Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın yaşıl gündəliyi

Azərbaycanın yaşıl gündəliyi

19.07.2024 [10:45]

Uğurlu inkişaf modelinə malik olan Azərbaycan özünün ölkənin potensialı və reallıqları əsasında qurulan siyasətində həmçinin qlobal çağırışları da nəzərə alır. Hazırda dünyada yaranan əsas çağırışlardan biri ətraf mühit problemləri, yaşıl transformasiyalarla bağlıdır. Ölkəmiz də bu mühüm çağırışa son dərəcə həssaslıqla yanaşır və gördüyü tədbirlərlə qlobal həmrəyliyə dəstəyini verir. Qeyd edək ki, respublikamızın yaşıl siyasəti yalnız Xəzər sahillərindəki, Abşerondakı, işğaldan azad olunmuş ərazilərdəki, Naxçıvandakı zəngin potensialdan bəhrələnməklə yaşıl enerji istehsalının artırılmasını əhatə etmir. Bu istiqamətdə Azərbaycanın siyasəti daha geniş məzmuna malikdir.

Bütün dünya ölkələri üçün çalınan həyəcan təbili

Hazırda iqlim dəyişmələrinin və dekarbonizasiya məsələlərinin qlobal miqyasda əsas çağırışlardan biri kimi gündəmə gəlməsi heç də təsadüfi deyil. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Fəsadlardan heç bir ölkə sığortalanmayıb. Həyəcan təbili, necə deyərlər, hər yerdə və hamı üçün çalınır.

Azərbaycan da qlobal iqlim dəyişmələrindən əziyyət çəkən ölkələr sırasında yer alır. Bir qədər bundan əvvəl  “Azərkosmos” “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş konfransda qlobal iqlim dəyişmlərinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. “Azərkosmos”un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının çoxunda azalmalar baş verib. Məsələn, 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, ötən il bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. “Azərkosmos”un hesablama apardığı  Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar olub. “Azərkosmos” peyk görüntüləri ilə ölkənin ən böyük çayı olan Kür çayını da monitorinq edib. Həmin görüntülərin təhlili göstərir ki, 2020-ci ildə Kürün Salyan şəhəri yaxınlığından keçən hissəsində çayın orta eni 101 metr idisə, 2023-cü ilin eyni dövründə bu göstərici 93 metrə enib.

Azərbaycanın 5 milli prioritetindən biri

Bəhs etdiyimiz qlobal mənzərə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya, ətraf mühit məsələlərini önə çəkməlidir. Bu mənada məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi  isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.

Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşılması və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatılması SOCAR-ın əsas məqsədlərindən biridir.

Ölkənin ərazi bütövlüyünün bərpasından sonra başlayan yeni strateji mərhələdə ətraf mühit məsələləri ölkəmizin əsas prioritetləri səviyyəsinə yüksəldilib. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ekologiyanın mühafizəsinə xüsusi diqqət ayrılıb. Qəbul olunan yeni strategiyaya əsasən respublikamızda növbəti on il üçün müəyyənləşdirilən strateji dönəmdə 5 milli prioritetin reallaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub ki, bunlardan biri də təmiz ətraf mühit prioritetidir. Strategiyaya əsasən Azərbaycanın yaxın perspektivdə yaşıl artım ölkəsinə çevrilməsi yalnız yaşıl enerji istehsalının artırılmasını deyil, bütövlükdə respublikamızın transformasiyasının digər mühüm istiqamətlərini də əhatə edir. Bura həm dekarbonizasiya məsələləri, həm də yaşıllıqların qorunması və artırılması, eləcə də su və digər təbii sərvətlərdən daha səmərəli istifadə edilməsi daxildir.

Paytaxtda və regionlarda salınan yaşıllıqlar

BMT-nin əsas tədbirlərindən biri olan COP29 iqlim konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməsi, həmçinin dövlət başçısının müvafiq sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli”  elan olunması Azərbaycanın ətraf mühit məsələlərinə məsuliyyətli  yanaşmasının əyani təsdiqidir. Ölkəmizin yaşıl siyasətində, həmçinin paytaxtda və regionlarda yaşıllıqların artırılması istiqaməti mühüm yer tutur. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət Proqramı sənədlərində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə bir sıra mühüm vəzifələr müəyyənləşdirilib və biomüxtəlifliyin mühafizəsi, su və digər təbii ehtiyatların davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub.

Ölkəmizdə dövlət başçısının 18 fevral 2003-cü il tarixli fərmanına əsasən “Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram” təsdiq edilib. Sənədin icrası 2008-ci ildə böyük uğurla tamamlanıb. Milli Proqramda Talış meşələrində qədim dövrlərdən bu günə qədər gəlib çatmış relikt və endem ağac cinslərinin qorunması, mühafizəsi, bərpası və onların yayılma ərazilərinin artırılması, Kür-Araz çayları ətrafında Tuqay meşələrinin bərpası, rekonstruksiya yolu ilə cins tərkibinin yaxşılaşdırılması, dağlıq ərazilərdə meşələrin qoruyucu funksiyalarını yüksəltmək üçün bərpa olunması, Abşeronun arid ərazilərində təbii landşaftı dəyişdirərək, onun yerində meşə landşaftının yaradılması və s. məsələlərin həllinə xüsusi diqqət yetirilib. Proqramın icrası çərçivəsində 60 min hektara yaxın sahədə meşələr bərpa olunub və yeni meşələr salınıb. Bu göstərici əvvəlki 5 illə müqayisədə 2 dəfə çox olub. O cümlədən Milli Proqramın icrası çərçivəsində Abşeron yarımadasında, Bakı şəhərinin ətraf ərazilərində 1087 hektar sahədə yeni meşə və yaşıllıqlar salınıb.

Bəhs olunan Milli Proqramın icra müddəti 2008-ci ildə tamamlansa da, ölkədə yaşıllıqların artırılması sonrakı dövrdə də intensiv şəkildə davam etdirilib. Ümumiyyətlə, son illərdə ölkə üzrə yaşıllaşdırma iki istiqamətdə aparılıb. Birinci istiqamət Abşeron yarımadasında aparılan yaşıllaşdırma işlərini əhatə edir. Proqrama uyğun olaraq Zığ gölünun və Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən magistralın ətrafında, Sabunçu dairəsində, Bakı yamacı - 20-ci Sahə arasındakı ərazilərdə, bütövlükdə Bakıətrafı ərazilərdə 3 milyon ədəd ağac əkilməsi qarşıya hədəf qoyulub. 

Yaşıllaşdırma ilə bağlı ikinci istiqamət isə respublikanın magistral yollarının kənarlarında yaşıllıq zolaqlarının salınmasını əhatə edir. Prezident İlham Əliyev “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması” haqqında 30 oktyabr 2007-ci il tarixli sərəncam imzalayıb və bu məqsədlə lazımi qədər maliyyə vəsaiti ayrılıb. Birinci mərhələdə Bakı-Ələt, Ələt-Salyan və Ələt-Atbulaq istiqamətində həyata keçirilən işlərin perspektivdə də davam etdirilməsi nəzərdə tutulur.

Ötən il ölkə ərazisində 2500 hektar ərazidə 3 milyon 200 mindən çox ağac və kol tingi əkilib. Bundan əlavə, meşə fondu torpaqlarında bərpa məqsədilə 32 tona yaxın meşə cinslərinə aid ağac və kolların toxumları səpilib. “Yaşıl dünya naminə həmrəylik İli”ndə isə 5 milyon ağacın əkilməsi planlaşdırılır.

Ölkə ərazisində başlayan yaşıl hərəkatda Bakının yaşıllıqlarının artır?lması xüsusi diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, dövlətimizin başçısının tapşırığı ilə paytaxtımızda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Elə bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə  Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı sakinlərin və şəhərimizin qonaqlarının istifadəsinə verilib.

Heydər Əliyev Fondunun töhfələri

Paytaxt Bakıda və regionlarda yaşıllaşdırma işlərinin aparılmasına Cənubi Qafqaz regionunun ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da hərtərəfli dəstək verir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar davamlıdır və təqdir olunur. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət edir. İDEA İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı əsasında keçirilən “Hər kağızı bir yarpağa dəyişək” aksiyası çərçivəsində Balaxanı poliqonunda böyük ərazi yaşıllaşdırılıb. 2014-cü il 7 may tarixində İDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyırdı. Son illərdə Heydər Əliyev Fondu regionlarda meyvə bağlarının salınmasında yaxından iştirak edir. Fond tərəfindən paytaxtda reallaşdırılan və məhəllələrin abadlaşdırılmasını əhatə edən layihə də sakinlər tərəfindən minnətdarlıqla qarşılanır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

Gündəm

Siyasət

Xilaskarlıq missiyası

14 İyun 12:05  

MEDİA

150 ilə sözardı

14 İyun 11:38  

Analitik

Analitik

Ukraynaya “mesaj”...

14 İyun 11:00  

Siyasət

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30