Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mən məğlub millətin, məğlub şairi kimi dünyadan köçməyəcəyəm...

Mən məğlub millətin, məğlub şairi kimi dünyadan köçməyəcəyəm...

11.11.2021 [10:33]

Arzum gözümdə qalmadı

Evimin qapısını ağacdələndən başqa kimsə döyməz

Demokratik Azərbaycan mətbuatının təməlini  “Gənclik”-”Molodost” jurnallarıyla biz atdıq

Noyabrın birində Türk dünyasının böyük şairi, poetik irsi xüsusi özəlliyə malik olan, Məmməd İsmayılın 82 yaşı tamam oldu. Hər kəlməsindən vətən eşqi, yurd həsrəti axan, özü, sözü bir olan, sətirlərində ürəyinin döyüntülərini verə bilən şairdir Məmməd İsmayıl.

O, uzun illərdir ki, Türkiyədə yaşayır, Çanaqqala Universitetində dərs deyir.

Ömrün 82-ci payızını qarşılayan, dünyaya bir başqa gözlə baxan fikir adamıyla söhbət mənə heç asan deyildi. Ona görə söhbətə  onun öz misralarıyla nərdivan saldım. Və elə bir dünyaya baş vurdum ki... 

Duyğularımı sözlə ifadə etmək istəmirəm, o danışsın, biz dinləyək. 

“Yeni Azərbaycan”  xalqın şairi olmuş, amma Xalq şairi ola bilməmiş Məmməd İsmayılla müsahibəni təqdim edir. 

- Məmməd  müəllim, hətta ən yaxın illərdə belə verdiyiniz müsahibələrdə, məqalələrdə Türkiyədən qürbət deyə bəhs etmisiniz. 30 ilə yaxındır Türkiyədəsiniz, amma illər ötsə də, Vətən olaraq Tovuzun o cənnət guşəsi Əsrik kəndini görürsünüz? Vətəndən uzaqda özünüzü necə hiss edirsiniz?

- Bir zamanlar bir şeir yazmışdım - Bircə ana-vətənmiş, yerdə qalanı qürbət!

Dünyanı gəzdikcə, dövranın istisi-soyuğu ilə qarşılaşdıqca bunun, həqiqətən də, belə olduğunu dərk edirsən. Tale deyilən qüdrət insana harada dünyaya gəlməyi, ilk dəfə günəşlə, ayla qarşılaşmağı uyğun görübsə və yaddaşının ilk oyanışı harada başlamışsa, ömrü boyu oranı unuda bilmir, fikrən də olsa, dönüb dolanıb  dünya ilə ilk tanışlıq məskəninə qayıdır: Ağac böyüyüb kökündə qaçar, Ha qaçar kökündən ayrıla bilməz...misralarım elə-belə yazılmamışdı ki?!

Doğulduğu coğrafiyanın insan həyatında müstəsna əhəmiyyəti var. Anamız Yer kürəsindən və tale deyilən görünməzdən bəxtinə düşən Ana Vətən Doqquzoğuz-Tovuzdursa, işin rəngi dəyişir. Gözünü açıb elə mühitə düşürsən ki, sübh günəşi Qızılqayanın zirvəsini çərtib gözlərini qamaşdırar, axşamın günəşi Kəmər qayasının başından qüruba enəndə “ayağı daşda, başı savaşda” olan, “çörəyi” sarp (sıldırım) qayalardan çıxan və hər kəsin görüb, amma anlamını dərk etmədiyi möcüzə heykəli kimi göylərə yüksələn tək dağdağanı qızılı rəngə boyayanda fərqinə varırsan ki, vətən nəymiş və onun təkrarolunmazlığı, möcüzəsi nədən ibarətmiş...

Və qulaqlarında:  “Hər kənddən bir dəli, Əsrikdən əlinə kim keçsə, gətir” atalar misalı səslənib, ürəyində təlatüm qoparanda, aşıqların toy-düyünlərə çəkinə-çəkinə gəldikləri bu kəndin el şənliklərində:

Bir atlı qasid göndərin yuxarı Əsrik-Cırdaxana,

Orada mərd igidlər çoxdu, bəlkə tez tapa yaylığı...

Oxuyanda dərk edirsən hansı kandan, hansı məkana gəldiyini. O Qızıl qayanın, o Kəmər qayanın və o Kəmərin quşqonmazındakı “Tənhalıq çətinsə, mənə bax, yaşa!” təlqin edən tək dağdağanın ruhuna ömürlük həkk olunan pıçıltılarından güc alır və yalnız burada anamız  Yer kürəsindən uşaqlıq payına düşən guşəni gəzib, nəfəsin havasından aldıqca əbədiyyətin var olduğunu, həm də  başqa yerdə yox, səninçün yalnız burada var olduğuna inanırsan...

- Şeirlərinizdə analı günlərinizdən, o balaca damda keçən uşaqlıq illərinizdən elə yana-yana bəhs etmisiniz ki, soruşmaya bilmirəm. O ev dururmu? Qapısını kim açır, kim yiyə durur?

- Yaralı yerimə toxundunuz. O daxma bizim günlərə, ancaq mənim qayım yaddaşımda gəlib çıxa bilərdi...

Yaşyarım olanda atam İkinci Dünya müharibəsinə gedib qayıtmayıb. Müharibə illərinin çətinlikləri sözlə deyiləsi deyil. O zamanlar bir çox vergilər vardı, ən ağır vergi isə adambaşına qoyulan vergi idi. Biz-anamla mən əsgər ailəsi olduğumuz üçün vergidən azad olmalı idik, amma əmimgillə birlikdə yaşadığımızdan əmimdən bizə görə də vergi alırdılar, ona görə də rəhmətlik Şəmşəd əmim  evin küncündəki arı damının üstündən bir baca açıb qarşısından da qapı qoyub bizi o daxmaya köçürdü. Mən o daxmada bacadan gündüzlər günəşin, gecələr ayın şəfəqlərini izləyə-izləyə və uzun qış gecələri qonşu divarın arxasında cürəsini dilə gətirib döyüşlərdən qayıtmayan qardaşlarının dərdinə yas tutan əmimin qaya dibindəki tənha bulaq tək gümüldəyən saz səsini dinləyə-dinləyə böyüdüm və beləcə, bacadan düşən günəş, ay işığını tutub dünyaya çıxmaq arzusuna düşdüm. Mənim şairliyim bacadan düşən günəş-ay işığı ilə əmimin çaldığı cürənin ağrılı fəryadından qaynaqlanır desəm yeridir. Aşıqdan aşıq, şairdən şair olan Şəmşəd əmim dünyasını dəyişəndə haradasa 4-5 yaşım olardı.

Əmimoğlu evlərini yıxıb özünə təzə bir ev tikdirəndə bizim də daxmamız yıxılacaqdı. Və... biz ana-bala əl-ələ verib özümüzə təkotaqlı bir ev tikdirdik, mən daş daşıyır, anam palçıq qarışdırır, bənna da divar hörürdü, tək-tənha, köməksiz, kimsəsiz... O zaman mənim haradasa 17-18 yaşım olardı. Sonralar yazılacaq bir şeirimdə o hadisələr belə dilə gələcəkdi:

Mənə ev tikirdik o ilin yazı,

Gecəni yatardıq kiçik dəyədə.

Bizim qəlbimizdə səhər dünyası,

Ümidlə baxırdıq gələcəyə də...

Bax, sonralar tək-tənha qalan, qapısını ağacdələnlər döyən “Ağacdələn” şeirimin yazılmasına səbəb olan, ev o ev idi... Sonrakı illərdə o təkotaqlı evin arxasında bir az daha böyük ev tikdirəcəkdim. Amma anamdan yadigar o təkotaqlı ev yeni tikilən evin önünü kəsdiyindən uçurtmaq istəyəcəkdim. Moskvadan qonaq gəlmiş rus şairi Leonid Litının “o evdə ananın xatirəsi var uçurma, uçursan daha şeir yaza bilməyəcəksən” deyəcəkdi. Amma mən şair dostumun sözünə baxmayıb, o evi uçuracaqdım və dediyi kimi də olacaqdı haradasa 10 il şeir yaza bilməyəcəkdim. Arada möcüzə baş verəcəkdi, döyməyə taxta qapı tapmayan vəfalı ağacdələnlər bu dəfə də təzə evin həyət qapısının qarşısındakı mazutlu elektrik dirəyində üç deşik açıb yuva qurub mənim hələ də tənha qalan yetim evinin keşiyini çəkəcəkdilər.Yəni o evin qapısı hələ də bağlıdır və ildə-ayda özüm getməsəm, onunla kimsə maraqlanmaz, belə olduqda yenə də var olsun Allahın sədaqət örnəyi olan ağacdələnlər...

- Məhəmməd Füzulinin qapısını badi-səbadan qeyri kimsə döyməzdi, Məmməd İsmayılın qapısını da ağacdələndən. Ağrılı bənzətmədir. Necə düşünürsünüz, ağrılı-acılı, yoxluq içində, amma təbiətin ətrini duyaraq böyümənizin şair kimi formalaşmanızda rolu var?

- Bu suala haradasa yuxarıda cavab vermişdim. Yaşadığın mühitin, soy ağacının insan taleyində əvəzsiz rolu olduğunu biz yaşlaşdıqdan sonra öyrənirik.

Şəmşəd əmim dünyasını dəyişdikdən və mənim ağlım kəsməyə başladıqdan sonra onun necə bir usta söz adamı olduğunu öyrənəcəkdim, amma nə yazıq ki, onun şeirlərini vaxtında dəftərə, kağıza köçürən olmamışdı. O illərdən qulağımda qalan iki bəndi mükəmməlliyi ilə hələ də məni heyrətləndirməkdədir:

Geyinibsən komsomolka

Bürünübsən şal, ay Lala.

Yön çevir Əsrik elinə,

Quvarransın yol, ay Lala.

İçimdəki qarşısıalınmaz enerjinin üzə çıxmasının başqa bir səbəbkarı isə Şəmşəd əmimin zamansız ölümündən sonra sınıq cürəsini uzun qış gecələri qoltuğuna vurub səsi olub, saz çala bilməsə də kökdən düşmüş telləri dınqıldadıb müharibədən sonrakı o ehtiyac illərində anaş toyuq balalarını qanadının altına yıdığı kimi bütün qohum- qonşu qadınları (Müharibə kəndin başıpapaqlılarını çoxdan silib süpürmüsdü) və biz yetim uşaqları hisli-paslı kərənli uzun qara damın altına yığıb söylədiyi hədisləri, nağılları ilə addamaş rolunu oynayan Rəhim əmi olacaqdı. Rəhim əminin söylədiyi hədis və nağıllara ağlım kəsəndən sonra heç yerdə rastlamadım. Oxumamış, təhsil görməmiş bir adam bu hədisləri, nağılları haradan öyrənə bilərdi axı?!

Deməyim odur ki, biz bəxtimizə düşən tale payının və doğulub böyüdüyümüz ortamın övladı və məcmusuyuq.

- “Şairin karyerası yox, taleyi olur, yaradan qarşısında seçdikləri yolu Yer üzündə unudanların həyatı alınmır” demisiniz bir dəfə. Siz Yaradan qarşısında da şair olmağı seçmişdiniz. Taleyinizdən yarıdınızmı?

- Bir şeirimdə dediyim kimi:

 Seçilən bəndədir, seçən Allahdır.

Bir fəlsəfi essemdə yazmışdım ki, o dünyadan bu dünyaya ruh halında yol salınanda Allah gələcəyimiz dünyada nə olmaq istədiyimizi soruşur və bizdə şüuraltı bir oyanışla fikrimizdən keçənlər ya da ilahi qüdrətin özünün bizə səssiz diktə etdiyi peşəni söyləyirik. Amma ruhun bu dünyaya yolu doqquz ay ana bətninin qaynar qaranlıq tunelindən keçir və bu tuneldə çox şeylər unudulur, vücud axtaran ruh yerini aldıqdan, körpə adam olduqdan sonra yalnız yaddaşı qayım olanlar ruhlar aləmində Allaha verdiyi sözü xatırlayıb yoluna davam edir: Unutqanlar isə...

Nə olur olsun, bəxtimə düşənlərdən razıyam. Bir ay əvvəl L.N.Tolstoyun “Etiraflarım” kitabını oxuyub qurtarmışdım. İndi gördüyüm mənzərələrlə, heçlik nəğməsini oxuyan çevrə ilə 50 yaşında ən ünlü və məhsuldar vaxtında çıxılmazlıq içinə girən Tolstoyun fikirləri necə də bir-birini tamamlayır:

“Artıq  gerçəyi  kəşf etmək belə istəmirdim, çünki mənimçün həyatın heç bir anlamı yoxdu. Sual – Nədən yaşayıram? Cavab - Sonsuz kosmos və zamanda, sınırsız sayda var olan parçacıqlar saysız mürəkkəb dəyişimdən keçərlər və bu dəyişimləri idarə edən  qanunları öyrəndiyimiz zaman  nədən yaşadığımızı öyrənmiş oluruq...

- Belə çıxır ki, Kaalu Bəla hadisəsinə inanırsınız. Reinkarnasiyaya inandığınızı bilirəm.

- Sokrat özünü ölümə hazırlayarkən “həqiqətı, sadəcə, həyatdan uzaqlaşa bildiyimiz ölçüdə yaxınlaşa bilirik, ağıllı bir adam həyatı boyunca ölümü axtarar, bu səbəbdən də ölüm onun üçün qorxuverici olmur, - deyirdi. Süleyman peyğəmbərə görə beyhudəliyin beyhudəliyi beyhudəlikdir. Bir nəsil gəlir, diğəri köçür, fəqət dünya yenə də dönməyə davam edir. Keçmişdə var olan gələcəkdə də var olacaqdır. Günəşin altında heç bir şey yeni deyildir. Bütün bunlara baxmayaraq, yaşayanların içində bir bu qədər ümid hardan qaynaqlanır. Əgər varsam, var olmamı saxlayan, bütün səbəblərin səbəbi olan bir  səbəb olmalıydı.

Var olan hər şeyin səbəbi Tanrıdır.

- Biz dörd nəfər idik,

Təpəl qoyun idi,

gəzəl alma idi,

Anamdı, məndim...

Niyə 3 ana? Niyə məhz gəzəl alma, təpəl qoyun. Məncə bu şeirinizin də arxasında ömrünüzün ağrılı bir hissəsi gizlənib.

- Bu şeir bütünlükdə, mənim həyatımın özətidir. Və bu şair fantaziyasından yaranan bir şeir də deyil. Fədakarlıq türk insanının anadangəlmə xarakteridir. Bu, folklorumuzda da belədir, yazılı ədəbiyyatımızda da. Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” və  Hüseyn Nihal Atsızın “Bozqurdlar” əsərlərinin əsas qayəsi gələcək həyatı yaşatmaq üçün özünü fəda etməkdir. Və dediyin 3 ana-təpəl qoyun, gəzəl alma və anam üçü də işləyib əldən düşüb mənim uğrumda, özlərini məhv edib məni müharibənin, aclığın, ehtiyacın əlindən aldılar. Bu mövzu şair təxəyyülü deyil. Atam müharibəyə getdikdən sonra anam məni zülüm-zillətlə böyütməyə başlamışdı. Kolxozdan bizə verilən məhlə yerində yalnız bir çökürlü gəzəl alma vardı. Meyvəsini, yarpağını heyvanlar belə yeməzdi. Və günlərin birində anam yolda köçdən yorulub qalan bir quzu tapıb gətirdi. Sahibi çıxmadığına görə quzu bizim oldu. Quzu böyüdü və ildə iki dəfə əkiz bala verdi. Bir yaz məhlədə yer əkərkən gəzəl almanın dibindən sapsarı bir alma çıxdı, nağıllarda alma göydən düşərdi, bu dəfə isə yerdən çıxdı və başa düşdük ki, yerdəki sarı alma gəzəl almanın meyvəsidir. Quzu qoyun olub quzuladı, gəzəl alma meyvəsi ilə bizə kömək etməyə başladı. Beləcə, təpəl qoyun, gəzəl alma və anam üçü də  işləyib əldən düşüb məni odun-alovun içindən çıxardılar, əvvəlcə təpəl qoyun bizi tərk etdi, sonra bir payız gecəsi tufan gəzəl almanı ikiyə parçaladı. O qış çox soyuq olsa da, anam o almanı müqəddəs varlıq kimi kəsib yandırmadı, yazda isə uzun bir yer qazıb almanı torpağa dəfn etdi. Dünyanın ən uzun məzarı idi bu. Elə o zaman anam mənə indi sıra mənə gəldi  deyəcəkdi və o da məni tərk edəcəkdi... İndi mən o üç ananın gəzəri heykəli və yadigarları kimi yaşamaqdayam.

- Saza qarşı da xüsusi sevgi var sizdə. Sanki saz başqa bir dünyadır sizin üçün.

- Mənim belə bir ifadəm var, harda saz var, orada türk harada türk var orada saz var. Allah yer üzünü sürgün yeri kimni xəlq edib və insanın burada yaşaya bilməsi üçün hər xalqa bir musiqi aləti göndərib, biz türklərin payına  saz düşüb. Saz bizim ruhumuzun tərcümanıdır.

- Bir zamanlar “Gənclik” jurnalının baş redaktoru idiniz və bu jurnal öz dövrü üçün çox populyar, oxunaqlı bir mətbu orqan idi. Bununla bağlı xatirələriniz varmı?

- Təvazökarlıq olsa da, deyim ki, demokratik Azərbaycan mətbuatının təməlini “Gənclik”-”Molodost” jurnallarıyla biz atdıq. Bu, etiraf olunsa da, olunmasa da, bomboz  həqiqətdir. Bizim etdiyimiz inqilabi işlər o dövrün mətbuat rəhbərlərinin yatsalar, yuxularına da girməzdi. Komsomolun  orqanı olmasına baxmayaraq, biz hər cür təhlükəni gözə alıb  o zamana qədər qadağan olunmuş mövzuları gündəmə gətirdik. Bu dediklərimin həqiqət olduğunu 1989-1992-ci illər arasında dərc  olunan qəzet və jurnallarını vərəqləyib “Gənclik”lə müqayisə etsəniz görərsiniz. “Gənclik” jurnalında ilk dəfə idi ki, arzularımla imkanlarım üst-üstə düşmüşdü və bunu yetəri qədər dəyərləndirə bildim. Və bu gün unudulmağa çalışılsa da, ya da “Gəncliyin” uğurlarını öz adlarına çıxmağa çalışanlar olsa da, bir gün əlahəzrət zaman hər şeyi öz yerinə qoyacaq.

- Məmməd müəllim, xatirələrinizdə həyatınızda rolu olmuş müəllimlərinizdən sevgiylə bəhs etmisiniz. Bu gün özünüz də universitetdə dərs deyirsiniz. Tələbələrinizlə ünsiyyətdə ən çox nəyə üstünlük verirsiniz? Onların tədris fənnini qavramasına yoxsa, müəllim-tələbə münasibətlərinə. Çünki tələbələrin ömründə sizin də mütləq iziniz olacaq.

- Siz gərək mənim necə bir müəllim olduğumu tələbələrimdən soruşaydınız. Ömrümün üçdəbiri müəllimliklə keçdi və deyə bilərəm ki, mənə bu şansı verən  taleyə borcluyam.

- İşğaldan azad edilmiş torpaqlarımıza gəlmək arzunuz varmı?

- Arzunuz varmı da sözdürmü? Ürəyimin başı da göynəyir. Şuşaya Vaqif günlərinə ilk səfər zamanı Azərbaycanda idim və gizlətmirəm içimdən o ilk dəstədə mənim də adımın ola biləcəyini düşünmüşdüm, buna bir  baxımdan haqqım da vardı.

Şuşayla bağlı bir çox şeirlər yazmışdım, bunu unutdurmağa çalışa bilənlər ola bilər.  Amma axı söhbət “Vaqif” poeziya günlərindən gedirdi və Şuşaya gedib özlərini göstərməyə çalışanların çoxundan fərqli olaraq mən M.P.Vaqifin hələ 2003-cü ildə Türkiyə Milli Eğitim Bakanlığının nəşriyyatında “Yaralı turna” adlı elmi şərhlərlə bir cildliyini nəşr etdirmişdim. Və bu  barədə Azərbaycan mətbuatında da xəbərlər verilmişdi, ən azı bu işimə görə mənim “Vaqif” poeziya günlərinə gedənlər arasında adım və yerim olmalıydı. Amma olsun, Vətən torpağına sifarişlə, siyahi ilə gedilməz ki, ilk imkan düşən kimi azad olunmuş Qarabağ torpaqlarına gedəcəyəm. Mən məğlub millətin, məğlub şairi kimi dünyadan köçməyəcəyəm. Allaha qurban olum, arzum gözümdə qalmadı, müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və mən qalib millətin qalib oğlu kimi çox xoşbəxtəm. 

Söhbətləşdi: İlhamə Rəsulova

 

 

 

Paylaş
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30