Azərbaycan - Pakistan: İki qardaş ölkə...
12.07.2024 [10:00]
Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursunda geniş İslam coğrafiyasında yerləşən ölkələrlə əlaqələrin daha sıx bağlarla möhkəmləndirilməsi xətti xüsusi yer tutur. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq tarixi ənənələrinə, milli-mənəvi dəyərlərinə əsaslanmaqla dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Bu məzmunda ardıcıl şəkildə reallaşdırılan siyasət İslam dünyasında ölkəmizə və onun Liderinə böyük hörmət qazandırıb. Hazırda respublikamız ayrı-ayrı İslam ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlıq edir. Dost Pakistan İslam Respublikası da bu sırada yer alır. İki dövlət arasında əməkdaşlıq əlaqələri kifayət qədər yüksək səviyyədədir. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev ikitərəfli əlaqələri belə səciyyələndirib: “Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir”.
Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. O bildirib: “Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”.
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri
Etiqad eyniliyi, milli-mənəvi dəyərlərin oxşarlığı, bir sıra tarixi amillər Azərbaycan və Pakistan cəmiyyətlərini həmişə bir-birinə bağlayıb. Tarixin bütün dönəmlərində Azərbaycanda Pakistana, Pakistanda isə Azərbaycana xoş mərama əsaslanan münasibət sərgilənib. Eyni zamanda, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra Azərbaycan-Pakistan əlaqələri davamlı şəkildə inkişaf etməklə bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Prezident Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri baş tutub və bu səfər əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.
Sonrakı mərhələdə Prezident İlham Əliyevin Pakistana və dost ölkənin dövlət və hökumət rəhbərlərinin Azərbaycana çoxsaylı səfərləri reallaşıb. Bu səfərlər çərçivəsində aktual müzakirələr aparılıb və ikitərəfli münasibətlərin inkişafını hədəfləyən mühüm sənədlər imzalanıb. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib.
Azərbaycanın dövlət başçısının iyulun 11-12-sini əhatə edən dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfərin gündəliyində aktual məsələlər yer alır, eyni zamanda mühüm görüşlərin keçirilməsi və 10-dan çox sənədin imzalanması nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.
İki dost ölkənin bir-birinə qarşılıqlı dəstəyi
Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi. Artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.
Oxşar problemlə Pakistan da üzləşib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə dost ölkənin yanında olduğuna diqqət çəkib: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Baş nazir Məhəmməd Şahbaz Şərif isə “Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”, - deyə bildirib.
“ŞƏT plyus” formatında mühüm görüş
Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir. Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.
Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının son iki Sammitində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb. Bundan əlavə, ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə olub.
Mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan-Pakistan münasibətləri yeni formatlar çərçivəsində də inkişaf etdirilir. Deyə bilərik ki, Azərbaycan - Türkiyə - Pakistan üçbucağı formalaşıb. Bu baxımdan Astanada “ŞƏT plyus” formatında iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş çox önəmlidir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin perspektivdə daha da dərinləşəcəyini deməyə əsas verir.
İqtisadi sahədə genişlənən əməkdaşlıq
Azərbaycan və Pakistan siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlığı da müxtəlif istiqamətlərdə genişləndirmək niyyətindədirlər. 1995-ci ilin oktyabrında Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” imzalanıb, 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub. 2017-ci ilin fevralında Azərbaycandan ixrac missiyası Pakistanda işgüzar səfərdə olub. Həmin ilin iyulunda isə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib və “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu ilin aprelində Bakıda Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sərgisi keçirilib. Pakistan Pavilyonunda 10 şirkət təmsil olunub.
Həmin ilin sentyabrında keçirilən Azərbaycan-Pakistan biznes forumunda kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və digər sahələrdə fəaliyyət göstərən 150-dən artıq iş adamı iştirak edib, Azərbaycan Ticarət və Sənaye Palatası ilə Pakistanın Sərhəd Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, həmin ilin oktyabrında Bakıda Pakistan malları, dekabrında əczaçılıq məhsulları sərgisi təşkil olunub. Bundan sonra iki ölkədən nazirlər və biznes dairələri səviyyəsində çoxsaylı səfərlər reallaşdırılıb. 2023-cü ilin iyulunda Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Lahorda “Azərbaycan Respublikasının “SOCAR Trading” şirkəti ilə Pakistan “LNG Limited” şirkəti arasında LNG yüklərinin alqı-satqısı haqqında Çərçivə Müqaviləsi”nin imzalanma mərasimi keçirilib.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.
Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq -Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. 2023-cü ildə iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir.
Humanitar sahədə əməkdaşlığın genişlənməsinə Heydər Əliyev Fondunun mühüm töhfələri
İki dost ölkənin sıx əməkdaşlıq etdiyi istiqamətlərdən biri humanitar sahədədir. İndiyədək Azərbaycanın və Pakistanın elm və təhsil müəssisələri arasında sıx əlaqələr qurulub. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə dost ölkəyə 9 milyon ABŞ dollarından çox yardım edib.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsinə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fond tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və məktəb 2012-ci ildə əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb.
Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban xanım Əliyevaya təqdim edib.
Bu sahədə əməkdaşlıq sonrakı illərdə də davam etdirilib. 2019-cu ilin aprelində Heydər Əliyev Fondu Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Həmin ilin mayında Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi” fəaliyyətə başlayıb. 2021-ci ilin iyununda Pakistanın Xeybər Paxtunxva əyalətinin mərkəzi Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib. Həmin ilin iyul ayında isə Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. 2023-cü ilin dekabrında Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev adına auditoriya açılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

