Böyük liderlərin ideyalarına əsaslanan qardaşlıq münasibətləri
22.05.2010 [09:39]
Əlbəttə, hər iki dövlətin münasibətlərinin bugünkü yüksək səviyyəsi tarixi köklərə bağlılığı ilə yanaşı, dərin, ciddi siyasi-ideoloji prinsiplərə əsaslanır. Türk dünyasının iki dahi oğlu - böyük öndər Mustafa Kamal Atatürk və ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu prinsiplər dövlətlərin münasibətlərinin, inkişafının bünövrəsini təşkil edir. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamı artıq münasibətlərimizin dəyərləndirilməsində bir aforizmə çevrilib. Qətiyyətlə demək mümkündür ki, XXI əsrdə ölkələrimiz arasındakı münasibətlər bu iki nəhəng şəxsiyyətin bəyan etdiyi ideoloji prinsiplərin ruhuna uyğun inkişaf edir.
Hər iki şəxsiyyət öz dövlətini məhv olmaq təhlükəsindən qurtarmış xilaskar, Türk dünyasının birliyi istiqamətində çalışan liderlər və öz ölkələrini inkişaf etdirən siyasətçilər kimi tarixə öz adlarını yazıb. Bu baxımdan qeyd edək ki, Atatürkün türk tarixində son dərəcə mühüm yer tutmasının başlıca səbəbi Onun heç şübhəsiz, Vətəni xilas edən milli qəhrəman olmasıdır. ölkənin dörd tərəfdən, hətta daxildən belə amansız işğala məruz qaldığı, hər şeyin düşmənlərin insaf və mərhəmətindən asılı olduğu, millətin artıq yaşama gücünü itirdiyi bir dövrdə Atatürk qorxmadan meydana çıxmışdı. O, türk millətinin azad yaşama arzusuna və torpaq sevgisinə güvənərək, üzərində İstanbul hökumətinin edam fərmanı olduğu halda, heç bir şeydən qorxub-çəkinməyən iradəsilə milli mübarizəni təşkil etmişdi. Mustafa Kamal, bitib-tükənməyən enerjisi, uzaqgörənlik qabiliyyəti, praktik və aydın zəkası, təşkilatçılıq bacarığı, illüziyalara qapılmayan realist baxışları, zaman, məkan və imkan faktorlarından ən yaxşı istifadə etmə istedadı ilə I Dünya müharibəsinin qalibləri olan superdövlətlərin istilaçı qüvvələrini müqəddəs Anadolu torpaqlarında məğlub edərək, türk dövlətini yox olmaqdan xilas etmiş əsl milli qəhrəmandır. Təkcə bu möhtəşəm xidmət Mustafa Kamal Atatürkün türk tarixində əvəzsiz bir yer tutması üçün kifayətdir. Böyük öndər Atatürk hələ o zaman sovetlərin tərkibində yaşayan türk xalqları haqqında narahatlığını bildirmişdi. O, Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə çıxışında demişdi: “Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostluğumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək lazım deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük. İnam bir körpüdür, xaric bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır”.
Atatürk haqqında fikirləri zəmanəmizin görkəmli siyasətçisi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev haqqında da demək tamamilə mümkündür. Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, belə böyük şəxsiyyətlər isə öz əməlləri ilə tarix yazır, onun istiqamətini yönəldirlər. Bu baxımdan Ulu öndər Heydər Əliyevin zəngin həyat səhifələrinə nəzər salmaq Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinə, taleyüklü hadisələrlə zəngin olan mühüm qərinəsinə nəzər salmaq deməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan hüdudlarından kənara çıxan planetar miqyaslı şəxsiyyət kimi ölkəmizin beynəlxalq müstəvidə nüfuz sahibi olması, o cümlədən, Azərbaycanın türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin əməldə, praktik müstəvidə təmin olunması istiqamətində tarixi xidmətlər göstərib. Təsadüfi deyil ki, Ulu öndərin siyasi dühası, Azərbaycanla yanaşı, bizə dost və qardaş olan türk toplumlarında da dərin hörmətlə anılır, Onun türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur. Bu tarixi fəaliyyətin əsasında isə, sözsüz ki, ilk növbədə, Azərbaycanın dirçəlişi, milli müstəqilliyimizin xilası və dövlətçiliyimizin möhkəm təməl üzərində təşəkkül tapması dayanır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan tarixi və dövlətçiliyi üçün deyil, ümumilikdə Türk dünyası, yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün də önəmli hadisə idi. ümummilli liderimiz Azərbaycanın müstəqilliyini xilas etməklə, sadəcə, bir türk dövlətini dünyanın siyasi xəritəsində bərqərar etmədi, həmçinin, türk dövlətlərinin birlik və bərabərliyi, onların gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan vahid ideologiyanın - azərbaycançılığın banisi olub. Heydər Əliyevin azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, ümummilli həmrəylik və anlaşma içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın Türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra verdiyi ilk proqram xarakterli bəyanatında xarici siyasətin önəmli bir istiqaməti kimi türkdilli dövlətlərlə sıx işbirliyini qeyd etmişdi: “Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, bizim yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.
Beləliklə də, Azərbaycanın dünyaya, o cümlədən, Türk dünyasına inteqrasiyası istiqamətində real addımlar da məhz 1993-cü ildən sonra atıldı. Ulu öndər Heydər Əliyev türk dövlətləri ilə inteqrasiyanın mahiyyətini belə ifadə etmişdi: “Hələ XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz “Dildə, fikirdə və əməldə birlik” şüarı ilə çıxış edirdilər. Biz uzun və çətin mübarizələrdən sonra yalnız XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır”.
Ulu öndərimiz Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyə parlamentində çıxışı zamanı iki ölkənin strateji tərəfdaşlığının ən mükəmməl formulunu səsləndirib: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”.
Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Bizim xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcəkdir”.
Qeyd etmək lazımdır ki, Ulu öndərin bəyan etdiyi hər hansı fikir və tezisin arxasında mütləq real əməl, praktik nəticə dayanıb. “Bir millət - iki dövlət” bəyanatı da Onun Azərbaycan və Türkiyənin güclü, qüdrətli dövlətlər olmasını və bu gücün səfərbər edilərək ortaq mənafe və ümumi, “bir millət” fəlsəfəsi üzərində köklənən hədəflərə yönəlməsini ehtiva edir. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda və səmimi anlaşma üzərində təşəkkül tapdı. O, Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərlərdə olmuş, eyni zamanda, Türkiyənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. Bu intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti, beynəlxalq müstəvidəki addımları daha əlaqəli və bir-birini tamamlayan oldu. Bu siyasət sayəsində Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyəni yanında gördü, eyni zamanda, atdığı addımlarda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyəni göz önündə tutdu.
Türkiyə “Əsrin müqaviləsi”nin də mühüm iştirakçılarından biridir. ümumilikdə Azərbaycanın ayrı-ayrı neft-qaz layihələrində Türkiyənin 35 faiz payı var. Ulu öndərimizin Azərbaycan-Türkiyə tərəfdaşlığına verdiyi ən böyük töhfə isə, sözsüz ki, ölkəmizin enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Türkiyə üzərindən dünyaya nəql edilməsi oldu. Bu marşrutların gerçəkləşməsi, özəlliklə əsas neft kəmərinin Ceyhana çəkilməsi Heydər Əliyevin mürəkkəb geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri ilə apardığı gərgin danışıqlarda nümayiş etdirdiyi titanik səylər hesabına mümkün olmuşdu. “Şübhəsiz, mənim ürəyimdən keçən arzu bu xətti Ceyhana çəkməkdir. Onun çəkilməsi tək məndən asılı deyil. Amma vaxtı gələndə hər şeyi həll edəcəyik” - deyə Heydər Əliyev 1996-cı ildə Türkiyənin işgüzar dairələri ilə görüşdə bildirmişdi. O, Türkiyənin iş adamları ilə hər görüşdə onları Azərbaycana sərmayə qoymaqda daha təşəbbüskar olmağa, başqa əcnəbi sərmayədarlardan geri qalmamağa çağırırdı. Bu, böyük liderin uzaqgörən, praqmatik ümumtürk təəssübkeşliyinin göstəricisi idi. Təbii ki, bu səylər tədricən müsbət nəticələrini verdi. 1990-cı illərin ortalarından Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrildi. Yeri gəlmişkən, son illər iki ölkənin ticarət dövriyyəsi bir neçə dəfə artıb, Türkiyənin Azərbaycana investisiyalarının həcmi 2 milyard dollardan çoxdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə tərəfdaşlığının real zəmin və möhkəm əsaslar üzərində qurulmasına verdiyi töhfələr qardaş ölkə tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə Heydər Əliyev Türkiyənin ən yüksək ordeni - “Dövlət nişanı” ilə təltif olunub, 1999-cu ildə böyük öndərə Atatürk Sülh Mükafatı təqdim olunub, Heydər Əliyevə Türkiyənin 10-a yaxın universitetinin “Fəxri doktoru” adı verilib.
Yeri gəlmişkən, qeyd edək ki, Ulu öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk haqqında dedikləri yalnız bir böyük dövlət xadiminin başqa bir böyük dövlət xadimi barədəki mülahizələri kimi maraqlı olaraq qalmır, eyni zamanda, tarixin kifayət qədər sərt sınaqlarından çıxmış mükəmməl bir siyasi-ideoloji, təcrübə sistemini müasir dövrün həm lokal Azərbaycan, həm də qlobal ümumdünya tələbləri baxımından qiymətləndirilməsi kimi də diqqəti cəlb edir. Atatürk türk xalqını, türk dövlətçiliyini, Heydər Əliyev Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini xilas etmişlər. Və bu səbəbdən də, bir milli xilaskarın başqa bir milli xilaskar barədəki düşüncələri olduqca maraqlıdır. Ulu öndərimiz Ankaradakı “Anıtkabır” məqbərəsində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət etdikdən sonra xatirə kitabına bu sözləri yazıb: “Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm.
Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır”. Və yaxud Heydər Əliyev 1994-cü ildə bu sözləri bildirib: “Türkiyə Cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk 70 il bundan öncə indiki böyük, demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər”.
Ulu öndər Heydər Əliyevin Türkiyə ilə münasibətlərdə həyata keçirdiyi müdrik siyasət, sadəcə, iki ölkənin sıx tərəfdaşlığına deyil, bütövlükdə ümumtürk inteqrasiyasına tarixi töhfə olub. çünki nəticə etibarilə güclü Türkiyə güclü Azərbaycan deməkdir, iki dövlətin birlik və bərabərliyi isə digər türk dövlətlərinin inteqrasiyası üçün praktik örnəkdir. Məhz buna görə də, Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet sayıb. çünki Azərbaycan bu coğrafiyadakı strateji yerinə, güclü iqtisadi və infrastruktur imkanlarına görə Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında əvəzolunmaz körpüdür. ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illərdə bu körpünün real tərəfdaşlıq müstəvisi kimi təşəkkül tapmasında müstəsna rol oynayıb.
Ulu öndər Heydər Əliyev türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında (18-19 oktyabr 1994-cü il - İstanbul, 28 avqust 1995-ci il - Bişkek, 21 oktyabr 1996-cı il - Daşkənd, 9-10 iyun 1998-ci il - Astana, 8 aprel 2000-ci il - Bakı, 26-27 aprel 2001-ci il - İstanbul) iştirak edib və bu əməkdaşlıq formatında Azərbaycanın fəal, təşəbbüskar mövqeyi hər zaman öndə olub. Bu gün Azərbaycanın Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan iqtisadi layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Ulu öndər Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. 1998-ci ildə “Böyük İpək yolu” layihəsinə (Avropa-Asiya nəqliyyat dəhlizi) Bakıda, Azərbaycanın ev sahibliyi ilə start verilməsi, 1999-cu ildə Qazaxıstan, özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə Şərq-Qərb enerji dəhlizi üzrə tarixi İstanbul anlaşmalarının əldə olunması məhz Türk dünyasının böyük oğlu Heydər Əliyevin liderliyinin nəticəsi idi.
Türk dövlətlərinin mədəni inteqrasiyasının mühüm təməli olan TüRKSOY təşkilatının formalaşması, bu formatda bir çox layihələrin reallaşması da Azərbaycanın aktiv rolu sayəsində mümkün olub. “Türkdilli dövlətlər dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına malikdirlər. Əminəm ki, yeni əsr dövlətlərimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və rifah əsri olacaqdır. Bütün bunlara biz əldə etdiyimiz tarixi nailiyyətlərin - milli azadlığımız, dövlət müstəqilliyimiz və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi nəticəsində nail olacağıq” - deyə Heydər Əliyev 2001-ci ildə Türk Dövlətlərinin Zirvə Sammitində bəyan etmişdi.
ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu böyük regional layihələr bu geniş coğrafiyada sabitlik, inkişaf və əməkdaşlığa meydan açır. Bu gün türk dövlətlərinin bu imkanlardan yararlanması üçün tam əlverişli şərait mövcuddur. Tarixə nəzər saldıqda bir daha şahid oluruq ki, Mustafa Kamal Atatürk və Ulu öndər Heydər Əliyev öz fəaliyyətlərində türk dünyasının birliyi istiqamətində genişmiqyaslı işlər görüblər. Bu səbəbdən də hər iki şəxsiyyət türk dünyasında dərin ehtiramla anılır.
Yuxarıda qeyd etdiymiz kimi, hər iki şəxsiyyətin müəllifi olduğu siyasi-ideoloji prinsiplər ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Böyük öndər Mustafa Kamal Atatürkün və ümummilli liderimiz Heydər Əliyevin məlum kəlamları artıq aforizm olaraq hər iki dövlətdə qəbul olunub. Bu amil onu deməyə əsas verir ki, gələcəkdə də Azərbaycan və Türkiyə Türk dünyasının yetişdirdiyi iki böyük şəxsiyyətin müəllifi olduğu siyasi-ideoloji prinsiplər əsasında qardaşlığa əsaslanan münasibətlərini davam etdirəcək, uğurla inkişaf edərək beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev də bu qardaşlığın tarix yaşadıqca davam etdirilməsinin gərəkdiyini vurğulayıb: “Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

