Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Uşaqlara “böyük” hədiyyə

Uşaqlara “böyük” hədiyyə

14.07.2022 [10:24]

Nərgiz CABBARLI

Dəyərlərin ucuzlaşdırılması, onlara barmaqarası yanaşma həyatımızın hər sahəsinə olduğu kimi ədəbiyyatımıza, mədəniyyətimizə də nüfuz edib. Hətta o dərəcədə ki, ciddi bir təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin uşaq ədəbiyyatı dərsliyində müasir dövrün uşaq ədəbiyyatı Gülzar nənə və onun yaradıcılığı ilə xarakterizə olunur. Məsələ bu yaradıcılığın bəsitliyində deyil. Belə bir yanaşma problemin özünü ucuzlaşdırmaq olardı. Məsələ müasir uşaq ədəbiyyatının ümumi mənzərəsinin görünməzliyində, pərakəndəliyində, sistemsizliyindədir. Bu isə adi problem deyil.

Gəlin, “uşaq ədəbiyyatıdır” deyib üstündən keçməyək. Çünki bu, sadəcə ədəbiyyat məsələsi hesab oluna bilməz. Söhbət elə böyük bir sistemdən gedir ki, onun yoxluğunun ağır nəticələri - görmək istəməsək və ya görməyi bacarmasaq da - göz önündədir. 

Hər şey sözdən, keyfiyyətli bədii mətndən, xüsusilə də sözün yaratdığı nağıl qəhrəmanından başlanır. Bir yazıçının düşüncəsindən ağ müstəviyə - kağıza, ya monitora düşən qəhrəmanın yolu isə həddindən artıq uzundur. Uşaqların nağıl dünyasını yaratmaq, rəngləndirmək, təxəyyül gücünü zənginləşdirmək onun üzdə olan, görünən missiyasıdır. Əsl yol isə başqadır: nağılçının dünyasından rəssamın fırçasına, oradan rənglərlə dolu kitablara, kitablardan dəftərlərə, jurnallara, oradan cizgi filmlərinə - uşaqların sevimli qəhrəmanına qədər... Oradan da oyuncaqlar aləminə, yapışqanlar dünyasına, uşaq mebelləri aləminə; hələ uşaqlar üçün geyimləri, yataq dəstlərini, ayaqqabıları, çantaları, qələmdanları demirik. Göründüyü kimi, söhbət Uşaq Ədəbiyyatının böyük bir industriyanın tərkibinə daxil olması prosesindən gedir və burada dövlət nəzarətinin  (ideoloji tərbiyə məsələsi də işin içində olduğundan) mütləqliyi prosesin ayrılmaz şərtinə çevrilir.

Bu məsələdə biz xeyli geridəyik - bu, faktdır. Uzağa getmədən kiçikyaşlı uşağı olanlar bircə anlıq başlarını qaldırıb balalarının əşyalarına fikir versinlər; düşüncələrindən, danışıqlarından, mənəvi dünyalarından əvvəl məhz əşyalarına. Çünki onların dünyasını, ilk növbədə, əşyaları, o əşyaların ifadə etdiyi zövq bəlirləyir. Elə oxuduqları, sevdikləri ədəbiyyatı da, nağıl qəhrəmanlarını da bu yolla görə bilərsiniz.

Mənzərə belədir: uşaqların ən çox sevdiyi nağıl qəhrəmanları - Kayu, Arı Maya, Marsupilami, Maşa, Mişa, Ben, Şrek... Ən yaxşı halda türk ekranlarının yerli cizgi qəhrəmanları - Minə, Mügə, Pepe, Şila, Nanə, Limon, Mıncır...

Nağıllarımızın bircə qəhrəmanı varmı? Biz hələ müasir nağıl qəhrəmanlarını demirik. Çünki yeni yaranan nağılların qəhrəmanları ya mətndə, ya da ən yaxşı halda kitab səhifəsində qalır. Səbəb yalnız onun uşaq sevgisi qazanmamasında deyil, həm də təqdimatındadır. Bu haqda bir az sonra.

Hələliksə “Bizim məşhur nağıl qəhrəmanlarımız var”, - deyənlərə cavab verək. Hansısa bir uşaq “ana, mənə Cırtdan al”, ya da “Tıq-tıq xanımın oyuncağını istəyirəm” deyirmi? Çətin. Əvvəla, onlar “yoxdurlar”. İkincisi, üzə çıxsalar belə, müasir uşaq dünyagörüşünə və zövqünə görə artıq keçmişdə qalıblar. Onlar bizim uşaqlığımızın qəhrəmanları idilər. XXI əsrin balacası tam fərqlidir.

Bu məsələ açılan kimi bizdə də uşaq cizgi filmləri çəkildiyi, uşaq nəşrləri hazırlandığı, hətta yeni nağıllar, əsərlər yarandığı deyiləcək. Haqlı olaraq. İlyas Tapdıq, Zahid Xəlil, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli... təkcə ötən yüzildə yox, yeni əsrdə də uşaq şeirləri yazıblar. Sevinc Nuruqızı, Gülzar nənə, Aygün Bünyadzadə... uşaq nağılları qələmə alıblar (mətnlərin keyfiyyəti haqqında başqa zaman danışarıq. Mövzu, dediyimiz kimi, bəsit və bir yazılıq deyil).

Bizdə də “Göyərçin”, “Göy qurşağı” “Yuva”, “Elli”, “Bala dili”, “Bahar”, “Arzu”, “Günəş”, “Sehirli xalat”, “Ailəm” jurnalları, “Savalan”, “Şəkər villası”, “Tonqal”, “Tumurcuq” qəzetləri çap olunub, bəziləri indi də işıq üzü görməkdədir. Bizdə də “Təhsil”, “Altun” və “Beşik” nəşriyyatları uşaqlar üçün kitablar çap edib. Bizdə də XX əsrin 30-cu illərindən başlayaraq cizgi filmlərinin çəkilməsi üçün çox iş aparılıb. “Cırtdan” , “Ayı və siçan”, “Şir və öküz”, “Fitnə”, “Pıspısa xanım və Siçan bəy”, “Cücələrim”, “Tülkü həccə gedir”, “Meşəyə insan gəlir”, “Humayın yuxusu” kimi filmlər yadımızdadır. Ən çətin dövrdə - 1990-cı illərdə 19 cizgi filmi çəkmiş “Azanfilm”in fəaliyyətini də, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “3D” formatında yeni cizgi filmi çəkildiyini də əlavə edə bilərik.

Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycan cizgi filmləri toplusunu hazırladığını da söyləmək lazımdır. Bunlar faktdır. Amma bütöv bir sistemin parçası olmadıqca yetərsizdir, pərakəndədir. Belədə qeyri-peşəkar işlə peşəkar işin qarışığından yaranmış qeyri-müəyyən mənzərə yaranır.

Proses isə adətən bu cür reallaşır: ya uğurlu bir mətn zəif rəssam işi ilə təqdim olunmuş kitabda “ölür”, ya da uğurlu mətnlə uğurlu rəssam işinin oxucuya uğurlu təqdimatı reallaşa bilmir və yarıda qırılır (televiziya, animasiya, multiplikasiya variantları yaranmır, oxucuya çatdırılma prosesi baş tutmur). Məsələn, Elçinin “Mənə niyə gülürlər”, Ələkbər Salahzadənin “Oxatan kirpi” nağılları vardı ki (“Beşik” nəşriyyatında dərc olunub), onlarda yeni obraz yaranmışdı. Rəssam təxəyyülü ilə yazıçı təxəyyülünün uğurlu işbirliyi baş tutmuşdu. O yol davam etdirilməli idi, amma kitabla “bağlandı”.

Bir sözlə, uşaqlara çatma, sevilmə, dəyər qazanma, nağıl qəhrəmanına çevrilmə prosesi bizdə “kitab mərhələsi”ni adlaya bilmir. Halbuki bütün bunlar bir-biri ilə sıx bağlı olan, biri digərini tənzimləyən, hərəkətə gətirən, tətikləyən proseslərdir.

Nəticədə, bu gün kiçikyaşlı uşağı olanlar yuxarıda sadaladığımız nağıl qəhrəmanlarının obrazına xeyli pul xərcləyirlər. Evlərimiz, uşaqlarımızın əyni-başı, otaqları, ən əsası beyinləri arımayalarla, kayularla, marsupilamilərlə, şreklərlə doludur. Ən acınacaqlısı, bunu uşağın özü istəyir. Biz hələ uşaqlarımızın əsasən türk kanalları vasitəsilə (məsələn, “Yumurcaq”, “TRT çocuq”) tanıdığı nağıl qəhrəmanlarının dili ilə danışmağa başlamasını, onları yamsılamasını demirik... Uşaq tərbiyəsi, uşaq psixologiyası məsələləri ilə məşğul olanlar bu faktın yetərincə narahatlıq doğurmalı olduğunu təsdiqləyərlər.

 “Qloballaşan dünyada bu, adi haldır”, - deyənlər də tapılacaq. Olsun. Qoy uşaqlarımız onları da tanısın, sevsin. Amma məsələnin məğzi başqadır. Məsələ bizim olan və ya olmalı olan nağıllarda, uşaq ədəbiyyatında, onun qəhrəmanlarındadır; bizim olmalı, hələ dünyaya demirik, öz uşaqlarımıza təqdim etməli olduğumuz cizgi filmlərindədir; onların təqdimatı üçün ayrılmış xüsusi uşaq kanalındadır; bu qəhrəmanları uşaqların məişətinə - əşyalarına qədər daşımalı olan sistemimizin yoxluğundadır.

“Kadr yoxdur”, “yazan yoxdur”, “çəkən yoxdur” deyiləcək. Yanlış fikirdir. Məsələn, kiçik bir uşaq nəşriyyatı olan “Beşik” nağıl qəhrəmanı yaratmağa çalışan 20 rəssamla işləyirdi - onların yalnız ikisi orta nəslə aid idi, qalanları tələbə gənclərdi ki, kiçik bir təkana ehtiyacları vardı. Az da olsa qonorar verildiyi üçün nəşriyyata axın-axın gəlirdilər.

Bu misalları artırmaq da olar. Amma artırmadan nəticəni vurğulayaq: sistem qurulmalıdır. Mətndən son nöqtəyə - əşya dünyasına qədər yolu izləyəcək bir sistem olmalıdır. Bu məsələni “nağıl yazılmır”, “uşaq rəssamı yoxdur”, “animator tapılmır” kimi problemlərlə məhdudlaşdırıb dar çərçivədə düşünmək yanlışdır. Daha geniş perspektivdə görmək gərək. Yerdə qalan kadrları da itirmədən.

Uşaq ədəbiyyatının keyfiyyət göstəricisi isə başqa yazının mövzusu olacaq.

Paylaş:
Baxılıb: 176 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31