Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir

26.05.2009 [10:36]

Dövlət başçısı Gəncə şəhərinə, Göygöl və Şəmkir rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gəncə şəhərinə gəlib. Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biri olan Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin həyatına inkişaf, tərəqqi və müasirlik gətirib.
Bunun nəticəsidir ki, cari ilin əvvəlində ümumi məhsul istehsalı 61,3 milyon manat təşkil edib. Məhsul istehsalının 27,3 faizi sənaye, 8,4 faizi tikinti, kənd təsərrüfatı və rabitə, 20 faizi nəqliyyat, 44,3 faizi topdansatış və pərakəndə ticarət sahəsini əhatə edir. Sənayedə bu ilin ilk rübündə16,7 milyon manatlıq məhsul istehsal olunub.
Bütün maliyyə mənbələri hesabına şəhər iqtisadiyyatı və sosial sahələrin inkişafına 4,7 milyon manatdan çox investisiya qoyulub. Prezident İlham Əliyevin tapşırığı ilə şəhərin işıqlandırma sisteminin ən müasir formada qurulması, binaların fasadlarının üzlənməsi və abadlıq işlərinin aparılması istiqamətində də ciddi işlər görülüb.
Bununla da iki min ildən çox yaşı olan Gəncə bu gün qədimliklə müasirliyin qovuşduğu bir məkana çevrilib. Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gəlib, ulu öndərin abidəsini ziyarət edərək, gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Gəncədə ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb, səmimi söhbət edib. Gəncə Dövlət Universitetinin professoru Sevda Qurbanəliyeva dövlətimizin başçısına gəncəlilərin ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev söyləyib ki, son illər ərzində Gəncənin inkişafı üçün doğrudan da çox böyük işlər görülüb: “Gəncənin böyük tarixi var və mən çox şadam ki, şəhər öz tarixi simasını saxlamaqla müasirləşir, yeniləşir, çox gözəl binalar tikilir və bəzi köhnə binalar da bərpa olunur, təmir edilir. Bütün bunların çox böyük mənası var. Mən bu gün Bakıdan maşınla gələrkən böyük yol tikintisini də bir daha gördüm. Demək olar ki, Bakı-Gəncə avtomobil yolunun böyük əksəriyyəti artıq tikilib. Az hissə qalıb ki, o da ilin sonuna qədər bərpa edilməlidir, yenidən tikilməlidir və beləliklə, Bakıdan Gəncəyə çox rahat, özü də qısa müddət ərzində gəlmək mümkün olacaqdır. Burada çox qədim tarixi binaların bərpası, tarixi abidələrin bərpası əlbəttə ki, çox sevindiricidir. Azərbaycan öz keçmişinə çox böyük hörmətlə yanaşır. Bir neçə gün bundan sonra biz Respublika gününü qeyd edəcəyik. 91 il bundan əvvəl Şərqdə ilk dəfə olaraq yaradılmış demokratik respublika dünya miqyasında çox böyük hadisədir. Gəncənin və gəncəlilərin bu işlərdə fəal iştirakı bütün Azərbaycan xalqına yaxşı bəllidir. Müstəqilliyin əsasları məhz burada qoyulmuşdur. Bütün dövrlərdə gəncəlilər Azərbaycanın müstəqil ölkə kimi yaşamasında çox mühüm işlər görüblər. Bu gün siz də qeyd etdiyiniz kimi, Azərbaycan müstəqil ölkə kimi yaşayır, müstəqil siyasət aparır, xalqın iradəsi ilə idarə olunur. Müstəqil siyasət bizə imkan verir ki, Azərbaycanın milli maraqları tam şəkildə müdafiə olunsun. İstər iqtisadi sahədə, istər siyasi sahədə, istər regionda baş verən hadisələrlə əlaqədar Azərbaycan nəinki öz sözünü deyir, hətta öz maraqlarını müdafiə də edə bilir. O ki qaldı, gələcək işlərimizə, bizim işlərimiz sistemli xarakter daşıyır. Son beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilmiş qərarlar əsasında uğurlu icrası çox müsbət haldır. Növbəti beş il üçün yeni proqram tərtib olunub və icra edilməyə başlanmışdır”.
Dünən Gəncədə şəhər polis idarəsinin yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali baş komandana raport verib. Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə tanış olub.
Tikintisinə 2008-ci ilin aprelində başlanılmış və ümumi sahəsi 7 min kvadratmetr olan yeni bina zirzəmi də daxil olmaqla, dörd mərtəbədən ibarətdir. Sifarişçi Daxili İşlər Nazirliyinin əsaslı tikinti idarəsidir. Tikinti işlərində yerli materiallarla yanaşı, Türkiyə, İtaliya və Avropanın digər ölkələrindən gətirilmiş inşaat məmulatından da istifadə olunub. Dövlətimizin başçısının tapşırığı ilə 2004-cü ildə qəbul olunmuş “Polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramı” daxili işlər orqanlarında islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirlməsində, həmçinin iş şəraitinin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyır. Son üç ildə Daxili İşlər Nazirliyi üçün 50-dən çox inzibati, xidməti, xüsusi və digər təyinatlı yeni binaların tikilib istifadəyə verilməsi bu diqqət və qayğının nəticəsidir. Daxili işlər orqanlarında xidməti hazırlığın yüksəldilməsi, intizamın güclənməsi, mənəvi-psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr heyətinin yaradılmasına böyük diqqət göstərilir.
Bildirilib ki, binada növbətçi hissə, əməliyyat-rabitə qovşağı, silah otağı, qeydiyyat və şəxsiyyət vəsiqəsi, istintaq və təhqiqat, mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət axtarışı, kadrlar şöbələri, post-patrul xidməti, xüsusi təyinatlı əməliyyat taburları, kriminalistik tədqiqatlar, ictimai təhlükəsizlik və yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili, narkotiklərlə mübarizə bölmələri, anbar fəaliyyət göstərir. Binanın yarımzirzəmisində fövqəladə hallar zamanı xüsusi təyinatlı əməliyyat taburunun əməkdaşları üçün 30 yerlik yataqxana da yerləşir. İkinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin mənalı həyatına, onun polis orqanlarına göstərdiyi diqqət və qayğıya həsr olunmuş guşə yaradılmışdır. Bu mərtəbədə 50 nəfərlik brifinq zalı, dəftərxana da yerləşir.
üçüncü mərtəbənin foyesində Prezident, Ali baş komandan İlham Əliyevin hüquq mühafizə orqanlarına, xüsusilə polisə göstərdiyi diqqət və qayğını əks etdirən guşə vardır. Mərtəbədə 320 nəfərlik akt zalı da fəaliyyət göstərir. İdarənin ətrafında 1500 kvadratmetrlik ərazidə yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.
Bu, bir daha göstərir ki, Azərbaycanda hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident, Ali baş komandan İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır. Dövlətimizin başçısı idarənin kollektivini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində Daxili Qoşunların “N” hərbi hissəsində zabit yataqxanasının açılışında iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali baş komandana raport verib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və yataqxana ilə tanış olub. Məlumat verilib ki, tikintisinə 2008-ci ilin yanvarında başlanılmış bina 6 min kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binada 20 birotaqlı, 32 ikiotaqlı və 8 üçotaqlı mənzil var. Birinci mərtəbədə 12 mənzil subay zabit və gizirlər üçün nəzərdə tutulub. Digər mərtəbələrdəki mənzillərdə isə ailəli zabit və gizirlər yaşayacaqlar. Bütün mənzillər soyuducu, mətbəx mebeli, qaz plitəsi, yataq dəstləri və televizorla təmin olunub. Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuş binanın qarşısında uşaq şəhərciyi də salınıb. Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Gəncədə “Ramada Plaza” mehmanxanasının tikintisinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, təməli 2005-ci ilin mayında qoyulmuş binada inşaat işlərini bu ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulub. ümumi torpaq sahəsi iki hektar olan 12 mərtəbəli mehmanxanada 200-ə qədər nömrə olacaq. Nömrələrin 160-ı birotaqlı, 34-ü isə ikiotaqlıdır. “çıraq” MMC-nin sifarişçisi olduğu mehmanxananın birinci mərtəbəsində üzgüçülük hovuzu, trenajor zalı, biznes mərkəzi, mağazalar, qadın və kişi bərbərxanaları olacaq. İkinci mərtəbədə konfrans zalı, milli və Avropa mətbəxinə aid yeməklərin təqdim olunacağı iki restoran yerləşəcək.
Mehmanxananın 3-10-cu mərtəbələrində nömrələr, 11-12-ci mərtəbələrdə kafe, bar, VİP restoran və digər istirahət obyektləri fəaliyyət göstərəcək. Ərazidə ikimərtəbəli 6 kottec də inşa olunacaq. 150 nəfərin işlə təmin olunacağı mehmanxananın ərazisində voleybol meydançasının, tennis kortunun, açıq üzgüçülük hovuzunun, yay kafesinin, uşaqlar üçün əyləncə şəhərciyinin və avtomobil dayanacaqlarının yaradılması da nəzərdə tutulub. Tikintidə Yaponiya, Almaniya, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdən gətirilən inşaat materiallarından geniş istifadə olunur. Binada Yaponiya istehsalı olan beş müasir lift quraşdırılacaq. Buradakı bütün kommunikasiya qurğuları ən müasir standartlara cavab verir. Göygöldən içməli su xətti çəkiləcək. Mehmanxananın həyətində 5 min kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılıb, 6 min kvadratmetr xüsusi qranit piltə döşənmiş, əkilmiş gül və bəzək kolları Hollandiya və İrandan gətirilib. Müasir işıqlandırma sistemi isə Türkiyə istehsalıdır. Bildirilib ki, hazırda tikinti işlərində 220 nəfər çalışır. Onların orta aylıq əmək haqqı 350-400 manatdır.
Prezident İlham Əliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və hökumətinin yerləşdiyi binada - Azərbaycan Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı üzərində “Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstərib” sözləri yazılmış lövhənin üstündən örtüyü götürüb.
Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət olması ilk dəfə məhz bu binadan radioqram vasitəsilə bütün Avropa ölkələrinə elan edilib.
Prezident İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin qədim Gəncənin mərkəzindəki abidəsində aparılan yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, 1949-cu il aprelin 30-da tuncdan qoyulmuş bu möhtəşəm abidənin Daşkəsən mərmərindən hazırlanmış postamenti artıq köhnəlib. Hazırda postamentin mərmər örtüyü yenisi ilə əvəzlənir, abidənin ətrafında abadlıq işləri aparılır, müasir işıqlandırma sistemi quraşdırılır, yeni oturacaqlar qoyulur. Bu ay başlanmış yenidənqurma işlərinin iyunun 15-də - Milli Qurtuluş günündə başa çatdırılması nəzərdə tutulub. Dövlətimizin başçısı Gəncədə aparılan abadlıq və quruculuq işləri ilə bağlı əlavə tapşırıq və tövsiyələrini verib.
*  *  *
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq dünən Göygöl rayonuna gəlib. Son illər rayonda geniş abadlıq-quruculuq işləri aparılıb. 2008-ci ildə rayon üzrə əsas kapitala 34 milyon 156 min manat investisiya qoyulub ki, bunun da 32 milyon 610 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. ötən il sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 25,2 faiz artıb. Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 9,9 faiz artaraq 15 milyon 580 min manat olub. Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında salınmış parkın sahəsi 3 hektara yaxındır. Ərazinin 2 hektardan çox hissəsində yaşıllıq zolağı salınıb, müxtəlif dekorativ kollar və ağaclar əkilib. Yaşıllıq zolaqlarının salınmasında milli ornamentlərdən istifadə olunub. Rayon sakinlərinin ən sevimli istirahət guşələrindən biri olan parkda müxtəlif ölçülərdə 4 fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb.
Dünən Göygöl rayon mərkəzində mədəniyyət və istirahət parkının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Əsaslı təmirinə bu il başlanılan parkın ərazisi 3 hektardır. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Müxtəlif mərasimlərin keçirilməsi üçün 300 nəfərdən çox tamaşaçı tutan Yaşıl Teatr parka xüsusi gözəllik verir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkda gənclər evi, stolüstü oyunlar zalı, tir fəaliyyət göstərir. Bundan başqa, parkın ərazisində 200 kvadratmetr sahəsi olan idman meydançası, uşaqlar üçün xüsusi attraksionlar quraşdırılmış əyləncə meydançası da var. Parkın ərazisinin 2 hektarında yaşıllıq sahələri salınıb, 2 mindən çox bəzək kolu və ağac əkilib, kənardan münbit torpaq gətirilib. Yaşıllıq sahəsini suvarmaq məqsədi ilə hər bir xiyabana ayrıca su xətti çəkilib, parkda müasir işıqlandırma sistemi quraşdırılıb, 250 dekorativ işıq dirəyi qoyulub.
Dünən Göygöl rayon mərkəzi xəstəxanasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıb. Göygöl rayon mərkəzi xəstəxanasının inşasına 2007-ci ilin əvvəlində başlanıb. Obyekti Səhiyyə Nazirliyinin sifarişi ilə “Terminal” istehsal-tikinti müəssisəsi inşa edib. İnşaat işləri zamanı xaricdən gətirilmiş tikinti materialları ilə yanaşı, yerli xammaldan da istifadə edilib. Xəstəxananın ümumi sahəsi 4 hektara yaxın, tikintinin sahəsi isə 1,5 hektardır. Burada əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanası, infeksion, patoloji-anatomiya və tibbi ekspertiza şöbələri fəaliyyət göstərir. 180 çarpayılıq səhiyyə ocağının xarici görünüşü də yüksək zövqlə işlənib. Ərazidə avtomobil dayanacağı, texniki xidmət və mətbəx binaları da inşa olunub. ümumilikdə, kompleksdə altı ikimərtəbəli, üç dördmərtəbəli və bir üçmərtəbəli tikili var. Texniki və içməli su üçün hər birinin tutumu 200 ton olan hovuz inşa edilib, su nasos stansiyası və içməli suyu təmizləmək üçün isə müasir avadanlıqla təchiz olunmuş qurğu quraşdırılıb. Burada, həmçinin transformator stansiyası, qəza zamanı avtomatik işə düşən generator qurğusu və müasir qazanxana da var. Xəstəxananın həyətində geniş abadlıq işləri aparılıb, 9500 kvadratmetr asfalt örtüyü salınıb, 2,2 hektar sahə yaşıllaşdırılıb. Ərazidə 1400-ə yaxın meyvə ağacı, habelə müxtəlif gül və dekorativ kollar əkilib.
Dövlətimizin başçısı İlham Əliyev tibb ocağının açılışını bildirən lenti kəsib və xəstəxana ilə yaxından tanış olub. Məlumat verilib ki, birinci mərtəbədə qəbul şöbəsi, poliklinika, manipulyasiya, rentgen, sanitar-təmizləmə, sarğı, müayinə və növbətçi həkim otaqları yerləşir. Poliklinikada analiz qəbulu, ümumi laboratoriya, fizioterapiya, ultrasəs muayinəsi, terapevt, elektroensefaloqramma, elektrokardioqramma, stomatologiya, ginekologiya, endokrinologiya, otolarinqologiya, oftalmoloq və terapevt otaqları ən son avadanlıqla təchiz olunub. Şüa-diaqnostika şöbəsində fotolaboratoriya, flüoroqrafiya və rentgen otaqları fəaliyyət göstərir. Qeyd olunub ki, terapiya şöbəsinin kardioloji bölümündə eyni vaxtda 20 xəstə müalicə oluna bilər. Palataların hamısı müasir səviyyəsi ilə diqqəti cəlb edir. İkinci mərtəbədə 30 çarpayılıq uşaq xəstəlikləri, ginekologiya və doğum şöbələri, izolyator, əməliyyat otağı yerləşir. 15 çarpayılıq doğum şöbəsində doğuş zalı, yeni doğulan körpələr üçün xüsusi otaq da yüksək səviyyədə qurulub.
Reanimasiya və cərrahiyyə şöbələri, cərrahi əməliyyat bloku isə üçüncü mərtəbədədir. Xəstəxananın avadanlığı Yaponiya, Koreya Respublikası, Almaniya və digər ölkələrdən gətirilib. Bu səhiyyə ocağında 47 həkim çalışacaq. ümumilikdə isə burada işlə təmin olunanların sayı 230 nəfərə yaxındır. Xəstəxanada Göygöl sakinləri ilə yanaşı, ətraf rayonlardan gələnlərə də müasir səviyyədə tibbi xidmət göstəriləcək. Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələrini və tibb işçilərini təbrik edərək deyib ki, burada quraşdırılmış avadanlıq ən qabaqcıl şirkətlər tərəfindən təmin edilib: “Doğrudan da, bölgənin inkişafı üçün, Göygöl rayonunun inkişafı üçün bu xəstəxananın çox böyük əhəmiyyəti var. çünki insanların sağlamlığı, sosial problemlərin həlli bir nömrəli məsələdir və indi Azərbaycanın hər yerində gözəl tibb ocaqları yaradılır, ən müasir avadanlıq, ən gözəl şərait. Burada olan şərait dünyanın ən inkişaf etmiş ölkələrində olan şəraitə bərabərdir, bəlkə də ondan üstündür. Burada quraşdırılmış avadanlıq dünya şöhrətli firmaların ən son istehsalıdır. Əlbəttə, ən önəmlisi odur ki, burada müalicə və diaqnostika yüksək səviyyədə təşkil edilsin”.
Sonda Prezident İlham Əliyev tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib.
*  *  *
Dünən Prezident İlham Əliyev Göygölə səfərini başa çatdıraraq Şəmkir rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Şəmkirin mərkəzi parkındakı abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev abidənin ətrafında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, burada əsaslı quruculuq və abadlıq işləri aparılmışdır, şəhərin bu hissəsi sakinlərin mənalı istirahət ocaqlarından birinə çevrilib. Mərkəzi parkda salınan geniş yaşıllıq zolaqları həm şəhərin simasına xüsusi yaraşıq verir, həm də ulu öndərin xatirəsinin əbədiləşdirildiyi bu məkana xoş ovqat gətirir.
Şəmkir Olimpiya İdman Kompleksinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, idmançılar dövlətimizin başçısını mehribanlıqla, hərarətli alqışlarla qarşılayıblar. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə yaxından tanış olub.
Məlumat verilib ki, tikintisi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bu kompleksin təməli 2006-cı il noyabrın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Obyektin layihəsini Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Azərinşaatlayihə” İnstitutu hazırlayıb.
Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 682 tamaşaçı tutan zalda elektron tablo quraşdırılıb. Burada digər idman növləri üçün də meydançalar var. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilmişdir. Əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası var.
Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılıb. Ərazidə geniş və yaraşıqlı istirahət parkı salınıb, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb. Dövlətimizin başçısı kompleksdə gənc idmançıların çıxışlarını, onların fiziki hazırlıq səviyyəsini izləyib.
Sonra Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb.


Paylaş:
Baxılıb: 1268 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31