Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İqtisadi həmrəylik platforması

İqtisadi həmrəylik platforması

06.07.2024 [10:35]

Yeni iqtisadi-ticari tələbatlar Azərbaycanın ŞƏT-ə inteqrasiyasını dərinləşdirir

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ən mühüm detallarından biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Çinlə siyasi, iqtisadi, nəqliyyat-tranzit təmaslarının əlaqələndirilməsi, ölkəmizin bu nəhəng təşkilatda təmsilçiliyinin təmin edilməsidir. Birgə Bəyannamə faktiki olaraq Azərbaycanın bu qlobal təşkilatlarda layiqli ölkə iştirakçılığına hüquqi təminatlar yaradır.

2024-cü il fevralın 8-də Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edərkən Azərbaycan ilə ŞƏT arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirib. Bu, Azərbaycanın ŞƏT-lə yaxın gələcəkdə daha sıx əməkdaşlığı üçün verilən anons idi və iyulun 3-də Astanada Azərbaycan və Çin arasında imzalanmış Birgə Bəyannamə də məhz bu quruma inteqrasiyanın növbəti pilləsi oldu. 

Sözsüz ki, rəsmi Pekin Azərbaycanı və Türkiyəni təşkilatın sıralarında görməkdə çox maraqlıdır. Bu baxımdan Astana görüşü Azərbaycanın bu təşkilatla uzunmüddətli planda əməkdaşlığı üçün yeni perspektivlər açır, ölkəmizin nəqliyyat-logistika, tranzit və iqtisadi resursa potensiallarını iqtisadi-coğrafi baxımdan bu əlverişli blokla əlaqələndirməsini təşviq edir. Onu da nəzərə alsaq ki, ŞƏT ölkələrinin hər biri Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsü alyansında birləşib və Azərbaycan da bu qlobal tranzit arteriyasının üzvüdür, bu baxımdan ölkəmizi adıçəkilən təşkilatın iqtisadi ailəsinin üzvü hesab etmək olar. Xüsusilə də Yeni İpək Yolunun Orta dəhlizi ilə sıx bağlantıları fonunda yaranan yeni geoiqtisadi amillər Azərbaycanın Şərq-Qərb iqtisadi klubunda yer almasını daha vacib faktora çevirir. Həmçinin ŞƏT-ə daxil olan dövlətlərlə ölkəmizin müasir əməkdaşlığından qaynaqlanan iqtisadi-ticari tələbatlar da bu təşkilata inteqrasiyanı dərinləşdirir.

Sözsüz ki, rəsmi Bakı qlobal və regional təşkilatlara hansısa siyasi maraqlar bucağından yox, iqtisadi mənafe və bərabərhüquqlu təmsilçiliyə əsaslanan tərəfdaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində inteqrasiyanı dərinləşdirən formatlar rakursundan yanaşır. Respublikamız indiyə qədər üzv olduğu və yaxud tərəfdaş kimi cəlb edildiyi bütün institutlarda yalnız səmərəverici və faydalı əməkdaşlıq töhfələri ilə yadda qalıb, Avropa və Asiya ölkələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərinə enerji və qeyri-enerji ixraclarında birinci prinsip kimi iqtisadi həmrəyliyi əsas götürüb, münasibətlərində heç bir zaman siyasi motiv olmayıb. Buna görə də, sülh və rifaha xidmət edən bütün platformalara açıq ölkə kimi Azərbaycan nümunəvi iqtisadi davranışı ilə hörmət və etibar qazanıb. 

Şanxay Əməkdaşlıq Təşkilatının idarəedici heyətinin Azərbaycana bu qədər yaxın olması, ölkəmizə bu platformaya cəlb etmək niyyəti d? məhz həmin dürüstlük, hörmət və etibara olan inamın ifadəsidir. Böyük bir iqtisadi alyansa çevrilmiş 

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın qlobal dünya ilə balanslaşdırılmış və çoxşaxəli siyasətinin müsbət nəticələrini, eləcə də artan resurs və tranzit imkanlarını nəzərə alaraq bu ailənin üzvü olmasına çalışır. Nəticə etibarilə hazırda Azərbaycan da öz iqtisadi resurs coğrafiyasını genişləndirir, ŞƏT də Avropadan, Yaxın Şərqdən Cənubi və Şərqi Asiyaya qədər geniş coğrafi ərazilərdə iqtisadi proqramlarının əhatəsini böyüyür. Prinsip etibarilə ölkəmizin bu təşkilatrın ticarət ailəsinin üzvləri ilə əlaqələri birləşir. 

Azərbaycan xüsusilə Çin kimi dünyanın iqtisadi nəhəngləri ilə iqtisadi-ticari dövriyyəni durmadan artırır, digər tərəfdaş ölkələrlə müxtəlif iqtisadi güzəşt və ticarət razılaşmaları əsasında iqtisadi dövriyyələri böyüdür. Bu strateji hədəflərin gerçəkləşməsində ŞƏT alternativ əməkdaşlıq platforması kimi mühüm əhəmiyyət daşıyır. Bir sözlə, ölkəmizin iqtisadi-ticari xətti və ruhu “Şanxay ruhu” ilə eyniləşməkdədir.

ŞƏT-də təmsil olunmaq Azərbaycan-Çin strateji tərəfdaşlığını yeni mərhələyə qaldırmaqla, həm ikitərəfli, həm də regional və beynəlxalq çərçivədə təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın dərinləşməsinə dərin zəmin yaradır. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı dinamik inkişaf edən və böyük iqtisadi potensialı olan dövlətlərin də iştirak etdiyi regional beynəlxalq qurum kimi son illər siyasi mövqeyini artırır, onda  Azərbaycanın və qardaş Türkiyənin bu təşkilatda dialoq tərəfdaşı kimi iştirakı mühüm əhəmiyyət daşıyır.

BRİCS - iqtisadi imkanları birləşdirir

Nəzərə alsaq ki, BRICS qrupunun üzvləri dünyanın ən inkişaf etmiş ölkələri olan  Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri qlobal iqtisadi platformalarda təsiredici və müəyyənedici rola malikdir, eləcə də trans-kontinental marşriutların və dəhlizlərin müəllifidir, bu baxımdan bu təşkilatın da siyasi və iqtisadi statusu digərlərindən geri qalmır. Nüfuzlu “Goldman Sachs” agentliyinin ekspert icmasının fikrincə, 2050-ci ilə BRİCS ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. 

Bu qrupun üzvləri zəngin kənd təsərrüfatı və aqrar-sənaye, mineral və təbii resurslar, intellektual güc və qabaqcıl texnoloji resurslar, qlobal əmək bazarındakı imkanlar baxımından imkanları şaxələndirməklə daha məqsədyönlü addımlar atmaqdadır. 2023-cü ildə BRİCS ölkələrinin ÜDM-i qlobal ÜDM-in 36 faizini təşkil edib ki, bu da hədsiz böyük rəqəmdir. Bu son 15 ildə qlobal iqtisadiyyatda əlavə dəyərin payının 10 faizdən çox artımı deməkdir. Bu, “G7” ölkələrinin qlobal iqtisadiyyatda payından çoxdur. Həmin ölkələrin dünya iqtisadiyyatında əlavə portfelinin həcmi 29 faizə bərabərdir. Hazırda iqtisadi güc baxımından BRİCS “G7-dən” irəliyə çıxıb. Eyni zamanda, dünya əhalisinin təqribən 45 faizi bu qrupa üzv ölkələrdə cəmləşib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, beynəlxalq ticarətin təxminən 20 faizi, maliyyə resurslarının isə 25 trilyon dolları  BRİCS ölkələrində cəmləşib. 

Adıçəkilən qlobal platformada yer alan ölkələrin iqtisadi hədəfləri genişmasştablı xarakter daşımaqla ümümdünya iqtisadi coğrafiyasının yeni koordinatlarını müəyyən etməyə, yeni tərəfdaşları əməkdaşlığa cəlb etməyə hesablanıb. Bu baxımdan BRİCS-in də öz sıralarını genişləndirməsi, digər təşkilatlarla bir çox məsələlərdə vahid platformada birləşməsi mümkündür. Ümumi iqtisadi yanaşmaya əsaslansaq, BRİCS-in hədəf və prinsipləri məntiqi olaraq ŞƏT-in hədəf trayektoriyasında uyğundur, hətta bir sıra məsələlərdə hər iki təşkilatın iqtisadi maraq və mənafeləri üst-üstə düşür. 

Azərbaycana gəlincə, ölkəmiz BRİCS dövlətləri ilə çox yaxın təmaslara malikdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRİCS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normal və məntiqlidir. Azərbaycan BRİCS ölkələri ilə tərəfdaşlıq münasibətlərini artırması ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır. Respublikamız BRİCS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bütün bunlar BRİCS-in genişlənməsi fonunda Azərbaycan üzərindən aparılan qarşılıqlı ticarətin artmasına da fürsət yaradır. 

Azərbaycanın BRİCS-ə üzv olmaq istəyi isə qlobal iqtisadi həmrəylik ideyasına əsaslanır. Respublikamız qlobal təşəbbüslərlə çıxış edən, qlobal dialoqun keçirildiyi bir ölkəyə çevrilib və yeni dünyada öz nüfuzlu yerini tutmağa çalışır. Həmçinin, regionda yeni reallıqların yaradılması ölkəmizə qlobal miqyasda inamı daha da artırıb. Eyni zamanda, dünyada yeni qütblərin, qüvvələrin yaranması baş verməkdədir. İnkişaf etmiş ölkələri böyük əksəriyyəti vahid iqtisadi ideya ətrafında birləşərək birqütblü dünyaya qarşı çıxır, iqtisadi potensialların şaxələndirilməsinə üstünlük verir. Əsas məqsəd iqtisadi inkişaf, dövlətin iqtisadi cəhətdən güclənməsi, vətəndaşların maddi rifah halının daha da yaxşılaşmasıdır. Faktiki olaraq ölkəmiz sözügedən təşkilatın əhəmiyyətli iqtisadi proqramlarının irəliləməsinə töhfə verərək həm də BRİCS-in ümumi inkişafına kömək edir. Bu baxımdan istər ŞƏT, istərsə də BRİCS-də həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığın təşviq olunduğu xoşniyyətli platformadır.

Beləliklə, BRİCS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, ölkənin iqtisadi siyasətinin hədəflərinə uyğundur. Bu, Qərb və Şərqlə yaxın və sıx tərəfdaşlıq əlaqələri quran ölkəmizin millli mənafe və maraqlarını hər iki platforma və qütblərdə təmin etmək üçün mühüm fürsət deməkdir. 

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31