Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Birinci xanımın Vətən müharibəsində müstəsna xidməti

Birinci xanımın Vətən müharibəsində müstəsna xidməti

21.05.2022 [09:46]

Diplomatiyanın fövqündə dayanan çoxşaxəli fəaliyyət

Nurlan QƏLƏNDƏRLİ

Milli maraqların qorunması strateji hədəfdir, siyasi fəaliyyətin əsas xəttini, məramını və məqsədini təşkil edir. Bunun üçün müxtəlif vasitələrdən (xüsusilə də, diplomatik resurslardan) istifadə olunur. Ölkənin beynəlxalq müstəvidə uğurlu təqdimatı (reallıqların dolğun surətdə çatdırılması), qarşılıqlı hörmət əsasında əməkdaşlığın qurulması, dostların və tərəfdaşlarının sayının artırılması bu baxımdan faydalı və önəmlidir. Bu, beynəlxalq dəstəyin təmin olunması nöqteyi-nəzərindən əhəmiyyətli olmaqla yanaşı, ölkə əleyhinə yönələ biləcək fəaliyyətlərin (o cümlədən əks-təbliğatın) qarşısının alınması üçün də effektivdir.

Bu xüsusda Azərbaycan təcrübəsi müsbət və mütərəqqi nümunəni ifadə edir. Siyasi-diplomatik kanallardan məharətlə istifadə olunur. Bir çox nümunə var, amma bir məqama xüsusi diqqət yetirmək məqsədəuyğun olar: Prezident İlham Əliyevin çoxvektorlu, səmərəli xarici siyasət kursu - hücum xarakterli və strateji diplomatiya siyasəti Azərbaycan üçün əlverişli geosiyasi mühit formalaşdırdı. Və bu, İkinci Qarabağ müharibəsi zamanı ölkəmizə beynəlxalq müstəvidə güclü, qətiyyətli mənəvi-siyasi dəstəyin verilməsini təmin və mümkün etdi. Hələ müharibə davam edərkən BMT-də Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi cəhdinin Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr tərəfindən alınması ictimai-siyasi və tarixi yaddaşımızdan silinməyib, silinməyəcək. Daha bir maraqlı və önəmli məqam: Ermənistanla yanaşı, bəzi geosiyasi mərkəzlər İkinci Qarabağ müharibəsinə “dini münaqişə” donu geyindirməyə, məsələni “sivilizasiyalararası savaş” kimi təqdim etməyə çalışırdılar. Məqsəd din amilindən istifadə edərək xristian dünyasından haqlı mübarizə aparan, öz ərazilərini işğaldan azad etmək kimi hərbi-strateji və mənəvi-siyasi missiya yerinə yetirən Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq idi. Hətta Ermənistanın hərbi-siyasi elitası, lobbi və diaspor təşkilatları Roma Papasından ölkələrinə münasibətdə təəssübkeşlik mesajı (Azərbaycan əleyhinə bəyanat) almağa cəhd göstərsələr də, olmadı - alınmadı. Azərbaycanın müsbət imici (siyasi, dini və mənəvi nöqteyi-nəzərdən), uğurlu diplomatiyası buna imkan vermədi.

Bu, həm də onu göstərdi ki, dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi,  Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış - münasibət müsbət çalarlarla zəngindir. Səbəbləri aydındır:

- Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycan elə bir ölkədir ki, burada milli, dini müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur. Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Bir sözlə, tolerant Azərbaycan yol və nümunə göstərir - islamofoblara, irqçi və mürtəce qüvvələrə. Daha yaxşı dünya - sağlam bəşəriyyət naminə.

Mühüm məqamlardan biri isə ölkəmizdə katolik icmasının da nümayəndələrinin sülh, təhlükəsizlik və mehriban birgəyaşayış şəraitində yaşaması, fəaliyyət göstərməsidir. Tarixçilərin verdiyi məlumatlara görə, Azərbaycanda ilk katolik icması XIX əsrin 30-cu illərində formalaşmağa başlayıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində katolik icmasının nümayəndələri Bakının mədəni-ictimai həyatında mühüm rol oynayıb, xüsusən də səhiyyə, mədəniyyət və memarlıq sahələrində bu gün də xatırlanan izlər qoyublar. 1912-ci ildə yerli katolik icmasının təşəbbüsü və əhalinin ianəsi ilə Bakının mərkəzi hissəsində “Müqəddəs Məryəm” kilsəsi ucaldılıb. Təəssüf ki, SSRİ dövründə islam, xristianlıq və yəhudiliklə bağlı bir çox din ocaqları kimi, bu katolik məbədi də dağıdılmışdı. 2008-ci ildə isə Bakıda Katolik Kilsəsinin açılışı olub. Bütün bunlar Azərbaycanın fərqini nümayiş etdirir. Təsadüfi deyil ki, Roma Papası Fransisk Prezident İlham Əliyev ilə görüşü zamanı “Bilirik ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib”, - deyə vurğulamışdı.

- Azərbaycan ilə Vatikan arasında fəal təmaslar, uğurlu diplomatiya münasibətlərin mənəvi-siyasi əsaslarını gücləndirən, ölkəmizin haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyi təmin edən mühüm amillərdəndir. Qarşılıqlı səfərlərin isə bu baxımdan xüsusi önəmi - əhəmiyyətli rolu var.

Xatırlayaq: Ümummilli lider Heydər Əliyev 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri zamanı Vatikanı ziyarət etmiş, Roma Papası II İoann Pavel ilə səmərəli və məhsuldar görüş keçirmişdi.

2002-ci ilin may ayının 22-də isə Roma Papası ölkəmizə səfər etmişdi. II İohan Pavel katolik kilsəsinin mövcud olduğu iki min ilə yaxın bir müddət ərzində Azərbaycana səfər edən ilk Roma Papası idi. Rəsmi qarşılanma mərasimində nitq söyləyən Heydər Əliyev “...Mayın 23-də müstəqil Azərbaycan Respublikasının Vatikan dövləti tərəfindən rəsmən tanınmasının 10 ili tamam olur. Məhz belə bir gündə Sizin Azərbaycanda olmağınız tarixi hadisədir. Mən 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfərim zamanı Vatikanı ziyarət etməyimi və orada Sizinlə görüşməyimi, ətraflı fikir mübadiləsi aparmağımızı məmnunluqla xatırlayıram. Çox şadam ki, aradan beş il keçəndən sonra Sizi yenidən, bu dəfə Azərbaycanda əziz qonağım kimi qarşılayıram”, - deyə qeyd etmişdi. “Mən bu çox qədim məmləkətə onun mədəniyyətinin zənginliyinə heyranlığımı qəlbimdə hifz edərək gəlmişəm. Azərbaycan Şərqlə Qərb arasında qapıdır: buna görə də o, nəinki çox böyük strateji əhəmiyyətə, həm də açıqlıq və mübadilə kimi rəmzi dəyərə malikdir. Hərtərəfli və lazımınca inkişaf təqdirində bu dəyər Azərbaycan xalqına xüsusilə mühüm rol təmin edə bilər”, - deyən Roma Papası isə din və etiqad sərbəstliyinin hökm sürdüyü Azərbaycanda digər dini icmalar kimi, katoliklərin də bütün hüquq və azadlıqlara malik olduqlarını xüsusi vurğulamışdı. 2016-cı ildə isə Roma Papası Fransisk ölkəmizə səfər etmiş, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdü. 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində ölkəmizin başçısı və birinci xanım Mehriban Əliyeva Vatikanda olublar;

- Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti və mühüm təşəbbüsləri, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun önəmli layihələr həyata keçirməsi dünya miqyasında olduğu kimi, Vatikanda da müsbət qiymətləndirilir - yüksək dəyərləndirilir.

Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malikdirlər. Onlar öz milli adətlərini, dini rituallarını qanun çərçivəsində sərbəst şəkildə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. 

Heydər Əliyev Fondu tərəfindən Vatikanda bir sıra layihələrin həyata keçirilməsi isə xüsusi vurğulanmalıdır. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. “Mən bu ordeni Vatikan ilə Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının daha bir təsdiqi kimi qiymətləndirirəm. Çox şadam ki, bu münasibətlərin möhkəmlənməsində mənim də töhfəm var”, - deyə Mehriban xanım Əliyeva qeyd edib. Roma Papası Fransisk Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərinə görə Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq: “Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub”.

Bəzən ümumi-kütləvi ictimai rəydə respublikamızın hüdudlarından kənarda dini və tarixi abidələrin təmir-bərpa işlərinin önəmi tam dərk edilmir, yaxud texniki məsələ kimi qiymətləndirilir. Amma burada iki məqamı xüsusi fərqləndirmək lazımdır: görülən işlər - reallaşdırılan layihələr tarixi, dini dəyərlərə sadiq olan Azərbaycanın ümumbəşəri simasını əks etdirir - dövlətimizin imicini möhkəmləndirir; ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir.

Deməli, Mehriban xanım Əliyevanın müstəsna xidməti diplomatiyanın fövqündə dayanan çoxşaxəli fəaliyyət kimi dəyərləndirilməlidir. İkinci Qarabağ müharibəsindən əvvəl və savaş zamanı Azərbaycanın haqlı mübarizəsini “xristian dini mənsublarına qarşı savaş” kimi təqdim etməyə çalışanların cəhdlərinin iflasa uğraması da belə uzunmüddətli və uğurlu fəaliyyətin real nəticəsidir. Ermənilər, ermənipərəst dairələr nəinki Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsinə nail olmadılar... Hətta Roma Papası 2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstək ifadə etdi: “Bu ölkəyə gəldikdə, qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət öz lazımi yardımını daim göstərsin. Eyni zamanda, yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıram. İnanıram ki, Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy, “Şərq ilə Qərbin arasında qapı” olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin”.

Mehriban xanım Əliyevanın hər zaman ifadə etdiyi bir dua var: “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!”. Ölkəmizə səfəri zamanı Roma Papasının da “Qoy, Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə nazil etsin”, - deyə bildirməsi heç də təsadüfi deyil. Bu, yuxarıda bəhs olunan məqsədyönlü işlərin fonunda xalqımıza və dövlətimizə olan müsbət münasibətin - real dəstəyin ifadəsidir!

Paylaş:
Baxılıb: 206 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30