Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhə maneə - 5 aprel  paktının gizlinləri...

Sülhə maneə - 5 aprel  paktının gizlinləri...

30.07.2024 [09:50]

Kəşfiyyat dronları yeni eskalasiyanın anonsudur?

Ermənistan yenidən hərbi təxribatlara əl ataraq bölgədə eskalasiya təhdidi formalaşdırmaqdadır. Artıq bir müddətdir ki, sülhlə bağlı prosesləri qeyri-rəsmi də olsa, ikinci plana keçirən İrəvan açıq şəkildə təhdid yaratmağa davam edir. Bəzi hallarda ikitərəfli görüşlərdən yayınmağa çalışan, həm media, həm də sosial şəbəkələr vasitəsilə guya Azərbaycanın hansısa “hücum ehtimalını” irəli sürən Ermənistan bu yolla özünün hərbi təxribatlarını pərdələməyə çalışır. Halbuki, Ermənistan özü müharibə istəyindən geri çəkilmir - Fransa tərəfindən silahlandırılması, ABŞ tərəfindən hərbi təlimlərə cəlb edilməsi onu göstərir ki, İrəvan dildə sülhə sadiq olduğunu desə də, əməldə sülhdən uzaqdır. Yeri gəlmişkən, iyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. 

Son 10 gündə mütəmadi hal alan hərbi təxribatlar...

Vurğulayaq ki, bu təxribat Ermənistanın bu ayda əl atdığı ilk təxribat deyil - son on gündə İrəvan Azərbaycana qarşı mütəmadi atəşkəsi pozub. İyulun 20-si Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

İyulun 25-də isə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. Xatırladaq ki, Londonda keçirilməsi nəzərdə tutulan görüşlərlə eyni vaxta təsadüf edən bu təxribatların alt mahiyyətində nələrin dayanması hər kəsə bəllidir - Müdaifə Nazirliyinin bununla bağlı bəyanatında da bildirilirdi ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi davamlı xarakter daşıyır: “Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir. Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”.

Ermənistan yenidən təhdid yaradır...

Qeyd edək ki, Ermənistanın sülh prosesindən uzaqlaşaraq yenidən hərbi qarşıdurma yolunu seçməsi təsadüfi deyil. Bu ilin əvvəlində hətta iki ölkə arasında bir sıra ərazilərin delimitasiya və demarkasiyasının belə tutmasını göz önünə gətirsək, İrəvanın öz istiqamətini dəyişməsinin səbəblərini fərqli rakurslardan izah etmək olar:

-Kənar müdaxilələrə arxayınlıq;

-Ukrayna müharibəsi fonunda regionda yeni siyasi-hərbi situasiya yaranması “ehtimalı”;

- Avropanın, xüsusilə Fransanın bölgəyə müdaxiləsi üçün ilkin şərtləri formalaşdırmaq istəyi;

- Nəhayət, Qərb ilə İrəvan arasındakı 5 aprel görüşünün arxa planı fonunda üzə çıxan həqiqətlər...

Təbii ki, bütün təhlillər birmənalı şəkildə Ermənistanın fərqli dairələr tərəfindən bu məsələyə təhrik olunması ehtimalını gücləndirir - çünki, Ermənistan ötən 4 il ərzində ölkəmizə qarşı təxribatların hansı nəticələr yarada biləcəyini əyani surətdə görüb. Bu səbəbdən də, indiki halda İrəvanın yenidən öz “vəd”inə xilaf çıxaraq sülhdən yayınmasında xarici təsirlərin gücü böyükdür. 

Paris və Delhi İrəvanı silahlandırır...

“Ermənistan və təxribat” frazaları birgə səslənirsə, ağıla ilkin ehtimal kimi mütləq şəkildə Fransa gəlir. Parisin bu günə qədər ölkəmizə qarşı bütün müstəvilərdə apardığı antikampaniyalarda fərqli dairə və mərkəzlərin, hətta təşkilat və ölkələrin “yardımına baş vurması” sirr deyil. Son 4 ilin siyasi statistikasına nəzər salsaq, Paris ölkəmizə qarşı beynəlxalq arenalarda müxtəlif tipli kampaniyalar aparmaqla yanaşı, işğalçı Ermənistanı açıq və ya gizlin şəkildə silahlandırıb. Bu kimi faktlar onlarladır - ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri çərçivəsində imzalanan müqaviləyə görə, Fransa İrəvana yeni model silah verəcəyi öhdəliyini götürüb. KİV-in yazdığına görə, “Ermənistanla müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin davamı” kimi izah edilən bu müqaviləyə əsasən, İrəvana “Caesar” haubitsaları veriləcək. Xatırladaq ki, Fransanın Ermənistana göndərdiyi əvvəlki zirehli texnika aşağı keyfiyyətli idi - “Caesar” haubitsalarının göstəricisi isə bir az fərqlidir: bu silah 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. “Caesar” zirehli yük avtomobilinə bərkidilmiş artileriya sistemidir.

Fransa bölgədə müharibəyə nail olmaq üçün bütün mümkün addımlara gedir - hətta, İrəvan birbaşa olmaqla yanaşı, dolayısı ilə də (Hindistanın əli ilə) silahlandırılır. Ermənistan ABŞ-la birgə hərbi təlimlər zamanı Hindistan istehsalı olan dəbilqəyə quraşdırılan termal görüntülü monokulyardan istifadə edib. Hindistanın “Tonbo Imaging” şirkətinin istehsalı olan bu avadanlıqlar Ermənistan ordusunda əvvəllər mövcud olmayıb. Hazırda isə Ermənistandan başqa Hindistan ordusu da “Spartan-SH” adlanan bu monokulyardan məhdud sayda əldə edir. Bütun bunlarla yanaşı, İrəvanın Hindistandan artilleriya sistemləri, “Pinaka” reaktiv buraxılış qurğularının, müxtəlif atıcı silahların, döyüş sursatı və partlayıcı maddələrini alması barədə məlumatlar da mövcuddur - 2020-ci ildə Ermənistan Hindistandan 40 milyon dollara dörd ədəd “Svathi” kontrbatareya atəş radarı əldə edib, lakin onlar Azərbaycanla müharibə zamanı uğurlu tətbiq edilmədi. Müharibədən sonra isə Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemini və “Akash” zenit raket kompleksini alıb. Lakin bu silahları Ermənistan müharibədən sonrakı dövrdə istifadə etməyib.

Hərbi təlimlər, yoxsa vizual “dəstək kampaniyası”...

Başqa diqqət çəkən məqam isə Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə iyulun 15-dən 24-dək keçirilən “Eagle Partner” (“Qartal tərəfdaşlığı”) hərbi təlimləridir. Qeyd edək ki, təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edib. Təlimin keçirilməsi ilə bağlı yayılan rəsmi məlumatda onun beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılması kimi məqsədlər qeyd edilsə də, əsl mahiyyətin fərqli olması hər kəsə bəllidir. Qərb bütün vasitələrlə Ermənistanı öz caynağından buraxmaq niyyətində deyil və bunu fərqli yollarla həm də nümayiş etdirməyə çalışır. Düzdür, Qərb Ermənistanı fərqli oyunlar üçün istifadə etsə də, İrəvandan alət kimi istifadə edilməsinin əsas hədəfi Bakı olmasa da, Ermənistan bu “dəstəkdən” ruhlanır. Nəticədə, hətta sülh prosesini “iqnor” edərək yenidən hərbi “manevrlər” arzusuna düşür. Bu isə ilk növbədə Ermənistanın özü üçün müsbət heç bir şey vəd etmir. 

5 aprel paktının gizli şifrəsi bəlli olur...

Görünən real mənzərə ortadadır: Cənubi Qafqazda bu və ya digər şəkildə marağı olan, sülh prosesinə müdaxilə etmək istəyən, özünün mənafeyini prosesdə təmin etməyə çalışan güclər bu yolla məsələnin mahiyyətinin istiqamətinə yön verməyə  çalışırlar. Ermənistanı “silahlı tərəf” kimi qələmə vermək və onun arxasında olduqlarını nümayiş etdirmək üçün işlənən planın detalları da bəllidir - bunun üçün ilk növbədə Ermənistanı hərbi cəhətdən “dirçəltmək” niyyəti ortada idi ki, bunu da ABŞ və Fransa “öz üzərinə” götürüb. ABŞ ilə birgə hərbi təlim görüntüsü, Ermənistan siyasi rəhbərliyinin “NATO hərbi sisteminə transorfmasiya” ilə bağlı fikirləri, dövlətin təhlükəsizliyi ilə bağlı balansın Qərbin lehinə dəyişdirilməsi cəhdləri, sərhədlərin qorunması məsələsində ABŞ-Aİ hərbi kontingentinin rol oynaya bilmə imkanlarının təftişi 5 aprel görüşünün əsas mahiyyətinin ştrixlərini bir daha aktual edir. Bəlli olur ki, bu paktın əsas mahiyəti gizli hərbi danışıqlar, razılaşmalardır. 

Bu plan isə qısa müddət ərzində ortaya çıxmayıb - hələ 2020-ci il Vətən müharibəsindən sonra bölgədə siyasi-iqtisadi reallıqların qurulmasına təsir imkanları əldə etmək istəyən Qərb ikili oyun oynamağı qətiləşdirmişdi - məsələn, Vaşinqtonun və Brüsselin sülhlə bağlı manipulyativ addımları da buna istiqamətlənmişdi. Eyni zamanda, onlar bölgədəki post-müharibə status-kvosunu saxlamaq üçün ciddi səylər göstərirdilər. Daha dəqiq desək, illərlə Azərbaycana və bütövlükdə, bölgənin inkişafına qarşı dəyənək kimi istifadə etdikləri “separatçı xunta” faktorunun aradan qaldırılmasını istəmirdilər. Amma Azərbaycanın qətiyyəti onların planını tam şəkildə sıradan çıxardı - 2023-cü il lokal antiterror tədbirləri Qərbi daha açıq “oynamağa” məcbur etdi. Bu dəfə Fransanın əli ilə Ermənistana təsir imkanlarını dəqiqləşdirən Qərb özünü himayədar qismində ortaya atdı - aylardır ki, həm Parisin, həm də Dehlinin İrəvana aktiv silah daşımasının altında məhz bu amillər dayanır. 

P.SADAYOĞLU 

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31