Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milli tələb - milli lider - milli proqram triadası Azərbaycanda dinamik inkişafı və hərtərəfli yüksəlişi təmin edir

Milli tələb - milli lider - milli proqram triadası Azərbaycanda dinamik inkişafı və hərtərəfli yüksəlişi təmin edir

15.10.2009 [09:40]

Prezident İlham Əliyev ikinci dəfə xalqın etimadını qazanmaqla sadəcə Qafqazda deyil, qlobal miqyasda böyük siyasətçiyə çevrildi
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci dəfə dövlət başçısı seçilməsindən bir il ötür. 2008-ci il oktyabrın 15-də cənab İlham Əliyevin ikinci müddətə Prezident seçilməsi ilə nəticələnmiş seçkilər və onların keçirildiyi şərait Azərbaycan xalqının ölkənin sabit inkişafına və tərəqqisinə ümidinin təcəssümü, bununla bağlı yeni-yeni planların hökmən gerçəkləşəcəyinə əminliyinin ifadəsidir. İlham Əliyev ikinci dəfə xalqın etimadını qazanmaqla sadəcə Qafqazda deyil, qlobal miqyasda böyük siyasətçiyə çevrildi.
Analitiklər siyasi nəzəriyyə liderliyin bir neçə tipini fərqləndirir: monarxik, avtarkiya tipli, liderlik, inzibati liderlik və peşəkar avtoritetin liderliyi. Xüsusi vurğulamaq istərdik ki, indiki halda LİDER siyasi nəzəriyyədə izah olunduğu kimi, fərdin şəxsi xüsusiyyəti, keyfiyyəti deyil, cəmiyyət ilə siyasi xadim arasında münasibətlərin müəyyən sistemidir. Bu münasibət situativ və konkret (bu və ya digər mövzular və prioritetlər barədə insanlar birliyi arasında münasibət) olmaqla bərabər, həm də müəyyən kommunikasiya sisteminin mövcudluğunu nəzərdə tutur. Bu sistemin səmərəliliyi isə nəticə etibarilə liderin rəhbərliyi altında ictimai inkişafın keyfiyyəti və sürəti ilə müəyyən edilir. Liderlik müəyyən məqsədlərin, vəzifələrin qarşıya qoyulmasını və onlara nail olmaq metodlarının müəyyən edilməsini nəzərdə tutur. Vəzifələr öz spesifikasına və istiqamətlərinə görə müxtəlif ola, zaman keçdikcə onlar dəyişə bilər...
Milli tələb - milli lider - milli proqram üçlüyünün hər bir ölkədə bənzərsiz xüsusiyyətləri var, lakin bu model özü bütün gənc və inkişaf etməkdə olan dövlətlərə xasdır. Azərbaycanda bu model keyfiyyətcə davamlı nəticələr verib...
ötən müddətdə Azərbaycan xalqı bircə dəfə də olsa, öz seçiminə görə peşmançılıq çəkməyib və məhz bu səbəbdən də xalq ölkənin idarə olunmasını ötən növbəti dəfə Prezident İlham Əliyevə etibar etdi, özünün ən yaxşı ümidlərinin həyata keçirilməsini Onunla bağladı.
Böhrana qarşı mükəmməl konsepsiyanın müəllifi...
İlham Əliyev ikinci dəfə Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmağa nail olub. ötən bir il ərzində əldə olunan makroiqtisadi göstəricilər düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və bu, bir daha dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətini təsdiqləyir.
Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsini dünya iqtisadi böhranı zamanı ölkəmizdə həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Cənab İlham Əliyevin ikinci dəfə prezidentlik fəaliyyətinin başlanğıcı dünyanı bürüyən qlobal maliyyə böhranının şiddətli dövrünə təsadüf edib və bu dövrdə ən inkişaf etmiş dövlətlərin siyasi liderləri belə böhran meyillərinin ölkə iqtisadiyyatına zərərli təsirlərinin qarşısını ala bilməyiblər. Amerikanın və Avropanın ən inkişaf etmiş dövlətlərində iqtisadi fəallıq 5 dəfədən çox aşağı düşüb və iqtisadi geriləmə 2009-cu ilin birinci yarısınadək davam edib. Amma həmin dövrdə və sonrakı aylarda Azərbaycan iqtisadiyyatı böhran meyillərini hiss etməyib.
Prezident İlham Əliyev hələ ilk gündən böhranın respublikamıza təsirinin qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün bütün iqtisadi strukturların qarşısında mühüm vəzifələr qoyub: “2009-cu ildə əlavə tədbirlər görülməlidir ki, Azərbaycan xalqı dünyanı bürümüş iqtisadi və maliyyə böhranını hiss etməsin. Bunu etmək üçün bizim imkanlarımız var, iradəmiz, düşünülmüş siyasətimiz var. Dünyada gedən xoşagəlməz proseslər bizim iradəmizə, istəyimizə təsir göstərməməlidir və əminəm ki, biz buna nail olacağıq”.
Son bir ildə dinamik inkişafı şərtləndirən amillər...
Prezident İlham Əliyevin əminliyi ötən aylar ərzində özünün tam təsdiqini tapmış oldu. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması və digər iqtisadi ssenariləri əhatə edir. Bu hədəflərin yerinə yetirilməsi gözlənilən uğurlu nəticələrin əldə olunmasına yol açıb. ötən bir ilin iqtisadi mənzərəsi onu göstərdi ki, Azərbaycan makroiqtisadi və maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaqla yanaşı, həyata keçirilən uğurlu pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər nəticəsində valyuta bazarını da böhran dalğasından xilas edib. 2009-cu ilin əvvəllərindən başlayaraq bir çox ölkələrin milli valyutalarının devalvasiyaya uğramasına baxmayaraq, Azərbaycan manatının məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib və manat bölgədə ən dəyərli tədavül vasitəsi kimi çıxış edib. ötən bir ildə əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini ehtiva edir.
Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi proqramlar əhatəliliyi və inkişafa təkan vermək üçün maliyyə tutumluluğuna görə, mühüm strateji addımlar kimi dəyərləndirilə bilər. Dövlət başçısı investisiya xərcləri hesabına infrastruktur bölmələrində quruculuq işlərinin davam etdirilməsini, sərmayə proqramlarının reallaşmasını, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsini, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini, onlara vergi güzəştlərinin tətbiq edilməsini, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılmasını, ixracyönümlü müəssisələrin dəstəklənməsini və kənd təsərrüfatı mülkiyyətçilərinə yardımların gücləndirilməsini təmin etməklə mükəmməl iqtisadi konsepsiyanın müəllifinə çevrilib.
Yolların təmiri, yeni magistral yolların çəkilişi, beynəlxalq tələblərə cavab verən hava limanlarının tikintisi, elektrik stansiyalarının, məktəb və xəstəxanaların, mədəniyyət obyektlərinin tikintisi və bərpası, yüzlərlə infrastruktur layihələrinin həyata keçirilməsi investisiya siyasətinin əsas istiqamətlərini təşkil edib və Azərbaycan hökumətinin məqsədyönlü siyasətinin uğurlarını şərtləndirmiş olur.
2009-cu ilin ötən ayları ərzində ölkəmizdə 20 milyard manatdan artıq ümumi daxili məhsul (üDM) istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artım deməkdir. üDM-in adambaşına düşən həcmi 2400 manata yaxındır. Milli məhsulun tərkibində istehsal bölməsinin çəkisi 64 faiz, xidmət sahələrinin payı isə 28,6 faiz təşkil edir. 2009-cu ildə iqtisadi artım 5 faizə yaxın olub ki, bu da dünya iqtisadi böhranı fonunda ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Artıq qeyri-neft bölməsinin iqtisadiyyatda çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. Son bir ildə bölgələrdə yeni müəssisələrin yaradılması intensiv xarakter alıb və yeni yaradılmış iş yerlərinin sayı 40 minə yaxınlaşıb.
Onu da qeyd edək ki, ölkəmizdə həyata keçirilən bu islahatlar beynəlxalq maliyyə institutlarının hesabatlarında müsbət dəyərləndirilməkdədir. Dünyanın nüfuzlu təşkilatları - Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, “Fitç İbka” reytinq agentliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər qurumlar dünya iqtisadiyyatının vəziyyətinə dair qiymətləndirmələrində və proqnozlarında Azərbaycandakı maliyyə və makroiqtisadi sabitliyi, iqtisadi inkişafı və digər indikatorları yüksək dəyərləndiriblər.
Regionların inkişafı dövlət başçısının fəaliyyətinin ana xəttinə çevrilib...
Prezidenliyinin birinci beşilliyində regionların inkişafını fəaliyyətinin ana xəttinə çevirən İlham Əliyev ikinci dəfə dövlət başçısı postuna seçildikdən sonra da sözügedən sahəyə diqqəti daha da gücləndirib. 2003-2008-ci illərdə ölkənin ümumi inkişafı üçün yüksək effekt verən bu konsepsiyanı davam etdirmək üçün dövlət başçısı bu ilin aprel ayında həmin siyasətin məntiqi davamı olaraq 2009-2013-cü illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Yeni proqram iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd hesab olunur.
Prezident İlham Əliyev həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq respublikanın rayonlarına səfər edib. Son bir ildə ölkə başçısının regionlara və Bakı şəhərinin rayonlarının kənd və qəsəbələrinə səfərləri mütəmadi xarakter alıb. Dövlət başçısı bölgələrdə və paytaxtda yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident İlham Əliyev regionların inkişafında mühüm rol oynayan istehsal, xidmət, emal və sənaye müəssisələrinin, turizm obyektlərinin açılış, yeni müəssisələrin təməlqoyma mərasimlərinə qatılmaqla bölgələrdə həyata keçirilən genişmiqyaslı layihələrin icra vəziyyətini daim nəzarətdə saxladığını göstərmiş olur. Onun Mingəçevirdə “River side” mehmanxanasının, “İnter Qlass” Açıq Səhmdar Cəmiyyətinin şüşə məmulatları zavodunun, “Qaradağ Sement” ASC-də yeni sobanın, Gədəbəy qızıl-mis zavodunun, Gəncədə “Ramada Plaza” mehmanxanasının, Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, “Şahdağ” Elektrik Stansiyasının, Hacıqabulda kərpic zavodunun açılış və təməlqoyma mərasimlərində iştirakı bölgələrdə iqtisadi fəallığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradıb.
Prezident İlham Əliyev infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin genişlənməsini də investisiya siyasətinin əsas istiqamətlərindən biri hesab etdiyindən bu sahədə görülən işləri ardıcıl olaraq diqqətdə saxlayıb. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücünün, Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücüsünün, Bakıda Beynəlxalq avtovağzal kompleksinin, Xırdalan dairəsində tunel tipli yolötürücünün, Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın və həmin rayonda Olimpiya İdman Kompleksinin, Masazır qəsəbəsi yaxınlığındakı körpünün, Naxçıvan-Sədərək avtomobil yolunun, Bilgəh-Sumqayıt avtomobil yolunun, Babək prospektindəki yeni yol qovşağının, Milli Məclisin yeni korpusunun, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının, Xətai və Babək prospektlərinin kəsişməsində tikilən körpü-tunelin, Heydər Əliyev prospektindəki yeni tunel yolun və yeraltı piyada keçidinin, Heydər Əliyev adına beynəlxalq hava limanı - Əzizbəyov dairəsi avtomobil yolunun, Səngəçal elektrik stansiyasının, “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin, “Zəngəzur” tankerinin və digər infrastruktur obyektlərinin istismara verilməsində və təməlinin qoyulmasında dövlət başçısının iştirakı bu sahələrə yüksək qayğının əyani təzahürləridir.
Təhsilə, səhiyyəyə, mədəniyyətə yüksək qayğı...
Prezident İlham Əliyev elmə, təhsilə, mədəniyyətə və səhiyyəyə yüksək diqqət və qayğısı ilə də diqqəti cəlb edir. Dövlət başçısının Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Yasamal rayonunda mədəniyyət və istirahət parkının və bu rayondakı Heydər Əliyev məktəb-muzeyinin, eləcə də, Mingəçevirdə Heydər Əliyev muzeyinin, Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin, Naxçıvan şəhərində Heydər Əliyev Sarayının, akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun, Talassemiya Mərkəzinin, Yevlax Şahmat məktəbinin, Yevlax Xalq Teatrı binasının, bu rayondakı Uşaq xəstəxanasının, Bərdə şəhərində musiqi məktəbinin, həmin rayonda Tarix-diyarşünaslıq muzeyinin və Müalicə-Diaqnostika mərkəzinin, Gədəbəydə Aşıq Musiqi Məktəbinin, Göygöl mədəniyyət və istirahət parkının, Bakı Tennis Akademiyasının, Psixonevroloji Uşaq Evinin, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının, əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Təzəpir məscid kompleksinin, Gimnastika Kompleksinin, Şahbuz rayon mərkəzi xəstəxanasının yeni binasının, Şərur rayonunda Olimpiya-İdman Kompleksinin, Naxçıvan şəhərində Doğum Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun, Bəstəkarlar İttifaqının binasının, Hacıqabulda Uşaq Tibb Mərkəzinin istifadəyə verilməsi, açılış və təməlqoyma mərasimlərində, eləcə də ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etməsi Onun xüsusi diqqət və qayğısının məntiqi nəticəsi sayıla bilər.
Dövlət başçısının əsas diqqət göstərdiyi sahələrdən biri də ordu quruculuğu və hərbi sənaye sistemində islahatların gücləndirilməsi, eyni zamanda, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlıdır. Müdafiə Sənayesi Nazirliyinin Hesablayıcı elektron maşınlar zavodunun, Elmi-Tədqiqat İnstitutunun və Nazirliyin “Radioquraşdırma” zavodunun, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin, Yevlaxda Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti üçün tikilmiş xidməti yaşayış binasının, Gəncədə Daxili Qoşunların “N” hərbi hissəsində zabit yataqxanasının, Gəncə şəhər polis idarəsinin, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yeni binasının, Bakı Şəhər Baş Polis İdarəsinin, “Sərhədçi” olimpiya idman mərkəzinin və digər obyektlərin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi buna misaldır.
Sosial proqramlar maksimum dərəcədə icra olunmaqdadır...
Son bir ildə iqtisadi siyasətlə paralel şəkildə aparılan sosial islahatların geniş xarakter alması ölkənin ümumi inkişafına və əhalinin sosial müdafiəsinin güclənməsinə impuls verib. İqtisadi və sosial islahatların davamlılığının məntiqi nəticəsi olaraq respublikamızda bütün sosial proqramlar maksimum dərəcədə icra olunub. 2008-ci ilin üçüncü rübü və 2009-cu ilin ötən dövrü makroiqtisadi və maliyyə sabitliyinin fonunda sosial məsələlərin həll olunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan kompleks islahatlarla xarakterizə olunub. ümumiyyətlə, sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir və ötən bir il ərzində dövlətin kapital resurslarının böyük bir hissəsinin bu sahəyə yönəldilməsi sözügedən strategiyanın uğurlarını şərtləndirmiş olur. ötən müddətdə dövlətin gəlirləri ilk növbədə, sosial kateqoriyaları insanların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib.
ötən bir il ərzində də Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində imzaladığı fərman və sərəncamların icrası davam etdirilib. Məsələn, 2006-cı ildən ölkəmizdə tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımı sisteminin icrası ilə bağlı ən son rəsmi rəqəmlərə müraciət edək. 2009-cu ilin ilk 6 ayını əhatə edən həmin göstəricilərə görə, ölkəmizdə 179504 ailə (817355 nəfər ailə üzvü) dövlətdən ünvanlı yardım alır. ölkədə hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 98,19 manat, hər ailə üzvünə düşən ünvanlı yardımın orta aylıq məbləği isə 21,56 manatdır. Yardım təyin olunan ailələrin 73191-i (40,8 faizi) 3 və daha çox uşağı olan, 973-ü (0,5 faizi) tərkibində müharibə əlili olan, 22863-ü (12,7 faizi) digər səbəblərdən əlil olmuş üzvləri olan, 293-ü (0,2 faizi) qəyyumluq təyin edilmiş, 16043-ü (8,9 faizi) məcburi köçkün və 44-ü (0,02 faizi) şəhid ailələridir.
Son bir il ərzində ünvanlı dövlət sosial yardım sistemi ilə bağlı qanunvericilik sistemi daha da təkmilləşdirilib, ehtiyac meyarının məbləği artırılıb, ünvanlı yardım üçün tələb olunan sənədlərin sayı azaldılıb, bu yardımların əhatə dairəsi genişləndirilib, həmçinin, ünvanlı yardımın təyin olunma müddəti 6 aydan 1 ilədək uzadılıb, yardımın təyin olunmasından imtina müddəti 2 ildən 1 ilə endirilib. Bu il ərzində aylıq və birdəfəlik sosial müavinət alanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 9545 nəfər və ya 2,9 faiz çox olub. (340515 nəfər).
Tibbi-sosial ekspertiza sahəsində də nəzərdə tutulanlar həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq xidmətinin əlil hesab etdiyi şəxslərin sayı 116196 nəfərə çatıb ki, onlardan 18 yaşdan yuxarı olan 12573 nəfərdə (10,8 faiz) əlillik ilk dəfə müəyyən edilib. Əlilliyə görə təkrar müayinə edilənlərdən 3915 nəfəri tam, 2272 nəfəri hissəvi reabilitasiya edilib. Lakin əlillərlə bağlı işlər bununla məhdudlaşmayıb. Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün rahat məişət şəraitinə malik yeni mənzillərin tikilib istifadəyə verilməsi işləri də davam etdirilib.
Azərbaycanda məşğulluq probleminin həlli istiqamətində də mühüm addımlar atılmaqdadır. Mütəmadi təşkil olunan əmək yarmarkalarında ən müxtəlif sahələri əhatə edən iş yerləri təklif edilməkdədir. Məsələn, təkcə bu ilin birinci yarısında Dövlət Məşğulluq Xidməti tərəfindən 11370 nəfər münasib iş yeri ilə təmin edilib.
Əmək Məcəlləsində son dəyişikliklər və iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi isə vətəndaşların iş yerlərində əmək hüquqlarının təmin olunması istiqamətində irəliyə doğru addım sayılmalıdır.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilib. ölkə vətəndaşları isə sosial cəhətdən tam təmin edilib.
Milli problemin həlli istiqamətində qətiyyətli addımlar...
Azərbaycanın milli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman İlham Əliyev Administrasiyasının prioritet məsələsi olub və bu gün də belədir. 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində intensiv danışıqlar aparılıb, Prezidentlər arasında görüşlər keçirilib. Münaqişənin həlli ilə bağlı isə radikal irəliləyişlər olmasa da, bir sıra məsələlərdə razılıqlar əldə olunub. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə məhz bu məsələyə toxunub: “Danışıqlara gəldikdə, deyə bilərəm ki, müsbət dinamika vardır. Əgər bu olmasaydı, indiyə qədər bu danışıqlar aparılmazdı. Danışıqlara bizim sadiq qalmağımızın əsas səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində çətin də olsa, irəliləyiş vardır. Son 5-6 il ərzində çox vacib məsələlər razılaşdırılıb. İlk növbədə, Ermənistan qüvvələri Dağlıq Qarabağın ətrafında yerləşən bütün işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Bu, deyə bilərəm ki, danışıqlar prosesində böyük irəliləyişdir. çünki 4-5 il bundan əvvəl 4 rayonun, ondan sonra 5 rayonun boşaldılmasından söhbət gedirdi. Ancaq danışıqlar prosesində atılan addımlar nəticəsində bu gün artıq deyə bilərəm ki, bu, razılaşdırılıbdır. Danışıqların xüsusiyyəti ondan ibarətdir ki, hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Bu o deməkdir ki, biz bütün məsələləri həll etməliyik. Ancaq biz o halda böyük sülh müqaviləsinə yaxınlaşa bilərik. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır və Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar gələcəkdə yüksək muxtariyyət şəraitində yaşamalıdırlar. Bu da, eyni zamanda, dünyanın ən müsbət təcrübəsini özündə ehtiva edən bir yanaşmadır. çox demokratik yanaşmadır və məsələ ancaq bu yolla öz həllini tapa bilər”.
Əlbəttə, Azərbaycan hər zaman danışıqlarda konstruktiv mövqe nümayiş etdirib və problemin həlli istiqamətində maksimum güzəştlərə gedib. Azərbaycanın tarixi torpaqlarını işğal etmiş Ermənistan isə qeyri-konstruktiv mövqeyilə danışıqlar prosesinin produktiv nəticələnməsinə mane olub...
Bir sözlə, Ermənistan tərəfi konstruktivlik nümayiş etdirərək, çox vacib addımlar atarsa, işğal edilmiş torpaqlardan öz qoşunlarını çıxararsa, bölgədə sülh təmin olunarsa, bütün kommunikasiyalar açılarsa, geniş mənada regionda səmərəli əməkdaşlıq başlanacaq. Prezident İlham Əliyevin sözləri ilə desək, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş bölgədə heç bir müsbət meyil gözlənilmir: “Əgər kimsə fikirləşir ki, bölgədəki mövcud problemlərin bəzilərini asanlıqla həll etmək olar, mən buna şübhə ilə yanaşıram. çünki bölgənin əsas problemi, əsas məsələsi Dağlıq Qarabağ münaqişəsidir. İlk növbədə bu münaqişə öz həllini tapmalıdır. Bundan sonra bütün başqa məsələlər də öz həllini tapa bilər”.
“Yeni Azərbaycan”ın analitik qrupu



Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31