Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Texnologiya və təhsil bir arada

Texnologiya və təhsil bir arada

17.07.2026 [09:48]

Şagirdlərin rəqəmsal mentoru istifadəyə veriləcək...

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə süni intellekt bu günün reallığına çevrilərək, bütün sahələrdə olduğu kimi, təhsil sistemində də yeni imkanların qapısını açır. Dünyanın qabaqcıl ölkələrində geniş tətbiq olunan süni intellekt əsaslı təhsil həllərinin Azərbaycanda da istifadəyə verilməsi istiqamətində addımlar atılır. Ölkəmiz təhsilin rəqəmsal transformasiyası prosesinə fəal şəkildə qoşulur.

Azərbaycanda şagirdlər üçün köməkçi mentor - süni intellekt həlli EduSLM istifadəyə veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sistem Elm və Təhsil Nazirliyi ilə Presight G42 şirkəti ilə əməkdaşlıq çərçivəsində baş tutacaq: “Bu sistem şagirdlər üçün köməkçi mentor rolunu oynayaraq onların bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş dəstək verəcək. EduSLM dərsliklər üzrə suallara cavab vermək, testlər hazırlamaq, ev tapşırıqlarını yoxlamaq və qiymətləndirmək kimi funksiyaları yerinə yetirir. Eyni zamanda, interaktiv tədris materialları yaradır, şagird nailiyyətlərini analiz edir və tədris prosesinin daha effektiv təşkilinə kömək edir”.

Həmçinin qeyd edilib ki, süni intellekt texnologiyaları təhsildə keyfiyyət dəyişikliyi yaradaraq müəllimlərin işini asanlaşdırır, vaxtın daha səmərəli idarəsinə və dərslərin nəticəyönümlü təşkilinə kömək edir: “Bu texnologiyalar həm də şagirdlər üçün fərdiləşdirilmiş və adaptiv öyrənmə mühiti yaradaraq onların fərdi inkişafına şərait yaradır”.

Xatırladaq ki, ötən ayın 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda yeni çağırışlar, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklər müzakirə edilib.

Təhsildə yeni dövr başlayır

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, şagirdlər üçün süni intellekt əsaslı EduSLM platformasının istifadəyə verilməsi təhsil sistemində rəqəmsal transformasiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Ekspertin sözlərinə görə, artıq süni intellekt yalnız informasiya əldə etmək vasitəsi deyil, eyni zamanda şagirdin fərdi öyrənmə trayektoriyasını müəyyənləşdirən, onun zəif və güclü tərəflərini analiz edən, bilik səviyyəsinə uyğun tədris məzmunu təqdim edən rəqəmsal mentor funksiyasını yerinə yetirməyə başlayır: “Ən vacib məqamlardan biri ondan ibarətdir ki, hər bir şagird eyni sürətlə və eyni üsulla öyrənmir. Sinif otağında müəllim eyni anda bir neçə şagirdlə işlədiyi üçün hər bir uşağın fərdi ehtiyacına tam şəkildə uyğunlaşmaq həmişə mümkün olmur. Süni intellekt isə məhz bu boşluğu doldurmaq imkanına malikdir. EduSLM şagirdin cavablarını analiz edərək hansı mövzuda çətinlik çəkdiyini müəyyənləşdirə, həmin istiqamətdə əlavə izahlar, fərqli tapşırıqlar və yeni məşqlər təqdim edə bilər. Bu isə öyrənmənin daha məqsədyönlü və səmərəli təşkilinə şərait yaradır”.

Süni intellekt analiz edəcək, müəllim istiqamət verəcək...

E.Əfəndi qeyd edib ki, yeni platformanın test hazırlamaq, ev tapşırıqlarını yoxlamaq, qiymətləndirmə aparmaq və dərsliklər üzrə suallara operativ cavab vermək imkanları müəllimlərin gündəlik iş yükünün azalmasına da ciddi töhfə verə bilər: “Müəllim texniki və təkrarlanan proseslərə daha az vaxt sərf etdikcə, şagirdlə canlı ünsiyyətə, yaradıcı fəaliyyətə, tənqidi düşüncənin inkişafına və fərdi yanaşmaya daha çox diqqət ayırmaq imkanı qazanacaq. Bu isə müasir təhsilin əsas prioritetlərindən biri hesab olunur.

Digər mühüm üstünlük fərdiləşdirilmiş öyrənmə modelinin formalaşmasıdır. Əgər hər hansı şagird riyaziyyatda çətinlik çəkirsə, lakin dil fənlərində daha yüksək nəticələr göstərirsə, sistem bunu nəzərə alaraq ona uyğun fərqli tapşırıqlar təqdim edə, inkişaf dinamikasını izləyə və əldə olunan nəticələr əsasında yeni öyrənmə planı formalaşdıra bilər. Belə yanaşma hər bir şagirdin potensialının daha dolğun şəkildə üzə çıxmasına kömək edir və öyrənməyə motivasiyanı artırır. Süni intellektin təhsilə inteqrasiyası müəllimin rolunun azalması kimi qiymətləndirilməməlidir. Əksinə, müəllim yenə də tədris prosesinin əsas istiqamətləndiricisi, tərbiyəedici və motivasiyaedici fiquru olaraq qalır. Süni intellekt müəllimi əvəz etmir, onun imkanlarını genişləndirən, qərarvermə prosesini məlumatlarla dəstəkləyən və tədrisin keyfiyyətini yüksəldən texnoloji köməkçiyə çevrilir”.

Azərbaycan dünya təcrübəsinə qoşulur

Ekspert bildirib ki, dünyanın inkişaf etmiş təhsil sistemləri artıq süni intellekt texnologiyalarından geniş istifadə edir: “Azərbaycanın da bu istiqamətdə addımlar atması ölkənin rəqəmsal təhsil strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu platformanın tətbiqi mərhələli şəkildə həyata keçirilər, müəllimlər üçün müvafiq hazırlıq proqramları təşkil olunarsa, EduSLM gələcəkdə həm tədrisin keyfiyyətinin yüksəlməsinə, həm də şagirdlərin 21-ci əsr bacarıqlarına daha yaxşı yiyələnməsinə əhəmiyyətli töhfə verə biləcək innovativ həllərdən birinə çevrilə bilər.”

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31