Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq

24.05.2022 [10:09]

Sivilizasiyalar və dinlərarası dialoqun, tolerantlığın təşviqinə xidmət edir

Nurlan QƏLƏNDƏRLİ

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin reallaşdırdığı strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini mümkün və təmin edir. Ölkəmiz ikitərəfli münasibətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata uğurla sədrlik etməsi, Qoşulmama Hərəkatına sədrliyi müvəffəqiyyətlə davam etdirməsi və digər bu kimi faktlar Azərbaycanın regional və qlobal müstəvidə əməkdaşlığın dərinləşdirilməsinə, sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfələr verdiyini göstərir. Digər tərəfdən, Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olub, yeni geostrateji reallıqlar - sülh, sabitlik - təhlükəsizlik və əməkdaşlıq mühiti yaradıb. Nəticə etibarilə, dünyada böyük etimad qazanan, yüksək nüfuz? və müsbət imicə malik olan Azərbaycan ilə münasibətlərin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi bir çox ölkələr, təşkilatlar üçün prioritet məsələdir. 

Cari il may ayının 23-də diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi tamam olan Müqəddəs Taxt-Tac da Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir - xüsusi diqqət göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Papa Fransiskə göndərdiyi məktubda “Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçmişdir. 2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram.

2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışı münasibətlərimizin tarixində əlamətdar hadisələrdən biri olmuşdur. 2012-ci ildə isə Vatikanda ilk dəfə müsəlman ölkəsinə - Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir. Bütün bunlar dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığımızın və birgə səylərimizin təzahürüdür”,- deyə qeyd edilib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış səmərəli əməkdaşlığın əhəmiyyətinə də toxunub. Vurğulanıb ki, Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası həyata keçirilmiş, mədəni irsin qorunması sahəsində böyük işlər görülmüşdür: “Fondun reallaşdırdığı bu layihələr multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu bir daha təsdiq edir.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfəniz var. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq bundan sonra da sivilizasiyalar və dinlərarası dialoqun, dünyada tolerantlığın təşviqinə xidmət edəcəkdir”.

Dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi,  Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış - münasibət müsbət çalarlarla zəngindir. Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur. Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Roma Papası Fransisk “Bilirik ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib”, - deyə qeyd edib. Xüsusi vurğulamaq gərəkdir ki, ölkəmizdə katolik icmasının nümayəndələri də sülh, təhlükəsizlik və mehriban birgəyaşayış şəraitində yaşayırlar, fəaliyyət göstərirlər. Tarixi mənbələrə istinad edərək söyləmək olar ki, Azərbaycanda ilk katolik icması XIX əsrin 30-cu illərində formalaşmağa başlayıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində katolik icmasının nümayəndələri Bakının mədəni-ictimai həyatında mühüm rol oynayıb, xüsusən də səhiyyə, mədəniyyət və memarlıq sahələrində bu gün də xatırlanan izlər qoyublar. 1912-ci ildə yerli katolik icmasının təşəbbüsü və əhalinin ianəsi ilə Bakının mərkəzi hissəsində “Müqəddəs Məryəm” kilsəsi ucaldılıb. Təəssüf ki, SSRİ dövründə islam, xristianlıq və yəhudiliklə bağlı bir çox din ocaqları kimi, bu katolik məbədi də dağıdılmışdı. 2008-ci ildə isə Bakıda Katolik Kilsəsinin açılışı olub. Bütün bunlar Azərbaycanın fərqini nümayiş etdirir.

Rəsmi xronika da ölkəmizlə Müqəddəs Taxt-Tac arasında əlaqələrin dinamikasını, qarşılıqlı inam və etimadı əks etdirir. Qarşılıqlı səfərlər isə münasibətlərin mənəvi-siyasi əsaslarını gücləndirən, ölkəmizin haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyi təmin edən mühüm amillərdəndir.

Faktlara nəzər salaq. Ümummilli lider Heydər Əliyev 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri zamanı Vatikanı ziyarət etmiş, Roma Papası II İohann Pavel ilə səmərəli və məhsuldar görüş keçirmişdi. 2002-ci il may ayının 22-də isə Roma Papası ölkəmizə səfər etmişdi. II İohann Pavel katolik kilsəsinin mövcud olduğu iki min ilə yaxın bir müddət ərzində Azərbaycana səfər edən ilk Roma Papası idi. Rəsmi qarşılanma mərasimində nitq söyləyən Heydər Əliyev Azərbaycan Respublikasının Vatikan dövləti tərəfindən rəsmən tanınmasının 10 ilinin tamam olduğu ərəfədə Papanın Azərbaycana səfərini tarixi hadisə kimi səciyyələndirmişdi. O, daha bir mühüm məqama toxunmuş, “Azərbaycan da daxil olmaqla, islam dininin geniş yayıldığı ölkələrə Sizin səfərləriniz iki böyük dünya dini arasında sülhə və qarşılıqlı etimada xidmət edir”,- deyə qeyd etmişdi. Bu, müstəqil siyasət həyata keçirən, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən, tolerant Azərbaycanın yüksək nüfuzunu - sağlam imicini əks etdirdi. Roma Papası isə din və etiqad sərbəstliyinin hökm sürdüyü Azərbaycanda digər dini icmalar kimi, katoliklərin də bütün hüquq və azadlıqlara malik olduqlarını xüsusi vurğulamışdı. O, “Azərbaycan Şərqlə Qərb arasında qapıdır: buna görə də o, nəinki çox böyük strateji əhəmiyyətə, həm də açıqlıq və mübadilə kimi rəmzi dəyərə malikdir. Hərtərəfli və lazımınca inkişaf təqdirində bu dəyər Azərbaycan xalqına xüsusilə mühüm rol təmin edə bilər. Qərbin Şərqə tam hörmət bəsləməklə yanaşı, onu yenidən kəşf etməsinin, mədəni və mənəvi baxımdan Şərqin dəyərlərini daha dərindən qavramağa istəyinin həvəs göstərməsinin vaxtı gəlib çatmışdır”,- deyə qeyd etmişdi.

2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Qeyd edək ki, bu, ilk müsəlman ölkəsinin sərgisi idi. 2016-cı ildə isə Roma Papası Fransisk ölkəmizə səfər etmiş, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdü. Oktyabrın 2-də İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışları zamanı çox mühüm məqamlara toxunmuşdular. Dövlətimizin başçısı qeyd etmişdi ki, “Bu səfərin çox böyük mənası var. Bu, tarixi bir səfərdir. Bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir daha onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək”.

2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində ölkəmizin başçısı və birinci xanım Mehriban Əliyeva Vatikanda olublar, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir. Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub. Prezident İlham Əliyev isə deyib ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Prezident İlham Əliyev Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər əsasında aparılan əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

Qeyd edildiyi kimi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir. Bu da təsadüfi deyil, çünki Fond genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malikdirlər. Onlar öz milli adətlərini, dini rituallarını qanun çərçivəsində sərbəst şəkildə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. Fond tərəfindən Vatikanda bir sıra layihələrin həyata keçirilməsi də ayrıca qeyd edilməlidir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir. Bu isə kritik - taleyüklü anlarda və məqamlarda strateji amilə çevrilir. Konkret bir məqama nəzər salaq: məlumdur ki, Ermənistanla yanaşı, bəzi geosiyasi mərkəzlər İkinci Qarabağ müharibəsinə dini don geyindirməyə, məsələni “sivilizasiyalararası savaş” kimi təqdim etməyə çalışırdılar. Məqsəd din amilindən istifadə edərək xristian dünyasından Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq idi. Hətta onlar Roma Papası tərəfindən Azərbaycan əleyhinə bəyanat səsləndirilməsinə cəhd göstərsələr də, buna nail olmadılar.

Bu fakt yuxarıda bəhs olunan sistemli, məqsədyönlü işlərin tarixi və strateji əhəmiyyətini, uğurlu nəticələrini əks etdirir. Və bir daha bəlli olur ki, Azərbaycan hədəfləri dəqiq və düzgün müəyyənləşdirib, həyata keçirilən siyasət, atılan addımlar həm təqdir olunur, həm də dünyaya Azərbaycan reallığını təqdim edir!

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30