Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlk dəfədir ki...

İlk dəfədir ki...

10.04.2024 [09:55]

Müqəddəs Ramazan bayramı Azərbaycanın bütün suveren ərazisində qeyd olunur

Müqəddəs Ramazan ayı başa çatmaq üzrədir. Bu ayın fəzilətləri çox böyükdür. İnsanlar həm özlərini sınağa çəkirlər, həm də bir-birlərinə daha yaxın olurlar, paylaşımlar edirlər, cəmiyyətdə həmrəylik və məsuliyyət ovqatı güclənir. Geniş İslam coğrafiyasının hər yerində olduğu kimi, Azərbaycanda da bu əziz bayram  yüksək səviyyədə qeyd olunur.  Bu günlərdə Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.  Səmimi dilək və xoş arzularını çatdıran dövlətimizin başçısı Ramazan ayının fəzilətlərinə diqqət çəkərək vurğulayıb: “Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar”.

Xalqımızın adət-ənənələrə bağlılığı və İslam aləmi ilə mənəvi həmrəyliyi

Bu gün ölkəmizin inamlı inkişafını təmin edən fundamental amillər sırasında gənc, müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarının rolunu xüsusi qeyd edə bilərik. Qısa müstəqillik tarixində məqsədyönlü siyasət sayəsində dünya birliyinin nüfuzlu suveren aktoru səviyyəsinə yüksələn respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Bugünkü güclü Azərbaycan milli köklərə möhkəm bağlı olan bir dövlətdir. Azərbaycan cəmiyyətində xalqımızın tarixin dərin qatlarından gələn zəngin milli-mənəvi və dini dəyərlərinə möhkəm bağlılıq var. Deyə bilərik ki, bu gün respublikamızda hər kəs əcdadlarımızın bizə miras qoyduqları zəngin mənəvi irslə qürur duyur, bu irsi özünün gündəlik həyat tərzində, ailəsində, məişətdə yaşatmağa çalışır. Eyni zamanda, Azərbaycan dövləti cəmiyyətdən gələn sosial sifarişə əsaslanaraq xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrimizin yad təsirlərdən qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, dini abidələrimizin bərpa olunmasına, yenilərinin tikilməsinə güclü siyasi iradə nümayiş etdirir.

Qədim tarixə malik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim İslam diyarıdır.

Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına, həmçinin  dini abidələrin, məscidlərin, ibadətgahların bərpasına, yenilərinin inşa olunmasına böyük önəm verilir. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı iki mini ötüb, həmçinin ölkə ərazisində 700-dən çox pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda təxminən 300 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası da başa çatdırılıb. Cənubi Qafqazda ən böyük məscid 26 dekabr 2014-cü il tarixində məhz Azərbaycanda istifadəyə verilib. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Hər il ölkəmizdə dini bayramların, o cümlədən də Ramazan bayramının dövlət səviyyəsində qeyd olunması tarixdən gələn  milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir.

Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Respublikamızın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Hazırda bir sıra ölkələrdə İslamofobiyanın geniş vüsət almasına rəğmən, ölkəmiz ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylər göstərir. Azərbaycan, həmçinin 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində İslam ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməyə nail olub. Bundan başqa, deyə bilərik ki, son illərdə Azərbaycan İƏT-ə üzv ölkələrin nazirlərinin görüş yerinə çevrilib. İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv şəkildə Azərbaycana səfərə gəlmələri ölkəmizin müsəlman dünyasında nüfuzunun və mövqeyinin artmasının əyani göstəricisidir. 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin və etimadın növbəti təzahürüdür. Ölkəmizin nümunəvi reallığına diqqət çəkən Prezident İlham Əliyev “Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir”, - deyə bildirib.

Ölkənin bütün suveren ərazilərinə qayıdan Ramazan bayramı

Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı parlaq qələbələrlə son 200 illik tariximizin ən şanlı səhifələrini yazdı. Ötən yüzilliklərdə xalqımız daim faciələrlə üzləşib, torpaq itkilərinə məruz qalmışıq, ərazilərimiz bölünüb, sərhədlərimiz daralıb. Ötən əsrin əvvəllərində tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaradılması ilə müasir dövrdəki faciələrimizin əsası qoyulub. İrəvana sahiblənməklə kifayətlənməyən ermənilər respublikamıza  qarşı daim torpaq iddiaları irəli sürüblər və yeni-yeni ərazilər qoparmağa çalışıblar. Onlar havadarlarının dəstəyi ilə bir neçə dəfə buna nail olublar. Son olaraq Ermənistan Azərbaycanın müstəqilliyinin ilk illərində çətinliklərlə üzləşməsindən sui-istifadə edərək ötən əsrin doxsanıncı illərinin əvvəlləri?də ərazilərimizin daha 20 faizini işğal altına aldı. Düşmənin təcavüzkarlıq siyasəti 30 il davam etsə də,  Azərbaycan dövləti və xalqı işğal faktı ilə barışmadı. Ölkəmiz 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməyə nail oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən uğurlu lokal xarakterli antiterror tədbirlərində isə Azərbaycan öz ərazisində nəhayət erməni separatizminə son qoymağa nail oldu. Hazırda  bayrağımız ölkənin bütün suveren ərazilərində əzəmətlə dalğalanaraq bizə sonsuz qürur hissi yaşadır. Təcavüzkarlıq siyasətinin davam etdiyi 30 il ərzində işğal altında qalan ərazilərdə erməni vandallarının törətdikləri vəhşiliklər sırasında tarixi dini abidələrimizin, hətta müsəlman qəbiristanlıqlarının belə dağıdılması xüsusi diqqət çəkir. Verilən məlumatlara görə, oradakı 67 məsciddən 65-ı dağıdılıb. Bu çirkin vandalizm əməllərini özlərini dünyaya “mədəni xalq” kimi təqdim edən ermənilər törədiblər.

Hazırda işğaldan azad olunmuş ərazilər canlandırılır və Böyük Qayıdış Prorqamı uğurla reallaşdırılır. Həmin ərazilərə həmçinin milli-dini bayramlarımız da qayıdır. Bir qədər bundan əvvəl separatçılardan təmizlənmiş Xankəndidə və digər ərazilərdə ilk dəfə Novruz tonqallarıı yandırıldı. İndi isə Ramazan bayramı ölkəmizin bütün suveren ərazilərində qeyd olunur. Bu, dövlətimiz və xalqımız üçün müstəsna önəm daşıyan bir məsələdir. “Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan cəmiyyətində birlik və həmrəylik daha da möhkəmlənəcək

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikini aşağıdakı fikirlərlə tamamlayıb: “Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir”.

Dövlətimizin başçısının Azərbaycanda birliyin və həmrəyliyin daha da güclənəcəyinə əminlik ifadə etməsi ölkəmizin reallıqları ilə bağlıdır. Məlumdur ki, hazırda dünyanın ayrı-ayrı ölkələrində daxili sabitlik və tolerantlıqla bağlı vəziyyət heç də arzuedilən səviyyədə deyil. Xüsusilə də milli və dini zəmində ayrıcı xətlərin çəkilməsi, dözümsüzlük əhval-ruhiyyəsinin aşılanması bəzi Avropa ölkələrinin gerçək mənzərəsini səciyyələndirir. Etiqad, vicdan azadlığına məhəl qoyulmur, multikulturalizmlə bir araya sığmayan təbliğat aparılır ki, bütün bunlar da son nəticədə münaqişələrə, qarşıdurmalara gətirib çıxarır.

Belə kədərli faktlar fonunda Azərbaycandakı vəziyyət tamam fərqli rakursdan diqqət çəkir. Hazırda Azərbaycanın mənzərəsi milli-etnik-dini rəngarəngliyi ilə səciyyələnir. Respublikamızda tolerantlığın qədim tarixi vardır və ənənələr yenə də yaşayır. Bu gün milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan, eyni zamanda, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Eyni zamanda, Prezident İlham Əliyev qeyri-İslam dininə aid bayramlarda da xalqa təbrik ünvanlayaraq  icmalara səmimi diləklərini və xoş arzularını çatdırır. Respublikamızda həmrəyliyin və birgəyaşayışın, yüksək toleantlıq mühitinin yaranmasında İslam dininin çağırışları və cəmiyyətimizin istəyi ilə dövlət siyasəti üst-üstə düşərək bir-birini tamamlayır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31