Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Yaradanı yaradanlar

Yaradanı yaradanlar

13.05.2022 [10:48]

Ədəbiyyatda dini-mistik duyğunun ifadəsi haqqında

F.Uğurlu

Həzrət Əlinin belə bir kəlamı var: “Mən doğulduğum gün öldüm”. Yəni əbədi, baqi aləmdən ölümlü, fani dünyaya gəldim.

Buddanın ötən yazıda misal gətirdiyim kəlamını tərsinə çevirsək, Həzrət Əli məntiqiylə belə deyə bilərik: “Bizim həyatımız əbədi varlığımız arasında qısa fasilədir”. Zahiri bənzərliyə baxmayaraq, panteist ədəbiyyatla mistik ədəbiyyatın əzəli mənbəyə qayıdış motivləri arasında prinsipial fərq var: birində insan yoxluğa çəkilir, o birində əbədiyyətə qovuşur.

Ramiz Rövşənin uzun illər əvvəl dediyi bir müdrik fikri tez-tez xatırlayıram; “Leyli-Məcnun”la “Romeo-Cülyetta”nı tutuşduran şair deyirdi ki, “Leyli və Məcnun”da ölüm sevənləri qovuşdurur, “Romeo və Cülyetta”da ayırır.

***

Buddizmlə xristianlığın müqayisəsi panteist dünyagörüşlə mistik düşüncənin qarşılaşdırılması üçün geniş meydan açır. Bu iki təlimin yaranma mexanizmi bənzərdir. Buddizm monoetnik din olan induizmə daosizmin calaq olunmasından törəyib; yəni buddizm induizmin bazasında qol-qanad açmış daosizmdir. Buddadan təqribən bir əsr əvvəl yaşamış böyük Çin filosofu Lao Szının Dao (yol) haqqında panteist təlimi özündən sonra ölkəsinin sərhədlərini aşıb Hindistana da ayaq açmışdı. Hətta təkəbbürlü çinlilər özlərindən qat-qat aşağı tutduqları hindistanlıların gətirdiyi dinə yiyə durmaq istəməyəndə buddist rahiblər belə bir mif uydurmuşdular ki, Dao yüz il qabaq kitablarını gömrükçülərə təhvil verib izini itirəndən sonra gedib Hindistana çıxıbmış, orada öz məktəbini yaradıbmış, Budda deyilən bu müəllim də kimdirsə elə o məktəbin yetirməsidir; yəni, ay Çin əhli, bu təlim sizə yad deyil, elə öz təliminizdir ki, din pərdəsinə bürünüb yenidən üstünüzə qayıdıb.

İsa Məsih təlimi də monoetnik din olan iudaizmlə platonizmin calağından, sintezindən yaranıb, başqa sözlə, xristianlıq iudaizm zəmininə köçürülmüş platonizmdir. Təsadüfi deyil ki, Nitsşe xristianlığı söyməyə Sokratdan, Platondan başlayırdı, belə bir təlimin meydana gəlməsində ilk növbədə onları suçlayırdı.

Buddizmin idealı azad, ruhani fərddir. Bir məbədə yığışsalar belə hər fərd ayrıca adadır, heç kim heç kimə qarışmır, heç bir ruh öz qabından daşıb başqasının qabına tökülmür. Xristianlığın idealı isə azad, ruhani cəmiyyətdir, burada mənəvi kollektivizm prinsipi hökm sürür, fərd yalnız kollektiv üçün yaşayanda həyatı məna qazanır, yalnız başqalarından keçməklə, başqalarında əks olunmaqla özünü tapa bilir. Kant deyirdi ki, inanclı xristianların bir yerə toplaşdığı istənilən məkan kilsədir.

***

Mistik düşüncənin indiyəcən yaxından-uzaqdan eşidib-bildiyim ən parlaq ifadəsinə böyük sufi şair Fəridəddin Əttarın “Məntiqüt-teyr” (“Quşların söhbəti”) əsərində rast gəlmişəm. Quşlar Qaf dağına səfərə çıxırlar ki, gedib orada əfsanəvi Simurq quşunu (sufi alleqoriyasına görə Allahı) tapsınlar, ona səcdə eləsinlər. Quşların çoxu yolda heydən-həvəsdən düşüb sıradan çıxır, axıra yalnız otuz quş qalır. Qaf dağına çatanda quşlar bir-birilərində əks olunub güzgülənirlər, hamısı başqalarına baxanda özünü görür. Məlum olur ki, Simurq dedikləri elə bu otuz quşun vəhdətiymiş (farsca: se+morğ), onlar bir-birinin səcdəsinə dururlar, Tanrı da elə bu vəhdətdən yaranır.

Yeri gəlmişkən, sufizmin özünü də çox zaman panteizmlə qarışdırırlar, sovet dövründə ağına-bozuna baxmadan bütün sufiləri panteist adlandırırdılar. Bu məsələləri araşdıran dünya alimləri, filosofları arasında buddizmi sufizmin başlıca mənbəyi kimi görənlər də var. Fəqət belə yanaşma, fikrimcə, ciddi xətadır, hərçənd sufizmin buddizmdən təsirləndiyini heç kim dana bilməz.

İslam bazasında boy göstərsə də, təsəvvüfün qaynaqları bəllidir: platonizm, neoplatonizm, xristian mistisizmi, şamanizm, zərdüştilik, eləcə də buddizm fəlsəfəsi. Erkən mərhələdə sufizm asketik bir təlim idi, panteizmlə gerçəkdən iç-içəydi. Ancaq təsəvvüf elminə eşq cövhəri qatılandan (təxminən VIII əsrdən) sonra sufizmin mahiyyəti bir xeyli dəyişildi, ardınca sufi şeyxləri (başda İbn Ərəbi olmaqla) bu təlimin doktrinasını işləyib hazırladılar.

Zənnimcə, təsəvvüflə panteizmin, o cümlədən buddizmin ən azı üç prinsipial fərqi var: birincisi, buddizmdə mərkəz yoxdur (bu təlimin bir adı da “tanrısız din”dir), sufizmdə isə vahid mərkəz (islamın diliylə desək, Allah, xristianlığın diliylə desək, Tanrı ata) Günəşlə simvolizə olunur - cəmi məxluqat Onun zərrələridir, Ondan törəyib, Ona da qayıdacaq; ikincisi, buddizmdə eşq varlığın mühərriki rolunu oynamır, kamilləşmənin başlıca şərti sayılmır; üçüncüsü, buddizmdə vəhdəti-vücud modelinə yer yoxdur, fərdin ideal halı sansara zəncirini qırmış ruhun mütləq tənhalığıdır.

Əttarın süjeti mistik ədəbiyyatın mükəmməl xəritəsidir. Bu tip ədəbi nümunələrin xarakterik cəhətləri var: mistik yolçuluğa çıxmaq, xeyirlə şərin mübarizəsi, haqqa aşiqlik, dərvişlik, məcnunluq, divanəlik, mübtəlalıq, lap sonda gəldiyi yerə, əzəli-əbədi mənbəyə, metafizik aləmə qayıtmaq. Panteist (məsələn, Artur Şopenhauer) üçün həyat faciələr silsiləsidir, şər dünyanın təbii halıdır, onu dəyişməyə cəhd göstərməyin mənası yoxdur, olsa-olsa özünü bu dəli axından qırağa ata bilərsən. Mistikdən ötrüsə həyat xeyirlə şərin mübarizə meydanıdır, öz həqiqətini qorumaq üçün o, son nəfəsinəcən çarpışmağa, ideya uğrunda canından keçməyə hazırdır. Qərb ədəbiyyatında mistik janrın ən parlaq ifadəsi Servantesin “Don Kixot” romanıdır.

***

Qəmgin cəngavərin prototipi İsa Məsihdir. Ümumiyyətlə, Avropanın mistik şairləri, yazıçıları üçün başlıca ideya mənbəyi, əsas istinadgah bütün dövrlərdə Bibliya süjetləri, İncil əxlaqı olub. Hər müəllif müqəddəs kitabı özü bildiyi kimi şərh eləyib, qandığı kimi yozub. Servantesin yozumu bir az komik planda olsa da, kədərlə gülüşün bu qədər iç-içə olduğu başqa kitab tapmaq çətindir. Ancaq buradakı kədər də, gülüş də ruhani mahiyyət daşıyır, yəni bir-birinə qarşı duran qütblər kimi yox, həqiqətin ideal aləmdə barışıb qardaşlaşmış, vəhdət halına gəlmiş iki üzü kimi peyda olur.

Don Kixotun səfərləri ruhani səfərlərdir, onun cəngavərliyi eynən İsa peyğəmbərin cəngavərliyi kimi mənəvi səciyyə daşıyır. Qəhrəmanın şər qüvvə sanıb üstünə şığıdığı yel dəyirmanı fələyin çarxının obrazıdır. Don Kixot maddilikdən arınmış ruhdur, onun macəraları divanə, mübtəla ruhun sərgüzəştləridir. Nə qədər zərbə alsa da, nə qədər məğlub olsa da, işıq, inam cəngavəri əqidəsindən dönmür, şübhəni, küfrü, zülməti özünə yaxın buraxmır. Belə anlaşılır ki, ruh elə haqqın, gözəlliyin, xeyirin özüdür, onun yanılmaq, başqa bir varlığa çevrilmək şansı yoxdur.

Silahdaşıyan Sanço Pansa Don Kixotun bədəni, onu reallığa bağlayan alətləri - əllərini, gözlərini, qulaqlarını daşıyandır. Başqa sözlə, Don Kixot ideal aləmi, Sanço Pansa real aləmi təmsil eləyir. Bədən, nə qədər nataraz, kobud görünsə də, ruha tam təslim olub onun yedəyində sürünür, ona sədaqətlə xidmət göstərir. Eynilə toboslu Dulsineya da Don Kixotun ideal sevgilisinin ideal olmayan bədəni, Rosinant - onun ideal atının qanadları qırılmış gövdəsidir.

Don Kixotun sınıq-salxaq reallıqları ideal səviyyəyə qaldırmağa qadir baxışları var. O, həyatı xeyirlə şərin savaş meydanı, özünü də bu savaşın qəhrəmanı kimi qavrayır. Gerçəkliyin namərd əliylə ideal aləmdən ayrılıb real dünyaya qayıdandan sonra onun həyat eşqi sönür, yaşamaq ondan ötrü mənasını itirir. Yer üzünə ruhani səfərini başa vuran cəngavər dirilik səltənətinə çəkilir, bununla da çevrə qapanır.

***

Viktor Hüqonun “Səfillər” romanının baş qəhrəmanı Jan Valjanın cəhənnəmdən cənnətə qədər uzanan möhtəşəm səfəri də dünya ədəbiyyatı tarixində mistik yolçuluğun ən parlaq örnəklərindəndir. On doqquz illik katorqa əzabından sonra insanlara nifrətlə dolub-daşan təhlükəli caninin keşiş Mirielin xristian tanrısından alıb ötürdüyü mərhəməti sayəsində dönüb başqalaşması, ardınca baş verənlər İncilin təfsiri kimi oxunur. Ehtiyacdan fahişəliyə qurşanmış, bədənini satdıqca ruhu kasadlaşan, Jan Valjanın axıracan xilas eləyə bilmədiyi Fantina da İsa peyğəmbərin daşqalaq olunmaqdan qurtardığı, günahlarını bağışladığı Maqdalı Məryəmin XIX əsr Avropa ədəbiyyatında zühura gəlmiş təcəllasıdır.

“Səfillər”in fəlakətlər silsiləsindən aydınlığa, günahlar girdabından müqəddəsliyə qədər uzanan süjeti Dantenin cəhənnəmdən başlayıb ərafdan keçən, cənnətdə Tanrının nuruna bələnməklə bitən mistik yolçuluğuyla necə də səsləşir! Səbəbi çox sadədir: hər ikisi eyni mənbədən qidalanan, eyni düşüncə mərtəbəsində qərar tutmuş mistik ruhun diktəsiylə yazılmış əsərdir.

***

Çarlz Dikkensin “Pikvik klubunun qeydləri” romanının qəribə, sadəlövh, büllur ürəkli qəhrəmanının yaratdığı cəmiyyət də klubdan çox mistik təriqətə bənzəyir. Buradakı personajlar Əttarın mömin quşları kimi özlərini o birgəlikdə, o vəhdətdə tapırlar. Təriqətin mürşidi mister Pikvik uydurma danışan bir arabaçının ağ yalanına uşaqtək heyrətlənəcək qədər saf könüllü, kamil imanlı bir bəndədir. “Qan qohumu” Don Kixot kimi o da elə bil yer üzünə təmiz ruh şəklində gəlib, nə qədər ağız atırsa şər ona da diş batıra bilmir. Hərçənd görkəmcə Pikvik sələfindən çox Sanço Pansaya bənzəyir. Onun boy-buxunda Don Kixota oxşayan nökəri, həm də adaşı Ueller (müəllifin hər iki qəhrəmanı Semyuel adlandırması yəqin təsadüf sayılmamalıdır) Sanço kimi həyata ayıq gözlə baxır, ideal aləmə çəkilmiş ağasında olmayan xüsusiyyətlərlə silahlanır.

Don Kixotun səfərləri kimi komik planda təsvir olunsa da, Pikvik klubunun ölkə boyu səyahəti də mahiyyətcə mistik xarakter daşıyır, səyahətdən çox missionerlik fəaliyyəti, dünyaya mənəvi açılımdır. Fədakar mister Pikvik hamını arzusuna qovuşdurub muradına yetirəndən sonra missiyasını bitmiş sayır, inzivaya çəkilib əzəli yurduna qayıdacağı günü gözləyir. Oxucuda belə təəssürat yaranır ki, onu çəkildiyi “inziva” elə əbədiyyətin özüdür.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31