Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Dil müzakirəsi

Dil müzakirəsi

22.04.2022 [10:54]

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Fəxri Uğurlunun moderatorluğu ilə ana dilimizin, dilçiliyimizin problemlərinə həsr olunmuş diskussiya aparılıb. Müzakirəyə AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik Təhlil və Proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov (Göytürk) qatılıb. Söhbətin mətnini təqdim edirik.

Əvvəli ötən sayımızda

Fəxri Uğurlu: “Saxlanıldı”, “yoxlanıldı”, “bağlanıldı” kimi sözlərə mətbuatda hər gün rast gəlirik. Bu cür sözlərdə ikiqat məchulluğa nə ehtiyac var? “Filankəs polis tərəfindən saxlandı” deyəndə məna dəyişirmi?

Şahlar Göytürk: Onların hamısının dilçilikdə izahı var. Səs də, söz də təsadüfi deyil.

Fəxri Uğurlu: İnanın ki, bu sözləri tələffüz eləyəndə adamın dili burxulur. “Saxlandı” deyiriksə, aydındır ki, bunu saxlayan var. Arxasına bir “ıl” şəkilçisi də qoşmaq sözün semantik yükünü artırırmı məgər? Mən bir dəfə metroda məlhəm reklamı görmüşdüm, şəklin altından yazmışdılar ki: “Dəridə görünülmür”. Heç cür anlaya bilmirəm bu dildönməz sözlərə aludəlik haradan gəlir, adamlar niyə sadəni qoyub mürəkkəbə qaçırlar?

Şahlar Göytürk: Dil qənaət prinsipinə əsaslanır.

Fəxri Uğurlu: Məncə, dili sadə xalqdan öyrənmək lazımdır.

Şahlar Göytürk: Mən də o fikirlə razıyam ki, biz xalq dilindən uzaqlaşmışıq. Özü də bu proses sovet dönəmindən başlanıb.

Fəxri Uğurlu: Laçının kəndlərində belə bir söz işlənir: çəmirgə. Azacıq çiskinli seyrək duman deməkdir. Gördüyünüz kimi, bir sözün mənasını izah eləmək üçün dörd sözü yardıma çağırdım. Belə sözləri ədəbi dilə gətirmək lazımdır, ya yox? Yazılarımın birində misal çəkmişdim, “bulğanmaq” sözü var, camaat həkimin xəstələri yoluxmasına, palataları dolaşmasına “obxod eləmək” deyir.

Qulu Məhərrəmli: Yaxşı dinamik sözdür, ilğım yaradır həm də.

Fəxri Uğurlu: “Silinsimək” sözü var, Süleyman Rəhimovun, Sabir Əhmədlinin dilində işlənib, sürtülmək, bərkimək, daşlaşmaq deməkdir. Filankəsin üzü “podoşlaşıb” deyir adamlar, halbuki bu söz elə o mənanı ifadə eləmək üçün yaranıb. “Töyəcimək” sözü var, səndirləməyə yaxın məna verir. Mövlud Süleymanlı doxsanıncı illərdə əl boyda bir sözlük dərc elətmişdi, həmin lüğətdə bu sözün də izahını vermişdi.

Nadir Məmmədli: Bayaq da dedim, əgər bir söz üç ayrı dialektdə işlənirsə... Məsələn, Bakı dialektində çay daşı mənası verən “qəmbər” sözü var, əvvəlki lüğətlərdə yox idi. Ancaq zaman keçdikcə xalq o sözü anladı, qəbul elədi, ondan sonra lüğətə də salındı. Yaxud Qarabağ bölgəsində hündürlük mənasında işlənən “qəlbi” sözü, bilmirəm lüğətdə var, ya yox, ancaq yavaş-yavaş ümumişlək sözə çevrilir. Bunlar hamısı dialektlərdən gəlir.

Fəxri Uğurlu: Vaxtilə ədəbi dilimizdə işlənmiş “ölət” (epidemiya), “bandaq” (bir neçə salxımdan ibarət budaq) kimi sözlər var, məncə, onlara da yeni nəfəs verilməlidir.

Nadir Məmmədli: Söz necə tanınır - məşhur insanların dilindən səslənməklə, qələm adamlarının yazılarında işlənməklə. “O olmasın, bu olsun” filminə hamımız baxmışıq, “adaxlı”, “adaxlanmaq” sözü o filmdə bir neçə dəfə səslənir. Sonradan “nişanlanmaq” sözü bununla paralel işlənməyə başladı, zamanla “adaxlanmaq” ikinci plana keçdi (Bakı dialektində bu gün də qalır), “nişanlanmaq” ümumişlək sözə çevrildi. Halbuki “adaxlanmaq” qədim türk sözüdür, toy ərəfəsində gənclərin ayaqlarının bağlanması ritualı ilə əlaqəlidir. Bunun məntiqi davamı kimi toydan sonra ayaqaçdı mərasimi keçirilir.

Şahlar Göytürk: Sözünüzə qüvvət bir misal da mən gətirim. “Bəlgə” sözünün dialektlərdə yeddi-səkkiz mənası var: əsgər formasının qolundakı sarğı, sübut, tutalğa, əkin yeri... Bunlarla yanaşı, bəzi bölgələrdə oğlan evindən qız evinə göndərilən nişan payına da bəlgə deyilir.

Qulu Məhərrəmli: Məncə, bu suallar dildə gedən kasıblaşma prosesindən qaynaqlanır. Bu proses də öz növbəsində təfəkkürdən qaynaqlanır. Baxırsan aparıcıdır, jurnalistdir, lap redaktordur - bunun mütaliəsi nə yerdədir, bunun təfəkkürünü hansı mənbələr qidalandırır? Doğrudanmı bədii ədəbiyyatdan, ya başqa qaynaqlardan xəbərdardır? İndi publisistika mozaika daşı kimi çox səpələnib, aktivdir. Dilçilik İnstitutunda bir neçə il əvvəl mətbuatda işlənən frazeologiyalarla bağlı tədqiqat aparılmışdı. Onu gözdən keçirəndə görürsən ki, mətbuat dilinin ötən əsrin doxsanıncı illərindəki zənginliyi hara, indiki kasadlığı hara!

Fəxri Uğurlu: Aradan otuz il keçib, məntiqlə bu müddətdə mətbuatımızın dili, yazı dilimiz çox irəli getməliydi.

Qulu Məhərrəmli: Səbəb budur ki, o vaxt mətbuata gələnlər beyni, zəkası iti insanlar idi, mütaliəli, peşəkar jurnalistlər idi. İndiki jurnalistə müsahibə verirsən, sənin dediklərini anlamadığına görə özü başa düşdüyü kimi yazır, sənin dilin onun yazısında çox kasıb görünür. Bəli, dilin qaynağı, ilk növbədə, canlı xalq dili, bədii ədəbiyyatdır. Bizim kamera qarşısında çox gözəl danışa bilən mütəxəssislərimiz, yüksək nitq mədəniyyəti olan alimlərimiz var. Onlar qalıb bir qıraqda, danışığından heç nə başa düşülməyən adamlar ekranı, efiri zəbt eləyiblər. Doğrudanmı Azərbaycan dili bu dilin gözəlliklərindən xəbərsiz olanların ümidinə qalıb, doğrudanmı dilimizi təmsil eləmək ixtiyarı belələrinə verilib? Ona görə də mən hesab edirəm ki, bu cür müzakirələrin aparılması yaxşıdır, vacibdir, ancaq bunun miqyası genişləndirilməlidir. Televiziyalarda Azərbaycan diliylə bağlı maarifləndirici verilişlər nümayiş etdirilməlidir. Mənim fikrimcə, məsələn, Monitorinq Mərkəzinin dövlət televiziya kanallarından birində öz verilişi olmalıdır, necə ki, Türk Dil Qurumuna TRT-də ayda bir dəfə veriliş ayrılır. Xüsusi nitq mədəniyyəti verilişi olmalıdır, yəni necə gözəl danışaq, necə doğru danışaq. Vaxtilə rəhmətlik Məmməd Aslanın “Xəzər” televiziyasında sözlərin işlənmə yeri, qaydasıyla bağlı on dəqiqəlik bir verilişi gedirdi, bu ənənəni davam etdirmək lazımdır. Məsələn, şah sözünü hər şeyə şamil eləmək olarmı? “Şah tut” deyə bilirik, indi başlayıblar “şah ət” yazmağa. Dil çox həssasdır, ona belə yanaşmaq olmaz.

Şahlar Göytürk: Nə qədər desək də, fakt faktlığında qalır - bu gün ingilis dilindən, Türkiyə türkcəsindən dilimizə bəzən təbii, bəzən süni yolla çoxlu söz gəlir. Uşaqlar cizgi filmlərinin, böyüklər serialların təsiri altına düşürlər. Bu prosesin qarşısını almaq üçün irimiqyaslı işlər görülməlidir. Biz də uşaqlarımızın maraqla izləyəcəyi cizgi filmləri yaratmalıyıq, onlara körpəlikdən dilimizin gözəlliklərini aşılamalıyıq.

Qulu Məhərrəmli: Radioların bu işdə rolunu artırmaq olar, çünki yüz minlərlə insan günün bir hissəsini maşında keçirir, radio dinləyir. Radio dalğalarında gözəl qiraət verilişləri açmaq olar. Bunların ənənəsi var, onu unutmaq olmaz.

Şahlar Göytürk: Sözünüzə qüvvət, bizim Monitorinq Mərkəzinin “Qiraət dəqiqələri” adlı radio verilişi var. Audio kitablar buraxırıq, müxtəlif müsabiqələr keçiririk. Çalışırıq ki, bu işləri fəaliyyət istiqaməti bizə uyğun gələn qeyri-hökumət təşkilatlarıyla, tanınmış dilçi alimlərlə məsləhətləşmələr əsasında aparaq.

Nadir Məmmədli: Bir məsələni də vurğulamaq istərdim. Dilə ən çox ziyan vuran qruplardan biri də bizim din adamları, mollalardır. Yaxınlarda Dini İşlər üzrə Dövlət Komitəsinin nümayəndələrini bu istiqamətdə müzakirə aparmaq üçün Dilçilik İnstitutuna dəvət eləmişdik. Niyə hamı “camaat” deyir, dindarlar “cəmaət” deyirlər? Lüğətdə “Allah taala” yazıldığı halda niyə siz “Allah təala” deyirsiniz? Peyğəmbərimizin adı bizim orfoqrafik qaydalara görə “Məhəmməd” şəklində yazılır, bunlar gah “Muhamməd”, gah “Mühəmməd” deyirlər. Dilçilik İnstitutuna az qala hər həftə bir şikayət məktubu gəlir ki, oğlumun adını Muhamməd qoymaq istəyirəm, icazə vermirlər. Mən də belələrinə izah eləyirəm ki, ahəng qanununa görə bu ad dilimizdə “Məhəmməd” kimi yazılmalıdır. Elə deyilsə, onda zəhmət çəkib saat sözünü də “saət” kimi tələffüz eləyin.

Şahlar Göytürk: Nadir müəllimin burada olmağından istifadə eləyib türk dilindəki adların transliterasiyası məsələsinə də diqqət çəkmək istəyirəm. Məsələn, İbrahim Kalının soyadını biz olduğu kimi, yoxsa “Qalın” şəklində yazmalıyıq?

Fəxri Uğurlu: Bu, çox qəliz məsələdir.

Şahlar Göytürk: Çox. Aziz Nesin, yoxsa Əziz Nesin?

Fəxri Uğurlu: Azizi “Əziz” eləyə bilirsən, ancaq Nesini “Nəsən” eləmək olmur. Kalını “Qalın” kimi yaza bilərsən, di gəl, Pamuku “Pambıq”a çevirmək olmur.

Şahlar Göytürk: Türk dilləriylə bağlı transliterasiya məsələsinə fərqli yanaşılmalıdır. Mən bunu öz təcrübəmə əsaslanıb deyirəm. Məsələn, “qalın” sözü bizim dilimizdə mənfi assosiasiya doğuran sifətdir, amma türk dilində “kalın” kəlməsi isimdir, “Kitabi-Dədə Qorqud”da da bu sözə rast gəlinir, mənası da hədiyyə deməkdir. Biz burada “k” səsini “q” ilə əvəzləməklə mənanı tamamilə təhrif eləmiş oluruq.

Nadir Məmmədli: Türkoloq professor Əsgər Rəsulovun “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili” kitabında bu məsələlərə aydınlıq gətirilib.

Qulu Məhərrəmli: Mən də o fikirdəyəm ki, türklər necə deyirsə, biz də elə yazmalıyıq.

Fəxri Uğurlu: Söhbətimizin sonunda bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Yeri gəlmişkən, professor Nadir Məmmədli mənim yazımdakı bu mövqeni etirazla qarşıladı, söylədi ki, qrammatikanın qanunları, ələlxüsus morfologiya dəyişdirilə bilməz. Axı biz nə vaxta qədər “gəlmişdir”, “getmişdir” yazacağıq? Türkiyəli bunu şifahi nitqində işlədir, ancaq Azərbaycan xalqı çoxdandır belə danışmır. Yaxud da “-dır”, “-dir” xəbər şəkilçisini götürək, bizim ədəbiyyatımız, poeziyamız əlli ildir bu şəkilçidən qaçır, xalqımız yüz illərdir bu şəkilçinin sonundakı “r” səsini tələffüz eləmir.

Qulu Məhərrəmli: Bu məsələni vaxtilə Ağamusa Axundov çox aydın, həm də elmi cəhətdən düzgün şəkildə izah eləyib. “-ıb”, “ib” şəkilçisi xəlqi formadır, biz bunu danışıqda rahat şəkildə işlədirik, hətta xəbər dilində də belə deyilməsi normaldır. Amma yazı dilinin öz qaydaları var. Şifahi dil yazı dilinə təsir göstərib onu dəyişdirə bilir, yəni mümkün olduğu qədər biz “-ıb”, “-ib”lə yazmalıyıq. Ancaq rəsmi üslub da var, üsluba görə dediyiniz şəkilçiləri saxlamaq da olar, dəyişdirmək də. Hər şey bir qaydaya əsaslanmalıdır.

Şahlar Göytürk: Nadir müəllimlə razıyam ki, morfologiya dilin bel sütunudur, ona toxunmaq olmaz. Orfoepik normalarda qeyd olunub ki, “-dır” yazılır, “-dı” deyilir.

Fəxri Uğurlu: Ona qalsa, həmin şəkilçi bir zamanlar “-dırır”, “-dürür” şəklində olub, uyğur “Oğuznamə”sində, klassik şairlərimizin, o cümlədən Xətainin, Həbibinin, Füzulinin əsərlərində buna rast gəlinir.

Şahlar Göytürk: Sizin məntiqinizlə yanaşsaq, xəbər şəkilçisi dönüb keçmiş zaman şəkilçisi olacaq.

Fəxri Uğurlu: Amma keçmiş zamanı da xalq başqa cür ifadə eləyir. Hərçənd şifahi nitq bölgələr üzrə xeyli fərqlənir.

Şahlar Göytürk: Bu məsələlərlə mən uzun illər məşğul olmuşam. Bizdə ayrı-ayrı regionlara xas danışıq dilinin, intonasiyanın fərqli olmasının bir səbəbi də budur ki, bəzi bölgələrdə oğuz elementləri, bəzi bölgələrdə isə qıpçaq elementləri daha güclüdür.

Paylaş:
Baxılıb: 338 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31