Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ŞKTC-nin 6-cı prezidenti seçilib

ŞKTC-nin 6-cı prezidenti seçilib

21.10.2025 [09:32]

Seçkilərdə Tufan Erhürman qalib gəlib

Oktyabrın 19-da Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) növbəti, 6-cı prezident seçikləri keçirilib. Səsvermə günü 218 min 313 səsvermə hüququna malik olan şəxsin öz iradəsini ifadə etməsi üçün 777 seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkidə yeddi namizəd olsa da, əsas yarış iki nəfər arasında baş tutub - sağ partiyaların namizədi və Kipr məsələsinin iki dövlətli həllini müdafiə edən Ersin Tatar ilə solçu partiyaların ortaq namizədi, Kipr ilə federasiya tərəfdarı kimi çıxış edən Tufan Erhürman arasında marafon son ana qədər irəliləyib. Digər beş müstəqil namizəd isə 2 faizdən az səs toplayıb və seçkinin nəticələrinə təsir etməyib. Nəhayət səsvermə nəticəsində Cümhuriyyət Türk Partiyasının (CTP) lideri Tufan Erhürman 62,8 faiz səs toplayaraq Şimali Kiprin altıncı prezidenti seçilib. Keçmiş Prezident Ersin Tatar isə 35,7 faiz səslə ikinci olub.

Erhürman: Dövlət ənənəsi davam edəcək

Türkiyə mətbuatının məlumatına görə, Erhürman zəfər nitqində “Bu seçkidə uduzan yoxdur. Mən qərəzsiz olaraq bütün vətəndaşlarımızın prezidenti olacağam. Qardaşlığımız qalib gəldi və qırılmadı. Xarici siyasət təbii ki, Türkiyə ilə sıx məsləhətləşmələr əsasında aparılacaq, buna heç kim şübhə etməsin. 5 illik fəaliyyətim boyunca tərəfsiz olacağam” deyib. Erhürman Türkiyə prezidenti rəcəb Tayyib Ərdoğana seçki təbrikinə görə təşəkkür edib və “Türkiyə bizim üçün həyati əhəmiyyət kəsb edir” deyə bildirib.

Yeni Prezident Anadolu Agentliyinin (AA) müxbirinə seçki prosesi və onun nəticələrini şərh edib. Tufan Erhürman bildirib ki, indiyə qədər bütün prezidentlər Türkiyə Cümhuriyyəti ilə məsləhətləşmələrə üstünlük verib, danışıqlar proseslərini, görüşləri, ümumilikdə, xarici siyasəti bu yöndə irəlilədib: “Bu, bizim dövlət ənənəmizdir. Bu dövlət ənənəsi davam edəcək”.

Türkiyə ilə əlaqələrə dair heç vaxt mənfi fikir söyləmədiyini vurğulayan Erhürman deyib ki, Türkiyə Cümhuriyyətinin rəsmiləri onu çox yaxşı tanıyır: “15 ay ŞKTC-nin baş naziri vəzifəsində çalışmışam, illərdir ana müxalifət partiyasına rəhbərlik edirəm. Türkiyə Cümhuriyyəti ilə əlaqələr bizim üçün son dərəcə əhəmiyyətli və həyati əhəmiyyət kəsb edir. Bunu mən həmişə hər yerdə demişəm və qeyd etdiyim kimi, Türkiyə Respublikası ilə məsləhətləşmədən Kiprdə xarici siyasətin və ya Kipr məsələsi ilə bağlı siyasətin müəyyənləşdirilməsi məsələsi heç vaxt olmayıb. Mənim prezidentliyim dövründə də bu ənənə dəyişməyəcək. Əminəm ki, Türkiyə Respublikası ilə çox yaxşı münasibətləri bundan sonra da davam etdirəcəyəm. Türkiyə Cümhuriyyətinə, türk xalqına ürəkdən sevgi və hörmətimi bildirirəm”.

Türkiyədən təbriklər...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı açıqlama verib. Prezident Ərdoğan açıqlamasında Ankaranın Kipr türklərinin suveren hüquq və maraqlarını qorumaqda davam edəcəyini söyləyib. “Türkiyə olaraq biz Şimali Kipr Türk Cümhuriyyətinin suveren hüquq və maraqlarını türkiyəli-kiprli qardaş və bacılarımızla birlikdə bütün mümkün platformalarda qorumaqda davam edəcəyik”, - deyə qeyd edib. Türkiyə lideri, həmçinin Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürmanı təbrik edib. Ərdoğan onun rəhbərliyi altında Şimali Kiprdə sabitliyin və rifahın daha da möhkəmlənəcəyinə inandığını vurğulayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə ŞKTC seçkilərinin başlamasına təxminən 7 saat qalmış paylaşımla yadda qalıb - Fidan bildirib: “Seçkilərin ŞKTC-də dövlət ənənəsini və demokratiya mədəniyyətini bir daha nümayiş etdirəcəyinə əminik. Ana vətənimiz və qarantımız olan Türkiyə, Kipr Türk xalqının haqq davasını müdafiə etməyə davam edəcək”.

Seçkilərin nəticələri bəlli olduqdan sonra XİN qalib tərəfi təbrik edib. “Qeyri-rəsmi nəticələrə görə seçkilərdə qalib gələn cənab Erhürmanı təbrik edirik. Ana vətəni və qarantı Türkiyə, tarixi, hüquqi və humanitar öhdəlikləri çərçivəsində və reallıqlara uyğun olaraq Kipr Türk xalqının sülh, firavanlıq və inkişafı üçün səylərə töhfə verməyə davam edəcək”, -deyə açıqlamada bildirilib.

Bu arada, vitse-prezident Cevdet Yılmaz da “Vətən və qarant ölkə olaraq hər zaman ŞKTC və Kipr Türklərinin yanında olmağa davam edəcəyik”, - deyib.

Hüquqşünas, keçmiş baş nazir, yeni prezident...

Qeyd edək ki, ŞKTC-nin altıncı prezidenti kimi fəaliyyətə başlayacaq Tufan Erhürman 1970-ci ildə Lefkoşada anadan olub. İbtidai və orta təhsilini Türkiyənin Maarif Kollecində alan Erhürman 1988-ci ildə Ankara Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmin universitetdə dövlət hüququ üzrə magistr və doktorantura təhsilini tamamlayıb. O, “Ombudsman və hakimiyyətə qeyri-hüquqi nəzarət” mövzusunda doktorluq dissertasiyasını hazırlayıb.

İxtisasca hüquqşünas olan Tufan Erhürman təcrübəli siyasətçilərdən sayılır. Peşə fəaliyyətinə universitet müəllimi kimi başlayan Erhürman Türkiyə və ŞKTC-nin müxtəlif universitetlərində dərs deyib. O, Türkiyənin Ədliyyə Nazirliyində ombudsman təsisatının yaradılmasında iştirak edib. Hüquq və dövlət idarəçiliyi üzrə doktorluq işi onun daha sonra siyasətdə tətbiq edəcəyi “qanun əsaslı” yanaşmanın əsasını qoyub.

Uzun illər dövlət idarəçiliyi və hüquqi islahatlar sahəsində çalışan  Erhürman 2013-cü ildə parlamentə deputat seçilib və Cümhuriyyət Türkiyə Partiyasından Lefkoşa millət vəkili olaraq parlamentə daxil olub. 2016-cı il noyabrın 13-dən isə təmsil olunduğu partiyaya rəhbərlik edib - o, Mehmet Ali Tələtin ardından CTP sədri kimi fəaliyyət göstərib.

2018-2019-cu illərdə isə Şimali Kipr Türk Respublikasının Baş naziri vəzifəsini icra edib. 2018-ci il yanvarın 7-də keçirilən seçkilərdən sonra qurulan dörd partiyalı koalisiya hökumətinin baş naziri olub. Erhürman 2018-ci il fevralın 2-də vəzifəsinin icrasına başlayıb və 22 may 2019-cu il tarixinədək bu vəzifəni icra edib. İşlədiyi müddətdə ictimai islahatlar, şəffaf idarəçilik, iqtisadi sabitlik və yerli hökumətlərin gücləndirilməsi siyasətini ön planda saxlayıb. Onun hökuməti 15 ay davam edib, lakin koalisiyanın dağılmasından sonra Erhürman müxalifət lideri kimi yenidən siyasi fəaliyyətə başlayıb.

SADİQ

Paylaş:
Baxılıb: 2 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31