Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Çin münasibətlərində yeni mərhələ...

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ...

05.07.2024 [10:10]

İki ölkə arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin mühüm siyasi nüansları... 

Sirr deyil ki, 2020-ci ildə baş verən Vətən müharibəsi və Azərbaycanın Zəfəri bölgədə yeni siyasi-iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də yeni münasibətlər sisteminin əsasını qoydu. Ötən dövr ərzində Azərbaycanın regional siyasi aktor kimi fəaliyyəti, hətta qlobal sistemin inkişafına verdiyi töhfələr diqqətlə izlənir - bunun nəticəsidir ki, dünyanın aparıcı gücləri, xüsusilə yeni siyasi-iqtisadi mənzərədə fəallığı ilə seçilən dövlətlər ölkəmiz ilə ikitərəfli əlaqələrin genişləndirilməsində və möhkəmlənməsində maraqlıdır. Yürütdyümüz praqmatik və milli maraqlara əsaslanan siyasət nəticəsində dünyanın bütün coğrafiyalarında dostlarımızın sayı günbəgün artır, bu dostluğun təməlləri möhkəmləndirilir, əlaqələr genişləndirilir, siyasi dialoq mühiti daha da dərinləşir. Azərbaycan üçün bütün coğrafi cəhətlərlə əlaqələr mühümdür - istər Şərq, istər Qərb, istər Avropa, istərsə də Asiya kontingenti ölkələri ilə yaxın əlaqələrin inkişaf etdirilməsi dövlət siyasətimizin ən mühüm prioritetlərindən birini təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan bütün regionlarla strateji münasibətlərini dərinləşdirir - Avropada bu gün 10-a yaxın ölkə ilə rəsmi strateji münasibətlər mövcuddursa, Asiyada da bu say gündən-günə artır. Belə ki, ölkəmiz 2004-cü ildə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”yə, 2005-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilələyə imza atmaqla bu əlaqələrin daha da dərinləşməsinə töhfə verib. Bundan başqa, Asiya qitəsində yerləşən Monqolustan Respublikası Azərbaycanı strateji tərəfdaşları siyahısına daxil edib.  Bir neçə gün öncə, iyulun 3-də isə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Çinin böyük dostu...

Bəyannamənin mahiyyətinə keçmədən öncə, vurğulamaq lazımdır ki, iki ölkə arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənməkdədir. Üst-üstə düşən maraqlar, uzalaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur. 

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməyə nəzər saldıqda, sənədin iki ölkə arasındakı münasibətlər sisteminin bütün sferasını əhatə etməsi diqqəti cəlb edir. Burada siyasi - iqtisadi bloklar, ikitərəfli münasibətlərin möhkəmlənməsi, beynəlxalq münasibətlər sisteminə baxış, qlobal proseslərdə əməkdaşlıq, maraqların uzlaşdırılması, qarşılıqlı şəkildə dövlət mənafeyinin qorunması və ən əsası təhlükəsizlik kimi strateji məqamlar yer almaqdadır. 

Vahid Çin” prinsipi qətiyyətlə dəstəklənir...

Bəyannamədə göstərildiyi kimi, Azərbaycan və Çin dövlətləri diplomatik münasibətlərin qurulduğu 32 il il müddətində ölkələr arasındakı ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə səmərəli nəticələr verdiyini önə çəkir - hər iki dövlət beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə etdiklərini vurğulayırlar. Sənədin ilk bəndində bildirilir ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Eyni zamanda, ölkələr bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.

Sənəddə bildirilir ki, hər iki ölkə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Çin tərəfi də öz növbəsində Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Qeyd edək ki, “Tayvan problemi” uzun illərdir ki, davam edir və məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan hər zaman “Vahid Çin” siyasətini dəstəkləyib. Hətta bu ilin mayında Tayvanda “separatçı adminstrasiya”nın rəhbərinin fəaliyyətə başladığı zaman Azərbaycanın xarici siyasət idarəsi bəyan etmişdi ki, ölkəmiz “Vahid Çin” siyasətini dəstəkləyir, Tayvanın müstəqilliyini tanımır. Bizim mövqeyimiz bundan ibarətdir ki, davam edən problemdə hüquqi mövqe Çinə aiddir - rəsmi Pekinin tələbləri beynəlxalq hüquqa əsaslanır. Çinin Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsinə gəlincə isə, rəsmi Pekin hər zaman Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyıb. Ən əsası isə post-müharibə dövründə baş tutan beynəlxalq tədbirlərdə və konfranslarda Çin dövlətinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini təqdir edib. Çin yeni dönəmdə Azərbaycanın bölgədə yaratmağa çalışdığı davamlı sülh və sabitlik arxitekturasının mühüm bir coğrafiya üçün perspektiv üstünlüklər yaradacağını hər zaman vurğulayıb. Bu mənada, dünyanın ən aparıcı siyasi-iqtisadi güclərindən sayılan Çinin Azərbaycanı dəstəkləməsi sülh prosesinin müsbət nəticələrə yol açmasında mühüm bir mərhələdir.  

Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə...

Sənəddə həmçinin, tərəflərin terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratması və bu çağırışların qarşısını almaq, onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyi də vurğulanır. Qeyd olunur ki, hər iki dövlət milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar. Eyni zamanda, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar.

Bəli, vurğulanan bu nüanslar müasir gündəliyin ən əsas çağırışlarıdır desək, yanılmarıq. Son illərdə dünyada, xüsusilə Avrasiyanın ən strateji nöqtələrində yaranan ciddi təhdidlər, kataklizmlər təhlükəsizlik amilini ön sıraya çıxarır. Qarşıdurmalara rəvac verən, ayrı-ayrı ölkələri silahlandırma yolu ilə təhlükəsizlik seqmentini təhdid altında qoyan mərkəzlər və ölkələr sülhün və əməkdaşlığın inkişafında maraqlı deyillər - onlar, öz mənafeləri uğruna dünyada qarşıdurmaların artan xəttlə davamlı olmasını arzulayır və bu istiqamətdə fəaliyyət nümayiş etdirir. Belə bir zamanda, yeni qlobal münasibətlər sisteminin ən geostrateji nöqtələrindən biri hesab edilən Cənubi Qafqaz-Mərkəzi Asiya coğrafiyasında təhlükəsizliyin qarant altına alınması mühüm bir şərtə çevrilir. Ayrı-ayrı sabotaj hallarının aradan qaldırılması, bölgəyə kənar təsirlərin zərərsizləşdirilməsi üçün əməkdaşlığın bu sahə üzrə inkişafına xüsusi ehtiyac duyulur - Azərbaycan ilə Çin arasında imzalanan sənəddə bu məqamın yer alması gələcək dövr üçün olduqca böyük işgüzar perspektiv yaradır. Azərbaycanın Mərkəzi Asiya - Avropa xətti üzrə inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda çoxtərəfli mahiyyət daşıması üçün bu məsələ ən real və yüksək səviyyədə öz həllini tapır. 

Siyasi-ictimai münasibətlər yüksək səviyyədədir

Bəyannamədə iki ölkənin siyasi və ictimai strukturları arasında mübadilə və əməkdaşlığın qarşılıqlı münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verdiyi də vurğulanır. Tərəflər Azərbaycanın hakim siyasi partiyası ilə Çin Kommunist Partiyası arasında mübadilə və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirlər. Bundan başqa, tərəflər əlaqələrin genişləndirilməsində və inkişafında qanunverici orqanlar səviyyəsində əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Bu kontekstdə iki ölkənin qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın fəallaşmasının vacibliyi də  sənəddə öz əksini tapır. 

Bildirildiyi kimi, Çin ilə Azərbaycan arasında ictimai həyatın ən müxtəlif sahələri üzrə əməkdaşlıq yüksək səviyyədədir - iki ölkənin aparıcı siyasi gücü sayılan iqtidar partiyaları arasında çoxşaxəli əlaqələr mühüm inkişaf tempinə malikdir. Qarşılıqlı səfərlər, təşkil olunan beynəlxalq səviyyəli partiyalararası konfrans və tədbirlər, partiyaların ayrı-ayrı strukturlarının əlaqələndirilməsi yönündə atılan addımlar müsbət nəticələr verir. Xüsusilə, son bir neçə ildə bu əlaqələrin daha da güclənməsi diqqəti cəlb edir. Qeyd olunmalıdır ki, bu il YAP və ÇKP arasında əməkdaşlıq münasibətlərinin qurulmasının 25 ili tamam olur. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin rəhbərliyinin 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının ilk qurultayında iştirak etmək üçün ölkəmizə səfəri ilə əsası qoyulan partiyalararası əməkdaşlıq əlaqələri ən güclü və intensiv formada davam etdirilir. 

Parlamentlərarası münasibətlərə gəldikdə isə, hər iki ölkənin qanunverici orqanında parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Vaxtaşırı edilən səfərlər, keçirilən görüşlər bu əlaqələrin daha da inkişaf etməsinə rəvac verir. 

Yaşıl hədəflər dəstəklənir...

Sənəddə Çinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini alqışladığı, ölkəmizin konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik rolunun dəstəklənməsi də yer alır. Bəyannamədə tərəflərin iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən “yaşıl” enerji sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerji daşıyıcıları, elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın qurulmasını birgə təşviq etməyə hazır olduqları da bildirilir. 

Azərbaycan hər zaman iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında ən önəmli yerlərdən birini tutub. İllərdir ki, önə çəkdiyimiz, təşviqini apardığımız “Yaşıl dünya” şüarı ümumi inkişaf prosesimizin ən ümdə ştrixlərini özündə birləşdirir - bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetlərin həyata keçməsi prosesində böyük cəsarət, qətiyyət nümayiş etdirir. Başqa sözlə, Azərbaycan yaşıl hədəflərini inkişaf etdirərək iqlim dəyişikliyinə qarşı mübarizədə özünün iradəsini ortaya qoyur. Bu amil isə bütün dünya üçün həm örnək sayılır, həm də əsas prioritetlərdən birinə çevrilməyi bacarır. Çin kimi dünya iqtisadiyyatının mühüm bir hissəsi sayılan dövlətin Azərbaycanın yaşıl hədəflərini dəstəkləməsi ölkəmizin qlobal məkanda tutduğu mühüm yeri özündə təcəssüm etdirir - təsadüfi deyil ki, Pekin Azərbaycanın ən yaxın partnyorlarından biri kimi bu tədbirdə iştirak edəcək. Ölkəmizin qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni özündə əks etdirən COP29 sədrliyinə dəstək gələcək əlaqələrin konturlarında yeni yaşıl hədəflərin yer alması üçün böyük imkanlar tanıyır. 

Hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı birgə səylər

Bundan başqa, sənəddə o da bildirilir ki, hər iki dövlət aktual beynəlxalq problemlər üzrə qarşılıqlı fəaliyyət göstərir, o cümlədən ikitərəfli səviyyədə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq təşkilatlar və forumlar çərçivəsində konstruktiv əməkdaşlığı dərinləşdirirlər. Eyni zamanda, tərəflər Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq sistemi birgə dəstəkləyəcək, beynəlxalq hüquqa əsaslanan beynəlxalq qaydaya, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edəcəklər. Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda bəşəriyyətin vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyirlər. Azərbaycan və Çin inkişaf etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə etməyə hazırdırlar. Tərəflər hesab edirlər ki, xalqın xoşbəxt həyatı insanın ən böyük hüququdur, insan hüquqlarının təşviqi işi xalq yönümlü olmalıdır. Tərəflər insan hüquqlarının qorunmasının bütün ölkələrin suverenliyinə hörmət kimi sarsılmaz prinsiplərə əsaslanmalı olması mövqeyindən çıxış edir və insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxırlar. Tərəflər insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi, inkişaf yolu ilə insan hüquqlarının irəlilədilməsi, əməkdaşlıq və dialoq yolu ilə insan hüquqlarının təbliğini dəstəkləyirlər, insan hüquqları sahəsində qlobal mexanizmlərin daha bərabərhüquqlu, ədalətli, səmərəli və tolerant məcrada inkişafına birgə yardım edəcəklər.

Ümumiyyətlə, qeyd olunan nüans son illərdə Azərbaycanın xarici siyasət prioritetləri arasında yer almaqdadır. Neokolonializmə, kiçik dövlətlərin və xalqların istismar olunmasına qarşı mübarizədə ön sıralarda yer alan Azərbaycan qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prisipləri əsasında qurulmasını təşviq edir. Çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən nəsnədir - Azərbaycan bu ülvi dəyərlərin inkişafını hər zaman üstün tutur. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Ölkəmizin təəşbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupunun neokolonializmə qarşı mübarizədə qazandığı uğurlar göz önündədir - Azərbaycan bu fəaliyyəti qlobal sülhün və ədalətin bərpası üçün öz töhfəsini verir. Çinin bu məsələdə Azərbaycanın yanında olması, dəstəkləməsi qarşıdakı dövrdə bu xəttin davamlı və daha effektiv fəaliyyət ortaya qoyması üçün də stimul sayıla bilər.

BRİCS-ə üzvlük alqışlanır...

Eyni zamanda, sənəddə o da vurğulanır ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan isə BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Ölkəmiz hər zaman beynəlxalq təşkilatlarla uğurlu əlaqələr qurmaqda, fəal əməkdaşlıqda maraqlı olub. Azərbaycanın ən böyük özəlliyi isə ondan ibarətdir ki, əməkdaşlıq və inkişaf məsələlərində hər zaman beynəlxalq birliyə inteqrasiyanı ön prioritet kimi qəbul edir - başqa sözlə, Azərbaycan ikitərəfli əməkdaşlıqlarla yanaşı, çoxtərəfli əməkdaşlıqları olduqca uğurlu şəkildə transformasiya etmək gücünü ortaya qoyur. Bu mənada həm ŞƏT-dəki hüquqi statusun yüksəldilməsi, həm də BRICS-ə üzvlük məsələsi ölkəmiz üçün olduqca mühüm məqamlardır. Təsadüfi deyil ki, müəyyən zaman kəsiyində Azərbaycanın BRICS ilə əməkdaşlığı məsələsi aktuallıq daşıyıb. BRICS Cənubi Qafqaz üçün əhəmiyyətli təsisat sayılır - xüsusilə, bir sıra qonşularımızın bu təşkilatın sıralarında yer alması, ən yaxın müttəfiqimiz olan Türkiyənin bu quruma üzvlükdə maraqlı olması BRICS-i bizim üçün daha da cəlbedici edir. BRICS beynəlxalq münasibətlər sistemində özünəməxsus yerə, geniş potensiala malik birlik sayılır - onun fəaliyyətində rəhbər tutduğu çoxtərəflilik, inklüzivlik kimi məqamlar Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür. BRICS-in 3 əsas əməkdaşlıq istiqaməti - siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, mədəni-xalqlarası münasibətlər isə bizim siyasi maraqlarımızla tam uzlaşır... 

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31