Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Transplantasiya - ikinci həyat

Transplantasiya - ikinci həyat

18.12.2021 [11:55]

Qanuni, tibbi, dini, psixoloji baxış...

Müşfiqə BAYRAMLI

Orqan və ya toxuma nəqli gözləyən xəstələrin sayı hər keçən gün artmaqda davam edir. Bu gün minlərlə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə dializ aparatlarına bağlı olaraq böyrək transplantasiyası ümidi ilə yaşayır. Eyni zamanda, yüzlərlə insan xroniki qara ciyər xəstəliklərindən əziyyət çəkir və bu xəstələrin böyük bir qismi həyatını itirir. Nəqil gözləyən xəstələrin bəziləri isə sağalmaq ümidi ilə ölkə xaricində çarə axtarır. Mütəxəssislərin fikrincə, problemin həlli üçün iki mənbədən - meyitdən və sağlam insanlardan orqan götürülə bilər.

Bu məqsədlə Azərbaycanda orqan transplantasiyası istiqamətində ciddi addımlar atılır. 2008-ci ildən başlayaraq orqan transplantasiyası sahəsində də bir sıra uğurlar əldə olunub. Həmçinin 1 yanvar 2022-ci ildən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılacaq. Bununla da 2022-ci ildən Azərbaycanda meyitlərdən alınmış orqan transplantasiya əməliyyatları icra ediləcək. Yeni qanun layihəsində konkret şərtlər, vəsiyyətnamə forması, protokollaşma, orqan köçürülməsi ilə məşğul olan mütəxəssis və klinikalara tələblər və s. qaydalar göstərilib.

Kimlər donor ola bilməz?

Nazirlər Kabineti donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiqləyib. Sənədə görə, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

Dərhal meyitdən orqan götürmək mümkün olacaqmı?

Cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi söyləyib ki, meyitlərdən götürüləcək orqanlar hesabına ürək, ağciyər, qaraciyər, böyrək, gözün buynuz qişası, mədəaltı vəzi kimi orqanların transplantasiyası həyata keçiriləcək: “Hazırda yalnız canlı orqan transplantasiyası icra edilir. Gələn ildən etibarən tam hüquqi şəkildə meyit orqanlarından transplantasiya əməliyyatlarına başlaya biləcəyik. Amma dərhal meyitdən orqan götürmək mümkün olmayacaq. Çünki bunun üçün kordinatorların yetişməsi, beyin ölümü diaqnozunun qoyulması və xəstəxanaların bu şəkildə hazırlanması lazımdır. Mütəxəssislərimiz sayəsində bu işin də öhdəsindən gələcəyik. Bununla da orqan çatışmazlığından əziyyət çəkən insanların yaşama şansı daha çox artacaq”.

Cərrah-transplantoloq bildirib ki, xəstələrin siyahısı tutulacaq. Növbəlilik prinsipi mərkəzləşdirilmiş qaydada proqram üzərindən aparılacaq. Tibbi göstərişlər əsasında orqan transplantasiyası koordinatorluğunun nəzarəti altında paylaşım olacaq.

Böyrək 15 min, qaraciyər transplantasiyası isə 45 min AZN-dir

Məlum olduğu kimi, orqan transplantasiyası icbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil və proses olduqca bahadır. Belə çıxır ki, tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir?

Mircəlal Kazimi deyib ki, orqan trans­plantasiyası da İTS zərf paketinə daxil edilməlidir: “Transplantasiyanın qiyməti dəyişməyib. 10 il öncəki qiymətlərlə eynidir. Belə ki, böyrək transplantasiyası 15 min AZN, qaraciyər transplantasiyası isə 45 min AZN civarındadır. Əgər İTS zərfinə daxil edilməzsə, meyit orqanlarından aparılan tibbi transplantoloji proqram inkişaf edə bilməz”.

Orqan transplantasiyasını icbari tibbi sığorta ödəyəcək?

Həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mətbuata açıqlamasında bildirib ki, orqan transplantasiyası bahalı əməliyyat sayılır və vətəndaşın bunun öhdəsindən təkbaşına gəlməsi mümkün deyil. Onun sözlərinə görə, dövlət də bu yükü tam olaraq üzərinə götürə bilməz. Dünya təcrübəsinə uyğun olaraq, orqan transplantasiyası icbari tibbi sığorta hesabına keçirilməlidir.

“Gələcəkdə nəzərdə tutulub ki, orqan transplantasiyası da icbari tibbi sığorta tərəfindən maliyyələşdirilsin. Hazırda onun mexanizminin tətbiqi müzakirə olunur”.  Bu fikirləri isə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qəzetimizə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, klinikaların maddi-texniki bazası və mütəxəssis heyəti olmalıdır. Bu prosesin Qanunda əks olunmuş səviyyədə həyata keçirilməsi üçün bir qədər zamana ehtiyac var: “Həm maliyyə ayırmalarının təmin olunması, həm orqanlar bankının yaradılması, meyitdən orqanların götürülməsi və saxlanılması, onun daşınması - hamısı böyük bir zəncirin halqalarıdır. Təbii ki, icraedici orqanlar da lazımi addımlar atacaq. Bildiyiniz kimi, transplantasiya hər yerdə icra ediləcək bir  proses deyil. Ona görə də orqan nəqlinin etik və tibbi baxımdan əsaslandırılması üçün həmin müəssisədə etika komissiyası yaradılmalı, müvafiq komanda formalaşdırılmalıdır”.

Ölümündən sonra orqanlar necə bağışlanacaq?

Hər kəsi isə bir sual maraqlandırır. Bu meyitlərdən orqanların köçürülməsi prosesi könüllü olacaq, ya məcburi?

M.Məmmədli vurğulayıb ki, şəxs sağlığında orqanlarının bağışlanması haqqında müxtəlif hüquq orqanları tərəfindən təsdiq olunmuş vəsiyyətnamə verməlidir: “Əgər şəxs sağlığında bu barədə vəsiyyətnamə verməyibsə, onun birinci dərəcəli qohumları, yəni ana və atasının razılığı əsasında olmalıdır. İkinci dərəcəli qohumların fikri burada əsas götürülə bilməz. Bundan başqa, sağlam insandan orqan götürüldükdə insanın birbaşa özü razılıq verməlidir”.

Sui-istifadə etmək istəyənlərlə mübarizə necə aparılacaq?

Həmsöhbətimiz deyir ki, şəxsin özündən və yaxınlarından razılıq alınmasında məqsəd, həmçinin sui-istifadə hallarının qarşısını almaqdır: “Orqan transplantasiyası həyata keçirilən bir neçə ölkədə neqativ hallar müşahidə olunub. Məsələn, köçürülmə zamanı müxtəlif şəxsləri aldadan və müxtəlif qazanc güdən bəzi tibb işçiləri və yaxud qeyri-tibb işçiləri müəyyən edilib. Bütün bunların qarşısını almaq üçün müddəalar Qanunda öz əskini  tapmalıdır. Lakin bununla kifayətlənmək olmaz. İcra mexanizmi də mükəmməl olmalıdır ki, kimsə boşluqlar yaradıb ondan yararlana bilməsin”.

Orqanlarımızı bağışlamağa psixoloji cəhətdən hazırıqmı?

Psixoloq İlhamə Vəliqızı bu Qanun çərçivəsində mütəxəssislərdən ibarət heyətə psixoloqların da qoşulmasını təklif edir. Onun sözlərinə görə, bu məsələ psixoloji və emosional baxımdan da müzakirəyə açıq bir mövzudur. Məsələ çox həssas olduğu üçün reaksiyalar psixotiplərə görə dəyişə bilər: “Məsələn, emotiv, həyəcanlı tip, hippertim insanlar, eləcə də temperament tipi melanxolik və fleqmatik olan insanlar bu məsələyə daha rahat yanaşacaqlar. Psixoloji olaraq mülayim və həssas insanlar olduqları üçün bu qərar onlara bir o qədər də dəhşətli gəlməyəcək. Düşünəcək ki, onsuz da əzizi həyatda yoxdur. İndi onun orqanını başqasına versə də, verməsə də, dəyişən bir şey olmayacaq. Amma psixotipi paranoyal və isteroit tip insanlar isə daha kəskin qarşılayacaqlar. Bu psixotip insanlar həyata daha kəskin və qatı baxırlar. Onların qəbul olunmuş və heç vaxt qəbul etməyəcəyi qadağaları var. Bu tip insanlar üçün doğmasının həyatda olmaması onsuz da qəbuledilməzdir. Digər tərəfdən, əzizinin orqanlarını bağışlamaq qərarı ikinci bir travma, şok olar. “Qəti şəkildə icazə vermirəm, istəmirəm” deyə bilərlər. Bu tip insanlarla mütləq şəkildə psixoloq qrupu işləməlidir”.

Torpağın altında çürüməkdənsə...

“Bizim vətəndaşlarımız çox duyarlı və həssasdırlar. Artıq həyatda olmayan əzizimizin orqanının torpağın altında çürüməyindənsə, kiminsə həyatını xilas etsək, onun cismində sənin əzizinin yaşadığını düşünsək, bununla da bir insanın həyatda qalmasına vəsilə olmuş olarıq. Əminəm ki, doğmalarımızın da ruhu şad olar”, -deyə psixoloq əlavə edib.

İslam dinində bu məsələyə yanaşma necədir?

Bəs orqan  transplantasiyası məsələsinə İslam dinində yanaşma necədir? Hacı Fuad deyir ki, şəxsin özü sağlığında orqanlarını bağışlanması barədə vəsiyyət etməlidir, ya da varisindən icazə alınmalıdır: “İnsan sağlığında öz orqanından birini bağışlamaq ixtiyarına sahibdir. Əgər ölmək üzrə olan şəxs öz orqanlarını bağışlamaq istəyirsə, vəsiyyətində bu barədə qeyd etməlidir. Onun varisi isə vəsiyyəti yerinə yetirməlidir. Amma bir şərtlə ki, bu ticarətə çevrilməsin. Bu, dində yolverilməzdir. Bəzən görürsən ki, aralarında danışırlar ki, 10 min ver orqanı satım. İslam dinində orqanların satılması və alınması qadağandır. İnsan sağkən hər hansı bir insanın yaşaması üçün öz orqanını bağışlayırsa, buna dinimizdə qadağa yoxdur. Bir sözlə, dinimizdə meyitlərin orqanının köçürülməsinə icazə var. Yalnız varisinin razılığı və halallığı olmalıdır”.

 

 

Paylaş
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31