Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tarix dərslikləri niyə bərbad və rəzil gündədir?

Tarix dərslikləri niyə bərbad və rəzil gündədir?

14.04.2022 [23:54]

Aidiyyəti qurumlara, müəlliflərə Azərbaycanın və YAP-ın tarixini təhrif etmək “səlahiyyət”ini kim verib?

Nurlan QƏLƏNDƏRLİ

Belə bir deyim var: “tarixini bilməyən xalq məhvə məhkumdur”. Təbii ki, bu, Azərbaycan xalqına aid deyil. Çünki biz tariximizi bilməklə yanaşı, tarix yazır, adımızı tarixə əbədi həkk etdiririk. Çox nümunə var, sadəcə birinə nəzər salaq: xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə son 200 illik dönəmi əhatə edən tarixinin ən şanlı - qürurlu səhifəsini yazıb-yaratdı.

Bununla yanaşı, ən yaxın və müasir tariximiz - müstəqillik dövrümüz mühüm, həlledici anlarla - məqamlarla zəngindir. Azərbaycana parlaq nailiyyətlər qazandıran, ölkəni uğurlu gələcəyə aparan hadisə və proseslər isə lider amili və ya liderlik fenomeni ilə əlaqədardır. Bunlardan biri də 1992-ci ildə qətiyyətli, nüfuzlu və vətənpərvər şəxsiyyət, inam və etimad ünvanı olan Liderin ətrafında siyasi partiyanın yaradılmasıdır. Söhbət Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunması ərəfəsində cərəyan edən proseslərdən gedir.

Təbii ki, bu, dövlətçilik tariximizin dönüş nöqtələrindən biri idi, çünki Ümummilli Liderin rəhbərliyi ilə yaradılan YAP sonradan lider partiyaya çevrildi, Azərbaycanı regionun lider ölkəsinə çevirdi. Bir sözlə, tarix yazdı, tarixə yazıldı. Amma görünən odur ki, siyasət meydanında yazılan bu tarix sonradan tarix dərsliklərində, yumşaq desək, düzgün əks etdirilməyib.

Savadsızlıq, yoxsa laqeydlik - məsuliyyətsizlik?

Söhbət 2018-ci ildə “Şərq-Qərb” nəşriyyatında çap edilmiş ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Azərbaycan tarixi fənni üzrə dərslikdən gedir. Dərsliyin 182-ci səhifəsində Yeni Azərbaycan Partiyasının yaradılmasından bəhs edilir və qeyd olunur: “Azərbaycanın tanınmış ziyalılarından 91 nəfər 1992-ci ilin oktyabrın 16-da “Səs” qəzetində “Heydər bəyi biz çağırmalıyıq!” adlı müraciətlə çıxış etdi”.

Bəli, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. “Səs” qəzetində dərc olunan müraciətin adı isə “Heydər bəyi biz çağırmalıyıq!”  deyil,  “Azərbaycan Sizin sözünüzü gözləyir” idi. “Heydər bəyi biz çağırmalıyıq!” isə bəhs olunan müraciətdən bir neçə ay əvvəl Sirus Təbrizlinin “Səs” qəzetində dərc edilmiş müsahibəsinin sərlövhəsidir.  

Müasir tariximizin, dövlətçilik irsimizin və Heydər Əliyevin bioqrafiyasının yanlış təqdimatı

Təəssüflər olsun ki, “təhsil millətin gələcəyidir” şüarını (əslində, reallığını) “unudan” müəlliflər, aidiyyəti qurumlar bununla texniki səhv və ya tarixi təhrif etmirlər. Deyə bilərlər ki, sadəcə sərlövhədə səhvlik olub. Amma bu qədər sadə, bəsit və sıradan deyil. Çünki bu, fərdi məsələ deyil, birbaşa ictimai və siyasi məsuliyyətsizlik, müasir tariximizin, dövlətçilik irsimizin, Heydər Əliyevin bioqrafiyasının yanlış təqdimatıdır. Bilməliyik və bilirik ki, Ümummilli Liderin dünənin, bu günün və sabahın partiyası adlandırdığı ümumxalq partiyası - Yeni Azərbaycan Partiyası Heydər Əliyevin bioqrafiyasının mühüm tərkib hissəsidir. Onun siyasi bioqrafiyası isə Azərbaycanın dövlətçilik tarixinin özüdür. Çünki Azərbaycanın siyasi təqvimi və siyasi məktəbi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin siyasətdə və idarəetmədə yaratdığı ənənələr zaman və məkan məfhumunun fövqündə olan dəyərlər sistemidir, bu gün də aktualdır, gələcəkdə də dəyişməz prinsiplər kimi qalacaq. YAP-ın yaranması isə sadəcə olaraq bir partiyanın təsis olunması məsələsi deyil. Bu, xalq-Lider birliyinin təntənəsi, Qayıdış və Qurtuluşun ifadəsi, Zəfərə aparan yolun təməlinin qoyulması, güclü-qüdrətli Azərbaycanın yüksəlişidir. Bu, həm də müstəqillik və dövlətçilik tariximizin çox mühüm siyasi ənənələrindən birinin - siyasi partiya ənənəsinin  formalaşmasıdır.  

Tarix humanitar elmlər sırasına aid olsa da, dəqiqlik tələb edir

Tarix humanitar elmlər sırasına aid olsa da, dəqiqlik (və məsuliyyət) tələb edir. Mənbə ilə dəqiq tanış olmaq və faktı əks etdirmək lazımdır. Görünən odur ki, dərsliyi hazırlayan tarixçilər araşdırma aparmadan - mənbə ilə dəqiq və ətraflı tanış olmadan “işlərini görüblər”. Laqeydlik isə təkcə bu dərslikdən istifadə edən şagird və müəllimlərə qarşı deyil, Azərbaycan tarixinə, hakim partiyaya, Heydər Əliyev irsinə, ictimai-siyasi yaddaşadır. Və hər halda, kimsə bu müəlliflərə, kitabın nəşrinə nəzarət edən qurumlara YAP-ın, eyni zamanda, Azərbaycanın tarixini səhv yazmaq “səlahiyyət”i verməyib.

Dərsliklər necə hazırlanır?

Bu məsələ, eyni zamanda, mühüm bir məsələni - dərsliklərin hazırlanması mövzusunu aktuallaşdırır. Dərsliklər kim tərəfindən və necə hazırlanır, niyə belə ciddi səhvlərə yol verilir, bu savadsızlıq və laqeydlik nədən qaynaqlanır?

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, tədris ili üçün nəzərdə tutulan dərsliklər çap olunmamışdan əvvəl Təhsil Nazirliyi tərəfindən tender elan edilir. Nəşriyyatlar həmin tenderə qoşulurlar. Müəllif heyəti müəyyənləşdirilir. Həmin heyətin hazırladığı dərslik Təhsil Nazirliyinin Tender komissiyasına təqdim olunur. Dərsliklər Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, institutlar tərəfindən araşdırılır, ən yüksək balla qiymətləndirilənlər qalib elan edilir. Müzakirəyə çıxarıldıqdan sonra müəyyən təkliflər nəzərə alınır, dərslik çapa hazırlanır.

Nə edək - tarixçilər “Herodot andı” içsinlər, yoxsa?!

Göründüyü kimi, bir neçə instansiyadan keçməsinə baxmayaraq, dərsliklərdə kifayət qədər ciddi qüsurlar - nöqsanlar olur. Çıxış yolu isə sadədir: işi peşəkar səviyyədə yerinə yetirmək. Bu, artıq aidiyyəti qurumların, təhsil ekspertlərinin müəyyən edəcəyi məsələdir: dərsliklərin hazırlanması mexanizmini dəyişmək lazımdır, yoxsa dərslik yazanları müsabiqə yolu ilə seçmək?! Hər halda, belə bir məsuliyyətli işə peşəkar(lıq) lazımdır.

Bəs nə edək - tarixçilər də həkimlərin təcrübəsindən yararlanaraq peşə andı içsinlər? Daha dəqiq, onlar bu işin öhdəsindən gəlmək üçün “Herodot andı” içməlidirlər, yoxsa?! Axı hər Hippokrat andı içən həkim anda - vədə sadiq, savadlı, məsuliyyətli və peşəkar olmur. Bir sözlə, iş sözdə yox, əməldə düzgün olmalıdır. Və yaxud söz ilə əməlin vəhdətində!

P.S. Dərsliklərin hazırlanması və yol verilən nöqsanlarla əlaqədar mövzunu davam etdirəcəyik.

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30