Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq

Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq

19.08.2022 [10:15]

Nizami CƏFƏROV,

Akademik

Elmi araşdırma

Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq, yaxud “Azərbaycan tarixi”nin birinci cildi

Azərbaycan xalqı haqqında nə deyir?

Azərbaycan xalqının hansı dövrdə təşəkkül tapmasından asılı olmayaraq tarix səhnəsinə türk mənşəli bir etnos kimi çıxdığı hamıya məlumdur. Bu isə o deməkdir ki, Azərbaycan xalqının tarixi araşdırılarkən metodoloji xətt kimi türklüyün coğrafi, etnoqrafik, linqvistik, siyasi və s. bölünməsi (diferensiasiyası) prosesi əsas götürülməlidir. Halbuki Azərbaycan MEA-nın nəşr etdiyi “Azərbaycan tarixi”nin birinci cildində müəlliflər “türk” sözünü işlətməkdən qəti şəkildə imtina etmişlər. Sovet dövrünün antitürk “ustanovka”sı ilə yazılsa da, hər halda müstəqilliyimizin ilk illərində üzərində işlənilmək imkanı olmuş (və 1998-ci ildə işıq üzü görmüş) bu cildin məsul redaktoru, xalqımızın etnogenezinə aid bütün oçerklərin müəllifi akademik İqrar Əliyev olduğuna görədir ki, sözügedən “ustanovka” nəinki yumşaldılmamış, hətta subyektiv ehtimallarla bir az da sərtləşdirilmişdir.

Əlbəttə, antitürkçülük yalnız pantürkizmə, yaxud aşırı türkçülük xülyalarına deyil, bütöv bir xalqın (və dövlətin) ideologiyası səviyyəsinə yüksəlmiş azərbaycançılığa qarşı dayanır. Çünki türkləşmə və ya türklük bu ideologiyanın üzvi tərkib hissəsidir. Və tarixçi-ideoloqların bir çoxu, heç də təsadüfi deyil bu fikirdədirlər ki, Azərbaycanda müsəlmanlaşma prosesi ilə müqayisədə türkləşmənin tarixi, eləcə də buna müvafiq olaraq yad təsirlərə müqaviməti elə də böyük deyil.

Keçən əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda həm türklüyə, həm islama, həm də müasirliyə (ümumbəşəriliyə) sözün həqiqi mənasında müharibə elan olunması təkcə bugünlə məhdudlaşmayıb tarixə də nüfuz etdi. Və əvvəlki məqalələrimizdə göstərdiyimiz kimi, türklüyün və islamın tarixi mövqeləri çox böyük sürətlə heç bir əsas olmadan süni şəkildə irançılıq elementləri vasitəsilə işğal edildi... 70-ci, xüsusilə 80-ci illərdə ölkədə baş qaldıran milli oyanış itirilmiş mövqeləri geri qaytarmaq üçün hər nə qədər əhəmiyyətli təşəbbüslərlə əlamətdar olsa da, “Azərbaycan tarixi”nin birinci cildi göstərdi (və göstərir) ki, “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək” (Heydər Əliyev) uğrunda mücadilə hələ uzun müddət davam edəcəkdir.

Azərbaycan tarixşünaslığında özünə geniş yer tutmuş antitürkçülük, fikrimizcə, beş-on tarixçinin subyektiv maraqlarından (təbii ki, bu da var) daha çox müəyyən dövrün ideoloji baxışlarından irəli gəlir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın Şimalında İqrar Əliyev, Cənubunda isə Əhməd Kəsrəvi “məktəb”ini həmin baxışlar formalaşdırmışdı. Və əslində, bunlar eyni “məktəb” idi... Cənubla Şimalı üz-üzə, hər ikisini də türklüyə qarşı qoymaqda bir-birindən çox da fərqlənmir, bir-birini təqdir edirdilər. Ola bilsin ki, sovet tarixşünaslığı daha “intellektual” təsiri bağışlayırdı, ancaq İran tarixşünaslığının da özünəməxsus “üstünlükləri” vardı ki, onlardan birincisi siyasi-ideoloji “fitva”lar verməkdə göstərdiyi “məharət” idi.

Akademik İqrar Əliyev iranlı həmkarları barədə yazır: “Qədim Azərbaycan tarixi problemlərinə bu və ya digər dərəcədə toxunmuş nüfuzlu İran tarixçiləri arasında Seyid Əhməd Kəsrəvinin, Həsən Pirniyanın, Məhəmməd Muinin, İbrahim Purdavudun, Cəmaləddin Faqihin, Məhəmmədcavad Məşkurun, Şəfəq Rzazadənin, Rza İnayətullanın və b. adlarını çəkmək olar.

...İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəlliflərindən çoxu üçün “Azərbaycan tarixi” məfhumu yoxdur, bütün müddəalar bir dominant - “İran tarixi” nöqteyi-nəzərindən verilir. Adları çəkilən müəlliflərin çoxu üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş farslardır (məhz farslardır)”... İran tarixçilərinin “fitva” pedantizmindən fərqli olaraq, sovet tarixçilərinin akademik İqrar Əliyevin təcrübəsində təzahür edən “analitizm”i də, prinsip etibarilə, azərbaycanlıları İran mənşəli hesab edir, ancaq daha “ağıllı” üsullarla.

“Azərbaycan tarixi”nin birinci cildi ən qədim zamanlardan III əsrə qədərki milyon yarım ildən artıq bir dövrü əhatə etməklə, ilk növbədə, arxeoloji araşdırmaların verdiyi son dərəcə zəngin məlumatlarla, həqiqətən, məmnunluq doğurur. Ancaq məsul redaktorun bu obyektiv məlumata sırıdığı etnoloji “şərhlər” ona görə təəssüfedicidir ki, həmin “şərhlər”də ideoloji “nəzarət” açıq-aşkar görünür. “Azərbaycan paleolit dövrü sakininin mənəvi aləmi haqqında” oçerki ilə qədim daş dövründən başlayaraq elə bir ictimai-mənəvi mühit “yaradır” ki, nə yığıcılar, nə maldarlar, nə də əkinçilər arasında türk perspektivi görünmür... “Azərbaycan tarixi”nin birinci cildini sadəcə vərəqləmək (və ədəbiyyat siyahısını gözdən keçirmək) kifayətdir əmin olasan ki, bu bir iranşünaslıq işidir.

Əlbəttə, müəlliflərin borcu idi ki, Azərbaycan tarixinə son illər geniş vüsət almış “Şumer-türk əlaqələri” kontekstində baxsınlar. Kifayət qədər ciddi araşdırmalarda Ön Asiyadakı türk izləri eramızdan əvvəlki minilliklərə gedib çıxdığı halda “Azərbaycan tarixi” müəlliflərinin buna göz yumması elmilikdən çox-çox uzaq hərəkətdir... Eləcə də e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən başlayaraq Şimaldan Azərbaycana axın edən xalqlar arasında müxtəlif adlar daşıyan türkəsilli xalqların da olması barəsində geniş yayılmış fikir bizim müəllifləri maraqlandırmamışdır... İş o yerə çatmışdır ki, eramızın ilk əsrlərindəki hun yürüşləri barədə bəhs etmək də məqbul sayılmamışdır... Və nəticə etibarilə, Azərbaycan qədim dövrün sonu, orta əsrlərin əvvəllərinə hər hansı “türk ehtimalından xilas olunmuş” vəziyyətdə təhvil verilir.

Əslində, belə bir “ustanovka” vermək tarixşünaslıqdan elə də böyük enerji tələb etmir. Hər şeydən əvvəl ona görə ki, istənilən xalqın tarixində yazıyaqədərki dövr heç nəyi həll eləmir... Nə daş, nə də tunc dövrünün insanı etnik təyinatı ilə fərqlənmir. Və etnosun tarixi, əslində, ilk dövlət qurumlarının formalaşması ilə bağlı müzakirə mövzusuna çevrilir. “Azərbaycan tarixi” bizə dörd “milli” dövlət təqdim edir: Manna, Midiya, Atropatena və Albaniya. Bu dövlətlərin heç birində türk “gözə dəymir”... Ümumiyyətlə, “Azərbaycan tarixi”nin məntiqinə görə, qədim Azərbaycanda Qafqaz və İran etnoslarından başqa, heç bir etnos mövcud olmamışdır... Belə güman oluna bilər ki, akademik İqrar Əliyev Azərbaycanın Şimalını - Albaniyanı Qafqaz etnoslarına güzəştə gedir. Elə deyil. Məqsəd irançılığın hegemoniyasını göstərməkdir. Akademik yaxşı bilir ki, İran - türk (Turan) qarşıdurmasındansa İran - Qafqaz qarşıqoyulması müqayisə edilməyəcək qədər irançılığın xeyrinədir. Ancaq dilçi - dil tarixçisi olmadığına görə öz sələfləri kimi o da ciddi səhvlərə yol verir. Nəzərə almır ki, əgər Albaniyada qafqazdilli etnos geniş yayılsa (və hər hansı Qafqaz dili ədəbi dil səviyyəsinə çatsaydı) onun yazılı abidələri qalardı. Və nə Azərbaycanın şimal rayonlarında, nə də Dağıstanda hər kəndin az qala öz “dil”i olmazdı. Dilin (və xalqın) assimilyasiyası barəsində İqrar Əliyev elə danışır ki, elə bil bir etnosun başqasına çevrilməsindən asan heç nə yox imiş... İrançılığa gəldikdə isə bu məsələnin üstündə olduqca ardıcıl dayanaraq bizə təlqin (sübut yox, məhz təlqin!) eləməyə cəhd göstərir ki, Azərbaycan xalqı İran xalqlarından biridir, sadəcə, dili türkcədir. Və guya bizim əsl dilimiz olan “azəri dili”nin qalıqları bu günə qədər yaşamaqla türkcənin “işğalçılıq tarixi”ni təsdiq edir. Halbuki bu adda nə bir dil, nə də bir tayfa var... Orta əsrlərdə farscanın (lap olsun ümumi İran dilinin) diferensiasiya təzahürlərinin (dialektlərinin) türk mənşəli Azərbaycan xalqının qədim ədəbi dili kimi təqdimi dil tarixi elminə kəmsavad təcavüzündən başqa bir şey deyil.

Mannada, Midiyada (Madada) İran ünsürünü möhkəmləndirə- möhkəmləndirə gətirdikdən sonra Atropatenada son nöqtəni qoyaraq yazır: “Qeyd etmək lazımdır ki, intensiv surətdə baş vermiş assimilyasiya prosesləri nəticəsində Haxamanişilər hakimiyyətinə qədərki zamanda Manna tayfaları tədricən madalılarla qaynayıb-qarışmağa başlamışdılar. “Manna” xoroniminin və “mannalılar” etnoniminin itməsi Manna əhalisinin etnik simasını itirməsindən xəbər verir...

...Madalıların işğalı Cənubi Azərbaycan torpaqlarının uzun müddət ərzində Mada dövlətinin, sonra isə Mada satrapaplığının tərkibində olması hələ Haxamanişi hakimiyyətinə qədərki dövrdə burada Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada - Atropatena xalqı adlandırmaq olar”.

Müəllifinin elmi düşüncə məntiqi kimi qrammatikası da qüsurlu olan bu mətn, əslində, “üçməchullu tənliy”i xatırladır: nə Mannanın, nə Madanın (Midiyanın), nə də Atropatenanın etnik tərkibi məlum deyil, müəllif isə bu məchulluğun “varislik” təşkil etməsi, birinin “etnik simasını itirib” o birinə keçməsi qənaətindədir... Həmin “məntiqin, yaxud “Ezop dili”nin arxasında gizlənən “mətləb” isə aşağı-yuxarı ondan ibarətdir ki, mannalılar, midiyalılar və atropatenalılar etnik baxımdan qohum olub, bir-birindən çox da fərqlənməyən İran dialektlərində (farsca deyil!) danışırdılar.

Akademik bir neçə abzaslıq sofistikadan (“fikir oyunu”ndan) sonra açıq yazır ki, “antik dövrün Mada-Atropatena dilinin yazılı abidələri indiyədək aşkar olunmasa da, biz tam əsasla iddia edə bilərik ki, Atropatenanın orta Mada dili, şübhəsiz, geniş yayılmış, zəngin yazı ənənəsinə malik olmuş İran dillərindən biri idi”... Lakin bu cür açıqlığın ağlabatan olmadığını yaxşı bilən müəllif yenidən dərhal sofistikaya müraciət etməli olur: “Nəinki Azərbaycanın retrospektiv surətdə əsrlərin dərinliyinə yönəldilə biləcək erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan etnik-dil mənzərəsi, habelə bir çox digər məlumatlar da bunu tam müəyyənliklə təsdiq edir”. Və həmin sofistikanı normal düşüncəyə çevirsək (bax: Azərbaycan tarixi, ikinci cild, səh. 32-33) belə olacaq ki, “bütün deyilənlər VII əsrə yaxın Azərbaycan əhalisinin tərkibində əvvəllər olduğu kimi türkdilli, irandilli və qafqazdilli komponentlərin olduğunu təsdiq edir; lakin VI yüzilliyin sonlarından başlayaraq bu tərkibdəki türk komponenti bir qədər də üstünləşir, türkdilli əhalisinin yayılma arealı daha da genişlənir. Tədricən bu dil bütün azərbaycanlıların ünsiyyət dilinə çevrilir.

“Azərbaycan tarixi”nin birinci cildinə görə, “Azərbaycan” anlayışının özünün, habelə onunla bağlı olan etno-mədəni, ictimai və siyasi səciyyəli hadisələrin və halların başlanğıcı Vətənimizin tarixinin məhz Atropatena dövründə qoyulmuşdur. Qədim Azərbaycan dövlətçiliyinin, qədim Azərbaycan, daha dəqiqi Atropatena - Mada xalqının mənşəyi məhz buradandır” (səh. 269). İkinci cildinə görə isə, “çoxsaylı tarixi, eləcə də linqvistik faktlar (V-VII əsrlərə aid yerli Qafqaz mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponimiyası və s.) sübut edir ki, VII əsrin sonlarında qafqazdilli, irandilli olmalarından asılı olmayaraq bütün azərbaycanlılar arasında funksional birincilik artıq türk dillərinə (daha dəqiq olardı ki, “türkcəyə” deyilsin - N.C.) məxsus idi. Məhz bu dövrdən, mövcud tayfa, eləcə də dialekt və ləhcə fərqləri zəminində ümumxalq Azərbaycan-türk dili formalaşmağa başladı; məhz bu dövrdə az sonra yeni tarixi birliyin - Azərbaycan xalqının təşəkkülünə gətirib çıxaran etnik ictimai-iqtisadi və mədəni dəyişikliklər üçün ilkin şərtlər hazırlandı” (səh 33).

Birinci cilddəki mövqenin müəllifi yalnız akademik İqrar Əliyev, ikinci cilddəki mövqenin müəllifləri isə tarixçilərın bir qrupudur ki, onların mülahizələrini akademik Nailə Vəlixanlı ümumiləşdirmişdir.

İndi sual olunur: “Erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan (təkcə İqrar Əliyevə yox, ümumən Azərbaycan tarixşünaslığına!) etnik-dil mənzərəsi”ndən retrospektiv - üzü keçmişə doğru baxış nə göstərir?.. Cavab aydındır: həm Qafqaz, həm İran, həm də türk etnoslarını... Birinci cildin məsul redaktoru öz mövqeyini yeridəndə, görünür, elə güman etmişdi ki, bunun ikinci cildi olmayacaq... Halbuki üzünü keçmişə elə çevirməlisən ki, dönüb gələcəyə üz tutmaq imkanın da olsun...

Görkəmli Azərbaycan ziyalısı, dövlət xadimi və tarix elmləri doktoru Həsən Həsənov “Makedoniyalı İskəndər və Atropat”. Ölkənin Azərbaycan adı altında yüksəlişi haqqında” kitabı (Moskva, 2017; Bakı, 2017) ilə sübut etdi ki, xalqın, millətin tarixinin strateji məsələləri ilə məşğul olmaq məsuliyyətini öz üzərinə alan şəxslərdə elmi-intellektual səviyyə, metodoloji hazırlıqla yanaşı, milli məsuliyyət də olmalıdır. Çünki heç bir xalqın, millətin öz Tarixindən böyük dəyəri yoxdur!.. Və gətirilən faktların, dəlillərin əsaslılığına görə əminliklə demək olar ki, Həsən Həsənovun türk Atropatenası İqrar Əliyevin İran Atropatenasından daha inandırıcı, daha fundamental, daha tarixidir.

İqrar Əliyev antitürk mülahizələrində ya az-çox məlum bir neçə iranpərəstlik faktını dönə-dönə təkrar edir, ya da gümanlar, fərziyyələr, xəyallar qurur. Mərhum akademikin çıxardığı nəticələrin, verdiyi hökmlərin sintaksisi ümumən aşağıdakı kimidir: Həmin ərazi (söhbət orta tunc dövrü Şimali Azərbaycanından gedir - N.C.) əhalisinin etnik, dil şəraiti haqqında konkret bir fikir söyləmək çox çətindir. Bu problemə dair müəyyən fərziyyələr yürütmək olar. Bununla belə bu regionda Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur... Yaxud: Güman etmək olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbədə danışılan dağ tayfalarından olan uruatrilərin də hurrilərlə yaxın olması güman edilir... Yaxud da: Əlbəttə, ola bilər ki, irandilli tayfa qrupları Cənubi Rusiya çöllərindən İrana (Azərbaycana da yox, məhz İrana!.. Çünki hansı xalqın tarixini araşdırdığı belə arada yaddan çıxır - N.C.) Kaspi dənizinin həm şərq, həm də qərb sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq təxminən eyni zamanda - e.ə. II minilliyin II yarısının hüdudlarında irəliləmişlər... Məhz bu cür kiçik gümanlar axırda belə bir yekə gümana çevrilir ki, Azərbaycan xalqı İran mənşəlidir.

İqrar Əliyevin irandilli etnosları Xəzərin hər iki tərəfi ilə Şimaldan Cənuba doğru Azərbaycana gətirməsi əməlli-başlı dastandır. Və bu ideya-estetik məharətə hətta “Şahnamə” müəllifi də qibtə edə bilər... Mərhum akademik yazır: “E.ə. II minilliyin lap sonunda, xüsusilə I minilliyin başlanğıcında Araz çayından cənubda olan vilayətlərdə mədəniyyətin yeni elementlərinin meydana gəldiyini arxeoloji dəlillər tamamilə təsdiqləyir.

...Süvariliyin, yeni ideoloji təsəvvürlərin, dəfn adətləri və abidələrinin, heyvanlara sitayişin, incəsənətdə heyvan obrazlarının təsvirlənməsinin və diyarın yerli mədəniyyətlərində kökləri olmayan başqa cəhətlərin yayılması şübhəsiz olaraq yeni məskənə öz məişətini və mədəniyyətini gətirmiş gəlmələrin qarşımızda olduqlarından xəbər verir”.

Sözügedən bu “yeni elementlər” iranlılar qədər turanlılar (türklər) üçün də səciyyəvi ola bilər. Və həmin mövzu iranşünaslıqda olduğu qədər türkologiyada da böyük maraq doğurursa, Azərbaycan tarixçisi nə üçün yalnız iranpərəst mövqe ilə kifayətlənməlidir? Heç olmasa obyektivlik naminə əks mövqe barədə də məlumat vermək ağıla gəlmirdimi?..

“Azərbaycan tarixi”nin birinci cildində, artıq qeyd etdiyimiz kimi, etnolinqvistik assimilyasiya anlayışı ilə, demək olar ki, spekulyasiya edilir. Hansı dili başqa dillə, hansı xalqı başqa xalqla əvəz etmək gərəkirsə, bu, heç bir sübut gətirmədən elan olunur. Məsələn, əminliklə iqrar edilir ki, “e.ə. I minilliyin II rübündə... təşəkkül tapmaqda olan irandilli xalqlar, əsasən, assimilyasiyaya uğramış avtoxron əhalinin nəsillərindən ibarət idi.

...Bizi maraqlandıran bölgənin əhalisinin iranlaşması hələ Mannanın madalılar tərəfindən işğalına qədərki dövrdə başlanmışdı.

Mannanın madalılar tərəfindən işğalından sonra Cənubi Azərbaycanın yerli əhalisinin iranlaşması prosesi kəskin surətdə gücləndi”.

“Ədəbiyyat” qəzeti

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Xarici siyasət

F-16 istəyirsənsə...

05 Oktyabr 10:30

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 Oktyabr 10:25

Analitik

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31