Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Daxili və xarici siyasətin səmərəliliyi Azərbaycanın qüdrətini daha da artırır

Daxili və xarici siyasətin səmərəliliyi Azərbaycanın qüdrətini daha da artırır

10.02.2010 [10:07]

Həyata keçirilən praqmatik strateji kursun fonunda Azərbaycanda hər bir sahə mütəmadi qaydada inkişaf etməkdədir, eləcə də, ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini getdikcə gücləndirməkdədir
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü ümummilli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir...
Milli inkişafın Azərbaycan nümunəsi...
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni, uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir. Bütün bu deyilənləri uğurlu fəaliyyətin fonunda ortaya çıxmış sosial-iqtisadi göstəricilər bir daha təsdiq və sübut edir. Belə ki, 2009-cu ildə ölkəmizdə 74 min yeni iş yeri açılıb ki, bunların böyük bir hissəsi daimi xarakterlidir. Bütövlükdə isə son 6 il ərzində 840 min iş yeri yaradılıb. Məhz bu addımın və prosesin məntiqi nəticəsi olaraq Azərbaycanda yoxsulluq səviyyəsi 11 faizədək enib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb: “Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar”.
İqtisadiyyatın mütəmadi olaraq inkişaf etdirilməsi yönündə atılan addımlar da praktik baxımdan olduqca səmərəli nəticələr verməkdə və bütün sahələrin inkişafını təmin etməkdədir. Valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına geniş şərait yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqət göstərilməsi iqtisadi inkişafın təməl mexanizmini təşkil edir. Məhz bu cür çoxşaxəli və praqmatik iqtisadi fəaliyyətin fonunda valyuta ehtiyatımızın həcmi artıq 20,4 milyard dollara çatdırılıb. Digər tərəfdən, ölkəmizdəki sərmayə qoyuluşunun ümumi məbləği 10 milyard dollara yaxınlaşıb. 6 il ərzində isə iqtisadiyyatın ümumi artım səviyyəsi 300 faiz olub. Yəni, sosial-iqtisadi islahatların uğurla davam etdirilməsi ölkəmizin daha da qüdrətlənməsinə, çiçəklənməsinə xidmət edir və bu proses perspektiv inkişafın sağlam əsaslarını formalaşdırır. Bir sözlə Prezident İlham Əliyevin qeyd etdiyi kimi “İndiyədək nail olduqlarımız, topladığımız vəsait və neft sahəsindən əldə edilmiş gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində gördüyümüz işlər bizə uğurlu inkişafı davam etdirməyə imkan verəcəkdir”.
Siyasi-hüquqi islahatlar mütəmadi sabitlik və inkişafın qarantıdır
Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Siyasi hüquq və azadlıqların, xalqın ali iradəsinin təmin olunmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir. Yaxın tarixə nəzər salsaq, bunun bir daha təcrübi təsdiqini xatırlaya bilərik. Belə ki, ötən il ölkəmizdə baş tutan bələdiyyə seçkiləri yerli və beynəlxalq müşahidəçilər tərəfindən olduqca yüksək qiymətləndirildi. ötən ilin mart ayının 18-də keçirilən ümumxalq səsverməsi-referendum isə qanunvericilik bazasının zənginləşməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına xüsusi töhfələr bəxş etdi...
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir...
Azərbaycan regionun ən güclü və suveren aktoru kimi...
Onu da qeyd edək ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç kimdən asılı olmadığını da təsdiq edir. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. “Dəmir İpək yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Məhz bu amilin fonunda dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla bu prosesə mühüm təkan verdi. Bütün bu proseslərin qanunauyğun nəticəsi kimi dünyanın, demək olar ki, bütün analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir ipək yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”
Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirildi. Türkiyənin prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.
Gürcüstan prezidenti Mixail Saakaşvili də öz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri məhz bu cür qiymətləndirdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmazdı”.
ölkəmizin suverenlik səviyyəsinin başlıca göstəricilərindən birini də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik enerji siyasəti təşkil edir. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.
Belə ki, “İnternational Herald Tribune” qəzetinin siyasi şərhçisi Selestin Bohlenin “Azərbaycan enerji ixracı sahəsində Avropa və Rusiya arasında tarazlı siyasət aparır” sərlövhəli məqaləsində bildirilir ki, Azərbaycanı etibarlı strateji tərəfdaşa çevirən təməl faktor bu ölkənin müstəqil və tarazlı enerji siyasəti yeritməsi ilə bağlıdır. Məqalədə qeyd edilir ki, Xəzər hövzəsinin bayraqdarı Azərbaycan regional miqyasda reallaşdırılan layihələrin mərkəzi oyunçusu olmaqla yanaşı, qlobal enerji siyasətində də tarazlaşdırıcı mexanizmdən səmərəli şəkildə istifadə edir: “Bu da Azərbaycanın dünya miqyasında əhəmiyyətli üstünlüklər əldə etməsinə və mövqeyinin möhkəmlənməsinə səbəb olur”.
Azərbaycanın müstəqil siyasət yeritməsinin digər bir fundamental göstəricisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ölkəmizin tutduğu prinsipial mövqe və sərgilədiyi praqmatik fəaliyyətdir. ölkəmiz münaqişənin həlli yönündə bütün resurslarını işə salıb. Məhz bunun nəticəsidir ki, danışıqlar prosesi olduqca intensivləşib və işğalçı Ermənistanın barışmaz mövqeyi fiaskoya uğramaqdadır. Buna paralel olaraq dünyanın, demək olar ki, bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar birmənalı olaraq qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi qaçılmaz və zəruri bir prosesdir...
Bir sözlə, bütün bu uğurların və mütəmadi inkişaf meyillərinin əsasında uzaqgörənliklə və praqmatik əsasda reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bunun qanunauyğun nəticəsidir ki, xalq-iqtidar birliyi getdikcə möhkəmlənir və perspektivə dair olduqca optimist hisslərin yaranmasına səbəb olur...
Nurlan QƏLƏNDƏROV

Paylaş:
Baxılıb: 1094 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31