Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sınaqlarda bərkiyən Azərbaycan-Türkiyə dostluğu

Sınaqlarda bərkiyən Azərbaycan-Türkiyə dostluğu

20.08.2024 [09:42]

Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib.

 Öz növbəsində “BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır. 

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qardaş ölkədən bədxahları məyus edən növbəti zəng

Tarixi bağlara, ənənələrə, etiqad eyniliyinə, dilin, mədəniyyətin, həyat tərzinin hədsiz  oxşarlığına və digər ortaq cəhətlərə malik olan Azərbaycan - Türkiyə dostluğu bu gün elə bir yüksək zirvədədir ki, ona heç kəsin əli çata bilməz. Bu, Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərini rəsmən təsdiqləyən hər iki ölkənin gücünə-güc qatan, xalqlarımızı qürrələndirən, özünəgüvənli edən, düşmənlərimizi isə paxıllıqdan çatladan bir dostluq nümunəsidir. Tarix boyunca iki xalqın həmrəyliyinin hədəfə alınması dövrləri çox olub. Məkrli qüvvələr dostluğumuza hansı yollarlasa xələl gətirməkdən ötrü müxtəlif ssenarilər qurublar, hiylələr işlədiblər. Ancaq bütün bu cəhdlər sonda iflasa uğrayıb. 

Belə cəhdlərə bizim dövrümüzdə də şahidlik edirik. Götürək elə son prosesləri. Ermənistan və onun Qərb müttəfiqləri fəallaşmışdılar. Onlar məqsədli şəkildə dövriyyəyə Azərbaycanla Türkiyə arasında soyuqluq yarandığı barədə feyk xəbərlər buraxırdılar. Bədxahlarımız hətta Prezident Rəcəb Tayyib Ərdoğanın bir qədər bundan əvvəl Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada baş tutan qeyri-formal Zirvə görüşünə obyektiv səbəblər üzündən qatılmamasını belə Türkiyənin Azərbaycana olan incikliyi müstəvisində təqdim edirdilər. Bundan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi aktuallaşdırıldı. Elə təsəvvür formalaşdırmağa çalışırdılar ki, guya rəsmi Ankara cəmi bir neçə gün ərzində öz sərhədlərini ermənilərin üzünə taybatay açacaq. Məkrli hiylə ortadadır. Ermənilər və bəlli mərkəzlər yaxşı anlayırlar ki, nə qədər ki, Azərbaycan və Türkiyə bir yerdədirlər, onlar heç bir məqsədlərinə çatmayacaqlar. Buna görə də ortaya şübhə toxumları səpmək, inamsızlıq yaratmaq istəyirlər. Onlar hər vəchlə sərhədlərin açılması məsələsini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən ayırmağa nail olmaq istəyirlər. Bu, Azərbaycanın və Türkiyənin mövqelərini zəiflədər, ermənilərin əlini gücləndirərdi. Ancaq qardaş ölkənin xarici işlər naziri Hakan Fidan sərhədlərin açılmasının Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesindən kənarda mümkün olmayacağı məzmunlu açıqlama verməklə bədxahlarımızın xəyallarını yenidən sulara qərq etdi.

Azərbaycanda da çox sevilən Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə bu günlərdə telefon açması düşmənlərimizi məyus edən növbəti zəng oldu. Türkiyənin dövlət başçısı meşə yanğınlarına qarşı mübarizə aparmaq məqsədilə Azərbaycanın ehtiyac duyulan “BE-200ÇS” amfibiya tipli təyyarənin təbii fəlakət zonasına göndərilməsi barədə qərar qəbul etməsini ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib. 

Qarabağ məsələsində, Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi

Azərbaycan və Türkiyə çətin günlərin dostlarıdırlar. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Eyni zamanda, Türkiyə 1993-cü ildən etibarən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Türkiyə daim o mövqedən çıxış edib ki, artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və suveren dövlətin ərazi bütövlüyünə hörmət prinsipi əsasında həllini tapmalıdır. 

Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib. “İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ötən ilin aprelində Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizə qarşı təxribat baş verdi. Belə ki, İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb. Bayraqların paradında Azərbaycan Bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb. Bu, Ermənistanın və ermənilərin ölkəmizə qarşı düşmənçiliyinin təzahürü idi. Ermənistan liderinin - baş nazir Nikol Paşinyanın qatıldığı tədbirdə belə bir hadisənin yaşanması bu ölkədə rasizmin, Azərbaycanafobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldildiyini əyani şəkildə təsdiqləyir. İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar millimizin yarışda iştirakından imtina edildi. 

Bu dəfə Türkiyə təmsilçiləri Azərbaycan idmançılarının müdafiəsinə qalxdılar. Çempionatda türkiyəli idmançı qızıl medal qazanıb. Belə ki, 45 kiloqram çəki dərəcəsində çıxış edən Cansu Bektaş fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub. İrəvanda Azərbaycan Bayrağının yandırılmasından mütəssir olduğunu gizlətməyən türkiyəli atlet idmançılarımıza dəstək jesti edərək belə deyib: “Aldığım medalı azərbaycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızdayıq!”.

Qarabağ məsələsində, Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi güclü mənəvi-siyasi dəstək və Cansu Bektaşın ifadə etdiyi səmimi fikirlər qardaş ölkənin dövlət və cəmiyyət olaraq respublikamıza, xalqımıza hansı səviyyədə münasibət bəslədiklərini nümayiş etdirir. Onu da qeyd etmək yerinə düşər ki, Rəcəb Tayyib Ərdoğanın özü həmişə ölkəmizə xitabən “Can Azərbaycan!” ifadəsini işlədir.

Azərbaycan da vəfa borcuna sadiqdir

Prezident İlham Əliyev isə Azərbaycan-Türkiyə münasibətlərini “Bir yumruq” kimi səciyyələndirib. Öz növbəsində, Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri əsassız ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək. Təsadüfi deyil ki, Türkiyə ictimaiyyəti tərəfindən Prezident İlham Əliyevin sammitdə qardaş ölkəni müdafiə məqsədilə etdiyi çıxışı və Onun Sarkisyana ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam və sizin cavabınızı da mən verəcəyəm” cavabı düşmən ölkənin rəhbərinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirildi. 

Azərbaycan həmçinin Türkiyənin bölgədə terrorizmə qarşı apardığı ədalətli mübarizəyə dəstək nümayiş etdirir. Qardaş ölkənin başladığı və uğurla tamamladığı “Zeytun budağı” əməliyyatının aparılmasında Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub.

Qardaş Türkiyə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə dəhşətli terror hadisəsi ilə silkələndi. Səkkiz il bundan əvvəl Türkiyədə baş verənlər dövlət terroruna cəhd idi. Lakin FETÖ və digər satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları 15 iyul 2016-cı il tarixində növbəti dəfə iflasa uğradı.  Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.  

Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi. “Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu, bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi”, - deyə Prezident İlham Əliyev həmin hadisələrin səkkizinci ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda vurğulayıb.

Türkiyədə 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla  baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb. 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyəyə yardıma tələsib və bu yardımı indi də davam etdirir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 412 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31