TDT: Qlobal nizamsızlıq dövründə sabitliyin türk modeli
08.10.2025 [11:38]
Qardaşlıqdan strateji tərəfdaşlığa doğru Türk birliyinin yüksəlişi
Son illərdə beynəlxalq münasibətlər sistemində dərin struktur dəyişiklikləri müşahidə olunmaqdadır. Sirr deyil ki, ənənəvi qlobal idarəetmənin mərkəzlərində müəyyən geriləmələr hiss olunur - başqa sözlə, beynəlxalq təşkilatlar arasında güc balansı dəyişir, yeni regional birliklər dünya siyasətinə təsir imkanlarını daha da artırır. Bu yeni siyasi mənzərədə Türk Dövlətləri Təşkilatı (TDT) öz tarixi, mədəni və geosiyasi potensialına söykənərək müasir dünyanın çoxqütblü modelində önəmli regional aktor kimi formalaşmaqdadır.
Qeyd edək ki, TDT-nin meydana çıxması və son illərdə qazandığı dinamik inkişaf onu yalnız türkdilli xalqların əməkdaşlıq platforması kimi deyil, eyni zamanda qlobal münasibətlər sisteminin yeni dayaqlarından biri kimi təqdim edir. Təşkilat üzv dövlətlər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı inteqrasiyanı möhkəmləndirməklə yanaşı, Avrasiya məkanında sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafın təminatçısı rolunu da üzərinə götürür.
Tarixi bağlılığın simvolu - vahid siyasi iradə...
Yeni dünya düzəni fonunda qlobal güc mərkəzləri arasında rəqabətin müşahidəolunacaq qədər artması, enerji və kommunikasiya marşrutlarının diversifikasiyasına ehtiyacın duyulması, qlobal ticarət zəncirlərinin (keçid dəhlizlərinin) daha səmərəli təşkili məsələsinin gündəmə gəlməsi Türk coğrafiyasının strateji əhəmiyyətini daha da artırıb. Belə bir şəraitdə TDT-nin fəaliyyət fəlsəfəsi - ortaq tarix, mədəniyyət və dəyərlərə əsaslanan inteqrativ model - həm regional sabitliyin qorunmasına, həm də beynəlxalq münasibətlərdə müxtəlif qütblər arasında ticari əlaqələri gücləndirməyə yönəlib.
Eyni zamanda, TDT-nin artan diplomatik nüfuzu, iqtisadi əməkdaşlıq formatları və nəqliyyat dəhlizləri sahəsində atdığı addımlar təşkilatı Avrasiyanın yeni iqtisadi və siyasi cazibə mərkəzinə çevirir. Bu isə onu yalnız regional deyil, həm də qlobal səviyyədə qərarların formalaşmasında təsir gücünə malik bir platformaya çevirir. Beləliklə, bu gün TDT artıq sadəcə tarixi bağlılıqların simvolu deyil, yeni beynəlxalq düzənin vacib sütunlarından biri, xalqlar arasında əməkdaşlıq, enerji təhlükəsizliyi və sülhün möhkəmləndirilməsi istiqamətində real mexanizmə çevrilib. Onun fəaliyyəti qlobal sistemin yenidən formalaşdığı bir dövrdə türk dövlətlərinin vahid siyasi iradə ilə çıxış edə bilməsinin mümkünlüyünü nümayiş etdirir - TDT müasir siyasi proseslərin önünə çıxmağı bacarır. Dünya miqyasında ən önəmli geostrateji və geocoğrafi məkanlardan biri kimi tanınan və qəbul olunan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya regionunun əlaqələndirilmiş siyasi-iqtisadi planları TDT-nin inkişafına böyük dəstək verməkdədir. Xüsusi ilə, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra bölgədə formalaşan yeni reallıqlar mühüm ticari çağırışları aktuallaşdırıb - bu fonda TDT-nin cəlbediciliyi daha parlaq şəkildə diqqəti cəlb edir.
Naxçıvandan başlanan yol - Bakı Türk birliyinin qurucusu qismində...
Artıq geniş funksional strukturlaşmaya malik olan TDT-nin yaranmasında, inkişafında və regional aktora çevrilməsində Azərbaycanın təşəbbüsü, səyi və qətiyyəti danılmazdır. 2021-ci ilə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanan təşkilatın fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat 15 il öncə - türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Eləcə də TDƏŞ-ə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdirdər.
Qeyd edildiyi kimi, müasir TDT Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə Türk Şurasına üzv olmuşdu. 2021-ci il noyabrın 12-də İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər, real siyasi vəziyyət müzakirə olunur. 2009-cu ildən bəri Zirvə görüşlərinin beşi Azərbaycanda (ötənilki qeyri-rəsmi Şuşa Zirvəsi və hazırda davam edən Qəbələ Zirvəsi də daxil olmaqla), dördü Türkiyədə, üçü Qazaxıstanda, üçü Qırğızıstanda, biri isə Özbəkistanda keçirilib. Bu il mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Xüsusi vurğulanmalıdır ki, qısa zamanda özünü iqtisadi-siyasi konsepsiyası, ideoloji əsasları olan və ən əsası suveren, milli mənafeyə söykənən prinsiplərə malik təşkilat kimi sübut etməyi bacaran Türk Dövlətləri Təşkilatının əldə etdiyi uğurlar saymaqla bitməz. Bu inkişaf tendensiyasında maddi nailiyyətlərdən daha çox mənəvi nailiyyətlər göz oxşayır - vahid Türk dünyası ailəsi prinsiplərinin inkişaf etdirilməsi, qarşılıqlı maraqların qorunması üçün gücün və imkanların səfərbər olunması, fərqli cəhətlərin və ya coğrafiyaların oturuşmuş siyasi birliklərinə qarşı bütün aspektlərdə müqavimətin yaradılması kimi prioritet hədəflər TDT-nin ali qurum statusunu daha da möhkəmləndirir.
Milli prioritetlər - müdafiə və təhlükəsizlik ön plana çıxır...
İqtisadi inteqrasiya ilə yanaşı, müdafiə immunitetinin gücləndirilməsi də təşkilatın əsas hədəflərindən biri kimi ortaya çıxır. Hələ 2023-cü ildə Astanada baş tutmuş X Astana Zirvəsində Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasını qeyd etməsi Türk Dövlətləri Təşkilatı üçün mühüm yol xəritəsinə çevrilmişdi. Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı bildirmişdi ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
Bu günün rakursunda TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə (Ermənistan-Azərbaycan sülh danışıqlarının mühüm bir irəliləyiş qət etməsi fonunda), əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Hazırda bölgə dövlətlərinin əksəriyyətinin fərqli regional hərbi bloklarda təmsil olunması da buna mane olmaz - bu mənada, TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Təbii ki, bu da mane olacaq faktor sayılmamalıdır. Xatırlayırıqsa, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı aktiv müzakirələr davamlı şəkildə aparılır və bu, qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini aktuallaşdırmaq imkanındadır. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin yeni dövr üçün Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi isə əsaslı və arqumentlidir - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir. Sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub - ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, TDT üzvü olan ölkələr də özlərinin müdafiə imkanlarının inteqrasiyasını məhz bu kriteriyalar üzrə inkişaf etdirə bilərlər.
Qarabağ Bəyannaməsi: TDT tarixinin yeni yol xəritəsi
Bir məqama xüsusi toxunmaq lazımdır - 2024-cü ilin yayında Şuşada keçirilən TDT liderlərinin qeyri-rəsmi Zirvə görüşü təşkilatın inkişaf perspektivlərini, hədəflərini və inteqrasiyasının istiqamətlərini müəyyənləşdirdi. Bu zirvədə 5 türkdilli dövlət tərəfindən imzalanan Qarabağ Bəyannaməsi ilə TDT daha da irəliyə yol aldı. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bundan başqa, Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi ortaya qoyulur. Paralel olaraq bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Eyni zamanda, sənəddə Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində TDT-yə dəyərli töhfələri alqışlanır, Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və Türk İnvestisiya Fondu (TİF) kimi türk əməkdaşlıq təşkilatları arasında davamlı əməkdaşlıq və artan sinerji təqdir edilir.
Qəbələ Zirvəsi: TDT-nin inkişafında yeni mərhələ...
Günümüzün reallığında dünyanı ağuşuna almış kataklizmlər istər bölgəsəl, istərsə də qlobal nəticələrə hesablanan qarşıdurmalardan “bəhrələnir”. Bu mənada ölkələrin bütövlükdə qlobal proseslərə ümumi baxış bucağının forrmalaşdırılması ən vacib məqamlardandır. Eyni zamanda, yeni dövrdə effektivliyi və çevikliyi artırmaq, ümumi immun sistemini formalaşdırmaq və inkişaf etdirmək də əsas müzakirə predmetlərindən sayılır - bu mənada, fərdi yanaşmalarla yanaşı, kollektiv səylərin gücləndirilməsi TDT üçün mühüm üfüqlər vəd edir. TDT-nin qarşıdakı dövr ərzində strukturlaşma mexanizmində çevikliyin artırılması, fərqli sahələr üzrə strukturlaşmanın daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, yeniliklərə əl atılması istisna deyil - belə olacağı təqdirdə, yeni dövr üçün TDT özünün hərtərəfli reaksiya qabiliyyətini daha da gücləndirmək imkanlarına malik olacaq. Türk Dövlətləri Təşkilatı bu gün türk xalqlarının həmrəyliyini reallığa çevirən siyasi və iqtisadi platformadır. Azərbaycan bu prosesdə təşəbbüskar mövqeyi ilə təşkilatın inkişafına mühüm töhfə verir. Qəbələdə keçirilən zirvə toplantısı türk dövlətlərinin strateji əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaq və TDT-nin qlobal miqyasda nüfuzunu daha da gücləndirəcək.
Beləliklə, Türk Dövlətləri Təşkilatı çağdaş beynəlxalq münasibətlər sistemində çoxtərəfli əməkdaşlıq modelinin uğurlu nümunəsidir. Qlobal nizamsızlıq və geosiyasi rəqabət fonunda TDT regional sabitlik, iqtisadi inteqrasiya və mədəni həmrəyliyin təminatçısına çevrilir. Azərbaycan bu birliyin mərkəzi aktoru kimi həm siyasi təşəbbüsləri, həm də iqtisadi layihələri ilə təşkilatın strateji potensialını artırır. Beləliklə, TDT XXI əsrdə türk coğrafiyasını birləşdirən, qlobal sistemdə isə yeni güc vektoru formalaşdıran mühüm institut kimi öz yerini möhkəmləndirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Analitik
08 Oktyabr 10:16

Sosial
08 Oktyabr 09:54

Analitik
08 Oktyabr 09:31

Analitik
08 Oktyabr 09:18

Analitik
08 Oktyabr 08:50

MEDİA
08 Oktyabr 08:25

YAP xəbərləri
07 Oktyabr 23:17

YAP xəbərləri
07 Oktyabr 23:04

YAP xəbərləri
07 Oktyabr 23:01

YAP xəbərləri
07 Oktyabr 22:52

Dünya
07 Oktyabr 22:35

YAP xəbərləri
07 Oktyabr 22:09

Dünya
07 Oktyabr 21:58

YAP xəbərləri
07 Oktyabr 21:15

YAP xəbərləri
07 Oktyabr 20:34

Dünya
07 Oktyabr 20:12

YAP xəbərləri
07 Oktyabr 19:43

Dünya
07 Oktyabr 19:16

YAP xəbərləri
07 Oktyabr 19:04

Sosial
07 Oktyabr 18:51

YAP xəbərləri
07 Oktyabr 18:19

YAP xəbərləri
07 Oktyabr 18:18

YAP xəbərləri
07 Oktyabr 17:35

Sosial
07 Oktyabr 17:20

YAP xəbərləri
07 Oktyabr 17:04

Dünya
07 Oktyabr 16:59

Gündəm
07 Oktyabr 16:30

YAP xəbərləri
07 Oktyabr 16:22

Dünya
07 Oktyabr 16:10

YAP xəbərləri
07 Oktyabr 16:02

Dünya
07 Oktyabr 15:49

YAP xəbərləri
07 Oktyabr 15:41

Dünya
07 Oktyabr 15:27

Dünya
07 Oktyabr 14:46

Dünya
07 Oktyabr 14:21

Gündəm
07 Oktyabr 14:18

YAP xəbərləri
07 Oktyabr 13:57

Dünya
07 Oktyabr 13:50

YAP xəbərləri
07 Oktyabr 13:41

Gündəm
07 Oktyabr 13:33

YAP xəbərləri
07 Oktyabr 13:29

YAP xəbərləri
07 Oktyabr 13:28

Sosial
07 Oktyabr 13:21

Siyasət
07 Oktyabr 13:20

Dünya
07 Oktyabr 13:19

YAP xəbərləri
07 Oktyabr 13:09
YAP xəbərləri
07 Oktyabr 13:05

YAP xəbərləri
07 Oktyabr 13:01

YAP xəbərləri
07 Oktyabr 13:00

YAP xəbərləri
07 Oktyabr 12:59

Siyasət
07 Oktyabr 12:55

İqtisadiyyat
07 Oktyabr 12:53

İqtisadiyyat
07 Oktyabr 12:52

Hadisə
07 Oktyabr 12:50

Sosial
07 Oktyabr 12:48

Dünya
07 Oktyabr 12:46

Hadisə
07 Oktyabr 12:45

Analitik
07 Oktyabr 12:44

YAP xəbərləri
07 Oktyabr 12:43

Gündəm
07 Oktyabr 12:23

İqtisadiyyat
07 Oktyabr 12:23

Dünya
07 Oktyabr 12:18

İqtisadiyyat
07 Oktyabr 12:12

Sosial
07 Oktyabr 11:54

Siyasət
07 Oktyabr 11:51

YAP xəbərləri
07 Oktyabr 11:46

Analitik
07 Oktyabr 11:17

YAP xəbərləri
07 Oktyabr 10:50

İdman
07 Oktyabr 10:49

İdman
07 Oktyabr 10:49
