Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sözü imzası qədər dəyərli Lider!

Sözü imzası qədər dəyərli Lider!

24.12.2021 [12:59]

Nurlan QƏLƏNDƏRLİ
31 dekabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah və tərəqqi ilə bağlı söz verən cənab İlham Əliyev həm daxili, həm də xarici siyasətdə müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə nail olmaqla vədini gerçəkləşdirdi, inkişafın milli modelini yaratdı, güclü Azərbaycan quruculuğuna müvəffəq oldu. 
“Hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev daimi yüksəlişə xidmət edən səmərəli və məqsədyönlü fəaliyyəti ilə dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi, milli həmrəyliyi gücləndirdi.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən Prezident İlham Əliyev sosial rifaha və ədalətli resurs bölgüsünə əsaslanan cəmiyyət qurdu, Azərbaycanın sosial dövlət imicini gücləndirdi.
İlham Əliyevin adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur. İlham Əliyevin siyasi portretini tamamlayan cizgilər sırasında Onun həm müdrik dövlət xadimi, həm də uğurlu – nümunəvi siyasətçi imici xüsusi yer tutur. Azərbaycan Prezidenti rasional düşüncəli, intellektual və vətənpərvər siyasətçidir. O, bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında müstəqil siyasət yeridə biləcəyini əyani şəkildə – əməli fəaliyyəti ilə sübuta yetirib. O, xalqdan dəstək alan, intellektual və vətənpərvər şəxsiyyət, rasional – dəmir məntiqə malik və praqmatik siyasətçi olduğunu bir daha təsdiqləyib. Bu, həm də Azərbaycan dövlətinin gücünün – qüdrətinin ifadəsidir!
Azərbaycan Prezidentinin siyasəti milli məzmuna və qlobal əhəmiyyətə malikdir. Bu strateji kurs, eyni zamanda, özündə tarixiliklə müasirliyin vəhdətinin ifadəsi olan dəyərləri ehtiva edir, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. Azərbaycan Prezidentinin çoxşaxəli və mütərəqqi xarici siyasət kursu müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Cənab İlham Əliyevin praqmatik strategiyası, təklif və təşəbbüsləri dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, bəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.
Qətiyyət, güc və həmrəylik simvolu
Xalqın dəstəyini arxasına almış İlham Əliyevin “dəmir yumruğu” – qətiyyət, güc və həmrəylik simvoludur. Prezident İlham Əliyev Şuşanın və Qarabağın xilaskarı, Ata vəsiyyətini yerinə yetirmiş qalib Sərkərdədir. Əziz Şuşanın, doğma Qarabağın hərbi-siyasi əsarətdən xilas edilməsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının Zəfər yürüşünün möhtəşəm nəticəsi, Heydər Əliyev ideyalarının təntənəsi və çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisələrindən biri kimi qürur və iftixar səhifəsidir. Dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi – bütün bunlar “dəmir yumruğun” rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir!
Xalqımıza Zəfər paradını nəsib etmiş Müzəffər Ali Baş Komandan – Qalib Sərkərdə
İlham Əliyev Azərbaycan xalqına Zəfər paradını nəsib etmiş Müzəffər Ali Baş Komandan – Qalib Sərkərdədir. Paytaxt Bakının Azadlıq meydanında bir çox parad keçirilib. Lakin Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir. Prezident İlham Əliyev paradların birində demişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. O qətiyyətlə və əminliklə bildirmişdi ki, gün gələcək və bu gün işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. O gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi çoxsərlik dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir!
Yeni reallıqların müəllifi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb, siyasət, diplomatiya və informasiya-təbliğat müstəvisində strategiyasının uğurlu nəticələri təkcə Azərbaycanın tarixi Zəfərində öz əksini tapmayıb. Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb. Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücününü göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir.
Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm mənəvi dəyərləri, həm siyasi reallıqları, həm də milli maraqları ehtiva edir. Bununla bağlı bir çox nümunə göstərmək olar. Elə Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi kimi. Şübhəsiz ki, işğaldan azad olunan ərazilərin bərpası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi baxımından Zəngəzur dəhlizinin yaradılması öz strateji önəmi ilə diqqəti cəlb edir. Prezident İlham Əliyev “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də...”,-deyə vurğulayıb. Bu dəhlizin açılması təkcə çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın milli gücünün daha da artması demək deyil. Bu, eyni zamanda, regionda sülh, sabitlik, təhlükəsizlik, tərəfdaşlıq və əməkdaşlığa tarixi töhfə olacaq. Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi Azərbaycan Prezidentinin siyasi iradəsinin, milli məzmunlu qlobal düşüncəsinin və gələcəyə aydın strateji baxışının ifadəsidir.
Qürur, vüqar və əzəmət rəmzi
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfərləri hər anı, hər məqamı ilə tarixdir, tarixin yaddaşına əbədi həkk olunmuş hadisədir. Bu səfərlər qələbə qazanmış şanlı ordunun Müzəffər Ali Baş Komandanının Zəfər yürüşünün davamı kimi müstəsna önəm daşıyır və siyasi-strateji, tarixi və mənəvi əhəmiyyətə malikdir. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərimizə hər gəlişində qeydə və lentə alınan anların hər biri özünəməxsusluğu və fərqliliyi ilə diqqəti cəlb edir. Çoxsaylı belə nümunələrdən biri Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı Prezidentimizin ailə üzvləri ilə birlikdə qədim çinar ağacını qucaqlayaraq fotoşəkil çəkdirməsidir. Digər bir nümunə  Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Zəngilanda Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkmələridir. Bu tarixi anların özünəməxsus rəmzi mənası var. Sirr deyil ki, “xan çınar” həm də liderlik ruhunun təbiətdə canlanması və yaxud inikasıdır. Onun kökü dərindədir, lakin qaməti dik, başı ucadır. Yəni bu simvol xalqa, torpağa bağlılığı və yüksəlişi, məğrurluğu, ali məqamı ifadə edir. Kökü dərində olan “Xan çınar”ın hündürlüyü onun aliliyinin təzahürüdür. Ən əsası, onun kölgəsinə daim ehtiyac duyulur. Tarix yazan və tarixin yaddaşında silinməz izlər buraxan liderlər öz nümunələrində təbiət ilə bəşəriyyətin ahəngini yaşadırlar, əks etdirirlər. Bu reallıq ilahi nəsnə, genetik faktor və bənzərsiz şəxsiyyət amili ilə səciyyələndirilir. Cənab İlham Əliyevin liderlik portreti rəngarəngdir və unikal cizgilərlə zəngindir. Bu mənada “Xan çınar” həm də İlham Əliyevin obrazıdır desək, qətiyyən yanılmarıq. Çünki O, torpağına, Vətəninə bağlı olan məğrur siyasətçi və müdrik dövlət xadimidir. İlham Əliyev, eyni zamanda, aliliyin təzahürüdür – O, ata vəsiyyətini yerinə yetirmiş Ali Oğul, xalqımızın haqq mübarizəsində qələbənin təmin olunması üçün bütün cəbhələrdə döyüşən Ali Əsgər və torpaqlarımızın işğaldan azad olunmasına, tarixi ədalətin bərpasına müvəffəq olmaq xoşbəxtliyi yaşayan və yaşadan Ali Baş Komandandır! Azərbaycan xalqı sözü ilə əməli bir-birini tamamlayan İlham Əliyevə güvənir, Onun polad iradəsindən, dəmir məntiqindən qüvvət, inam alır. Azərbaycan Prezidentinin sözləri və əməlləri isə Onun xalqın dəstəyindən güc alan lider olduğunu nümayiş etdirir. Elə xalq-lider birliyi, vəhdəti Azərbaycanın həmrəylik və qüvvət simvolu kimi “dəmir yumruq” ifadəsində də öz rəmzi mənasını tapır. Regionun lider dövlətinin Lideri xalqımızın qürur mənbəyi, ümid yeri və güvən ünvanı olmaqla yanaşı, adını dünya tarixinə əbədi yazdırmış fenomendir!
“Bizi heç kim, heç nə və heç bir qüvvə dayandıra bilməz!”
Azərbaycan Prezidenti qeyd edib ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”. Keçərli olduğu qədər həm də dəyərlidir. İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilməz. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizi heç kim, neç nə və heç bir qüvvə dayandıra bilməz!”.

Paylaş
Baxılıb: 245 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31