Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Liderliyin heyrətamiz və heyranedici nümunəsi...

Liderliyin heyrətamiz və heyranedici nümunəsi...

08.11.2025 [11:25]

Güc, ədalət və məsuliyyətin sintezi: regional sabitlikdən qlobal aktorluğa gedən yol...

XXI əsr bəşəriyyət üçün yeni çağırışlar dövrü kimi tarixə düşür. Bu əsrin hələ ilk 25 ili göstərdi ki, qlobal sabitlik, beynəlxalq münasibətlərin inkişafı və ədalətin təminində ən həlledici amil məhz lider amilidir. Müasir dövrdə istər iki, istərsə də çoxtərəfli münasibətlərin tənzimlənməsi, münaqişələrin aradan qaldırılması, milli maraqların müdafiəsi, beynəlxalq hüquqa hörmət, həm də bəşəri problemlərin həlli birbaşa olaraq dövlət başçılarının siyasi uzaqgörənliyindən asılıdır, liderlərin problemlərin həllində göstərdiyi təmkinlə, davranışla və ədalət hissi ilə əlaqəlidir.

Azərbaycan isə bu tarixi həqiqətin canlı sübutudur. Ölkəmiz müstəqilliyinin ilk onilliklərində işğal, təcavüz və ədalətsizliklə üz-üzə qaldı. Uzun illər ərzində Azərbaycanın sülh və beynəlxalq hüquqa əsaslanan çağırışlarına baxmayaraq, dünya ədalətsiz ikili standartların girovuna çevrilmişdi. Qarabağ həqiqətləri, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhərlərin yerlə-yeksan edilməsi beynəlxalq ictimaiyyət tərəfindən çox zaman susqunluqla qarşılanırdı. Qlobal dünya sanki bu ədalətsizlik qarşısında donub qalmışdı - erməni lobbisinin təhriki və maliyyə gücü ilə işğal faktına göz yumulurdu, ədalətsizlik qarşısında sükut nümayiş etdirilirdi.

Lakin 2020-ci ilin payızı tarixi dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını azad etdi, 30 illik işğala son qoydu və suverenliyini bərpa etdi. Bu qələbə tək hərbi qələbə deyildi - həm də siyasi, diplomatik, psixoloji və mənəvi qələbə idi. İlham Əliyev dünya siyasətində öz dövlətinin milli maraqlarını qorumağı, beynəlxalq hüququn prinsiplərini bərpa etməyi bacaran və ədalət hissindən bir an belə ayrılmayan lider kimi tanındı. 44 günlük Vətən müharibəsi onun həm Ali Baş Komandan, həm də böyük dövlət xadimi kimi parlaq imzasını tarixə yazdı.

Vurğulandığı kimi, bu qələbənin mahiyyəti yalnız torpaqların azad edilməsində deyil, ədalətin bərqərar olmasında idi. Azərbaycan nə müharibədən əvvəl, nə müharibə dövründə, nə də müharibədən sonra heç vaxt revanşist məqsədlər güdmədi, başqa dövlətin ərazisində gözü olmadı. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Bizim məqsədimiz yalnız işğal altında olan torpaqları azad etmək idi.”

Ədalətə sədaqət və beynəlxalq nüfuz: Uitkoffun etirafı...

Azərbaycan Prezidentinin bu ədalətli, yüksək humanizmə söykənən mövqeyi tək xalqımız tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən də dərin hörmətlə qarşılanır, qiymətləndirilir. Son illərdə bir çox qlobal siyasətçilər İlham Əliyevin sülhpərvər və məsuliyyətli liderliyini yüksək qiymətləndiriblər - bir misala diqqət çəkək: bu ilin avqust ayınıın 8-də Ağ Evdə yüksək səviyyəli qonaq kimi qəbul olunan Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən ehtiram az-az dünya liderlərinə göstərilir. Nəticə göz önündədir - Azərbaycan LİDERİ Ağ Evdə Donald Trampla yanaşı, əyləşərək siyasi məsələlər haqqında fikirlərini ifadə etdi, regionun gələcəyi ilə bağlı proseslər haqqında qətiyyətini və diktəsini ortaya qoydu. Donald Trampın Azərbaycan Prezidentinə münasibəti isə yayılan video və fotolarda tam şəkildə öz əksini tapır - yaxın dost, tərəfdaş, qalib Prezident - Azərbaycan xalqının və dövlətinin mübarizlik ruhunu, cəmiyyətin minilliklərdən süzülüb gələn milli-mənəvi dəyərlərinin simvoluna çevrilmiş bir Prezident...

Bu faktı daha da möhkəmləndirən növbəti bir fakt: ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Uitkoff bu fikri Mayamidə keçirilən Amerika Biznes Forumu çərçivəsində səsləndirib. Diplomat çıxışı zamanı avqust ayında ABŞ Prezidenti Donald Trampın Oval kabinetdə İlham Əliyevlə apardığı söhbət barədə də danışıb. Bu, indiyəcən bilinməyən heyrətamiz bir məqamdır. Onun sözlərinə görə, Tramp avqust ayında Oval kabinetdə keçirilən görüşdə 44 günlük müharibənin gedişi barədə birbaşa sual verib.

Uitkoff qeyd edib ki, Tramp həmin görüşdə İlham Əliyevdən soruşub: “Sənin ordun daha üstün idi. Niyə hücumu genişləndirmədin, niyə davam etdirmədin?”

Prezident İlham Əliyevin cavabı isə belə olub: “Bizim məqsədimiz yalnız işğal altında olan torpaqları qaytarmaq idi. Heç vaxt daha artığını istəməmişik”.

Stiv Uitkoff Prezident İlham Əliyevin bu cavabını yüksək qiymətləndirib: “Gücə sahib olub ondan sui-istifadə etməmək - bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz qərardır”.

Bu hadisə özlüyündə Prezident İlham Əliyevin davranış fəlsəfəsinin, sülhpərvərliyinin və beynəlxalq hüquqa sədaqətinin bariz sübutudur.

Ədalətə və beynəlxalq hüquq prinsiplərinə sarsılmaz bağlılıq

Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsində Prezident İlham Əliyev liderliyin yeni modelini formalaşdırıb. O, qərarlarında həm milli maraqları, həm də regional və qlobal ədalət balansını qorumağı bacarır. Bu səbəbdən də bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdırlar. Prezident İlham Əliyevin siyasi kursu Azərbaycanın etibarlı tərəfdaş, sözünə sadiq dövlət imicini daha da möhkəmləndirib. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibara, ədalətə və məsuliyyətə əsaslanan diplomatiya nümunəsi yaradıb. “Prezident İlham Əliyevin sözü onun imzasıdır” - bu ifadə artıq diplomatik leksikonun bir hissəsinə çevrilib. Azərbaycan həm enerji siyasətində, həm nəqliyyat layihələrində, həm də humanitar əməkdaşlıq platformalarında sadiq və dayanıqlı tərəfdaş kimi qəbul olunur. Bu etimadın əsasında isə Prezidentin ədalət və beynəlxalq hüquq prinsiplərinə sarsılmaz bağlılığı dayanır. Məhz buna görədir ki, Azərbaycan bu gün regionda sabitlik və əməkdaşlığın əsas dayağına çevrilib.

Prezident İlham Əliyev modern cəmiyyətdə lider obrazının ən mühüm keyfiyyətlərini özündə birləşdirən şəriksiz liderdir. Dövlət başçısı dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu hər zaman isbatlayıb. Məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.

Vurğulandığı kimi dünyanın bütün siyasi xadimləri Prezident İlham Əliyevin ölkəsini müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanıtdığını etiraf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs yalnız bir hədəfə - ölkəmizin maraqlarının təmin olunmasına yönəlib. Bu isə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün ən güclü vasitədir. Prezident İlham Əliyevin böyük lider olmasının ən bariz göstəricilərindən biri siyasi kursumuzun davamlı, qətiyyətli və ardıcıl həyata keçirilməsidir.  Azərbaycan bütün ölkə və təşkilatlara münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini ortaya qoyur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Dünyanın aparıcı paytaxtlarında Cənubi Qafqazın strateji geocoğrafi üstünlüklərinin tanınması və qəbul edilməsi Prezident İlham Əliyevin qlobal siyasi fəhminin, gücünün və böyüklüyünün göstəricisidir.

Qalibin böyüklüyü: Ermənistanla davranış nümunəsi

II Qarabağ müharibəsinə nəzərən bəzi siyasi konekretləşmələr Azərbaycanın mövqeyinə açıqlıq gətirir - qələbədən 5 il keçəndən sonra bu gün də Azərbaycan qalib dövlətdir, lakin bu qələbə qisas və revanşizmlə deyil, ədalət və bərabərlik prinsipləri ilə müşayiət olunur.

- Azərbaycan qalib tərəf olmasına baxmayaraq, Ermənistanın ərazisinə girmədi, revanşist davranış sərgiləmədi.

- Ermənistan ordusu darmadağın edildikdən sonra Azərbaycan tərəfi dərhal sülh danışıqları təşəbbüsü ilə çıxış etdi.

- Azərbaycan qalibin diktəsini deyil, bölgədə uzunmüddətli sülhün və əməkdaşlığın bərpasını təklif etdi.

Budur əsl ədalətli davranış kodeksi: Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məqsəd qalibiyyətin siyasi nəticələrini deyil, bölgədə ədalətli və sabit nizamı bərpa etməkdir. Azərbaycan bu gün regionda iqtisadi və humanitar əlaqələrin bərpasına yönəlmiş addımlar atır. Ermənistana yükdaşıma embarqosunun aradan qaldırılması, Ermənistan istiqamətində dəmir yolu daşımalarına icazə verilməsi - bütün bunlar qalib xalqın və liderin böyüklüyünü nümayiş etdirir. Bu davranış ədalətli qalibin böyüklüyü, liderin sülhə sədaqəti kimi tarixə düşür.

Yeni qlobal nizamın memarı...

Prezident İlham Əliyev həm də qlobal miqyasda liderlik missiyası daşıyır. Son 100 ildə Şərq ilə Qərbi, Cənub ilə Şimalı bu qədər yaxınlaşdıran lider tapmaq çətindir. Azərbaycan Prezidenti müasir beynəlxalq sistemdə əməkdaşlıq fəlsəfəsinin lideridir. O, ölkələri qarşıdurma deyil, ortaq maraqlar ətrafında birləşdirməyə çalışır. Bu mənada da Prezident İlham Əliyevin xidmətləri çoxşaxəlidir:

- Yaxın və Orta Şərqdə sülh təşəbbüslərinə verdiyi dəstək;

- Avropanın enerji təhlükəsizliyinin təminində həlledici rolu;

- Mərkəzi Asiyanın qlobal inteqrasiyasına verdiyi töhfələr;

- Türk Dövlətləri Təşkilatının güclənməsi və türkdilli xalqların həmrəyliyinə verdiyi stimul;

- Qlobal Şimal və Cənub arasında iqtisadi əlaqələrin genişlənməsinə yönəlmiş təşəbbüslər.

Bu siyahını daha da genişləndirmək olar - kiçik ada dövlətlərinin hüquqlarının müdafiəsi, kolonializmə qarşı mübarizədə liderlik, zəif dövlətlərin maraqlarının qorunması və bu kimi onlarla misal Azərbaycan Prezidentinin qlobal siyasi mühitdə tutduğu mövqeni açıq xarakterizə edir. Bütün bunlar İlham Əliyevin vahid və ədalətli dünya nizamı konsepsiyasının elementləridir. Onun siyasəti konfrontasiyaya yox, əməkdaşlığa, bölünməyə yox, birliyə, qarşıdurmaya yox, sülhə söykənir.

“Yaşıl enerji” dövrünün öncül lideri...

Bəlli olduğu kimi, XXI əsrin yeni strateji prioritetlərindən biri bəşəriyyətin enerji siyasətində dönüş yaratmaq, karbon asılılığından uzaqlaşmaq və təmiz texnologiyalara keçidi təmin etməkdir. İqlim böhranı, resursların tükənməsi və ekoloji balansın pozulması artıq dövlətlərin inkişaf modelini yenidən düşünməyə vadar edib. Məhz bu şəraitdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın regional deyil, qlobal “yaşıl enerji mərkəzi”nə çevrilməsinə imkan yaradıb. Onun rəhbərliyi ilə ölkəmiz son illərdə enerji istehsalında tarazlaşdırılmış model qurub: bir tərəfdən ənənəvi enerji mənbələrinin təhlükəsiz ixracını təmin edir, digər tərəfdən isə alternativ və bərpaolunan enerji sektoruna böyük sərmayələr yönəldir.

Azərbaycanın “yaşıl enerji strategiyası” artıq beynəlxalq miqyasda nümunə kimi təqdim olunur. Prezident İlham Əliyev bu strategiyanı təkcə iqtisadi layihə kimi deyil, həm də ekoloji məsuliyyət, regional sabitlik və beynəlxalq əməkdaşlıq fəlsəfəsi kimi təqdim edir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının “yaşıl enerji zonaları” elan edilməsi həm simvolik, həm də strateji addımdır. Bu bölgələrdə günəş, külək və hidroenerji potensialının reallaşdırılması təkcə müasir texnoloji inkişaf deyil, həm də azad edilmiş torpaqların ekoloji reabilitasiyası anlamına gəlir.

Bütün bunların fonunda Azərbaycanın COP29-a ev sahibliyi etməsi təsadüfi deyil. Bu, İlham Əliyevin uzunmüddətli strateji baxışının məntiqi nəticəsidir. Onun siyasətində “enerji təhlükəsizliyi” ilə “ekoloji təhlükəsizlik” eyni dərəcədə önəm daşıyır. Prezidentin çıxışlarında tez-tez vurğuladığı kimi, “Azərbaycan üçün gələcəyin əsas istiqaməti - təmiz enerji və davamlı inkişafdır”. Bu yanaşma İlham Əliyevi yalnız regionun deyil, qlobal səviyyədə “yaşıl gələcək uğrunda mübarizə aparan liderlərdən biri” kimi tanıdır. Beləliklə, Prezident İlham Əliyev bu gün enerji diplomatiyasını ekoloji məsuliyyətlə sintez edən, iqtisadi gücü ilə təbiətə hörməti birləşdirən nadir dövlət başçılarından biridir.

Dünyada ədalətə və liderliyə ehtiyac var...

Prezident İlham Əliyev XXI əsrin liderlik fəlsəfəsini yeni səviyyəyə qaldıran dövlət başçısıdır. Onun fəaliyyətində güc və ədalət, qüdrət və humanizm, qətiyyət və diplomatiya bir-birini tamamlayır. Azərbaycanın qələbəsi təkcə bir müharibənin sonu deyil, həm də ədalətin və beynəlxalq hüququn qələbəsidir. Bu qələbənin arxasında isə Prezident İlham Əliyev kimi fenomenal liderin uzaqgörən siyasəti, dəmir iradəsi və bəşəri ədalətə inamı dayanır.

Bu gün dünyanın hər yerində sabitliyə, ədalətə və liderliyə ehtiyac olduğu bir vaxtda Prezident İlham Əliyev bütün bəşəriyyət üçün nümunəvi lider obrazıdır - əzəməti ilə heyranedici, ədaləti ilə öyrədici, qərarları ilə tarix yazan lider...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 2 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30