Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bu gün elm sahəsində uğurlarla yanaşı, ciddi problemlərimiz də var və bu məsələlər öz həllini gözləməkdədir

Bu gün elm sahəsində uğurlarla yanaşı, ciddi problemlərimiz də var və bu məsələlər öz həllini gözləməkdədir

17.12.2009 [10:06]

Akademik Ramiz Mehdiyevin Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş məqaləsi elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyub
Dünən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisssiyasında (AAK) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsinə həsr olunmuş “İctimai və humanitar elmlər sahəsində yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması və attestasiyasının keyfiyyətinin yüksəldilməsi” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin tabeliyində humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən dissertasiya şuralarının sədrləri, AAK rəyasət heyətinin üzvləri, humanitar və ictimai elmlər üzrə ekspert şuralarının sədrləri iştirak ediblər.
AAK-ın sədri, akademik Arif Mehdiyev ictimai və humanitar elmlər sahəsində yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində problemlər və onların həlli yolları mövzusunda məruzə ilə çıxış edib.
AAK sədri bildirib ki, noyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə respublikada ictimai və humanitar elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib, dekabrın 8-də isə akademikin məsələ ilə bağlı “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi dövrü mətbuatda nəşr olunub.
Həm müşavirənin, həm də məqalənin müasir Azərbaycanda ictimai və humanitar elmlərin inkişafı baxımından əhəmiyyətini vurğulayan A.Mehdiyev qeyd edib ki, müşavirə Prezident İlham Əliyevin tapşırığı əsasında keçirilib.
Azərbaycanın son illər dünyada ən dinamik inkişaf edən ölkələrdən biri olduğunu vurğulayan sədr qeyd edib ki, respublikamızın iqtisadi yüksəlişi və keçid mərhələsinin başa çatması ölkəmiz qarşısında yeni hədəflər müəyyənləşdirib. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar ölkədə təhsilin, elmin inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı, humanitar və ictimai elmlər qarşısında da mühüm vəzifələr qoyub.
Akademik A.Mehdiyev vurğulayıb ki, yaranmış vəziyyətlə əlaqədar artıq başa çatmış keçid dövrünün yekunlarından nəticə çıxarılmalı və intellektual inkişaf xətti seçilərək ictimaiyyət üçün aktuallaşan modern nəzəri konsepsiyalar, təkliflər hazırlanmalı və dissertasiya mövzularının seçimində müasir dövrün tələblərinə uyğun hərəkət edilməlidir.
Bazar iqtisadiyyatı şəraitində dayanıqlı iqtisadi inkişafın təminatı ilk növbədə elmin müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində bu sahədə mövcud problemlərin qısa zamanda həlli yollarının müəyyənləşməsi üçün qarşıya ciddi və məsul vəzifələr qoyulub. Məqalədə haqlı olaraq qeyd edilir ki, bu gün elm sahəsində uğurlarla yanaşı, ciddi problemlərimiz də var və bu məsələlər öz həllini gözləməkdədir.
AAK-ın sədri bildirib ki, Prezident Administrasiyasının rəhbəri elm sahəsində bu gün yaranmış vəziyyəti ciddi təhlil edib. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətləri müasir tələblərdən xeyli aşağıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə ümumiyyətlə yoxdur. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır.
Elm bir biznesə çevrilib və istənilən şəxs-dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Şübhəsiz, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz.
Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür.
Prezident Administrasiyası rəhbərinin bu fikirlərinin elmi müəssisələr, xüsusilə AAK üçün ciddi siqnal olduğunu bildirən sədr, nöqsanların tezliklə aradan qaldırılması məqsədi ilə sanballı addımlar atılmasının zəruriliyini qeyd edib. 2002-2008-ci illərdə AAK-da ictimai və humanitar elm sahələri üzrə təsdiq olunmuş elmlər doktorlarının sayının 232, elmlər namizədlərinin isə 1436 nəfər təşkil etdiyini diqqətə çatdıran A.Mehdiyev həmin dövrdə elmlər doktoru elmi dərəcəsi almaq üçün 30 nəfərin, namizədlik işlərinin isə 134-nün geri qaytarıldığını bildirib.
AAK sədri qeyd edib ki, dissertasiya şuralarında opponent seçiminə ciddi yanaşılmalıdır. Elmi savadı olmayanlar iddiaçıların işinə rəy verməməlidirlər. Həm dissertasiya, həm ekspert şuraları fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar. Elmi dərəcə almaq istəyənlərə də tələbat artırılmalı, elmi əsərlərin digər müəlliflər tərəfindən, xüsusilə də xaricdə istinad mənbəyi kimi istifadəsinə ciddi diqqət yetirilməlidir.
Qeyd olunub ki, yaxın müddətdə avtoreferatların AAK-ın saytında yerləşdirilməsi də həyata keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işdə AAK-ın saytına texniki dəstək göstərəcək.
Bildirilib ki, elmi jurnallarda nəşr olunan məqalələrin monitorinqi keçiriləcək. Bunların içərisində beynəlxalq standartlara cavab verən məqalələrin xaricdə nəşr olunmasına kömək göstəriləcək.
Sədr müşavirə iştirakçılarından dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar təklif və tövsiyələrini AAK-da fəaliyyət göstərəcək işçi qrupuna təqdim etmələrini xahiş edib.
Müşavirədə mövzu ilə bağlı keçirilən müzakirələrdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, DİA-nın rektoru, professor Seyfəddin Qəndilov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, AAK rəyasət heyətinin üzvü, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü, AAK-ın filologiya elmləri üzrə ekspert şurasının sədri Tofiq Hacıyev, AAK-ın tarix və siyasət elmləri üzrə ekspert şurasının sədri Tofiq Vəliyev, Naxçıvan Dövlət Universiteti yanında Dissertasiya Şurasının sədri, akademik İsa Həbibbəyli, AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru, AAK-ın fəlsəfə və sosiologiya elmləri üzrə Dissertasiya Şurasının sədri İlham Məmmədzadə və başqaları çıxış edərək məqalədə qaldırılmış məsələlərlə bağlı fikirlərini bölüşüb, burada humanitar və ictimai elmlər sahəsində göstərilmiş tənqidi fikirlərin obyektivliyini vurğulayıb, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı təkliflərini bildiriblər.
Müşavirəyə yekun vuran A.Mehdiyev deyib ki, akademik Ramiz Mehdiyevin məqaləsində göstərilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə xüsusi fəaliyyət proqramı hazırlanıb və tezliklə onun icrasına başlanacaq. Bundan əlavə, müşavirədə səslənmiş təkliflər ümumiləşdirilərək Prezident Administrasiyasına təqdim olunacaq.

Paylaş:
Baxılıb: 1120 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31