Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Aprelin 5 mühüm məqamı

Aprelin 5 mühüm məqamı

24.04.2024 [10:00]

Təqvimdə hər ilin, ayın, günün öz yeri var. Ancaq son illərdə baş verən və müstəqil Azərbaycan üçün xüsusi önəm daşıyan hadisələrin xronologiyasına nəzər saldıqda onların bir çoxunun məhz aprel ayına təsadüf etdiyini görürük. Həmin əlamətdar hadisələr ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə, postmüharibə mərhələsində sülhyaratma prosesinin irəliləməsinə, etimad mühitinin yaranmasına vəsilə olublar. Deyə bilərik ki, aprel respublikamız, xalqımız üçün təqvimdə seçilən bir aya çevrilib. Beləliklə, aprel ayının 5 mühüm məqamına nəzər salaq.

Böyük Qələbənin müjdəsi - Aprel döyüşləri

Səkkiz il bundan əvvəl - 2016-cı il 1-4 aprel tarixində Azərbaycanla Ermənistan arasında qısamüddətli müharibə  baş verdi.  İşğalçılıq siyasətinə görə cəzalandırılmayan Ermənistan bundan ruhlanaraq yeni ərazilər zəbt etmək niyyətinə düşmüşdü və bu məqsədlə vaxtaşırı keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Düşmən belə təxribatlardan birini 2016-cı il aprelin əvvəlində törətdi. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatları ilə düşmən təxribatının qarşısını qətiyyətlə aldı. Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra keçmiş təmas xətti boyunca ilk ən şiddətli döyüş sayılır. Dörd gün davam edən müharibədə Silahlı Qüvvələrimiz nəyə qadir olduğunu düşmənə göstərdi.

Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Verilən məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbiçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, düşmənin Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və bir neçə hərbi hissəsi məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

Dörd günlük Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi məhz bu döyüşlərdə tar-mar oldu. Aprel döyüşlərindən sonra Ermənistanın həm silahlı qüvvələri, həm də siyasi rəhbərliyi çıxılmaz durumda qalmışdı. İndiyədək Ermənistanın siyasi-hərbi rəhbərliyi daim cəmiyyətə nağıllar danışır, vədlər verirdi. Aprel döyüşləri o reallığı ortaya qoydu ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcək. Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Aprel döyüşləri böyük Zəfərimizin müjdəsi idi.

Qalib Azərbaycanın mövqeyi Brüsseldə nəzərə alındı

Qalib Azərbaycan postmüharibə dövründə regionda müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir və bu məqsədlə müxtəlif platformalarda yüksək fəallıq göstərir. 6 aprel 2022-ci il tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, regiondakı vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunmuşdu. Məlum olduğu kimi, müharibə başa çatdıqdan sonra Azərbaycan 5 bənddən ibarət sülh təklifi ilə çıxış etdi. Sülh paketinə respublikamızın indi də sadiq qaldığı aşağıdakı beş bənd daxildir:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsaslanır. Çünki ölkəmiz bu təklifəri sırf beynəlxalq prinsipləri əsas götürməklə hazırlamışdı və qalib tərəf olmasına baxmayaraq, heç bir ilkin şərt irəli sürməmişdi. Baza prinsipləri ölkələrarası qonşuluq münasibətlərinin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə tam uyğundur. 

Üçtərəfli görüşdə dövlət başçıları tərəfindən Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması üçün danışıqlar aparılması istiqamətində xarici işlər nazirlərinə təlimat verilib. Görüşdə artıq arxivə göndərilmiş “Dağlıq Qarabağ” ifadəsi işlədilmədi, həmçinin ömrünü bağışlamış ATƏT-in Minsk qrupu xatırladılmadı. Bunlar diplomatiyamızın təntənəsi, 44 günlük müharibənin nəticələrinin, Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsi demək idi. 

Azərbaycan öz suveren hüququndan istifadə etdi

2023-cü il aprelin 23-də bütün dünya Azərbaycanın gücünə və əzminə bir daha şahidlik etdi. Həmin tarixdə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi quraşdırıldı. Xatırladaq ki, qeyd olunan ünvanda nəzarət-buraxılış məntəqəsinin qurulmasının zəruriliyi ilə bağlı fikirlərini Prezident İlham Əliyev əvvəlcə Münhen Təhlükəsizlik Konfransında səsləndirmişdi. Aradan az vaxt ötəndən sonra isə dövlət başçımızın gündəmə gətirdiyi məsələ reallığa çevrildi. Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında - öz ərazisində nəzarət-buraxılış məntəqəsi qurarkən müstəsna suveren hüququna əsaslanmışdı. Beləliklə, respublikamız Qarabağ iqtisadi rayonunda özünün nəzarətini de-yure və de-fakto təmin etmək istiqamətində daha bir mühüm addım atmış oldu. Ölkəmiz 10 noyabrdan 23 aprelədək addım-addım irəliləyib.

Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər  kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Törədilən təxribatlar, Laçın-Xankəndi yolundan qanunsuz daşımalar üçün istifadə olunması İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta keçməsi tələbini irəli sürdü. 

Yeni yolun istifadəyə verilməsindən sonra Laçının döyüşsüz geri qaytarılması  çox doğru olaraq Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri kimi dəyərləndirilir. Bundan sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, məğlub Ermənistanın bu qəbildən olan davranışları Azərbaycan cəmiyyətində etirazlar yaradırdı. Azərbaycanlı ekoloqlar və vətəndaş cəmiyyətinin təmsilçiləri 2022-ci il dekabrın 12-də Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başladılar və bu aksiyalar gecə-gündüz davam etdi.

Ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət təmin olundu. Eyni zamanda, 23 aprel 2023-cü il tarixində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə ermənilərin gizli marşrutlarla Xankəndinə silah-sursat daşımalarının qarşısı birdəfəlik alındı.

Sülhməramlı kontingentin ərazilərimizi tərk etməsi

Cari ilin aprel ayında suverenliyimizin möhkəmlənməsi baxımından daha bir əlamətdar hadisəyə şahidlik etdik. Söhbət aprel ayında Rusiya sülhməramlı kontingentinin ərazilərimizdən çıxarılmasına başlanılmasından gedir.  Sülhməramlı kontingent ərazilərimizdə 44 günlük müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanata əsasən yerləşdirilmişdi. Sözügedən Bəyanatın 3-cü bəndində göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

Qalib Lider İlham Əliyev Azərbaycanın strateji xəttini ölkəmizin, xalqımızın milli maraqlarını nəzərə almaqla müəyyənləşdirib. İlmə-ilmə hazırlanaraq böyük diplomatik məharətlə həyata keçirilən bu strategiyada bütün geosiyasi amillər, meydana çıxan çağırışlar nəzərə alınır. Prezident İlham Əliyev sözün əsl mənasında strateji baxışlar sərgiləyir və bu strateji baxışlar zamanı qabaqlayır. Nəyi necə etməyi hamıdan yaxşı bilən dövlətimizin başçısı tələsmədən və gecikmədən ölkənin ərazi bütövlüyünün təmin edilməsinə nail oldu. Növbəti mərhələdə qarşıda duran əsas məqsəd ölkənin bütün ərazisində suverenliyin təmin edilməsi idi. Bunun üçün də Prezident İlham Əliyev ən doğru seçimlər edib. Əvvəla üçtərəfli Bəyanata sülhməramlıların 2025-ci ilədək müvəqqəti olaraq Qarabağda yerləşdirilməsi bəndinin salınması təşəbbüsü məhz  Prezident İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısının siyasəti Azərbaycanın real suverenliyinin təmin olunmasına hədəflənib. Müqayisə apardıqda görürük ki, məğlub Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Hazırda da bu ölkə ayrı-ayrı qütblərdən və siyasi dairələrdən asılı vəziyyətdədir. Ölkəmizin siyasəti isə sırf müstəqillik və suverenlik prinsiplərinə əsaslanır, bizə heç bir mərkəz nəyi isə diktə edə bilməz və etmir də.  Prezident İlham Əliyev məhz bu mövqedən çıxış etməklə sülhməramlı kontingentin ərazilərimizdə yalnız müvəqqəti olmaqla yerləşdirilməsinə razılıq vermişdi.  Azərbaycan Silahlı Qüvvələri ötən il sentyabrın 19-20-də Qarabağda 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirləri keçirdi. Bu tədbirlərin nəticəsi olaraq Qarabağda separatizmə birdəfəlik son qoyuldu. Erməni əhalinin könüllü şəkildə Ermənistana getməsindən sonra sülhməramlı kontingentin ərazilərimizdə qalmasına da bir lüzum yox idi. Buna görə də Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq prosesə  başlanıb və onun 2024-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Hazırda  Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin  qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər. 

Qazaxın 4 kəndinin ölkəmizə geri qaytarılması

Aprel ayı ilə bağlı 5-ci mühüm məqam özündə Qazağın 4 kəndinin bir güllə belə atılmadan ölkəmizə qaytarılmasını ehtiva edir. Ermənistan zamanında Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərini də öz nəzarəti altına keçirmişdi. Təbii ki, qalib Azərbaycan bu 

kəndlərin də düşmən əlində qalması ilə barışa bilməzdi. Xatırladaq ki, aprelin 19-da  Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. 4 kəndin geri qaytarılması barədə razılaşma da məhz bu görüşdə əldə olunub.

Bəhs olunan kəndlərin ölkəmizə qaytarılmasını müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Burada razılaşmanın kənar güclərin iştirak etmədiyi görüşdə əldə olunması mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev daim əsaslandırır ki, regionun məsələləri məhz regionda həllini tapmalıdır. Kənar güclər Cənubi Qafqaz coğrafiyasında öz maraqlarından çıxış edirlər. Etimad quruculuğu yolunda mühüm addım olan məlum razılaşma Azərbaycan Prezidentinin mövqeyinin yeganə doğru yanaşma olduğunu bir daha təsdiqlədi. Bəhs olunan razılaşma manipulyasiyalarla sülh prosesinə əngəllər yaradan bəlli mərkəzlərə tutarlı cavab oldu.

Bununla Azərbaycan həm də işğal altında qalan bütün torpaqlarının geri qaytarılmasında israrlı olduğunu göstərdi. Otuz illik işğal dövründə Ermənistan nəzarətsizlikdən sui-istifadə etməklə sərhədləri Azərbaycan torpaqlarına doğru irəli çəkmişdi. İndi zaman gəlib ki, bu kimi özbaşınalıqlara son qoyulsun və tarixi ədalət bərpa edilsin!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31