Yazılmamış epopeyanın xülasəsi
13.02.2026 [09:30]
Professor Müseyib İlyasovun “Maarif fədaisi: Müseyib İlyasov” adlı kitabı üzərində gəzişmələr
Əvvəli ötən saylarımızda
Müseyib İlyasovun Ziba xanımdan biri Adilə, o biri Firuzə adlı iki qızı dünyaya gəlmişdi.
Adilə 1920-ci ildə Şuşada doğulmuşdu. 1942-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirəndən sonra ordu zabiti Nikolay Petrovla ailə qurub Rusiyada məskunlaşmışdı. Ərinin işiylə əlaqədar İkinci Dünya müharibəsindən sonra bir neçə il Almaniyada yaşayıb yenidən Rusiyaya qayıtmışdı. Həyat yoldaşı istefaya çıxandan sonra Kalinin (indiki Tver) şəhərinə köçüb, 1995-ci ildə həyata gözlərini yumana qədər orada yaşayıb. Doğmaları, o cümlədən mənim atam imkan, fürsət tapanda qərib bibilərini mütləq ziyarət eləyər, ona vətən payı aparardılar.
Firuzə də 1922-ci ildə Şuşada dünyaya göz açmışdı. Orta təhsilini Bakıdakı 132 nömrəli məktəbdə almışdı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini bitirəndən sonra bir sıra sahələrdə, o cümlədən Bakı Plan-İqtisad Texnikumunun direktoru vəzifəsində çalışmışdı. 2009-cu ildə Bakıda dünyasını dəyişib.
Ümumiyyətlə, ataları gedər-gəlməzə yollanandan sonra doğmaları Müseyib əminin (yaşından asılı olmayaraq İlyas uşağının hər bir nümayəndəsi bu gün də onu “Müseyib əmi” deyə yad eləyir) xanımını, qızlarını heç vaxt unutmayıblar. Bununla bağlı müəllif yazır: “Atam əmisinin vəfatından sonra onun ailəsinə imkanı çatdığı qədər həyan olmuş, kömək göstərmişdi. Rusiyanın Kalinin şəhərində yaşayan Adilə ilə müntəzəm məktublaşar, xüsusən payız aylarında ona kənd sovqatı göndərərdi. Ziba nənəylə Firuzə yayda Oğuldərəyə gələr, iki-üç ay bizdə qalıb dincələrdilər. Mən Bakıya köçdüyüm 1977-ci ildən sonra Firuzə mama ilə müntəzəm əlaqə saxlayar, əmoğlu, qardaşoğlu kimi hər həftə ona baş çəkər, atası, əmiləri, keçmiş günlər haqqında xatirələrini dinləyərdim”.
***
Müseyib İlyasovun ömrünün son illəri çox acınacaqlı keçib. Bu vaxt artıq özündən böyük qardaşı Molla Zülfüqar güllələnmişdi, ondan böyük qardaş Mirzə Əli (ulu babamın böyük gəlini Rəhimə nənəm qayınatasının yalı ayaqlarının altına tökülən çal atlardan ibarət ilxısını yaxşı xatırlayırdı; deməsinə görə, kişi o köhlən atlara çox qısqanc yanaşırmış, müştəri çıxana da baha qiymət oxuyurmuş) müflis olmuş vəziyyətdə 1941-ci ildə Bakıya köçüb, atasından sonra hələ otuz il də yaşayası, səhiyyə sahəsində bir çox mühüm vəzifələr tutası həkim oğlu Əhməd İlyasova sığınmış, bir il sonra burada dünyasını dəyişmişdi, Əlidən də böyük Qənbər hələ çarlıq zamanında Kərbəla ziyarətinə gedib geri qayıtmamışdı, orada xəstələnib arzusunda olduğu torpağa qovuşmuşdu.
Göründüyü kimi, İlyas uşağının keçdiyi yollar heç vaxt hamar olmayıb, ulu babalarımız nahaq əcəlin əlindən ta Anadolu yaylasından kiçik Qafqaza qədər köç sürüb ucqar dağlara sığınsalar da, fələyin atdığı oxlardan yenə yayına bilməyiblər. O lənət nəslimizi yüz illərdən bəri izləməkdədir...
Maarif fədaisi Müseyib əfəndinin həyatının son dövrü Bakıdakı 17 nömrəli məktəblə bağlı olub - 1940-cı ilin sentyabr ayından 1941-in sentyabrında həbs olunana qədər o, həmin məktəbdə müəllim işləyib. Bütün xalqımıza olduğu kimi İlyaslar nəslinin genofonduna da ağır zərbələr vurmuş qanlı savaş başlanandan üç ay sonra, sentyabrın 24-də Müseyib İlyasov saxta ittiham əsasında tutulur, 1942-ci ilin 14 fevralında ona səkkiz il həbs cəzası kəsilir. Ancaq həbs müddətini başa vurmaq ona qismət olmur, 1944-cü ilin 12 mayında Müseyib əfəndi Qazaxıstanın Karaqanda şəhərindəki həbsxanada torpağa can borcunu verib qurtulur, fələyin qara yeli daha bir nur çırağını söndürür.
Azərbaycan SSR Ali Məhkəməsinin 4 avqust 1956-cı il tarixli qərarıyla Müseyib İlyasova bəraət verilir. Ömrünü xalqının savadlanmasına, aydınlanmasına həsr eləmiş bir ziyalının, maarif fədaisinin ən böyük mükafatı da elə bu olur.
***
Kitabın “Taleyin acı günləri - 1684 nömrəli məhbus” adlı fəslində müəllif arxivlərdən topladığı materiallar əsasında yazır:
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan 2395 nömrəli şəxsi işlə tanışlığım göstərdi ki, 21 sentyabr 1941-ci ildə Müseyib İlyasovun həbs olunması barədə XDİK (Xalq Daxili İşlər Komissarlığı - NKVD) xüsusi (3-cü) siyasi şöbəsinin leytenantı Mişeyev tərəfindən qərar qəbul edilmiş və order yazılmışdır. Üç gün sonra - 24 sentyabr 1941-ci ildə 705 nömrəli orderlə M.İlyasov öz evində həbs edilmişdir. Bibim Firuzə danışırdı ki, evimizdə axtarış apardılar. Əsas üçün heç nə tapa bilməsələr də, atamı apardılar. Əslində axı nə vardı ki, nə də tapıla? Atam dedi ki, bu, nəsə anlaşılmazlıqdır, yəqin tezliklə qayıdar. Lakin belə olmadı, o bir daha qayıtmadı...
Dindirmələr 25 sentyabr 1941-ci ildən başlanıb bir neçə gün davam edir. Ailəsi haqqında verilən suallara cavablarında M.İlyasov həyat yoldaşı Ziba xanımın 47 yaşında, qızları Adilənin 21, Firuzənin isə 19 yaşında olduğunu, atası İbrahimin 1903-cü ildə, anası Pərixanın 1930-cu ildə vəfat etdiyini, üç qardaşından Ağakişinin 80-85 yaşlarında, Balakişinin 75 yaşında, Əlinin 65 yaşında olduğunu, bacısı Aftabın Laçın rayonunun Oğuldərə kəndində yaşadığını, dördüncü qardaşı Zülfüqar İlyasovun isə keçmiş molla olduğunu və 1937-ci ildə XDİK tərəfindən məhkum edildiyini bildirir. Bu dindirmədə nədənsə M.İlyasovun digər bacı-qardaşı Pəricahanla Qənbərin adı protokola düşməyib. Görünür, onlar artıq həyatda olmadıqlarına görə adları da çəkilməyib”.
***
“Yaddaşlarda qalan xatirələr” adlı fəsildə müəllif Müseyib əfəndinin həyatı, fəaliyyətiylə bağlı uzun illərdən bəri topladığı yazılı, şifahi materialların əhəmiyyətli qismini oxucularla bölüşür. Bu bölmədə müəllifin atası Ağakişi oğlu İbrahimin əmisiylə bağlı xatirələri xüsusi yer tutur. Babamın əmisi oğlu, kəndimizin ən müdrik ağsaqqallarından olmuş İbrahim əmini mən yaxşı xatırlayıram - saf yaddaşı, yanımcıl qəlbi, şirin söhbətləri vardı, gənclər onun nəslimizin tarixçəsiylə bağlı danışdıqlarını dinləməkdən doymazdılar.
İbrahim əminin xatirələrindən:
“...Laçında Qəza Maarif Şöbəsinin müdiri işləyən zaman Müseyib əmi başqa bir idarənin müdiriylə nəyə görəsə sözləşir, əmim ona bir şillə vurur. Həmin şəxs şikayət eləyir, iş məhkəməyə düşür. Məhkəmə zalında şikayətçi ilə “müttəhim” yanaşı əyləşirlər. Məhkəmənin qərarıyla Müseyib əmi beş manat cərimə olunur. Hökm oxunan kimi əmim həmin adama möhkəm bir şillə vurur. Zala çaxnaşma düşür, əmim dərhal on manat çıxarıb hakimin masasının üstünə qoyur, ikinci şillənin də pulunu ödədiyini deyir. Hakim söz tapmağa çətinlik çəkir, küsülüləri elə zaldaca barışdırırlar...
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52

