Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda görkəmli opera müğənnisi Bülbülün abidəsi açılıb

Bakıda görkəmli opera müğənnisi Bülbülün abidəsi açılıb

01.11.2012 [00:45]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.
Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri, xaricdən gəlmiş qonaqlar və müğənninin ailə üzvləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb.
Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub və çıxış edib: “Hörmətli xanımlar və cənablar! Əziz dostlar, hörmətli qonaqlar!
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan xalqının böyük oğlu Bülbülün abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycan dövləti və Azərbaycan xalqı görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə böyük hörmətlə yanaşmışdır. Görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir.
Bülbül böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi idi. Onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir. Əlli ildən çoxdur ki, Bülbül aramızda deyildir. Ancaq xalqımızın qəlbində ona olan sevgi bu gün də yaşayır. Bu sevgi, onun istedadına olan məhəbbət, onun nə qədər böyük sənətkar olduğunu bir daha əyani şəkildə göstərir.
Bülbül əsl milli müğənni, milli xanəndə, milli sənətkar idi. Onda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Bülbül, eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün də yaşayır və bir çoxları üçün Koroğlu obrazı məhz Bülbülün obrazı ilə eyniləşdirilir. Gənc nəsil, orta nəsil və yaşlı nəsil təbii ki, Koroğlu haqqında düşünəndə mütləq Bülbülün obrazı yada düşür. Koroğlu partiyasının ifası demək olar ki, onun opera ifaçısı kimi fəaliyyətinin zirvəsi idi.
Əlbəttə, Bülbülün yaradıcılığı haqqında bir vətəndaş, Azərbaycan xalq musiqisinə bağlı olan bir insan kimi mən öz fikirlərimi bu gün bölüşmək istəyirəm. Doğrudan da, onun təkrarolunmaz səsinin məlahəti unudulmazdır. Onun ifasında səslənən mahnılar ölməz mahnılardır. Artıq əlli il keçdi, bundan sonra da əlli il, yüz il keçəcək və Bülbülün sənəti, onun təkrarolunmaz səsi yaşayacaq və bizim hamımızı sevindirəcəkdir.
Bülbül, eyni zamanda, böyük ictimai xadim, əsl Azərbaycan ziyalısı, öz xalqına, öz milli köklərinə bağlı və həmçinin dünyaya açıq insan idi. O, Azərbaycanın musiqi sənətini sovet məkanında və dünyada təbliğ edirdi. O illərdə xalqımızı dünyaya tanıtdırmaq üçün incəsənət, musiqi, ifaçılıq sənəti, ədəbiyyat yeganə bir vasitə idi. Çünki Azərbaycan müstəqil deyildi və Azərbaycan xalqı, Azərbaycan diyarı haqqında dünyada və sovet məkanında təsəvvürü məhz bizim görkəmli incəsənət xadimləri yaratmışlar. Bülbülün bu istiqamətdəki rolu çox böyük idi.
Bülbülün adı hamımız üçün əzizdir. Onun adı Azərbaycanda əbədiləşdirilib. Bu prospekt onun adını daşıyır. 1982-ci ildə Şuşada və 1983-cü ildə Bakıda Bülbülün ev-muzeyləri yaradılmışdır. Onun adını daşıyan musiqi məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. 1997-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyini dövlət səviyyəsində qeyd etmək üçün xüsusi tədbirlər planı hazırlanmış və icra edilmişdir. O ildən başlayaraq bu günə qədər beynəlxalq Bülbül müsabiqəsi keçirilir və müsabiqənin iştirakçıları bu gün bizim qonaqlarımızdır.
2007-ci ildə artıq mənim Sərəncamımla Bülbülün 110 illik yubileyi münasibətilə dövlət tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Bu il Bülbülün 115 illik yubileyi qeyd olunur. Bu gün isə onun abidəsi şəhərimizin mərkəzində, onun yaşadığı evin yaxınlığında ucaldılıb. Bu, əlbəttə, Azərbaycan xalqının və dövlətinin onun xatirəsinə olan münasibətidir, eyni zamanda, bu, Azərbaycan mədəniyyətinə, görkəmli şəxsiyyətlərin xatirəsinə olan böyük ehtiramın əlamətidir.
Bülbül ölkəmizin gözəl diyarında - Qarabağda dünyaya gəlmişdir, Şuşada doğulmuşdur. Qarabağın gözəl təbiəti, havası, bulaqları, gözəl mənzərələri ona güc, ilham verirdi. Onun təkrarolunmaz səsi məhz Qarabağ diyarının sərvətlərindən, nemətlərindən qaynaqlanırdı.
Onun doğulduğu Şuşa şəhəri 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti törədilmişdir. Bu etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı soyqırımı törədilmişdir. Xocalı soyqırımı ki, artıq dünyanın üç ölkəsi bunu soyqırımı kimi rəsmən tanımışdır və bu proses davam etdirilir.
Eyni zamanda, bizə qarşı mədəni soyqırımı törədilmişdir. Bizim dini, tarixi, mədəni abidələrimiz dağıdılmışdır. Onların içində Bülbülün, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Şuşadakı büstləri erməni güllələri ilə deşik-deşik edilmişdir. O büstlər bu gün İncəsənət Muzeyində saxlanılır. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Bülbülün Şuşadakı evi yarıdağılmış vəziyyətdədir.
Yəni, bu, böyük faciədir, böyük dərddir. Ancaq mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edəcəkdir. Bunu deməyə əsas verən müxtəlif amillər vardır. İldən-ilə artan gücümüz, qüdrətimiz, beynəlxalq müstəvidə artan təsir imkanlarımız, beynəlxalq aləmin Azərbaycanın haqq işinə dəstək olması, beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyini dəstəkləməsi və əlbəttə, bizim iqtisadi qüdrətimiz qələbə gününü yaxınlaşdırır. Mən əminəm ki, yaxın zamanlarda biz qələbə gününü qeyd edəcəyik.
Əlbəttə, bütün dünya ictimaiyyəti çalışır ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Ancaq eyni zamanda, biz istənilən varianta da hazırıq. Heç vaxt imkan vermərik ki, qədim Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın və mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ondan sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin abidələri yenə də Şuşada qoyulacaqdır. Əminəm ki, biz o abidələrin açılışında iştirak edəcəyik, və Xankəndidə, Şuşada Azərbaycanın milli bayrağı qaldırılacaqdır.
Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Bülbülün ailəsini, onun yaxınlarını, bütün musiqi ictimaiyyətini bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun”.
Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək dövlətimizin başçısının xalqımız üçün ən ağrılı problem olan Dağlıq Qarabağ məsələsi və Bülbülün dünyaya göz açdığı Şuşa ilə bağlı çox dəyərli fikirlər söylədiyini vurğulayıb. Fərhad Bədəlbəyli Bülbüllə bağlı xatirələrdən danışaraq deyib: “Bülbül həqiqətən Azərbaycan üçün çox əziz bir insan idi. Bu küçələrdə gəzərkən ona hamı ehtiramla “Salam, professor” deyirdi. Onu hamı - taksi sürücüsü də, akademik də, kolxozçu da çox sevirdi. Onu bütün millət sevirdi.
Burada Ada xanım əyləşib, mən onun qonaqpərvərliyi haqqında danışmaq istərdim. Bülbülün evi bu yaxındadır. Həmişə Ada xanım gözəl süfrə açırdı. Böyük ifaçılar Bakıya gələrkən hər bir konsertdən, hər bir tamaşadan sonra Bülbülün evi bir kluba çevrilirdi. Mən də, Polad da o vaxt on yaşında uşaq idik. Xoşbəxt idik ki, bu ev bizim ikinci universitet, ikinci konservatoriya idi. Çünki orada dahi insanlar toplaşırdı. Bülbül, əlbəttə, bizim Bakı Musiqi Akademiyamız üçün, - onda Konservatoriya idi, - çox önəmli bir insan idi. Siz tamamilə doğru dediniz, o, həm də böyük alim idi. Onun kabineti xalq musiqisi kabineti idi. Fikrət Əmirov ilə bu kabinetdə muğam üzərində işləyirdilər. Ona görə Fikrət Əmirov simfonik muğamları yazdı. Bu cür çox misal çəkmək olar. Əlbəttə, Koroğlu obrazı həmişə yaşayacaqdır”.
Fərhad Bədəlbəyli Bülbülün İtaliyada təhsil almasının onun yaradıcılığında böyük rol oynadığını qeyd edərək, görkəmli ifaçının milli və Avropa musiqi dəyərlərini özündə ehtiva etdiyini xüsusi vurğulayıb. Bakı Musiqi Akademiyasının rektoru Azərbaycan musiqi sənətinin inkişafına verdiyi böyük dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Çünki il ərzində Bakıda musiqi sənəti ilə bağlı çox hadisələr olub. Bülbülün adını daşıyan müsabiqə, Qəbələ, Şəki festivalları, caz, muğam festivalları, Rostropoviç adına festival. Bizim qonaqlarımız deyir ki, biz iki il bundan əvvəl Bakıda olmuşuq, indi Bakını tanımadıq. Bakı belə inkişaf edib.
Buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim cənab Prezident. Sizinlə bir yerdə, inşallah Şuşada muzeyin açılışında iştirak edəcəyik”.
Xalq artisti Arif Babayev çıxış edərək deyib: “Hörmətli Bülbül səsini sevənlər!
Bu gün doğrudan da, böyük bir bayramdır. Azərbaycanın böyük xanəndəsinin, vokalistinin heykəlinin açılışıdır. Bizim hamımızın, bütün Azərbaycan xalqının böyük bayramıdır. Bülbül hamı tərəfindən - nəinki Azərbaycanda, xarici ölkələrdə də sevilən sənətkar idi. Mən xarici ölkələrdə olanda da görmüşəm ki, onun lent yazılarını necə əzizləyirlər, necə qoruyurlar. Bülbülün səsi əvəzolunmaz səsdir. Biz onun sənətini, oxumağını tələbələrimizə aşılayırıq. Tələbələrimizə deyirik ki, böyük Bülbülü dinləyin, onun oxu tərzini öyrənin. Onun hər bir ifası, hər bir xalq mahnısı böyük bir əsərdir. Sevinirik, çox sevinirik ki, biz Bülbül səsindən istifadə edirik. Burada doğru qeyd etdilər, Bülbül həm vokalist, həm xanəndə idi, o kişidə hər şey var idi. Allah-Təala ona əvəzolunmaz səs bəxş etmişdi”.
Bu mərasimin Bülbül sənətinin yaşadılmasına töhfə olduğunu deyən Arif Babayev böyük sənətkarın abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib: “Bu gün bu gözəl heykəlin açılmasına, bu sevinci bizə bəxş etdiyinə görə biz cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.
Biz sevinirik. Sevinirik ki, Bülbül sənəti vardır və yaşayır. Bülbülün əvəzolunmaz səsi həmişə yaşayacaqdır. Sağ olun cənab Prezident! Siz ölkədə çox işlər görürsünüz. Siz sənət adamlarına böyük diqqət və qayğı göstərirsiniz”.
Azərbaycan mədəniyyətinin xarici ölkələrdə yüksək səviyyədə təbliğ edildiyini bildirən Arif Babayev bu yaxınlarda Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının böyük hadisə olduğunu vurğulayaraq deyib: “Bu yaxınlarda Fransada nümayəndə heyətinin bir üzvü də mən idim. Orada böyük bir binanın - Azərbaycan Mədəniyyət Mərkəzinin açılması çox böyük bir işdir.
Bu gün böyük bir tarixi hadisədir ki, Bülbülün heykəli onun adını daşıyan bu prospektdə, gözəl Bakının gözəl bir yerində ucaldılıb. Çox sağ olun cənab Prezident! Allah Sizdən razı olsun!”.
Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus da mərasimdə çıxış edərək deyib: “Möhtərəm cənab Prezident! Hörmətli cənab nazir, hörmətli Ada xanım!
İlk növbədə icazə verin, gözəl həmkarımız, dünya musiqi mədəniyyətinə və təkcə Azərbaycanın yox, bir sıra ölkələrin incəsənət tarixinə öz töhfələrini vermiş böyük musiqiçinin abidəsinin açılışında iştirak etmək şərəfinə görə Bülbül müsabiqəsinin beynəlmiləl münsiflər heyəti adından təşəkkürümü bildirim. Bülbülü təkcə Azərbaycanda, təkcə Rusiyada deyil, həm də İtaliyada, Fransada, dünyanın bir sıra ölkələrində tanıyırlar. Onu da demək istəyirəm ki, gözəl Bakı şəhərində iyirmidən çox küçəyə görkəmli incəsənət və mədəniyyət xadimlərinin adları verilmişdir. Təəssüf ki, belə bir faktla öyünə biləcək ölkələr və şəhərlər çox deyildir. Azərbaycanda bir sıra istedadlı artistlərə, müğənnilərə, musiqiçilərə, bəstəkarlara abidələr ucaldılmışdır. Bizim kəşməkəşli əsrimizdə bu, bəlkə də çox nadir haldır ki, sənət adamlarına belə gözəl abidələr ucaldılır.
Bilirsinizmi, Siz bu abidəni açanda mənim qəlbim sevinclə döyündü. Ona görə ki, təəssüflə etiraf edək, bu gün Yer kürəsinin çox guşələrində müşahidə edilən adilik fonunda bu abidə, mənim fikrimcə, böyük mədəni dəyərə malik olan ən mühüm sənət nümunələrindən biri olacaqdır”.
Sergey Leyferkus Bülbülün abidəsinin yüksək sənət əsəri olduğunu qeyd edərək bu abidənin Bülbül ruhunu dolğun əks etdirdiyini və yaşatdığını vurğulayaraq bildirib: “Mən bu mərasimə gələndə xəyalımda belə bir səhnə canlanmışdı. Mən bu barədə Ada xanıma da danışdım. Həmin səhnə belə idi: Bülbül prospektində balaca qız nəvəsi ilə bir baba gəzir. Qız babasından soruşur:
- Baba, bu abidənin üzərində nə yazılmışdır?
Baba cavab verir:
- “Bülbül” yazılmışdır.
- Axı burada adam dayanır, nə üçün “bülbül” yazılmışdır?
Baba cavab verir:
- Ona görə ki, bu adam bülbül kimi oxuyurdu. Hətta bülbüldən də yaxşı oxuyurdu.
Çox sağ olun”.
Fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar. Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev görkəmli müğənni Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib.
Paylaş:
Baxılıb: 1131 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31