Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya üçün vacib platforma

Dünya üçün vacib platforma

25.06.2024 [10:00]

Azərbaycanın bir-birini tamamlayan enerji siyasəti və yaşıl gündəliyi bütün dünyada böyük maraqla izlənərək təqdir olunur. Təsadüfi deyil ki, son vaxtlar respublikamız hər iki istiqamətdə fəal müzakirələrin aparıldığı və mühüm qərarların verildiyi məkana çevrilib. İyunun əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin keçirilməsi buna daha bir nümunədir. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində “Euronews” televiziya kanalına müsahibə verərək Azərbaycanın enerji siyasətinin mərhələləri və yaşıl gündəliyi, uğurla baş tutan transformasiya prosesləri barədə  ətraflı məlumat verib.

İlk sərgidən Bakı Enerji Həftəsinədək

Bugünədək Bakı Enerji Həftəsi uzun yol qət edib. Otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlayıb. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib. Sonuncu tədbirdə yalnız ötən dövrdə qazanılan uğurlara ekskurs edilməyib. Prezident İlham Əliyevin, ayrı-ayrı ölkələrin, müxtəlif təsisatların təmsilçilərinin və ekspertlərin iştirakı ilə aparılan müzakirələr çox doğru olaraq həm də gələcək nailiyyətlər üçün körpü qismində dəyərləndirilir. 

Azərbaycanın zəngin potensialının bütün dünyaya təqdim edilməsi 30 il əvvəl baş tutan ilk tədbirin böyük mirasıdır. O dövrdə gənc müstəqil respublikamız bir sıra çətinliklərlə üzləşmişdi. Böyük potensial, xüsusilə də dənizdə zəngin karbohidrogen ehtiyatları olsa da, Azərbaycanın bu resurslardan bəhrələnmək imkanları məhdud idi. İlk növbədə bunun üçün investisiyalarımız yox idi. Həmçinin ölkədə qarşıdurmalar yaşanırdı və bu səbəbdən də xarici investorlar respublikamıza sərmayələr yönəltməyə ehtiyatla yanaşırdılar. Birinci Xəzər Neft və Qaz Sərgisi, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Bu tədbirdən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Otuz il əvvəl ilk tədbirdən az sonra imzalanan”Əsrin müqaviləsi” çərçivəsində cəmi üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Ölkə neft gəlirləri əldə etməyə başladı və bu, bizim iqtisadiyyatımızın dirçəlməsinə, sosial problemlərin həllinə, neftdənkənar sahələrin inkişafına bir vəsilə oldu. Bəhs olunan müsahibəsində keçilən yola məmnuniyyətlə nəzər salan Prezident İlham Əliyev vurğulayıb: “Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.

Bütövlükdə, sonuncu Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edib. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatılıblar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarının ixtiyarına verilib. Bir sıra nüfuzlu beynəlxalq təsisatların yüksəksəviyyəli rəsmilərinin iştirakı və çıxışları da Bakı Enerji Həftəsinin qlobal enerji gündəliyi üçün nə qədər aktual olduğunu təsdiqləyən faktdır.

Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici məkandır

Bəhs olunan müsahibədə Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məsələlərdən biri ölkəmizin “yaşıl enerji” gündəliyi ilə bağlıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, sonuncu Bakı Enerji Həftəsi bir daha göstərdi ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Prezident İlham Əliyev bu fikri ifadə edərkən ilk növbədə ölkəmizin zəngin potensialına istinad edib. Bəli bu gün “yaşıl enerji”yə keçid dünya üçün bir çağırışdır. Bunu həm innovasiyalar, artan sənaye gücləri, həm də getdikcə ciddiləşən ekoloji tələblər, iqlim dəyişikliyi diqtə edir. 

Qlobal iqlim çağırışlarına münasibətdə güclü siyasi iradə ortaya qoyan Azərbaycan həmçinin bərpaolunan mənbələrdən enerji istesalı üzrə praktiki müstəvidə fəal siyasət həyata keçirir. Bu istiqamətdə ölkəmizin xarici tərəfdaşlarla əməkdaşlığı getdikcə genişlənir.  Ötən ilin oktyabrında “Masdar” şirkətinin investisiyaları hesabına yaradılan 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı baş tutdu. Sonuncu Bakı Enerji Həftəsi çərçivəsində isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimi keçirilib. 

Bildirildiyi kimi, bu, yalnız başlanğıcdır. Ölkəmiz tərəfdaşları ilə birlikdə orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırır. Hədəf məhz belə müəyyənləşdirilib və bunun üçün potensial var. Prezident İlham Əliyevin vurğuladığı kimi, yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Çətinliklər də yox deyil...

İndiyədək ənənəvi enerji istehsalında və ixracında zəngin təcrübə qazanan Azərbaycan enerji siyasətinin üçüncü mərhələsinə təzə başlayıb.  Qeyd olunduğu kimi, planlar tərəfdaşlarla birlikdə reallaşdırılır. “Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq”, - deyə Prezident İlham Əliyev bildirib.

İşin başlanğıcı isə, əlbəttə ki, çətinliklərsiz ötüşmür. Çətinliklərdən biri milli enerji şəbəkəsi ilə bağlıdır. Şəbəkə gücləndirilməlidir. Əks halda, sərmayədarların verdiyi enerjini qəbul etmək mümkün olmaz. Digər çətinlik ötürmə xətləri ilə bağlıdır. Burada istehsalçı ölkə olan Azərbaycan qonşu ölkələrlə fəal çalışmalar həyat keçirməlidir. “Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik”, - deyə dövlətimizin başçısı bildirib.

COP29 çərçivəsində həmrəyliyə nail olmaq əsas məqsədlərdən biridir

Azərbaycan BMT-nin ən böyük tədbirlərindən birinə - COP29-a ev sahibliyinin məsuliyyətini öz üzərinə götürməklə qlobal iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını bir daha ortaya qoyub. Respublikamız öz nümunəsində təsdiqləyir ki, iqlim çağırışları ölkələr üçün həm də ciddi bir öhdəlikdir. Qeyd edək ki, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə, Kioto protokoluna, Paris razılaşmasına qoşulan ölkəmiz özü üçün 2050-ci ilədək “sıfır emissiya “ hədəfi müəyyənləşdirib və hesabatlarını vaxtında təqdim edir. 

Hazırda Azərbaycan cari ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a məsuliyyətli hazırlıq həyata keçirir. Bu məqsədlə proaktiv addımlar atılır. O cümlədən BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis edilib.

Bütövlükdə, COP29 üçün ciddi və geniş əhatə dairəsinə malik gündəlik müəyyənləşdirilib. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı məsələləri, həmçinin bundan əziyyət çəkən ölkələrin problemlərini müzakirələrdən praktiki müstəviyə keçirmək niyyətindədir.  Bəzi ölkələr üçün iqlim dəyişikliyi artıq mövcudluq məsələsinə çevrilib. Zaman gözləmir. Belə ölkələrə təcili qaydada kömək göstərilməlidir. “Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31