaycan yalnız milli inkişaf trayektoriyasını yeniləməklə kifayətlənmir, eyni zamanda regionun geosiyasi və geoiqtisadi mənzərəsini də əsaslı şəkildə dəyişdirən aktora çevrilir. Qloballaşmanın yeni mərhələsi, beynəlxalq münasibətlər sistemində güc balansının yenidən qurulması və təhlükəsizlik arxitekturasının transformasiyası fonunda ölkəmiz təşəbbüskar, məsuliyyətli və uzaqgörən siyasəti ilə seçilir. Bakının son 6 ildə formalaşdırdığı yeni situasiyadan yola çıxaraq bildirmək olar ki:

- Müstəqil və çoxşaxəli xarici siyasət kursu sayəsində Azərbaycan Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın əsas dayaqlarından birinə çevrilib. Xüsusilə postmünaqişə mərhələsində irəli sürülən sülh təşəbbüsləri regionda yeni təhlükəsizlik modelinin formalaşmasına təkan verir;

- Azərbaycan regionu yeni qlobal nizamın diqqət mərkəzinə gətirən strateji təşəbbüslərlə çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, rəqəmsal transformasiya və yaşıl enerji gündəliyi ölkəmizi beynəlxalq tərəfdaşlıq şəbəkələrinin vacib halqasına çevirir;

- Bakı Cənubi Qafqaza bütövlükdə yeni münasibətlər sistemində daha fərqli və daha yüksək status qazandırır. Region artıq yalnız geosiyasi rəqabət meydanı deyil, əməkdaşlıq, dialoq və qarşılıqlı fayda platforması kimi təqdim olunur. Azərbaycanın təşəbbüsləri bölgədə qarşılıqlı əməkdaşlıq modelini dərinləşdirərək iqtisadi inteqrasiyanı və humanitar əlaqələri gücləndirir;

- Nəhayət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-logistika marşrutlarının inkişafı ölkəmizi Avrasiya məkanında əsas tranzit mərkəzlərindən birinə çevirir. Bu isə həm regional sabitliyə, həm də qlobal ticarət dövriyyəsinin şaxələndirilməsinə mühüm töhfə verir.

Beləliklə, yeni nizam qaydaları, yeni qlobal inkişaf mərhələsi məhz Azərbaycanın iradəsi və təşəbbüsü əsasında irəli sürülən təkliflər, layihələr, bir sözlə, strateji yol modeli əsasında formalaşır.

“Münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq”

Təbii ki, inkişaf, tərəqqi, yeni əməkdaşlıq mühiti kompleks şəkildə sabitlikdən qaynaqlanan nəsnələrdir. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən Sülh Zirvəsi, eləcə də imzalanan sənədlər və razılaşdırılan məqamlar yeni bir situasiya yaradıb. Azərbaycanın sülh iradəsindən qaynaqlanan bu görüş ən yaxın zamanda sülhün imzalanmasına vəsilə ola bilər. Prezident İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində bildirib ki, tam sülhün və tam normallaşmanın tezliklə olacağı düşüncəsindədir. Çünki 8 avqustda imzalanan sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq: “Yeri gəlmişkən, ABŞ Prezidenti Birgə Bəyannaməni də şahid qismində imzalamışdır. O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın Baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir”.

“Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklər edilməsə, sülh sazişi imzalanmayacaq”

Sülhün bir addımlığındayıq - lakin, tam şəkildə bu sənədin imzalanması üçün Ermənistanın da ortaya iradə qoyması vacibdir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların qalması sülhün legitimliyinə kölgə salan amillərdəndir. Əgər tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, bu prinsip əsas qanunvericilikdə də öz əksini tapmalıdır. Əks halda, gələcəkdə hüquqi ziddiyyətlər və siyasi manipulyasiyalar üçün zəmin qala bilər. Konstitusiyada dəyişikliklərin edilməsi, ərazi iddialarının aradan qaldırılması və qarşılıqlı tanınma prinsipinin təsbit olunması bu prosesin əsas şərtlərindəndir. Bu addımlar atılarsa, sülh sənədi formal deyil, real təminata çevriləcək. Əks halda, imzalanacaq hər hansı razılaşma gələcəkdə yenidən sual altına düşə bilər. Sülh isə yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün həyati əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində bildirib ki, Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklər edilməsə sülh sazişi imzalanmayacaq: “Mən normallaşmanı rəsmi sülh sazişindən ayırardım, çünki normallaşma artıq baş verir. Qeyd etdiyim kimi, müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, - Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”.

Yekun sülh üçün bu amil olduqca vacib bir şərtdir. Ermənistan bu addımı nə qədər tez atsa, sülh müqaviləsi də o qədər tez imzalanacaq. Hətta fransalı jurnalistin sülhün bu il imzalanmasının mümkünlüyü ilə bağlı suala Prezident İlham Əliyev “Sözsüz ki”, deyə cavab verib.

“Biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq”

Azərbaycan hər zaman bəyan edib ki, bütün dövlətlərlə milli maraqlar çərçivəsində, bərabərhüquqlu və konstruktiv əsaslara söykənən əməkdaşlıqda maraqlıdır. Bu nöqteyi-nəzərdən Bakı-Vaşinqton əlaqələri son dövrlərdə daha çox diqqəti cəlb edir - münasibətlər son 1 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyada vurğulanır ki, regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit; iqtisadi sərmayələr, o cümlədən süni intellekt (ai) və rəqəmsal infrastruktur; təhlükəsizlik əməkdaşlığı; institusional çərçivə və tətbiq kimi sahələr üzrə əməkdaşlıq mühiti genişləndirilir. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar gələcək üçün mühüm vədlər verir.  Prezident İlham Əliyev müsahibəsində deyib ki, imzalanan sənədlərin, əldə edilən razılaşmaların reallaşacağına şübhə yoxdur. Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır: “Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. Düşünürəm ki, ABŞ Prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir. Bu, böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur. Yeri gəlmişkən, demək istərdim ki, hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik, demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Əminəm ki, bu, həyata keçiriləcək”.

Dövlət başçısı müsahibəsində vitse-prezident Vensin səfərinə də toxunaraq bildirib ki, bu, çox mühüm bir səfər idi. “Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik. Bu Strateji Xartiya mətbuatda dərc olundu, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, bağlantı, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”

2020-ci ildə Vətən müharibəsi və daha sonra həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə yanaşı, həm də illərdir gizlənən cinayətkarların məsuliyyətə cəlb olunması üçün real hüquqi zəmin yaratdı. Azərbaycan dövləti bu məsələdə emosional yox, hüquqi yanaşma sərgilədi. Cinayət törətmiş şəxslər saxlanıldı, istintaqa cəlb olundu və məhkəmə qarşısında cavab verdilər. Təəssüfləndirici haldır ki, bəzən qlobal dünya bəzi məsələlər yanaşmada selektiv mövqe nümayiş etdirir - zaman-zaman həmin cinayətkarların azad edilməsi ilə bağlı ölkəmizə qarşı edilən təzyiqlər də buna misaldır. Amma Bakı öz qətiyyətindən dönmədi - Prezident İlham Əliyevin prinsipial mövqeyi ondan ibarət idi ki, insanlıq əleyhinə cinayət törətmiş şəxslər mütləq hüquq qarşısında cavab verməlidir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, ABŞ vitse-prezidenti də bu məsələyə toxunub: “Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”.

Ötən məhkəmə prosesi dövründə həmin cinayətkarların azadlığını tələb edən dairələr isə əslində beynəlxalq hüququn əsas prinsiplərinə qarşı gedirdilər. Maraqlıdır, erməni cinayətkarların müdafiəsinə qalxanların öz ölkələrində cinayət törətmiş şəxslərə münasibəti necədir? Xalqımıza qarşı cinayət törədənlərin hüquq qarşısında cavab verməsi tarixi ədalətin bərpasıdır. Prezident İlham Əliyev bildirib ki, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Bu, bizim üçün eynidir. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.

“Ermənistan hökuməti deportasiya edilmiş yüz minlərlə azərbaycanlının geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib”

Bəzən qəsdən məsələləri qarışdırırlar - cinayətkarlara qarşı münasibət ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə qarşı münasibət və yanaşma tam fərqlidir. Dövlət başçısı bildirib ki, Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. “Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular. Bugünkü Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlımız var, lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Düşünürəm ki, bu məsələyə qarşılıqlı nöqteyi-nəzərindən yanaşmalıyıq. Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin, eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi azərbaycanlılar adlandırdığımız yüz minlərlə azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər”, - deyə ölkə başçısı vurğulayıb.

“Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil”

Artıq Ermənistan ilə Azərbaycan arasında müharibə və münaqişə dövrü bitib - uzun illər boyu, xüsusilə də müharibə dövründə beynəlxalq hüquqa qarşı zidd mövqe tutaraq Ermənistanı dəstəkləyən dövlətlər də artıq reallığı qəbul edir. Məsələn, Fransa ilə münasibətlər artıq normal hala düşür. Düzdür, münasibətlərin korlanmasına Fransanın tutduğu qeyri-adekvat mövqe səbəb olmuşdu. Bununla belə, Azərbaycan yenə də özünün əsl humanist, əməkdaşlıqda maraqlı və kin-küdurət saxlamayan bir dövlət olduğunu, rasional düşündüyünü ortaya qoydu. Prezident İlham Əliyev müsahibəsində Fransa ilə münasibətlərinə aydınlıq gətirərək deyib ki, Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir: “Eyni zamanda, mən Prezident Makronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm. Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, 10-dan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən, ölkələrin ərazi bütövlüyünü müdafiə edir, - o, öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir, hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, - lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, sizin parlament hətta qondarma “Dağlıq Qarabağ”ı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi. Lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz, sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik”.

Vurğulandığı kimi, münasibətlərin kəskinləşməsinə səbəb məhz rəsmi Parisin davranışları idi. “Azərbaycanın atdığı addımlar yalnız cavab idi. Bizdə Fransa Prezidentinin və bir çox fransız rəsmilərinin, o cümlədən Senatınızın sədrinin, Milli Assambleyanızın sədrinin, tanınan şəxslərin dövlətimizi və şəxsən məni təhqir etmək üçün istifadə etdikləri ağır sözlərdən kataloqumuz var. Bundan əlavə, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatından əvvəl xanım Pekres, cənab Barnye, cənab Retayyo kimi çox tanınan şəxslər, - bütün bu adlar auditoriyaya yaxşı məlumdur, - Qarabağa qeyri-qanuni səfərlər etmiş və separatçılara dəstək vermişlər. Bu, Azərbaycan dövlətçiliyinə açıq təhqir və tam hörmətsizlik əlaməti idi. Bizim tərəfimizdən deyilmiş sözlərin və ya atılmış addımların hamısı cavab olaraq baş vermişdir. Bəlkə də bu, ağır tərzdə olmuşdur. Ölçmək asan deyil. Lakin düşünürəm ki, bizim üçün vacib odur ki, qeyd etdiyiniz kimi, ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil. Bir daha deyirəm, bu, bizim təşəbbüs deyildi, lakin indi düşünürəm ki, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır”, - deyə dövlət başçısı vurğulayıb.

Artıq situasiya dəyişib - nəticə etibarı ilə, Fransa səhvini anlayır və Azərbaycan da ortaya yenə də mühüm bir nümunə qoyur.  Prezident İlham Əliyev deyib ki, Kopenhagendə Fransa prezidenti ilə görüş çox dostcasına keçdi: “Əlbəttə ki, görüş baş tutduqdan bir neçə ay sonra heyətlərimiz arasında xeyli təmaslar olub. Onlar müntəzəm olaraq əlaqədədirlər. Bir neçə görüş baş tutub. Bəli, bəzi məsələlər hələ də qalır. Prezident Makron və mən onların hər iki tərəfdən həll olunmasını qeyd etmişik. Lakin bir daha anlamaq vacibdir ki, bu hərəkət qarşılıqlı olmalıdır. İki suveren dövlət kimi biz bir-birimizə hörmət etməliyik, hüquq sistemlərimizə hörmətlə yanaşmalıyıq və bir-birimizin işlərinə qarışmalı deyilik. Əgər sizin sözdən istifadə etsəm, Kaledoniya və sairə məsələləri biz birinci ortaya atmadıq. Məhz Fransa Qarabağ kimi daxili məsələmizə müdaxilə etməyə başladı. Bu, nəinki həmin mövzuya, hətta siyasi gündəliyimizə də şamil edildi. Bir sözlə, buna son qoyulmalıdır. Düşünürəm ki, hər iki tərəf bunu necə etməyi bilir”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28