Azərbaycan-Belarus münasibətləri güclü, dinamik və çox səmərəli inkişaf edir
13.11.2009 [10:05]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Belarusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə, Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılayıb.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub. Prezident Aleksandr Lukaşenko Azərbaycan dövlətinin başçısına müraciət edərək deyib ki, ölkələr iki-üç il müddətində beş yüz milyonluq həddi asanlıqla aşa bilər: “Bunun rəhni odur ki, maliyyə-iqtisadi böhran şəraitində hər yerdə əmtəə dövriyyəsinin azaldığı bir vaxtda, bizdə əmtəə dövriyyəsinin həcmi keçənilki səviyyə ilə müqayisədə təqribən 110 faiz olmuşdur. Yaxşı dinamikadır. Bu, birincisi. İkincisi, biz bu gün hansı istiqamətlər üzrə irəliləmək mümkün olacağını müəyyənləşdirə bilmişik. Bildiyiniz kimi, qarşılıqlı münasibətlərdə, ticarət-iqtisadi münasibətlərdə bu, əsas məsələdir. Bəzən hər iki tərəfin potensial imkanları olur. Lakin onlar həmin potensialı cəmləşdirə bilmirlər. Biz dəqiq razılığa gəlmişik və müasir metodlarla işləyirik”.
Azərbaycan Prezidenti İlham Əliyev səmimi qəbul üçün təşəkkür edərək söyləyib ki, ölkələrimiz arasında münasibətlər güclü, dinamik və çox səmərəli inkişaf edir: “Mən də çox şadam ki, razılığa gəldiyimiz bütün məsələlər uğurla, özü də qısa müddətdə və keyfiyyətlə həyata keçirilir. Bu, əlbəttə, ölkələrimiz arasında etimad səviyyəsini qat-qat artırır və həm də yeni perspektivlər açır. Nisbətən yaxın vaxtlarda, cəmi üç il bundan əvvəl Belarusda Azərbaycan və Azərbaycanda Belarus səfirlikləri açılmışdır. Lakin bu müddət ərzində biz çox böyük yol keçmişik. Böhranlı ildə əmtəə dövriyyəsinin artırılması barədə Sizin qeyd etdiyiniz fakt yəqin ki, tənəzzül deyil, tərəqqi prosesi gedən nadir hallardan biridir. Bütün bunlar nikbinlik doğurur. Əminəm ki, biz birgə fəaliyyətimizi səylə davam etdirəcək, qarşılıqlı siyasi əlaqələri gücləndirəcək, yeni iqtisadi layihələri həyata keçirəcəyik”.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident Aleksandr Lukaşenko Azərbaycan nümayəndə heyətini Belarus torpağında bir daha salamlayaraq deyib ki, bu gün inamla deyə bilərik ki, ölkələrimiz arasında münasibətlər həqiqətən strateji xarakter kəsb edib: “Zaman bizim əvvəllər qəbul etdiyimiz qərarların düzgün olmasını təsdiq etmişdir. Həm sahələr səviyyəsində, həm də iki ölkənin hökumətləri xətti üzrə daimi qarşılıqlı fəaliyyət mexanizmi tənzimlənmişdir, geniş əhatəli məsələlər üzrə əməkdaşlıq intensiv genişlənir. Bu halda Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu münasibətlər dostluq, qarşılıqlı hörmət, etimad prinsipləri üzərində qurulmuşdur. Bizim münasibətlərdə heç bir qapalı mövzu yoxdur. Bu gün Prezidentlə bərabər qeyd etdik ki, ən yüksək etimad dərəcəsi və əldə etdiyimiz razılaşmaların yerinə yetirilməsi də bizim münasibətlərin fərqləndirici xüsusiyyətidir”.
Prezident İlham Əliyev rəsmi səfər zamanı Ona və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirərək deyib: “Hörmətli Aleksandr Qriqoryeviç, hörmətli dostlar, çox sağ olun. Əvvəla, bir daha ölkənizə gəlmək və ikitərəfli əməkdaşlığa dair bir çox məsələləri müzakirə etmək imkanına görə Sizə təşəkkürümü bildirmək istərdim. Siz düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlər çox dinamik, fəal inkişaf edir. Bunun əsas göstəricisi odur ki, hətta böhran ilində ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr artır. Bu, bizim iqtisadi sahədə qarşılıqlı fəaliyyət, konkret layihələrin həyata keçirilməsi çərçivəsində son illər gördüyümüz işlərin nəticəsidir. 2006-cı ildə burada, Minskdə və 2007-ci ildə Sizin rəsmi səfəriniz zamanı Bakıda razılığa gəldiyimiz layihələrin operativ, səmərəli və keyfiyyətlə həyata keçirilməsi onu göstərir ki, siyasi əzmkarlıq olduqda hər şeyi həll etmək mümkündür. Bu siyasi əzmkarlıq vardır. ölkələrimiz arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də fəal qarşılıqlı fəaliyyət göstəririk. Fəal siyasi dialoq mövcuddur. Biz bütün beynəlxalq tədbirlərdə prezidentlər səviyyəsində mütəmadi olaraq görüşürük. Səfərlərimiz intensiv xarakter daşıyır və hökumətlərimizin başçıları son bir neçə ildə üç səfər etmişlər, nazirlər səviyyəsində yaxşı əlaqələr mövcuddur. Biz praktikada bunun nəticələrini görürük. Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən, qəbul edilən qərarların necə yerinə yetirilməsindən çox razıyıq. Bu baxımdan, Belarus ilə Azərbaycan arasında ümumi cəhətlər çoxdur. Qərarlar qəbul olunur, operativ yerinə yetirilir və biz yaxşı, keyfiyyətli nəticələr görürük. Bu gün birinci görüşümüzdə gələcək əməkdaşlığımızın konkret layihələrini birlikdə müəyyənləşdirdik. Onlar çox geniş istiqamətləri əhatə edir. Bu, kənd təsərrüfatı, maşınqayırma sahəsində yeni layihələr, birgə müəssisələrin yaradılmasıdır. Layihələr investisiya öhdəlikləri ilə əlaqədardır. Bu halda deməliyəm ki, Belarusun da, Azərbaycanın da yaxşı investisiya potensialı vardır. Mən əminəm ki, bu gün müəyyənləşdirdiklərimizin həyata keçirilməsi ticarət dövriyyəsinin həcmini daha da artıracaqdır. Mən Sizin o fikrinizlə razıyam ki, sürətli artıma baxmayaraq, bugünkü səviyyə dövlətlərimizin potensialına cavab vermir. Düşünürəm ki, yarım milyard tamamilə real rəqəmdir və biz onu müvəqqəti hədd kimi müəyyən edə bilərik. Gələcəkdə isə indi dediklərimizin həyata keçirilməsi nəticəsində, zənnimcə, bu, milyardlarla ölçüləcəkdir. Belarusun iqtisadiyyatı çox səmərəlidir. Son illər Azərbaycan iqtisadiyyatının yüksəlişi iqtisadi və sosial xarakterli bir çox məsələləri həll etməyə imkan verir. Qeyd etdiyimiz kimi, iqtisadiyyatlarımız rəqabət aparan iqtisadiyyatlar deyildir. Onlar sanki bir-birini dəstəkləyirlər. Bütün bu ilkin şərtlər, möhkəm siyasi əlaqələr, iqtisadi baxımdan qarşılıqlı maraqlar, maşınqayırma sahəsində layihələrin gerçəkləşdirilməsindən konkret nəticələrin əldə edilməsi şəraitində çox böyük potensial görürük. Bu imkanlardan istifadə etməmək və münasibətlərimizi irəlilətməmək yolverilməz olardı. Əminəm ki, bunun üçün bütün imkanlarımız vardır. Biz gələcəkdə də bütün məsələlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstərəcək, müəyyənləşdirdiklərimizi operativ həll etmək üçün daim əlaqə saxlayacağıq. Bir daha qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizi bir daha görməyimə çox şadam. Bizi çox möhkəm dostluq münasibətləri bağlayır və əminəm ki, dövlətlərimiz arasında münasibətlərdə onlar da mühüm rol oynayırlar. Şadam ki, nümayəndə heyətlərimizin üzvləri arasında da dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm münasibətlər vardır. Bütün bunlar münasibətlərimizin irəliləməsi üçün məhz həmin zəruri fonu yaradır. Bir daha qonaqpərvərliyə görə təşəkkür edir və fəal əməkdaşlığımızın davam edəcəyinə ümid bəsləyirəm”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Birgə Bəyannaməni imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarusun təhsil naziri Aleksandr Radkov, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında 2010-2011-ci illərdə təhsil sahəsində əməkdaşlıq üzrə sazişin həyata keçirilməsi barədə Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun təhsil naziri Aleksandr Radkov, “Azərbaycan Dövlət Sərhəd Xidməti və Belarus Respublikası Dövlət Sərhəd Komitəsi arasında əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Sergey Martınov, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Sergey Martınov, “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında məxfi informasiyanın mühafizəsinin təmin edilməsində qarşılıqlı əlaqələrə dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsev imzalayıblar.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.
Prezident İlham Əliyevə Belarus Dövlət Universitetinin fəxri professoru diplomu və mantiyası təqdim olunub.
Milli geyimli qızlar Azərbaycan dövlətinin başçısına gül dəstələri təqdim ediblər.
Prezident İlham Əliyev universitetin professor-müəllim heyəti və tələbələri qarşısında mühazirə ilə çıxış edib. Dövlətimizin başçısı Onun fəaliyyətinə verilən yüksək qiymətə görə Belarus Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin inkişafından ətraflı danışıb. Dövlətimizin başçısı iqtisadi sahədə qazanılan böyük uğurlardan söhbət açaraq bildirib ki, Azərbaycan və Belarus iki ölkəni daha da yaxınlaşdıran bir çox birgə layihələr həyata keçiriblər.
Azərbaycan dövlətinin başçısı deyib ki, bu, Onun Belarusa ikinci rəsmi səfəridir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı üçün indiyədək görülən işlər təhlil edilib, ən başlıcası isə əməkdaşlığın bundan sonra da genişləndirilməsi və dərinləşdirilməsi yolları müəyyənləşdirilib.
Sonra Prezident İlham Əliyev Belarus Dövlət Universiteti tələbələrinin suallarına cavab verib.
Belarus Dövlət Universitetində görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Minsk şəhərindəki “Aqat” Elmi-İstehsalat Birliyi ilə tanış olub.
Xəbər lenti
Hamısına baxElm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51

