Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İqtisadi inkişaf modelimiz dünyada özünü təsdiqləyib

İqtisadi inkişaf modelimiz dünyada özünü təsdiqləyib

27.09.2024 [10:08]

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib

Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu olacağından xəbər verir. Cari ilin ötən dövründə, yəni yanvar-avqust aylarında ölkəmizdə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Habelə qeyri-neft sənayesində 7,8 faiz artım qeydə alınıb.

ÜDM-in nominal artımı neft-qaz sahələrindəki əlavə dəyəri bir neçə dəfə üstələyir ki, bu da Azərbaycanında əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar öz mühüm bəhrəsini verməkdədir.

Neft-qaz sahəsində müsbət templər təmin ediləcək

Qeyri-neft iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanın ümumi tərəqqisində mühüm rol oynayan neft sektorunda da son dövrlərdə sabitləşmə və müsbət meyillər müşahidə edilməkdədir. Dövlət başçısının vurğuladığı kimi son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə buraxılmış bir sıra nöqsanlar neftin hasilatının ildən-ilə azalmasına səbəb olub, həmin nöqsanların aradan qaldırılması və neft hasilatının sabitliyinin təmin edilməsi üçün xarici konsorsiumla danışıqlar aparılıb və vəziyyət ümidvericidir. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlənilir və həmin layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozları əldə olunacaq. Ümumilikdə, yeni layihə və yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilməsi gözlənilir ki, bu da neft-qaz sahəsində müsbət templəri təmin edəcək.

İqtisadi inkişaf gözlənilən səviyyədədir...

Ötən 8 ayın makroiqtisadi göstəriciləri təsdiqləyir ki, hazırda dünyada gedən proseslər və mürəkkəb qlobal mühit, ələlxüsus da geosiyasi vəziyyətə nəzərən ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər dayanıqlı inkişafı təsdiqləyir. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında dəyişkən qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi tam təmin olunmaqdadır. Hökumət mövcud müsbət nəticələrə əsaslanaraq qarşıdakı dövrdə iqtisadi inkişafı daha da sürətləndirməyi düşünür.

Prezident İlham Əliyevin bəyan etidiyi kimi əsas hədəf iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı da artır...

İqtisadiyyatda böyümə müxtəlif sektorlarda, ələlxüsus da özəl bölmənin bütün sahələrində işgüzar fəallığın və əhalinin gəlir əldəetmə imkanlarının da yaxşılaşmasına səbəb olmaqdadır. 2024-cü ilin ötən 8 ayı ərzində əhalinin iş fəallığı artıb və iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyon 759 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Bu, ötən ilin müvafiq dövrünə nisbətən ən azı 5 faiz fərdi sahibkarlığın və biznesin işgüzarlığının artması deməkdir. Bu dinamika işçilərin əməkhaqlarının da artmasına səbəb olub. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil edib.

Cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 53 milyard 947,2 milyon manat və ya hər nəfərə orta hesabla 5291,6 manat olub. Əhalinin sərəncamında qalan gəlirləri 47 milyard 488,1 milyon manat təşkil edib. Əhalinin gəlirlərinin artım tempi inflyasiya göstəricisini üstələməklə sosial rifahı da yaxşılaşdırıb.

Minimum əməkhaqqı və pensiyaların artımı təmin ediləcək

Cari ilin ötən dövrü ərzində düzgün iqtisadi siyasət və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının uğurlu icrası nəticəsində ölkəmizdə sosial sahədə də müsbət nəticələrə nail olunub. Əhalinin real gəlirləri və orta aylıq əməkhaqqı artıb. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olub ki, bu da çox müsbət göstəricidir. Hazırkı əlverişli iqtisadi və maliyyə potensialı mühitində əhalinin rifahının daha da yaxşılaşdırılması üçün əlavə addımların atılması nəzərdə tutulur və dövlət başçısı bunun anonslarını bir neçə gün əvvəl vermişdi. Dünənki müşavirədə də xatırladıldı ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiyaların artırılması siyasəti təmin ediləcək. Baxmayaraq ki, ölkəmizin qarşısında duran əsas milli iqtisadi çağırışlar ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır, ancaq hökumət həssas təbəqə sayılan vətəndaşlarıın rifah halının yaxşılaşdırılması üçün bütün lazımi tədbirləri görəcək. Son beş il ərzində Azərbaycanda icra edilmiş böyük sosial islahatlar paketi də bunu təsdiqləyir. Bu müsbət sosial ənənə davam etdiriləcək və vətəndaşların sosial həyat şəraitinin yaxşılaşmasına yönəlmiş ardıcıl sosial tədbirlər prioritetliyini qoruyacaq.

Suverenliyimizin tam bərpası xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb...

Dövlət başçısı ölkəmizdə təmin edilmiş əlverişli investisiya mühiti şəraitində sərmayə qoyuluşlarının artırılması üçüm təşviqedici siyasətin davam etdiriləcəyini də xatırladıb. Xüsusilə də, xarici sərmayələrin cəlb olunması, o cümlədəm əsas prioritet sahə olan qeyri-neft sektoruna cəlb edilməsi üçün həyata keçirilən bir çox təşviq layihələrinin bu istiqamətdə mühüm rol oynayacağına əminliyini ifadə edib. Ölkəmizdə hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, dövlətin güclənməsi, ələlxüsus da ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edilməsindən sonra yaranmış münbit geoiqtisadi imkanlar xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb. İnvestisiyaların adambaşına düşən həcminə görə qabaqcıl ölkələr sırasında olan Azərbaycanda indi tamamilə yeni mühit yaranıb və xarici investorların hökumətə ünvanlanan ciddi və müsbət siqnalları da bunu təsdiqləyir. Eyni zamanda, bu investisiya fəallığı və marağı ənənəvi sənaye məntəqələri olan Bakı və Sumqayıtdakı sənaye parkları ilə yanaşı, azad edilmiş ərazilərdə yeni yaradılan Ağdam və Cəbrayıl rayonlarındakı sənaye parklarının timsalında da özünü göstərməkdədir.

Büdcənin əsas xərc hədəfləri: Hərbi potensialın gücləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpası...

Ölkəmizin strateji iqtisadi hədəflərinin gerçəkləşməsində güclü maliyyə təminatı olan və bütün tədbirlərin əsas mənbəyi olan dövlət büdcəsinin yığım imkanları da böyüyür. Hazırda hökumətin iqtisadi komandası tərəfindən müzakirə olunan 2025-ci ilin dövlət büdcəsi və icmal büdcə layihələrinin müsbət göstəriciləri də potensialmızın artmasından xəbər verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi büdcədə xərc prioriteti kimi ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr dayanır. Həmçinin, sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr xərclərin əsas istiqamətlərini təşkil edəcək.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31