Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Orta Dəhlizin və Zəngəzur dəmir yolunun yeni xətti...

Orta Dəhlizin və Zəngəzur dəmir yolunun yeni xətti...

30.08.2024 [10:12]

Qars-İğdır-Naxçıvan dəmir yolu Azərbaycanın beynəlxalq geosiyasi mövqeyini daha da möhkəmləndirəcək

Ankarada Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü zamanı iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektləri müzakirə olunub. Tərəflər strateji müttəfiqliyin inkişafında mümühm yer tutan nəqliyyat-tranzit layihələri üzrə təmasların daha da artırılacağını və bu çərçivəyə uyğun olaraq Qars-İğdır-Naxçıvan dəmiryolu xəttinin çəkilməsinin yaxın illərdə başa çatdırılacağını bəyan edib.

Qeyd edək ki, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti (Qars-İğdır-Naxçıvan) Prezident İlham Əliyevin irəli sürdüyü növbəti beynəlxalq əhəmiyyətli iqtisadi layihə Zəngəzur dəhlizinin tərkib hissəsi hesab edilir. Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan yeni xəttin ərsəyə gəlməsinin təşəbbüskarı da məhz İlham Əliyev olub. Bu təklifin gerçəkləşməsi üçün 2020-ci ildə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Həmçinin, 2021-ci ildə imzalanmış “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin də əsas bəndlərindən biri nəqliyyat-logistika imkanlarının daha da artırılmasıdır ki, sənəddə tranzitlərin şaxələndirilməsi ilə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən, Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınaraq bu bölgənin mühəndis-kommunikasiya xətlərinin vahid nəqliyyat sistemlərində əlaqələndirilməsi nəzərdə tutulub. Azərbaycanı Türkiyə ilə birləşdirən quru nəqliyyat xəttinin Zəngəzur dəhlizi və bu dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun genişləndirilməsi strategiyasının mühüm tərkib hissəsi kimi İğdır-Naxçıvan yolu mühüm əhəmiyyət kəsb edir.

2023-cü il sentyabrın 25-də Naxçıvanda Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun imzalanmasından sonra isə həmin layihənin reallaşdırılması istiqamətində əsaslı hüquqi bünövrə qoyulub, tərəflər qısa müddətdə dəmir yolunun tikintisinə yönəlmiş texniki hazırlıqları və texniki-iqtisadi əsaslandırma işlərini yekunlaşdıraraq işə başlayıb. 

Yeni dəmir yolu xətti hansı iqtisadi-siyasi əhəmiyyət kəsb edir?

Uzunluğu 224 kilometr, 5 stansiyadan ibarət olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu layihə çərçivəsində 638 metrdən ibarət 10 körpü, 18 kilometrlik 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulsa da, iki qardaş ölkə işləri sürətləndirərək bu nəhəng kommunikasiya xəttini daha tez istifadəyə verməyə çalışır. Azərbaycanın tarixi qələbəsindən sonra regionda yaranmış yeni reallıqlar AvroAsiya bölgəsində siyasi və iqtisadi mənzərəni tamamilə müsbət istiqamətə dəyişmək fürsətləri yaradıb. Avtomobil və dəmir yollarının tikintisi, yeni dəhlizlərin yaradılması və iki böyük qitə arasında tranzit rolunu oynamaq regionun bütün dövlətləri üçün faydalıdır. Bu baxımdan regionda baş verən sürətli nəqliyyat-logistika dəyişiklikləri, Orta Dəhlizin intensiv hərəkətliliyinin artması, eləcə də Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində qətiyyətli səylərin irəliləməsi fonunda Azərbaycan və Türkiyə Qars-İğdır-Naxçıvan yolunu daha tezləşdirmək istiqamətində zəruri addımlar atmaqdadır.

Hər iki ölkə öz ərazisindən keçən Şərq-Qərb-Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və ən müasir nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirməyi hədəf seçib. Hazırda Orta Dəhlizin ən mühüm nəqliyyat axınlarından biri kimi strateji əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars yolunun genişləndirilməsi sayəsində yeni nəqliyyat sxeminin əsas qolu olan Qars-İğdır-Naxçıvan dəmir yolu nəqliyyat şəbəkələrinin inteqrasiyasına səbəb olacaq. Bu dəmir yolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Sözügedən dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıracaq. Beləliklə, Qars-İğdır-Naxçıvan Orta Dəhlizə daxil olan digər trans-nəqliyyat layihələrinin də vacib qovşağı olmaqla təkcə Türkiyə və Naxçıvanı, Azərbaycanın bölgələrini birləşdirməyəcək, daha qlobal əhəmiyyətli tranzit kimi Avropa ilə Asiyanın ticarət körpüsünün bir hissəsini təşkil edəcək. Dəmir yolu Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq. Nəticədə Azərbaycanın və Naxçıvanın beynəlxalq yükdaşımalardan əldə olunan gəlirlərinin həcmi əhəmiyyətli dərəcədə artacaq.

Dəmir yolu, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar formalaşdıracaq, onlar arasında iqtisadi-siyasi, ticari təmasların yüksəlməsi və vahid nəqliyyat ailəsinin üzvləri kimi beynəlxalq yük daşınmalarında fəal rolunun artmasına töhfə verəcək. Həmçinin, Qars-İğdır-Naxçıvan xətti Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə də imkanlar yaradacaq. Bu baxımdan layihə iqtisadi faydası ilə yanaşı, ölkəmizin siyasi-beynəlxalq nüfuzunun da artması üçün uzaqgörən strateji qərarın nəticəsi hesab edilə bilər.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30