Etibarlı və davamlı sülh...
01.08.2024 [09:50]
Azərbaycan kökündə Ermənistanın ərazi iddiaları duran bu münaqişəni birdəfəlik həll etmək istəyir
Uzun illərdən sonra Cənubi Qafqazda davamlı və etibarlı sülh üçün zəmin yaranıb. 2022-ci ildən Azərbaycanın təşəbbüsü ilə meydana çıxan proses ötən ildən yeni istiqamət alıb - xüsusilə, ikitərəfli danışıqların aparılması, dövlətlərin müvafiq strukturlarının birgə açıqlamalar yayması, eyni zamanda, bəzi ərazilərlə bağlı delimitasiya və demarkasiya işlərinin görülməsi uğurlu nəticə üçün ümid yaradıb. Bu fakt dövlət rəsmiləri tərəfindən də təsdiqlənir. ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin indiki mərhələsinə baxdıqda sülh sazişinin yekunlaşması istiqamətində substantiv irəliləyiş əldə etdiyimizi qeyd etməliyik. O vurğulayıb ki, tərəflər heç zaman sülh sazişinə bu qədər yaxın olmayıb: “Hər iki ölkə üçün düşmənçilik səhifəsini bağlamaq, Cənubi Qafqaz regionunun təbiətini dəyişmək, onu yaxın qonşuluq, sülh və sabitlik bölgəsinə çevirmək üçün tarixi imkan yaranıb. Bu proses uzun müddətdir davam edir. 30 ilə yaxın vasitəçilik danışıqları aparılıb. Lakin ötən ilin dekabrında hər iki ölkə danışıqları aparmaq və yekunlaşdırmaq üçün ən effektli və perspektivli formatın ikitərəfli və birbaşa formatda olması ilə bağlı qərara gəldi. O vaxtdan qarşılıqlı etimadın qurulması və müəyyən proseslərin davam etməsi, o cümlədən diplomatik dəstək mübadiləsi, bəzi həbsdə saxlanılanların azad olunması, sərhədlərin delimitasiyası üçün əməli işlərin başlanılması daxil olmaqla əhəmiyyətli nailiyyətlər əldə olunub”.
Elçin Əmirbəyov əlavə edib ki, masa üzərində olan sülh sazişinin mətninə baxdıqda demək mümkündür ki, onun yekunlaşmasına çox yaxınıq: “Azərbaycanın istəyi beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılamaq üçün əlindən gələnin ən yaxşısını etməkdir. Amma, eyni zamanda, Azərbaycan kökündə Ermənistanın ərazi iddiaları duran bu münaqişəni birdəfəlik həll etmək istəyir. Biz ümid edirik ki, yerdə qalan çətinliklər qısa zamanda lazımi qaydada həll olunacaq və biz etibarlı, davamlı və geri dönülməz sülhə nail olacağıq”.
Sülh sazişinin mətninin əksər hissəsi artıq razılaşdırılıb
Sülhün əsas şərti isə onun davamlı olmasıdır. Davamlı sülhün əldə olunması üçün isə bütün maneələr aradan qalxmalıdır. Məsələn, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı əsassız ərazi iddiaları var ki, İrəvan bunun aradan qaldırılmasına səy göstərməlidir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov müzakirələr zamanı çıxışında bu məsələyə toxunaraq bildirib ki, sülh sazişini yekunlaşdırmaq üçün yeganə maneəni aradan qaldırmaq daha çox Ermənistanın bacarıq və istəyindən asılıdır. Bu maneə Ermənistanda konstitusion şəkildə təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır. O əlavə edib ki, sülh sazişinin mətninə baxdıqda öhdəsindən gəlinməyəcək başqa çətinlik görünmür. “Bu yaxınlarda da qeyd edildiyi kimi, sülh sazişinin mətninin əksər hissəsi artıq razılaşdırılıb və geri qalan hissələri də həll oluna biləndir. Lakin biz münaqişənin mövcud olan ən böyük səbəbinə göz yumaraq irəli gedə və sülh sazişini imzalaya bilmərik. Bu səbəb isə odur ki, Ermənistanın bizə qarşı ərazi iddiaları var idi və bu iddialar konstitusiya hüququna əsasən hələ də aktualdır. Bu məsələ nə qədər tez həll olunsa, biz sonuncu mərhələyə o qədər tez yaxınlaşacağıq”,- deyə Elçin Əmirbəyov əlavə edib.
Yeganə lazımi addım...
Nəzərə alsaq ki, Ermənistanın siyasi rəhbərliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını həm şifahi şəkildə, həm də keçirilən görüşlərin nəticəsi olaraq meydana çıxan bəyanatlar vasitəsilə təsdiqləyib. Konstitusiyanın dəyişdirilməsi, əsassız iddiaların aradan qaldırılması mütləq şərtdir - bu, qarşıdakı gələcəkdə ortaya çıxa biləcək hansısa neqativ meyillərin qarşısını almaq üçün hüquqi müstəvi formalaşdırır. Başqa sözlə, Ermənistan özünün ana yasasında bu dəyişikliyi etməklə bölgədə təhdid yaratmadığını, davamlı sülhü dəstəklədiyini göstərmiş olacaq. Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib ki, Konstitusiya dəyişikliyinin Ermənistanın Baş naziri Nikol Paşinyan üçün nə qədər çətin olmasından danışarkən unutmamalıyıq ki, o, ən çətin işi artıq edib. O, açıq şəkildə bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Onun sözlərinə görə, N.Paşinyan hətta Azərbaycan ərazisi hesab etdiyi ərazini kvadrat kilometrinədək qeyd edib. Ölkənin xarici işlər naziri isə sülh sazişi layihəsinə daxil edilmiş 5 fundamental baza prinsipini qəbul etdiklərini açıqlayıb.
“Prinsiplərdən biri ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətdir. Bu da indi və gələcəkdə istənilən ərazi iddiasından imtina etmək deməkdir. Paşinyandan gözlənilən onun ritorika və siyasi bəyanatlarını real vəziyyətə uyğunlaşdırmasıdır. Əgər o, sadəcə olaraq, deyirsə ki, bu məsələni həll etmək onun üçün çətindir, çünki ölkə daxilində çətinliklərlə üzləşəcək, bu, bizim üçün zəif arqumentdir. Bizim ondan gözlədiyimiz baş nazir kimi elan etdiyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması, Ermənistanın ona qarşı iddialarının olmaması və bunun əsasında da qonşuları ilə əlaqələrini normallaşdırmağa hazır olması barədə bəyanatlarını icra etməsidir. Yeganə lazımi addım bu münaqişənin tək səbəbini aradan qaldıracaq konstitusiya dəyişikliyidir. Təsəvvür edin ki, biz bu sazişi imzalayırıq və bir müddət sonra Ermənistanda yeni hökumət hakimiyyətə gəlir və bildirir ki, saziş əvvəlki baş nazir tərəfindən imzalanıb və legitim deyil, çünki konstitusiya ilə ziddiyyət təşkil edir. Bu, o deməkdir ki, onlar gələcək revanşist ritorikalar üçün qapıları açıq saxlayırlar. Ona görə də, sülhün əldə olunmasını istəyən heç bir kəs bu məsələni gözardı edə bilməz”,- deyə Elçin Əmirbəyov qeyd edib.
Ermənistan və Türkiyə arasında əlaqələrin inkişafı Azərbaycan ilə münasibətlərdə əldə oluna biləcək irəliləyişdən asılıdır
Azərbaycanla bağlanacaq sülh isə öz növbəsində bütövlükdə, regionda yeni siyasi reallıqlar formalaşdıracaq. Bu, yeni əməkdaşlıq münasibətlərinin qurulmasına, qonşu ölkələr arasında əlaqələrin yaranmasına rəvac verəcək. Xüsusilə, Ermənistan dərk etməlidir ki, Azərbaycanla bağlanacaq sülh bu ölkənin Türkiyə ilə də əlaqələrinin formalaşmasına imkan yaradacaq. Xatırladaq ki, bir neçə gün öncə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı görüşlərin 5-ci raundu baş tutub. İki ölkənin ortaq sərhədində yerləşən Alican-Marqara sərhəd qapısında keçirilən görüşdə Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. İrəvan anlamalıdır ki, Türkiyə ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün Azərbaycanla sülhün imzalanması əsas şərt sayılır.
ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycanın regionda olan çətinliklər, çağırışlar və problemlərlə bağlı yanaşmasının hərtərəfli olduğunu deyib. O bildirib ki, Türkiyə də anlayır ki, Ermənistan və Türkiyə arasına əlaqələrin inkişafı Ermənistanla Azərbaycan arasında münasibətlərdə əldə oluna biləcək irəliləyişdən asılıdır. “Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının əsas səbəbi də Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalıdır. Biz Türkiyə ilə eyni mövqedəyik. Türkiyə də anlayır ki, Cənubi Qafqazda ərazi iddiası məsələsi tez bir zamanda həll olunmalıdır və sülh prosesi ətrafında onsuz da həssas olan atmosferi daha da ağırlaşdıracaq istənilən addımdan qaçmaq lazımdır”,- deyə Elçin Əmirbəyov əlavə edib.
Fransa beynəlxalq hüquqa qarşı...
Artıq tarixə qovuşmuş və 30 ilə yaxın davam etmiş “Qarabağ münaqişəsi” dövründə beynəlxalq hüquq və ədalət bərpa edilmədi. fərqli platformalarda sülhyaradıcı missiyalar olsa da, onların apardığı iş qənaətbəxş sayıla bilməz - ən azından, ortada olan nəticə bunu deməyə əsas verir. Xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın tutduğu mövqe qəbuledilməzdir. Bu ölkə beynəlxalq hüququ tanımır, işğala və eskalasiyaya təhriklər edir, sülh prosesini sabotaja məruz qoyur. Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı bildirib ki, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun 29 ildə edə bilmədiyini Azərbaycan özü etdi. Onun sözlərinə görə, əvvəlki illərdə Fransa bərabər münasibət nümayiş etdirməyə çalışsa da, İkinci Qarabağ müharibəsindən sonra iki ölkədən birini tam dəstəkləməyə başlayıb. “Ona görə də, bunlar hazırda müşahidə etdiklərimizin başlanğıc nöqtəsi kimi qəbul olunmalıdır. Fransa bu gün sülh prosesinə ən azından hiss olunacaq şəkildə cəlb olunmayıb. Bu tək Fransa ilə Azərbaycan münasibətləri ilə yox, həm də Azərbaycan və Ermənistanın sülh prosesini birbaşa ikitərəfli formatda aparmaq və yekunlaşdırmaq qərarı ilə bağlıdır”,- deyə Elçin Əmirbəyov əlavə edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, müharibə başlayandan Fransada istər icraedici hakimiyyətin, istər parlamentin 2 palatasının, istərsə də çoxsaylı bələdiyyələrin və digər seqmentlərin ictimai şəkildə ifadə etdiyi mövqe beynəlxalq hüquqa ziddir: “2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın etdiyi ədalətin bərpası idi. Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq apardığı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyünü bərpa etdi. Fransanın tək Azərbaycan deyil, həm də beynəlxalq hüquqa qarşı qərəzli mövqeyi anlaşılan deyil. Münasibətlərin korlanmasının əsas səbəbi budur. Ümid edirəm ki, bu mövqe sona yetəcək və Fransa beynəlxalq ictimaiyyətin digər üzvləri kimi regionun yeni reallıqlarını və nəhayət, yeni status-kvonu qəbul edəcək”.
ABŞ-ın səylərini təqdir edirik
Yerləşdiyimiz regionun geostrateji göstəricilərini nəzərə alsaq, sülhlə bağlı prosesə beynəlxalq diqqəti də təbii qarşılamalayıq. Qlobal güclərin, böyük dövlətlərin sülh prosesi ilə bağlı addımları, tərəflər arasında görüşlərin keçirilməsi, təmasların olması baxımından mümkün yaradılması, hətta ikitərəfli görüşlərin keçirilməsi üçün cəhdlər bunu deməyə əsas verir ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi mühüm bir coğrafiyanın siyasi-iqtisadi inkişafı üçün vacib şərtə çevrilib. Bu mənada, ABŞ-ın məsələyə münasibəti də adekvatdır. Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı bildirib ki, ABŞ hər zaman geniş mənada Xəzər regionunda, o cümlədən Cənubi Qafqazda stabilliyin və mehriban qonşuluğun təbliğ olunmasında vacib rol oynayıb. O deyib ki, rəsmi Bakı ABŞ-ın Azərbaycanın siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. “Bizim müxtəlif sahələrdə 30 ildən çox davam edən intensiv əməkdaşlığımız mövcuddur. Ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli və məhsuldar əməkdaşlıq var. Həmçinin biz böyük regional və beynəlxalq çağırışlara cavab vermək üçün birlikdə işləmişik. Azərbaycan əsgərləri Əfqanıstan, Kosovo və İraq kimi qaynar nöqtələrdə amerikalı hərbçilərlə çiyin-çiyinə döyüşüb və biz Kabil Hava Limanını ən son tərk edənlərdənik”, - deyə Elçin Əmirbəyov əlavə edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, regionda iki xalqın münaqişə və rəqabəti bitirməsi, bölgədə rifah, stabillik və inkişaf naminə yeni dövrün başlanması Ermənistanla da çox yaxşı əlaqələrə malik olan ABŞ-ın da marağındadır: “Biz ABŞ-ın prosesin daha da irəliləməsini asanlaşdırmaq üçün göstərdiyi səyləri təqdir edirik. Düşünürəm ki, belə təlatümlü zamanda dünyada sülh üçün yaxşı imkanın olduğu və məsələnin müsbət həllinin baş verəcəyi ən azı bir nöqtə tapmaq sevindirici haldır”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

