Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Naxçıvan gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır

Naxçıvan gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır

04.08.2009 [09:37]

Dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev sarayın açılışını bildirən lenti kəsib, bu mədəniyyət ocağı ilə tanış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verib ki, Heydər Əliyev Sarayının yenidən qurulması işlərinə 2008-ci ilin yanvarında başlanılıb. Tikintinin ümumi ərazisi 1,8 hektar, binanın ümumi sahəsi isə 14 min 920 kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə bina 4 mərtəbədən ibarətdir. İnşaatda yerli materiallarla yanaşı, Almaniya və Türkiyədən gətirilmiş tikinti məmulatından istifadə edilib. Tikintidə 405 nəfər çalışıb.
Sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları var. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, rəsm qalereyası və film fondu da sarayın binasında yerləşir.
“Gəmiqaya” şirkətinin yenidən qurduğu sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki vasitələr quraşdırılıb. Sarayda xüsusi qonaqlar üçün ayrılmış otaq da var. Bundan əlavə, ikinci mərtəbədəki iki foyedə də minə qədər tamaşaçının mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Şüşəbənd foyeni bol və təbii işıqla təmin edir.
Müasir havalandırma sistemi ilə təchiz olunmuş sarayın səhnə hissəsi 586 kvadratmetrdir. Eni 35, uzunluğu 94 metr olan ikimərtəbəli səhnə böyük konsert proqramlarının, muxtar respublikanın və ölkəmizin həyatı ilə bağlı mərasimlərin keçirilməsinə imkan yaradır. Səhnənin beş girişi var.
Sarayın üçüncü mərtəbəsində rəsm qalereyası fəaliyyət göstərir. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 300 əsəri nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən “Ulu öndər”, “Zərifə Əliyeva”, “21-ci əsr - Heydər Əliyev” əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir.
Bildirilib ki, sarayın ətrafında abadlıq işləri aparılıb, xüsusi zövqlə salınmış parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Sarayın qarşısında Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin nümayiş olunduğu monitor quraşdırılıb. Dövlətimizin başçısı burada yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun açılışında iştirak edib. Mərasimə toplaşanlar dövlətimizin başçısı İlham Əliyevi və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni basıb.
Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada süzgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur. Zəngin tarixə malik “Badamlı” zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərib. Hələ sovet dövründə bu müəssisənin şöhrəti ittifaq miqyasında dolaşırdı. 1970-80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikamızdan kənara göndərilirdi.
1990-cı ildə “Badamlı” zavodu fəaliyyətini yenidən bərpa edib. 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini özünə qaytarıb. “Gəmiqaya Mineral sular” MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında yaradılmış yeni zavod rəqabətə davamlı məhsullar buraxmağa başlayıb.
Naxçıvan şəhərində tikintisinə 2008-ci ilin avqustunda başlanmış zavod 2,1 hektar ərazidə yerləşir. Binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetrdir.
Müəssisəyə iki boru xətti çəkilib. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, bu cür qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilən boru xəttinin uzunluğu isə 35 kilometrdir. Diqqətə çatdırılıb ki, zavodda Fransanın məşhur “SİDEL” şirkətinin avadanlığı quraşdırılıb. “SİDEL” mineral suların qablaşdırılması xətlərinin dünyada bir nömrəli istehsalçısıdır. İlkin mərhələdə aparılan marketinq və menecment axtarışları nəticəsində Badamlı suyu Rusiya və bir sıra ərəb ölkələrinə ixrac oluna bilər. Bu barədə artıq ilkin danışıqlar aparılıb. Məhsullar alıcılara şüşə və polietilen butulkalarda çatdırılır. Polietilen və şüşə xətlərinin hər birinin saatda istehsal gücü 15 min butulkadır. Hazırda müəssisədə bir növbədə 62 nəfər çalışır. Tələbat artdıqca iş üç növbədə aparılacaq, işçilərin sayı 200-ə çatacaq.
Zavodun Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətinə tam zəmanət verir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu digər mineral sulardan şəffaflığı və qoxusuz olması ilə fərqlənən “Badamlı” suyuna bu ilin iyulunda rəy verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zavodun məhsullarının nümunələrinə və Badamlı suyunun dadına baxıblar.
Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Dünən Prezident İlham Əliyev Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzinin açılışında iştirak edib. Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, bina ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, inşasına 2007-ci ilin sentyabrında başlanılan bina üçmərtəbəlidir. Tikintinin ümumi ərazisi 1,2 hektar, binanın sahəsi isə 4254 kvadratmetrə bərabərdir. Ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə 192 və 54 tamaşaçı yeri olan iki beynəlxalq yarış salonu, 6 sinif otağı və kompyuter otağı var. Böyük yarış salonundakı 65 şahmat masasından 12-si internetə qoşulub. Həmin masalarda aparılan şahmat oyunlarını mərkəzin internet saytına daxil olaraq izləmək mümkündür. Bundan əlavə, salonda quraşdırılan monitorlar vasitəsilə beynəlxalq yarışların videoyazısını izləmək olar. Kiçik yarış salonunda isə 25 masa var. Hazırda mərkəzdə 600 şagird şahmatın sirlərinə yiyələnir. Onların təlimi ilə 15 müəllim məşğul olur.
Bildirilib ki, Naxçıvanda şahmat məktəbi 1982-ci ildə yaradılıb. Uzun illər köhnə binada fəaliyyət göstərmiş Naxçıvan şahmat məktəbinin yeni bina ilə təmin olunması burada dərslərin daha mükəmməl formada təşkilinə imkan yaradacaq. Mərkəzin şagirdləri müxtəlif vaxtlarda beynəlxalq və yerli yarışlarda uğurlu nəticələr qazanıblar. 2002-ci ildə Bakıda, sonra Batumidə keçirilən yarışlarda mərkəzin yetirmələri fərqləniblər. 2003-cü ildə 20 yaşlı şahmatçılar arasında Dünya çempionatında mərkəzin iki yetirməsi iştirak edib. Avropa məktəblilərinin Kiprdə keçirilən şahmat festivalında mərkəzin nümayəndəsi birinci mükafata layiq görülüb.
Binanın zirzəmisində kompyuter təlim-tədris və internet mərkəzi də fəaliyyət göstərir. Mərkəzin Culfa və Şərur rayonlarında filialları yaradılıb. Burada kompyuterlərə texniki servis xidmətləri də göstərilir.
Binanın ətrafı abadlaşdırılıb, ağac və gül kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Dünən Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində muxtar respublikada tikiləcək yeraltı qaz anbarının texniki təklifinin sxemi ilə tanış olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Nazirlər Kabinetinin 2008-ci il 11 yanvar tarixli iclasında dövlətimizin başçısının muxtar respublikada yeraltı qaz anbarının yaradılması tapşırığının icrası çərçivəsində görülən işlər haqqında məruzə edib. Naxçıvan Muxtar Respublikası ərazisində bu istiqamətdə aparılan böyük həcmli tədqiqat işləri barədə məlumat verən ARDNŞ prezidenti bildirib ki, mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində muxtar respublikada təbii qazın sıxılması və izotermik üsulla saxlanılması kompleksinin yaradılması haqqında texniki təkliflər hazırlanıb. Təkliflərə əsasən qazın maye halına salınıb saxlanılması üçün dünya standartlarına uyğun ən müasir texnologiyadan istifadə ediləcək. Yeraltı qaz anbarının yaradılması muxtar respublikanın il ərzində fasiləsiz mavi yanacaqla təmin olunması məqsədi daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Naxçıvan şəhərində yeni səhiyyə müəssisəsinin - Doğum Mərkəzinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Doğum Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsib, yeni səhiyyə müəssisəsindəki şəraitlə tanış olub.
Təməli 2008-ci ilin iyununda Prezident İlham Əliyev tərəfindən qoyulan mərkəzin tikintisi bir ilə başa çatdırılıb. Müasir üslubda tikilən Doğum Mərkəzinin binasında nümunəvi şərait yaradılıb. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycan səhiyyəsinin işinin daha yaxşı təşkilinə geniş imkanlar açıb. ölkəmizdə səhiyyə sisteminin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlər bu sahədə keçmişdə ciddi narahatlıq doğuran problemlərin həllinə imkan yaradıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Fondun uşaqların sağlamlığının qorunması istiqamətində gördüyü işlər cəmiyyətdə birmənalı olaraq yüksək razılıqla qarşılanır. Bir sözlə, dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması, əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanıb həyata keçirilməsi də bu qəbildəndir.
Bildirilib ki, mərkəzin ümumi ərazisi 1,26 hektardır. Binanın sahəsi isə 14.520 kvadratmetrdir. Altımərtəbəli tibb müəssisəsi 100 çarpayılıqdır. Mərkəzdəki 7 şöbədə perinatal diaqnostika və poliklinika, ekstrakorporal mayalanma, fizioloji doğuş, ginekoloji, hamiləliyin patologiyası, anesteziologiya, reanimasiya və intensiv terapiya, kliniki laboratoriya bölmələri fəaliyyət göstərir. Mərkəzdə daha iki bölmə - yeni doğulanların reanimasiya və intensiv terapiya bölməsi, yarımçıq doğulanların reanimasiya şöbələri yaradılıb. Səhiyyə ocağında əməliyyat bloku da vardır. Doğum Mərkəzində fizioterapiya kabinəsi, embrioloji və androloji kabinetlər, 2 böyük və 2 kiçik əməliyyat otaqları, stomatoloji, ginekoloji müayinə kabinələri şəhər sakinlərinin istifadəsinə verilib. Tibb müəssisəsində 65 həkim, 102 orta, 61 kiçik tibb işçisi, 42 xidməti işçi, ümumilikdə 270 nəfər çalışır.
Burada yaradılan şəraitdən də görünür ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qalmaq üçün, ilk növbədə ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsini, fəaliyyətdə olan tibb müəssisələrinin müasir avadanlıqla təmin olunmasını diqqətdə saxlayır. Təbii ki, ölkəmizin gələcəyi olan uşaqların sağlam böyüməsi bu sahədə təməl prinsiplərdən biridir. Bu tibb mərkəzinin istifadəyə verilməsi “Uşaq ili” çərçivəsində Azərbaycan analarına və uşaqlarına ən gözəl töhfədir.
Prezident İlham Əliyev birinci mərtəbədə mərkəzin poliklinikasına, qəbul və izolyator şöbələrinə, ikinci mərtəbədə hamiləliyin patologiyası şöbəsinə, beşinci mərtəbədə fizioloji doğuş və reanimasiya bölmələrinə, palatalara baxıb. Dövlətimizin başçısına mərkəzin ətrafındakı binalarda aparılmış bərpa və yenidənqurma işləri haqqında məlumat verilib.
Prezident İlham Əliyev mərkəzlə tanışlıqdan sonra tibb ocağının kollektivi ilə görüşüb.
Baş həkim vəzifəsini icra edən Hafizə Mirzəyeva dövlətimizin başçısının Azərbaycan xalqının firavanlığı naminə göstərdiyi əvəzsiz xidmətlərinin Naxçıvan əhalisində də böyük qürur hissi doğurduğunu bildirərək deyib: “Hörmətli Prezident! Naxçıvan bu torpağın adını yüksəldən, şöhrətləndirən, onu dünyaya tanıtdıran, dahilik, ucalıq rəmzi olan bir insanın vətənidir. Ulu öndər Heydər Əliyevin vətəninə, ata yurdunuza, doğma Naxçıvanımıza xoş gəlmisiniz. Sizin gəlişinizə həmişə sevinirik. çünki Sizinlə hər bir görüş bizdə gələcəyə inam hissi yaradır, qurub-yaratmaq əzmimizi yüksəldir. Bu gün açılışını etdiyiniz bu möhtəşəm Doğum Mərkəzi tibbin ən son nailiyyətlərini özündə əks etdirir, müasir avadanlıqla zəngindir. O, bütün Naxçıvan əhalisinə əvəzsiz bir töhfədir. Naxçıvan Doğum Mərkəzinin kollektivi adından əmin edirəm ki, Sizin bizə etimadınızı layiqincə doğruldacaq, gələcəyimiz olan körpələrin dünyaya sağlam, gümrah göz açmaları üçün əlimizdən gələni edəcəyik. Hörmətli Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın daha gözəl gələcəyə qovuşacağına inanırıq. İnandığımız üçün də daim Sizinləyik. Bir daha bütün Naxçıvan əhalisi, Naxçıvan qadınları adından Sizə minnətdarlığımızı bildirir, Azərbaycanın gələcəyi naminə gördüyünüz möhtəşəm işlərdə uğurlar arzulayır, möhkəm cansağlığı diləyirik. Sağ olun”.
Tibb ocağının kollektivini mərkəzin istifadəyə verilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: “Bu gözəl doğum evinin açılışı münasibətilə sizi təbrik edirəm. çox qısa müddətdə, yəni bir il ərzində belə gözəl bina, Naxçıvan üçün çox dəyərli bir tibb ocağı tikilibdir. çünki hər bir insanın həyatı doğum evindən başlayır və biz hamımız çox istəyirdik ki, burada ən yüksək standartlar tətbiq edilsin. Körpələrin sağlam doğulması və gənc nəslin sağlam böyüməsi üçün çox böyük əhəmiyyəti olan bu doğum evi yüksək keyfiyyətlə tikilibdir, burada ən gözəl avadanlıq quraşdırılıbdır. Azərbaycan xalqı sağlam olmalıdır. Gənc nəsil, uşaqlar sağlam böyüməlidirlər, dəyərli insanlara çevrilməlidirlər və insanın həyatı, sağlamlığı üçün doğum evinin çox böyük əhəmiyyəti vardır. Burada həm analara xidmət göstəriləcək, həm körpələr dünyaya sağlam gələcəklər. Bilirsiniz ki, Azərbaycanda son illər uşaq ölümünün səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Bütün dövrlərə xas olan bu mənfi statistika görülən tədbirlər, yeni səhiyyə ocaqlarının yaradılması nəticəsində yaxşılığa doğru dəyişmişdir. Bu doğum evinin imkanları o qədər genişdir ki, Naxçıvan Muxtar Respublikasında hər bir körpə dünyaya gözünü bu doğum evində aça bilər. çox önəmlidir ki, burada yüksək tibbi xidmət göstərilsin. Mən əminəm, bu belə də olacaq və Naxçıvan həkimləri həmişə olduğu kimi öz peşəkarlığını göstərəcəklər.
Biz bütövlükdə sosial məsələlərin həllinə böyük diqqət göstəririk. Səhiyyə sisteminin təkmilləşməsinə böyük vəsait qoyulur. Bu Doğum Mərkəzinin tikilməsi, bir də demək istəyirəm ki, Azərbaycanın bugünkü imkanlarını göstərir. Əgər bizim iqtisadi imkanlarımız, maliyyə resurslarımız olmasaydı, bəlkə də bunu etmək mümkün olmazdı. Güclü iqtisadiyyat güclü sosial siyasət deməkdir və biz bu siyasətə sadiqik. Bu, Heydər Əliyev siyasətidir, Onun bizə qoyduğu siyasi mirasdır. Bu gün Azərbaycanın inkişafı elədir ki, biz istənilən vəzifəni həll edə bilərik. Naxçıvan da gündən-günə gözəlləşir, abadlaşır. Mən hər il Naxçıvanda oluram. Keçən ilin iyun ayında bu Doğum Mərkəzinin təməl daşını bərabər qoyduq. Keçən bir il ərzində Naxçıvanda çox böyük, gözəl, müsbətə doğru dəyişikliklər baş vermişdir. Həm yeni müəssisələr yaradılır, tibb məntəqələri açılır, həm də şəhər gözəlləşir, abadlaşır. Naxçıvanda yaşayan insanlar əminəm ki, bu gözəl dəyişikliklərdən böyük qürur hissi duyurlar. Mən gələcək fəaliyyətinizdə sizə uğurlar arzulamaq istəyirəm. Sizin simanızda Azərbaycanın bütün tibb ictimaiyyətini bu gözəl Doğum Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik edirəm və sizə cansağlığı arzulayıram. Sağ olun”.
Sonra Prezident İlham Əliyev yeni alınmış təcili tibbi yardım avtomobillərinə baxıb. Məlumat verilib ki, bu texnika əhaliyə səyyar tibbi xidmətin göstərilməsində etibarlı vasitədir. Ən müasir avadanlıqla təchiz olunmuş bu avtomobillər çağırışlara vaxtında çatmağa və mükəmməl ilkin tibbi yardım göstərməyə imkan verir. Səyyar tibbi xidməti təcrübəli heyətlər yerinə yetirəcək.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan-Sədərək avtomobil yolunun açılışında iştirak edib. Yolun Duzdağ qovşağında inşaatçılar dövlətimizin başçısını və xanımını mehribanlıqla qarşılayıblar.
Prezident İlham Əliyev yolun sxeminə baxıb. Məlumat verilib ki, muxtar respublikanın əsas strateji magistrallarından olan Naxçıvan-Sədərək yolunun yenidən qurulması, burada əsaslı tikinti işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. çünki bu yol Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən yeganə quru yoludur. Burada tikinti işlərinə 2008-ci ilin martında başlanıb. Yolun ümumi uzunluğu 78,5 kilometr, eni 23 metr, asfalt hissəsinin eni 17,2 metrdir. Yolun 55,5 kilometri artıq hazırdır, qalan hissədə tikinti işləri davam etdirilir. Magistral yolun kənarlarında xüsusi su ötürücüləri və arxlar çəkilib. Dördzolaqlı yolun üzərində inşa olunan altı körpüdən dördü artıq hazırdır.
İnşaat işlərini Naxçıvan MR Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya” şirkəti həyata keçirir. Magistral yol muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə yanaşı, Böyük İpək yolunun bir hissəsi sayılır.
Dövlətimizin başçısı yolun inşası zamanı istifadə olunmuş asfalt nümunələrinə baxıb. Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq işləri barədə də məlumat verilib. Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yolun yenidən qurulmasında iştirak edən inşaatçılarla görüşüb, magistralın qalan hissəsinin də yenidən qurulmasının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
Dövlətimizin başçısı inşaatçılarla xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev yeni magistralda avtomobili özü idarə edib.
Dünən Prezident İlham Əliyev Şərur rayonunda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Şərur ictimaiyyətinin və Naxçıvan MR idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Mehriban xanıma gül dəstəsi təqdim olunub.
Son illər muxtar respublikada inşa olunan nəhəng infrastruktur obyektləri sırasında Şərur Olimpiya-İdman Kompleksi də var. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Bu, regionlarda idmana olan xüsusi münasibətdən, digər tərəfdən də gənc nəslin sağlam böyüməsi istiqamətində dövlət dəstəyinin yüksək səviyyəsindən xəbər verir. Dövlətimizin başçısının tapşırığına əsasən təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olub. Hazırda 20-dən çox kompleks inşa olunur. Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yeni olimpiya-idman komplekslərinin açılışında, bəzilərinin isə təməlqoyma mərasimində iştirak etməsi bu sahəyə qayğının daha da artdığını göstərir. Yeni idman obyektləri dünya standartlarına cavab verməklə yanaşı, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın idmançılara diqqət və qayğısı da idmanın inkişafına mühüm töhfələr verir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin ciddi nailiyyətlər əldə etməsi ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə aparıcı mərkəzlərdən biri kimi daxil olub. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ölkəmizin bütün sahələrdə olduğu kimi, idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnib.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, Olimpiya-İdman Kompleksi ilə tanış olub. Məlumat verilib ki, kompleksin tikintisinə 2007-ci ilin iyununda başlanıb. Kompleksin ümumi ərazisi 9 hektardır, 4 hektar sahədə yaşıllaşdırma işləri aparılıb. Binanın sahəsi 12.086 kvadratmetrdir. Buraya mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları var. üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə iki trenajor zalı da var. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmana diqqət və qayğısını, habelə Şərur idmançılarının uğurlarını əks etdirən guşə də yaradılıb.
Olimpiya-İdman Kompleksi Şərur rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.
Prezident İlham Əliyev mehmanxanada, idman kompleksində, qapalı meydançada, stadionda yaradılan şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı 2400 tamaşaçı yeri olan süni örtüklü stadiona gəlib, burada idmançılarla görüşüb, onlara hədiyyələr verib.
İdmançıları təbrik edən Prezident İlham Əliyev deyib: “Bu gün gözəl Olimpiya kompleksinin açılışı münasibətilə idmançıları təbrik edirəm. Bütün idmançılara idmanda yüksək nailiyyətlər qazanmaq arzulayıram”.
Dövlətimizin başçısı futbol topunu dəqiq zərbə ilə qapıya yönəldib.
Prezident İlham Əliyev kompleksin üzgüçülük hovuzunda yaradılmış şəraitlə də tanış olub.
Dünən Prezident İlham Əliyev Olimpiya-İdman Kompleksinin açılışından sonra Şərur rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı şərurluları təbrik edərək deyib: “Təbrik edirəm! Gözəl Olimpiya mərkəzi tikilib. Bu gün onun açılışını qeyd etdik. Mən çox şadam ki, Şərurda belə gözəl, müasir Olimpiya-İdman Kompleksi yaradılıbdır. Ən yüksək standartlar tətbiq olunub. Azərbaycanın indi bütün bölgələrində belə gözəl komplekslər tikilir. Birincilərdən biri də Naxçıvanda tikilmiş, 2002-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən açılmışdır. Bu gün Şərurda belə gözəl idman qurğusu açılıb. Böyük hadisədir. Həm idmançılar üçün, həm rayon sakinləri üçün burada bütün şərait yaradılıb. Həm idman mərkəzi, eyni zamanda, istirahət zonası vardır. üzgüçülük hovuzu, gözəl mehmanxana, açıq meydançalar, yəni hər cür şərait vardır. Mən əminəm ki, bu imkandan həm idmançılar, həm də Şərur rayonunun sakinləri səmərəli istifadə edəcəklər. Bu kompleks həm rayonun hərtərəfli inkişafı, həm də Naxçıvan Muxtar Respublikası üçün böyük bir töhfədir. Azərbaycanda idman ən yüksək səviyyədədir. Biz haqlı olaraq dünyada idman dövləti kimi tanınırıq. Azərbaycanın idman uğurları bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Naxçıvanda idmanın inkişafına böyük dəstək verilir. Burada vaxtilə həm beynəlxalq yarışlar keçirilibdir, yəqin ki, yenə də keçiriləcək, həm də ki, Naxçıvan idmançıları öz imkanlarını bundan sonra daha da geniş mənada ortaya qoyacaqlar. Bütövlükdə, Naxçıvan Muxtar Respublikasında gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Mən hər il Naxçıvanda oluram və özüm bu gözəl hadisələrin şahidiyəm. Quruculuq-abadlıq işləri aparılır, yeni müəssisələr, zavodlar, səhiyyə ocaqları istifadəyə verilir. Bu gün gözəl Doğum Mərkəzinin açılışını qeyd etdik. Bu mərkəz dünya standartları səviyyəsindədir. Bu birmənalıdır və dünyanın istənilən ən inkişaf etmiş ölkəsindən o kompleksi, o mərkəzi görən adam bunu təsdiqləyə bilər. O mərkəz kimi, bu kompleks də insanların sağlamlığı üçündür. Sənaye müəssisələri muxtar respublikanın iqtisadi inkişafına töhfə verir. Yəni, bax, hərtərəfli inkişaf bundan ibarətdir və Naxçıvanda həm sənaye potensialı artır, iqtisadiyyat artır və sosial obyektlər - məktəblər, xəstəxanalar, idman qurğuları, yollar tikilir. Baxın görün nə gözəl yol çəkilir. Ən yüksək dünya standartlarına cavab verir. Mən özüm Naxçıvandan avtomaşını sürə-sürə gəlmişəm. özü də yüksək sürətlə gəlmişəm, deməyəcəyəm hansı sürətlə, amma çox yüksək sürətlə və doğurdan bu, bir keyfiyyət nümunəsidir. Hər bir inkişaf etmiş ölkə belə gözəl yollarla fəxr edə bilər. Bu yolun tikintisi hələ davam edir - Sədərəyə qədər, Türkiyə sərhədinə qədər. Ondan sonrakı mərhələdə, yəqin ki, gələn ildən başlayaraq Naxçıvan şəhərindən digər istiqamətlərə aparan yollar da yenidən qurulacaqdır. Bu, bölgəyə həm gözəllik verir, həm insanlara rahatlıq gətirir. Mən arzu edirəm ki, bundan sonrakı illərdə də Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında belə gözəl quruculuq-abadlıq işləri aparılsın. Bir daha sizi bu  gözəl idman kompleksinin açılışı münasibətilə təbrik edirəm, bütün şərurlulara, bütün naxçıvanlılara xoşbəxtlik və cansağlığı arzu edirəm. Sağ olun”.
Prezident İlham Əliyev Şərur ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “N” hərbi hissəsində olub. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı hərbi hissənin yataqxanası ilə tanış olub. Yataqxanada hərbçilərin hərtərəfli istirahəti üçün hər cür şərait yaradılıb. Burada səliqə-sahman göz oxşayır. Hərbi hissənin yeməkxanası da müasirliyi ilə seçilir. Yeməkxanada hərbçilərin dolğun qidalanması üçün hərtərəfli imkan var. Sonra Ali baş komandan İlham Əliyevə bu hərbi hissəyə gətirilən yeni müasir silahlar təqdim olunub.
Müdafiə naziri Səfər Əbiyev həmin silahlar barədə dövlət başçısına ətraflı məlumat verib.
Son illərdə ölkəmizdə ordu quruculuğuna xüsusi əhəmiyyət verilir. Ali baş komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinə qayğısını əsirgəmir, ordunun müdafiə potensialının durmadan gücləndirilməsinə xüsusi diqqət yetirir. Ordumuzun qüdrətlənməsi, Vətənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Ordusunun peşəkarlıqla yanaşı, maddi-texniki bazası da möhkəmlənir. ölkəmizdə hərbi potensialın gücləndirilməsi, müasir ordunun yaranması üçün çox böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Respublikanın bütün hərbi hissələrində şəxsi heyətin üzərinə düşən müqəddəs vəzifəni hərtərəfli yerinə yetirməsi və mənalı istirahəti üçün ən yüksək səviyyədə  şərait yaradılır.


Paylaş:
Baxılıb: 1347 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31