Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milli maraqlara, beynəlxalq hüquqa və suverenlik prinsipinə əsaslanan xarici siyasət kursu

Milli maraqlara, beynəlxalq hüquqa və suverenlik prinsipinə əsaslanan xarici siyasət kursu

21.08.2024 [10:10]

Bu gün dünyada Azərbaycana və onun Liderinə böyük hörmət bəslənilir

Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursuna malikdir. Böyük siyasətçi Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında Azərbaycanın siyasi rəhbərliyinə gəlişi ilə ölkəmizin müstəqil xarici siyasətinin əsasları müəyyənləşdirilib. Yeni Azərbaycan Partiyasının seçki platformasında da bildirildiyi kimi, Heydər Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın dostlarının və müttəfiqlərinin sayının artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, Qarabağ məsələsində respublikamızın haqlı və prinsipial yanaşmasının dəstəklənməsi və digər bu kimi hədəflərə yönəmişdi. Heydər Əliyev bu məqsədlərə nail oldu - Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, etibarlı tərəfdaş kimi tanınaraq beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu.

Bütövlükdə, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normaları, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxiilə edilməməsi və milli maraqların əsas götürülməsi kimi prinsiplər əsasında qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət nəticəsində Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətləri uğurla inkişaf etdirilir.

Azərbaycanın xoş mərama əsaslanan qonşuluq siyasəti

Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə, Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz və xalqımız belə yüksəksəviyyəli qonşuluq  münasibətlərindən məmnundur və bununla qürur duyur.

Respublikamızın qonşuluq siyasətində Ermənistan ən zəif həlqəni təşkil edir ki, bunun da məsuliyyəti və günahı qonşu dövlətin üzərinə düşür. Bu ölkə müstəqilliyimizin ilk illərindən etibarən  respublikamıza qarşı işğalçılıq siyasəti həyata keçirib, havadarlarının köməyi ilə öz nəzarəti altına keçirdiyi ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib. Azərbaycan üç onillikdən sonra Ermənistanın işğalçılıq siyasətinə son qoydu və özünün ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Postmüharibə mərhələsində qalib Azərbaycan Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinə rəğmən, qarşı tərəfə heç bir ilkin şərtlər irəli sürmədən müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmiz o mövqedən çıxış edir ki, regionun gələcəyi və inkişafı müharibələrdən , qarşıdurmalardan deyil, barışıqdan, sülhdən və təhlükəsizlik mühitinin təmin olunmasından keçir. 

Postmüharibə dövründə Azərbaycan 3+3 formatını irəli sürüb. Özündə regional əməkdaşlığın dərinləşdirilməsini ehtiva edən bu format bölgəyə kənar güclərin müdaxiləsini istisna edir. Regionun problemləri bu coğrafiyada yerləşən dövlətlərin koordinasiyalı fəaliyyətləri nəticəsində həll olunmalıdır. Regionda mövcudluqlarını təmin etmək istəyən kənar güclər hansısa bir məsələnin həllinə töhfə vermək məqsədi güdmürlər, əksinə bura problemlər gətirirlər və ayırıcı xətlər yaradırlar.

Beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik

Müstəqil Azərbaycanın uğurlu xarici siyasət kursunun müsbət nəticələrini ölkəmizin ayrı-ayrı beynəlxalq təşkilatlarda yüksəksəviyyəli təmsilçiliyinin timsalında izləmək mümkündür. Bu gün respublikamızın Birləşmiş Millətlər Təşkilatında (BMT) fəallığı diqqət çəkir. Azərbaycan - 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib.

Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin strateji hədəflərə yönələn məqsədyönlü siyasətinin nəticəsi idi. 

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.

Respublikamız Qoşulmama Hərəkatına kifayət qədər uğurlu sədrlik həyata keçirib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında QH-nın yeni təsisatları formalaşıb, beynəlxalq səviyyədə qurumun nüfuzu artıb. Məhz ölkəmizin təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi və Xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi. Vurğulamaq yerinə düşər ki, Azərbaycan qlobal pandemiya şəraitində yüksək həmrəylik nümunəsi göstərərək Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon dollar həcmində ianə edib. Bu vəsaitin yarısı məhz Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub.

Türk birliyinin ideyadan reallığa çevrilməsi

XXI əsri Türk əsri adlandırırlar. Bu gün Türk birliyinin ideyadan reallığa çevrilməsi Azərbaycanın xarici siyasət kursunun ən mühüm uğurlarında biridir. Burada Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Dövlətimizin bşçısı Türk dünyasını vahid  ailə kimi səciyyələndib və bildirib ki, bizim başqa ailəmiz yoxdur. Əlamətdar haldır ki, bu gün bütün Türkdilli və Türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Artıq bu siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Həqiqətən də, Türk dövlətlərinin gələcəyi, inkişafı məhz birlikdə mümkündür.

Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb və artıq bu fond təsis edilib. Məlumdur ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi qlobal pandemiya dövrünə təsadüf etdi. Ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etməyə nail oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Zirvə görüşü pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk tədbir idi. 

Cari il iyulun 5-6-da isə tarixi şəhərimiz olan Şuşa Türk Dövlətləri Təşkilatının sıralarında təmsil olunan dövlətlərin liderlərinin və digər qonaqların iştirakı ilə qurumun qeyri-formal Zirvə görüşünə ev sahibliyi edib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısının Şuşada keçirilməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada qurumun “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin tədbirdə qəbul edilmiş Bəyannaməyə bununla bağlı ayrıca müddəa salınıb. Heç şübhəsiz ki, Astanada TDT-da təmsil olunan dövlətlərin liderlərinin Şuşa seçimi ilk növbədə təşkilat daxilində Azərbaycana və onun Liderinə bəslənilən böyük hörmət və inamın ifadəsidir.

44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur Dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Zəngəzur Dəhlizinin açılması ilə tarixi ədalətsizliyə son qoyulacaq və Türk coğrafiyası bərpa olunacaq.

COP29-a ev sahibliyi hüququnun Azərbaycana həvalə edilməsi dünyada ölkəmizə artan inamın növbəti təsdiqidir

Məqsədyönlü şəkildə həyata keçirlən xarici siyasət kursu beynəlxalq sviyyədə ölkəmizə böyük nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev vaxtaşırı həm Avropa İttifaqı məkanında, həm də İslam coğrafiyasında keçirilən mötəbər sammitlərə fəxri qonaq qismində dəvətlər alır, eyni zamanda ayrı-ayrı beynəlxalq tədbirlərə ev sahibliyi hüququ respublikamıza verilir. Bu sırada “Eurovision - 2012”-ni, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını xatırlaya bilərik. Ötən il ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə baş tutub. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir 50 ildən sonra ikinci dəfə Bakı şəhərində keçirilib. 

Hazırda isə Azərbaycan ölkəizdə noyabr ayında keçiriləcək COP29 iqlim konfransına hazırlaşır. Bu gün dünya miqyasında iqlim çağırışlarının nə qədər aktual olduğu hər kəsə bəllidir. Qlobal iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər, ancaq kiçik ada dövlətləri üçün bu, mövcudlq məsələsinə çevrilib. Məsuliyyətli dövlət olan Azərbaycan COP29-a çox ciddi hazırlıqlar görür. BMT-nin iqlim konfransının Bakı gündəliyinin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan ona nail olmaq istəyir ki, ev sahibliyi edəcəyi tədbirdə müzakirələr ümumi xarakter daşımasın, nəticələr əldə olunsun, xüsusilə də maliyyələşmə istiqamətində konkret addımlar atılsın.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Dünya

ABŞ-da debat gecəsi...

12 Sentyabr 09:14

Dünya

Fransa şokda...

12 Sentyabr 09:10  

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30