Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Uşaqlar xalqımızın, müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir

Uşaqlar xalqımızın, müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir

09.01.2010 [09:26]

2009-cu il “Uşaq ili” kimi uğurlarla yadda qaldı
2009-cu ili uğur və nailiyyətlərlə yola saldıq. Hər səhifəsinin özünəməxsus tarixi yaddaşı olan bu ilimiz özünün bir çox çalarları ilə yaddaşlarda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi xalqımız tərəfindən xüsusi sevinclə qarşılandı. Yaxşı deyiblər ki, uşaqlar dünyanın ən böyük səadətidi. Uşaqlar torpağın canlı çiçəkləridi. Uşaqlar cəmiyyətin canlı qüvvəsidi. Uşaqlar, övladlar hər bir ailənin doğan günəşi, gələcək ümid çırağıdı. Odur ki, hər bir ailənin tərbiyəli uşaq böyüdüb cəmiyyət, xalq üçün faydalı vətəndaş yetişdirmək müqəddəs borcudur. İnsanın əsil vətəndaş, şəxsiyyət kimi formalaşmasında əsas rol oynayan tərbiyə prosesini tədqiq etmiş filosofların, psixoloqların, sosioloqların ortaya qoyduqları əsərlərdən belə bir məntiqi nəticə çıxarmaq olar ki, uşaq dünyaya göz açdığı gündən onun tərbiyəsi, sağlam böyüməsi üçün ailə öz üzərinə düşən vəzifəni dərindən anlamalıdır. çünki böyüyən hər bir körpəmizin, uşağımızın sağlam, ağıllı, təhsilli, faydalı gənc kimi yetişməsi istər xalq, istərsə də dövlət üçün çox vacib amillərdən biridir. “Ailə kiçik dövlətdir” - deyiblər. Bu sözlərdə böyük həqiqət var. Bu kiçik dövlətdə uşağa  öncə dostluq, ünsiyyət, ülfət, məhəbbət, xeyirxahlıq, qarşılıqlı kömək, yəni, həyat üçün zəruri olan, onlarsız yaşamaq mümkün olmayan fəzilətləri öyrətmək lazımdır.
Azərbaycanın kiçik yaşlı övladları müstəqillik əldə etdikdən sonra vətənimizin arxada qoyduğu sınaqlarla dolu illərdə daha da mətinliklə böyüdülər. Azərbaycanımızın xoşbəxt günlərə addımladığı zamanda hər bir hadisələrin şahidi oldular.  çətinlik də gördülər, bir qismi köçkünlük və qaçqınlıq həyatını da yaşadı. Balalarımız xalqımızın ən müdrik qocası ilə bərabər düşmən gülləsinin ağrılarını da yaşadı, Qanlı Yanvarın faciələrini də gördü. Azərbaycan balaları səadətə qovuşmaq üçün çətin yollardan keçməli, keşməkeşli anlar da yaşamalı oldular. Lakin bütün bunlar arxada qaldı.
Azərbaycan övladlarının sevimli baba
sı, Ulu öndər Heydər Əliyev respublikamızda ikinci dəfə hakimiyyətə qayıtdıqdan və üzləşdiyimiz problemləri həll etdikdən sonra xalqımızın bütün təbəqəsi kimi, balalarımız da yeni bir eraya qədəm qoydular. Uşaqların taleyi, onların qayğısız böyüməsi dövlətimizin prioritet məsələlərindən biri oldu. Onların sağlamlıqlarının qorunması, müasir, sivil tələblərə cavab verən şəraitdə təhsil almaları istiqamətində mühüm işlər həyata keçirildi. Uşaq hüquqlarının müdafiəsi zəminində qanunvericilik bazası formalaşdı. Azərbaycan Respublikası uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən, 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşuldu. ölkəmiz bu konvensiyaya qoşulmaqla uşaq hüquqlarına yüksək mənəvi dəyər verərək, onların normal sosial-mənəvi ruhda layiqli insan kimi yetişməsi, bu yolda qarşıya çıxan problemlərin aradan qaldırılması, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması, istiqamətində addımların atıldığını bir daha təsdiq etdi.
Bir qədər sonra Azərbaycan parlamentin
də “Uşaq hüquqları haqqında”, habelə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunların qəbulu konvensiyanın şərtləri baxımından da mühüm əhəmiyyət kəsb etdi. Həmin vaxtdan etibarən bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin olunmasından, onların sağlam mühitdə tərbiyə edilməsindən, normal şəraitdə yaşamasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindən və digər humanist prinsiplərdən ibarət oldu.
2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycanda Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra ilk növbədə uşaqlarımızın fiziki sağlamlığının inkişafı diqqət mərkəzindəki vacib məsələlərdən biri oldu. Mehriban xanım Əliyeva həmin dövr haqqında demişdir: “2002-ci ilin oktyabrında mən Gimnastika Federasiyasının Prezidenti seçildikdən sonra biz, ilk növbədə, idmanın bu növünün inkişafı üçün kompleks strategiya hazırladıq. Onu iki bərabər hissəyə bölmək olar. Onlardan biri gimnastikanın ölkədə son dərəcə geniş yayılmış idman növünə çevrilməsinə, digəri isə beynəlxalq əməkdaşlıq sistemi yaradılmasına istiqamətləndirilmişdi. Lakin başlıcası budur ki, qısa müddətdə nail olduq ki, bizə inansınlar. Halbuki, “Azərbaycanda? Bədii gimnastika?” kimi şək-şübhə ilə verilən suallar az deyildi. İnanın ki, anaların məhz bədii gimnastika ilə məşğul olmaq istəyən balaca qızlarının əlindən tutub salona gətirməyə başlaması çox mühüm məqam idi”.
2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması və fəaliyyətə başlaması sözün əsl mənasında təqvimimizdə qeyri-rəsmi də olsa, hər bir ilimizin sanki uşaq ilinə çevrilməsinə böyük imkanlar yaratdı. ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında həyata keçirilən çoxsaylı layihələr və proqramlar uşaqlarımızın taleyində müstəsna rol oynadı.
Ana nəfəsi, ana qucağı, ana sevgisindən məhrum olmağın övlad üçün nə qədər ağır dərd olduğunu incəqəlbli insanlar yaxşı bilirlər. Körpə şüuru ilə kiçik varlıqlar bu acı dərdi sanki dərhal duyur, gözlərində dərin kədər, baxışlarında nisgil, içlərində həsrət yükü gəzdirirlər. Bu acıları dərindən başa düşüb qəlbindən keçirən Mehriban xanım bircə körpəmizi də, qaçqınlıq və köçkünlük taleyi yaşayan, şəhid ailələrində böyüyən bircə balamızı da diqqətdən kənarda saxlamır. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr, uşaqlar evlərini ziyarət edir, onların həyatı ilə ətraflı maraqlanır, sağlamlıqlarının qeydinə qalır, düzgün qidalanmalarına həssaslıqla yanaşır. Uşaqların sağlam və təhsilli böyümələrinə, gələcəkdə yüksək intellektli şəxslər kimi formalaşmalarına diqqət yetirir. Azərbaycanın kiçik vətəndaşları üçün çoxsaylı səhiyyə obyektləri, bədii-yaradıcılıq mərkəzləri, idman və istirahət komplekslərinin tikilməsi istiqamətində çoxsaylı layihələrə rəhbərlik edən Mehriban xanım Əliyeva əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında onlar üçün bayram mərasimləri, şənlik tədbirləri keçirir, müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir. Onları təkrar-təkrar bağrına basıb deyir: “Bunlar bizim uşaqlardır, mənim üçün çox doğmadırlar. Uşaqlar, gənclər xalqımızın, müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir”.
“Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır. Hər bir millətin tərəqqisi onun öz övladlarına verdiyi təhsili ilə ölçülür” - deyib müdriklərimiz. Məhz bu ideyaları rəhbər tutan Mehriban xanım Əliyevanın rəhbərliyi altında çoxsaylı tədbirlər həyata keçirilib. Məsələn, yeniləşən Azərbaycana yeni, müasir avadanlıqlarla təchiz olunmuş məktəblər, təhsil ocaqları bəxş edən Mehriban xanım Əliyeva bu obyektlərin tikintisini daima diqqət mərkəzində saxlayıb. 2005-ci ildə Mehriban xanım Əliyeva YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın Azərbaycana səfərinin yekunlarına dair Azərbaycan dövlət televiziyasına verdiyi müsahibədə deyib: “Mən doğrudan da çalışıram ki, məktəblərin tikintisi ilə bağlı hər gün məlumat alım. Tikililərin bir qismində özüm şəxsən olmuşam. İşlərin həqiqətən də çox böyük sürətlə getdiyini görmüşəm. Bu məktəblərin tikintisi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin yalnız ilk mərhələsidir. Hazırda ikinci mərhələyə daxil olan məktəblərin siyahısı hazırlanır. Mən inanıram ki, 3-4 ildən sonra Azərbaycanın hər bir kəndində ən müasir tələblərə cavab verən məktəb binası olacaqdır”.
Kürdəmirin Karrar, Sabirabadın Axtaçı-Muğan, Yevlaxın Hacıselli və Nəmirli, Astaranın Təngərüd, Lənkəranın Şağlaküçə, Tərtərin Düyərli və Sarıcallı, Bərdənin Yeni Daşkənd kəndlərində, o cümlədən, Naxçıvanda, Qubada, Yardımlıda, Ağcabədidə və digər rayonlarımızda 130-dan çox tikilən yeni məktəblərin böyük qismini və əsaslı təmir olunan məktəblərin bir çoxunu ziyarət edən ölkəmizin birinci xanımı, Bakının Bilgəh, Pirşağı, Mərdəkan, Türkan qəsəbələrindəki, Nizami və Xətai rayonundakı orta və internat məktəblərində, körpələr və uşaq evlərində də kiçik vətəndaşlarımızla görüşüb, onlarla səmimi münasibət qurub, xoş söhbətlər aparıb.
Bakının Nəsimi rayonundakı əqli və fiziki cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün 268 saylı yardımçı məktəbində, Nərimanov rayonunda kor və zəif görən uşaqlar üçün respublika internat məktəbində olan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində bu məktəblərdə görülmüş işlərlə yaxından tanış olub, onların yeni istiqamətdə inkişafı barədə tövsiyələrini bildirib.
Nizami rayonunda Heydər Əliyev Fondunun Təlim-Tədris Mərkəzinin açılışı da uşaqlara böyük hədiyyə oldu. Tanınmış alim və mütəxəssislərin mühazirələrinin təşkil olunduğu mərkəzin həyətində yaradılmış istirahət guşələri balalarımızın ixtiyarına verilib. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları, “Təhsilə dəstək”, “Dərs vəsaitləri və müxtəlif ədəbiyyatla təchizat”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və bu kimi layihələr istər təhsil, istərsə də səhiyyə sahəsində Mehriban xanımın uşaqlarla bağlı fəaliyyətində istiqamətverici, stimulverici olub və olmaqdadır.
Mehriban xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının layihəsi olan Avropa İmmunlaşdırma həftəsi çərçivəsində (16-22 aprel 2007-ci il) ölkəmizdə həyata keçirilən “Profilaktika! Müdafiə! İmmunlaşdırma!”  kampaniyasında iştirak etmək üçün Nəsimi rayonundakı 1 nömrəli uşaq poliklinikasında olub, burada qeydiyyatda olan 19 mindən çox uşağın müalicəsi və müayinəsi ilə maraqlanıb, bu barədə öz dəyərli məsləhətlərini bildirib.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, ailə və uşaqları cəmiyyətin özəyi, sağlam təməli kimi yüksək qiymətləndirən dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı ildə respublikamızda Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalayıb. ölkəmizdə belə bir dövlət qurumunun yaradılması həyatımızın və cəmiyyətimizin ən aparıcı qüvvəsi olan ailələrin və uşaqların hərtərəfli tərəqqisi naminə aparılan dövlət siyasətinin əsas atributuna çevrilib.
Hörmətli Prezidentimizin uşaqlarla bağlı təsdiqlədiyi növbəti sənəd “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ Dövlət Proqramı” da öz müsbət mahiyyətinə görə böyük rol oynayıb. Xalqımızın milli dəyərlərindən biri kimi uşağa olan məhəbbətdən yaranan çoxuşaqlılığa meyililik arzusu hər zaman ailələrin səadəti yolunda işıq saçan nur olub. Hər hansı bir çətinliyə və bəlaya düçar olan, yaxud valideynsiz qalan uşağın digər ailələr tərəfindən isti qucaq açaraq himayəyə götürülməsi, şən, qayğısız böyüdülməsi bəlkə də illər deyil, hətta əsrlər boyu xalqımızın və millətimizin ən uca, ən ali, ən humanist insani ləyaqət hisslərindən biri olub. Əsrlərin yadigarı olan bu müqəddəs ənənənin həyata keçirilməsində mühüm rol oynayan, hüquqi cəhətdən bir növ “xeyir-dua” verən bu qanun vətəndaşlarımıza xeyli kömək edib.
Dünyanın əksər xalqları Azərbaycanı hər zaman istedadlar yurdu kimi tanıyıb seviblər. İndi ailələrimizdə on minlərlə istedadlı, qabiliyyətli, bacarıqlı uşaqlar var ki, onların hər biri öz sahəsində dövlətin qayğısı altındadır. Prezident İlham Əliyev 2006-cı ildə “Xüsusi istedada malik olan uşaqların, (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər) Dövlət Proqramını” imzalayıb ki, bu proqram ölkədə istedadlı uşaq və gənclərin aşkara çıxarılmasını müəyyənləşdirməklə, onlarla işin müasir tələblərə uyğun qurulması istiqamətində böyük vasitəyə çevrilib.
2009-cu ilin mart ayında keçirilmiş ümumxalq referendumu ilə Konstitusiyamızın 17-ci maddəsinə əlavələr olunub ki, bu müddəalar uşaq hüquqlarına dair hüquqi təminat mexanizmlərini daha da təkmilləşdirib. Bu əlavələr valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət himayəsinin göstərilməsini nəzərdə tutur. Eyni zamanda, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada bilən fəaliyyətə cəlb olunmasını qadağan edir.
ötən ilin son günlərində dövlət başçımız uşaqların sosial müdafiəsi sahəsində daha bir sənəd, “Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında” Sərəncam imzaladı. Başa çatan “Uşaq ili” çərçivəsində atılan bu addım dövlət başçımızın körpələrə olan həssas və qayğıkeş münasibətinin simvolu idi.
Yola saldığımız “Uşaq ili” daha hansı amillərlə yadda qaldı? Azərbaycan Prezidentinin 2009-cu il fevralın 18-də təsdiqlədiyi “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı əsasında” azərbaycanlı uşaqlar haqqında məlumat bankı, internet saytı, habelə, xüsusi portal yaradıldı. BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyası ilə bağlı maarifləndirmə işləri gücləndirildi. Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsi, “Şərq-Qərb” Beynəlxalq uşaq rəqs festivalı öz uğurları ilə xatirələrdə qaldı.
Nəhayət, 2009-cu il dekabrın 30-da Mehriban xanım Əliyeva öz ənənəsinə sadiq qalaraq “Buta” sarayında uşaqlar üçün Yeni il şənliyi təşkil etdi və həmin mərasimdə uşaqları bayram münasibəti ilə təbrik edib dedi: “... 2009-cu il “Uşaq ili” elan olunub və bu sahədə də ölkədə bir çox mühüm addımlar atılıb. 2009-cu ildə Azərbaycanda 68 yeni məktəb binası və əlavə korpuslar inşa olunub, 28 məktəbdə əsaslı təmir aparılıb, 10-dan artıq körpələr evi və uşaq bağçası təmir edilib və yenidən qurulub. Heydər Əliyev Fondu da bu sahədə öz fəaliyyətini davam etdirir. Bu il Ağdaş şəhərində uşaq musiqi məktəbi inşa olunaraq istifadəyə verilib. Şamaxı şəhərində Nəsimi adına uşaq incəsənət məktəbinin təməli qoyulub. Bir çox beynəlxalq görüşlər keçirilib. Oktyabr ayında Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans, I Uşaq Forumu, olimpiada keçirilib. Bir sözlə, 2009-cu ildə bir çox mühüm, vacib işlər həyata keçirilib və nailiyyətlər əldə edilib. Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə də, bu gün bütün işlər sabah üçün - sizin üçün görülür...”
Bəli, uşaq qayğıları, məhəbbəti, sevgisi ilə zəngin olan ötən illərimizdən birini də yola saldıq. Hər birinin Azərbaycan adlı məmləkətimizin, onun balalarının taleyində xoş izlər qoyan bu illər təqvimimizin şərəfli tarixinə çevrildi. Qarşıda Azərbaycan övladlarını yeni nailiyyətlərin, uğurların, qələbələrin gözlədiyinə heç bir şübhəmiz yoxdur. çünki buna əsaslı bir qarantımız var: ölkəmiz etibarlı əllərdədir, respublikamız güvəniləcək bir insanın rəhbərliyi altında günü-gündən çiçəklənməkdə, tərəqqi etməkdədir. Bu tərəqqinin, bu yüksəlişin, bütün uşaqlarımızın yolu isə yalnız və yalnız nurlu sabahlaradır.
Reyhan MirzƏzadƏ

Paylaş:
Baxılıb: 1185 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31